İnsanlara hürriyət, millətlərə istiqlal!

Axtarışa verilən Elşən Nəzərov: “Bu ləkə mənə yapışmaz”

3348 26.11.2014 00:30 Müsahibə A A
Çexiyadakı “Azər-Çex” Cəmiyyətinin sədri Elşən Nəzərov Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti əsasında İnterpol-un beynəlxalq axtarışına verilib. O, dələduzluqda ittiham olunur. Azərbaycan Daxili İşlər Nazirliyinin DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov noyabrın 25-də APA-ya bildirib ki,  Elşən Nəzərov bu ilin iyul ayının 4-dən Yevlax Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq)  maddəsi ilə təqsirli bilinərək barəsində həbsli axtarış elan olunub. O, polisə müraciət etmiş şikayətçiyə dələduzluq yolu ilə külli miqdarda ziyan vurmaqda günahlandırılır: “Araşdırmalar zamanı Elşən Nəzərovun ölkə hüdudlarından kənarda olduğu təsdiqləndikdən sonra onun saxlanılması üçün İnterpola da müraciət edilib”.

Elşan Nəzərov noyabrın 25-də axtarışa verilməyi və dələduzluqda ittiham olunmağına növbəti dəfə münasibət bildirib. 

- Elşən bəy siz kimsiniz? Xahiş edirik özünüz haqda məlumat verin...


- Mən, Gəncə şəhərində ziyalı ailəsində anadan olmuş, orta məktəbi medalla bitirən, Azərbaycan Tibb Universitetini bitirən, anestezioloq-reanimatoloq həkim, 1998-ci ildən Çexiya Respublikasına mühacirət edən, Praqa Karl Universitetində doktorantura təhsili alan, Çexiya Elmlər Akademiyasında ilk azərbaycanlı elmi işçi kimi 5 il çalışan, 20-dən çox narkotik asılılığın molekulyar səviyyədə təhqiqatı mövzüsunda elmi məqalənin müəllifi, 2001-ci ildə Çexiya tarixində ilk Azərbaycan dili, Türk və Rus dillərinin məhkəmə tərcüməçisi, 2003-cü ildə Çexiyada ilk Azərbaycan diaspor təşkilatı “Azər-Çex” Cəmiyyətini yaradan, 10 il bu ölkədə Azərbaycan həqiqətlərini, Qarabağ problemini təbliğ edən, Avropada ilk Xocalı küçəsinin açılması üçün uğur qazanan, indiyə kimi 200-dən çox həmvətənlinin inteqrasiya problemlərini həll edən, 20-dən çox azərbaycanlı tələbənin Çexiyada pulsuz təhsilinə imkan yaradan, 2007-ci ildə Azərbaycana 112 000 avroluq humanitar yardımın təşkilatçısı, Praqada ilk Azərbaycan Evi təşkil edən, indiyə qədər Azərbaycanla bağlı 100-dən çox tədbirin təşkilatçısı, evli, iki övlad atası Elşən Nəzərovam.

- Azərbaycan hüquq-mühafizə orqanları sizi - bir vaxtlar respublikanın xaricdəki diaspor təmsilçisi olan bir vətəndaşını dələduzluqda ittiham edib. Söhbət hansı dələduzluq faktından gedir? 

- Məsələ ondadır ki ortada belə bir fakt yoxdur və mənə hələ də bu oyunun və böhtan kampaniyasının təşkilatçısı və iştirakçısı məlum deyil. Belə bir xəbərin 40 illik yubiley günümdə çıxması onun göstərir ki, bu qabaqcadan hesablanmış təxribatdır. Mən elə bir ailədə tərbiyə almışam ki, dələduzluq və ya qanun pozuntusuna yol verməyim mümkün deyil və məni tanıyan şəxslər də bunu təsdiq edə bilər. Qısası, bu ləkə Elşən Nəzərova yapışmaz.

- Siz özünüz də əvvəlki açıqlamanızda tələbə ilə bağlı viza probleminə görə yaranmış mübahisəni göstərmişdiniz. Söhbət hansı tələbədən gedir?

