İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avromed”in təsisçisi “Yeni Müsavat”a danışdı - "dərman mövzusu..."

14353 20.04.2015 08:35 Müsahibə A A


- Cavanşir bəy, “Avromed” şirkətinin təsisçisi olaraq dərmanların qiyməti ilə bağlı prezidentin dediklərindən şəxsən siz hansı nəticələri çıxarmısınız, Azərbaycanda dərman preparatlarının hətta qonşu ölkələrlə müqayisədə baha olması fikri ilə razılaşırsınızmı?

- Əlbəttə, cənab prezidentin dediyi tamamilə doğrudur və bu barədə söhbətlər həm mətbuatda, həm xalq arasında çoxdan danışılır. Eyni zamanda, Milli Məclisdə də fikirlər səslənib. O cümlədən mən də iclasların birində ölkədə dərman preparatlarının baha olduğunu qeyd etmişdim. 

- Bahalığın səbəbi nədir?

- Azərbaycanda dərmanların baha olduğunu hamı təsdiqləyir, amma bunun səbəbləri müxtəlif cür yozulur. İlk növbədə Azərbaycan vətəndaşının ağlına gələn ilk fikir o olur ki, monopoliya olduğundan qiymətlər bahadır. Amma əslində belə deyil. Azərbaycanın əczaçılıq bazarında 350-yə yaxın şirkət fəaliyyət göstərir, idxalla məşğuldur. Onlardan biri “Avromed”dir. Onların içərisində həcmcə nisbətən böyük, yaxud kiçikləri var. Müqayisə üçün deyək ki, əhalisi Azərbaycandan 7 dəfə çox olan Almaniyada idxal işi ilə cəmi iki şirkət məşğul olur. 80 milyonluq Türkiyədə iki böyük, bir neçə xırda idxalçı şirkətlər var ki, onlar ancaq spesifik tibbi məhsulların idxalı ilə məşğuldur. Azərbaycanda isə bu işlə 350 şirkət məşğul olur. 

- Ancaq daha çox “Avromed”in adı hallanır. İnhisarçı şirkətlərdən biri kimi təqdim olunur, niyə?

- Bəli, adı hallanır. Amma inhisarçılığın əlamətləri olmalıdır. “Avromed” şirkətinin özünün idxal etdiyi məhsullar ölkəmizə gətirilən məhsulların yalnız 25 faizini təşkil edir. Məsələ bundadır ki, “Avromed” dərman idxal etməklə yanaşı, həm də dərmanların apteklərə çatdırılması üçün nəqliyyat xidməti göstərir, logistika ilə məşğul olur. Bu logistika qolu təkcə “Avromed”in idxal etdiyi dərmanları deyil, eyni zamanda, bunun üçün müraciət edən bütün digər idxalçı şirkətlərin satmaq istədiyi dərman preparatlarını da sifariş əsasında apteklərə çatdırır. Ona görə də şəhərdə gördüyünüz çoxsaylı “Avromed” maşınlarının daşıdığı sifarişlər əsasında dərman preparatlarının yalnız 25 faizini “Avromed” ölkəyə idxal edir. Qalan 75 faizi digər idxalçı şirkətlərin məhsuludur. Biz, sadəcə, onlara çatdırma xidməti göstəririk. 



- Durumu qonşu Gürcüstan və ya İranla müqayisə edək. Xəstələrimiz ya bu ölkələrə üz tutur, ya da dərman gətirtməyə çalışırlar. Həmin ölkələrdə də daşınma, digər xərclər var, niyə dərman bizdən ucuzdur? Bizdəki bahalıq yanacağın qiyməti ilə bağlıdır, yoxsa gömrük şərtləri ağırdır?

- Yox, indiyə qədər izah etdiyim hissə monopoliya iddiasında olan suallarla bağlı idi. Azərbaycanın əczaçılıq bazarında monopoliya nəinki yoxdur, hətta bundan danışmaq belə mümkün deyil. Çünki bu gün 350 şirkət bu işlə məşğul olur. Bu şirkətlərin adı da hamıya məlumdur, hər birinin sənədi var, hər birinin adına xaricdən məhsul daxil olur. 

- Məntiq onu deyir ki, 350 şirkətin bir çoxu nəinki sizin kimi dörddə bir, heç olmasa onda bir idxal payına malik olmalı idi. Niyə belə deyil?    

- Kimsə bazarın 2, kimsə 5 faizini təşkil edir. Çünki bunların içərisində bir qismi var ki, yalnız spesifik dərmanları gətirir və s. 

- Yəni deyirsiniz “Avromed” hansısa gizli razılaşmaya getmir ki, digər hansısa şirkətlərin burdakı fəaliyyəti məhdudlaşdırılsın?

- Yox, qətiyyən. Mane olsaydıq, bazarın 75 faizinə dərmanı digər şirkətlər yox, elə “Avromed” özü gətirərdi. 

Monopoliya olsaydı, bazarda qiymətlər eyni olardı”


- Ancaq dərman niyə qonşu ölkələrdə ucuz, bizdə bahadır, sualıma cavab almadım...

- Çox qəribə bir situasiya var. Azərbaycanda dərman preparatları ilə bağlı olan bütün əməliyyatların həyata keçirilməsi həddindən artıq liberaldır. Heç bir ölkədə bu qədər liberallıq yoxdur. Bunun nəticəsi olaraq yüzlərlə belə şirkət yaranır və bu sahə ilə məşğul olur. Sözsüz ki, bu şirkətlər arasında bir rəqabət mühiti yaranır. Azərbaycan Səhiyyə Nazirliyi 4500 adda dərman preparatını qeydiyyatdan keçirib. “Avromed” təkcə dərman preparatı idxal etmir, eyni zamanda, qeydiyyatdan keçmiş dərman preparatlarını, tibbi vasitələri idxal edir.

Həmçinin, çox sayda bioloji aktiv əlavələr, uşaq qidaları, gigiyenik-kosmetik vasitələr idxal olunur. Bunlar əczaçılıq bazarının məhsullarıdır, amma dərman deyil. İdxalla məşğul olan şirkətlərin sayı artdıqca onlar arasında rəqabət daha da güclənir.



- Rəqabət gücləndikdə qiymət aşağı düşməlidir...

- Bəli, burda əksi baş verir, tamamilə doğrudur. Səbəbini deyəcəyəm. Bu halda məhz rəqabətdən qiymət artımı yaranıb.

- Hamı istəyir ki, malını satsın, alıcı da kifayət qədərdir. Sadəcə, qiymətlərin başı üstündə sanki bir dəmir əl var, yalnız yüksəldilməsini diktə edir. Elə deyilmi?

- Yox, bu, belə deyil... Doğrudan da azad rəqabətdə qiymət aşağı düşməlidir. Ancaq əksinə, həddindən artıq azad rəqabət olduğundan bu hal baş verir.

- Axı, əhalinin alıcılıq qabiliyyəti nəzərə alınmalıdır. Bütün bunlar nəzərə alınmırsa, son nəticədə etirazlar ölkənin rəhbərliyinə yönəlir. Bu fikri bölüşürsünüzmü? 

- Bəli, o baş verir. Ancaq dediyim kimi, 300-dən çox şirkət ölkənin idxal bazarına öz məhsullarını idxal edir. Bir çox hallarda onların idxal etdikləri mallar eyni olur. Deyək ki, bu gün 30, ya 50 şirkət bazara bint gətirir. Deməli, hər şirkət çalışır ki, onun binti daha çox satılsın. O halda isə hər bir firma özünün marketinq fəaliyyətini gücləndirir, əlavə işçilər götürür, o işçilər malı daha çox reklam etməklə, tanıtmaqla məşğul olur. Nəticədə marketinqdə uğur qazanan firmanın malı daha çox satılır. Marketinq sahəsinə qoyulan xərclər isə malın maya dəyərinin üzərinə gəlir. 

- Nə qədər? 

- Bəzi hallarda 100 faiz, bəzi hallarda 200 faiz və s. 

- Bəs, alıcı yazıq nə etsin? Amma məncə, Azərbaycanın ən ucqar nöqtəsində də ucuz dərman satılarsa, heç marketinq xidmətinə ehtiyac qalmaz və əhali İrandan dərman gətirtməkdənsə, gedib ordan alar...

- Doğrudur. Amma dediyim hal baş verdiyinə görə və rəqabət sonsuz ola bilməz deyə, qiymətlər tənzimlənməlidir. Zərurət burda yaranır.

- İlk addımı siz ata bilərsiniz, deyilmi?

- “Avromed”in idxal etdiyi malların hamısı ciddi firmaların, dünyanın ən böyük istehsalçı şirkətlərinin məhsuludur. Onların nümayəndəlikləri də burdadır. Bizim şirkətin satdığı qiymətlər dövlət və eyni zamanda istehsalçı şirkət tərəfindən tənzimlənir. İmkan verməzlər ki, onların istehsal etdiyi məhsul çox baha qiymətə satılsın. Lakin o şirkətlərin ki, burda nümayəndəliyi yoxdur, onların məhsullarına rəqib olan onlarla mal mövcuddur