- Təkrar edirəm, mənə bu ittihamnamənin səbəbi aydın deyil, ona görə də ad çəkmək istəmirəm. Sadəcə düşündüm ki, bir tələbə viza almadığı üçün məndən 6500 avro pul tələb edir və məni artıq bir neçə aydır ki hədələyir. İndi aydın olur ki, bu faktdan da mənə qarşı göydəndüşmə bir bəhanə kimi istifadə etmək istəyən qüvvələr var. Əgər bir şəxsin digərinə 6500 avro alacağı-verəcəyi varsa, onun adını “dələduz“ qoyub, İnterpol siyahısına salmaq üçün Azərbaycan büdcəsindən 28 000 dollar təzminat ödəmək sizcə hansı məntiqə sığır? Burda sual ortaya çıxır, bu şounu yaratmaq kimə sərfəlidir? Onu deyə bilərəm ki, bu ilk növbədə Azərbaycanın imicinə zərərdir və düşmənlərimiz ermənilərin dəyirmanına su tökür. Çünki mən 10 ildir ki Çexiyada erməni diasporu ilə amansız mübarizə aparmışam və indi belə bir zərbənin öz vətənimdən gəlməsini ürək ağrısı ilə qarşılayıram. Söhbət burda Azərbaycanın sayılıb-seçilən, dünyadakı aktiv 10 diasporunun birinin rəhbərindən gedir.


- Amma Diasporla İş üzrə Dövlət Komitəsi də sizinlə əlaqələrin kəsilməsi haqda açıqlama verib.

- Mən uzun müddətdir bəzi həqiqətləri Azərbaycan və Azərbaycançılıq naminə dilə gətirmək istəmirdim, ancaq görünür bəzi gizlinləri açmaq məcburiyyətindəyəm. Komitə ilə əməkdaşlığımız 2003-cü ildən başlayıb, sədr Nazim İbrahimova şəxsən böyük hörmətim var, Avropa şöbəsinin əvvəlki müdrləri Nazim Qaraxanov, Tahir Hacıyev, Sürəddin Hümbətovla konstruktiv əməkdaşlığımız olub, keçirilən tədbirlərimizə dəstək veriblər və iştirak ediblər. Ancaq bütün bu münasibətlər İlham Məmmədov adlı şəxsin 2012-ci ildə həmin vəzifəyə təyin olunmasından sonra pozuldu. Bu şəxs özünün aroqantlığı və mənə qarşı qərəzli mövqeyi ilə ona nail oldu ki, mən şəxsən Diaspor Komitəsi ilə əlaqələri kəsdim. Səbəb də Praqada 5 il fəaliyyət göstərən Azərbaycan Evinin maliyyəşməsi oldu. Praqada Erməni Evi olduğu üçün biz də cənab Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Evini yaratmışdıq. Komitəyə də onun maliyyələşdirilməsi tapşırılmışdı. Bu şəxs 2012-ci ilin yanvarında söz verdi ki, mart ayında ödəmə edəcəklər, mart ayında dedi ki, apreldə Berlindəki tədbirdə görüşək. Ancaq apreldə dedi ki, may ayında olacaq, mayda dedilər ki, artıq göndərilib, avqustda soruşdular, vəsait çatıbmi? Sentyabrda dedilər ki, mühasibatlarında səhv olub. Noyabr da dedilər ki, nəsə çətindir vəziyyət, dekabrda da dedilər ki, heç bir yardım olmayacaq. Bu du məsələnin mahiyyəti, 12 ay ərzində bizimlə belə davrandılar, bizim də buna görə toplam 16000 avro borcumuz yarandı və məcbur olduq Azərbaycan Evini bağladıq.


- Demək istəyirsiniz ki, sizin şəxsi borcunuz Azərbaycan Evinə görə yaranıb?

- Məni Çexiyada tanıyan hər kəs bilir ki, həmişə öz malımı, canımı, vaxtımı, əlaqələrimi Azərbaycan höküməti və dövlətinə, burda yaşayan həmvətənlərə sərf edən birisiyəm. İndi mənim 10 illik fəaliyyətimin sonunda, maliyyə baxımından çox da gümrah olmayan bir günümdə mənə qarşı atılan belə bir addımı böhtan və şər sayıram, bunun təşkilatçılarının tezliklə cəzalandırılmasını tələb edirəm. İndi necə deyərlər, mərdi qova-qova namərd etmək istəyirlər.


- Siz indi hardasız?

- Mən öz yerimdə, Praqadayam. Hüquqlarım Çexiya dövləti tərəfindən qorunur. Hər kəsi maraqlandıran suala, hər iki dövlətin strukturlarını maraqlandıran açıqlamaları verməyə hazıram və inanıram ki, bu xoşagəlməz hadisə tezliklə həll olacaq. Xatırladım ki, vaxtilə mənim atama və qardaşıma qarşı da İnterpol kartından istifadə olunmuşdu və bu yersiz böhtan Azərbaycanın insan haqları ilə bağlı o qədər də müsbət olmayan imicinə zərbədir. /Modern.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR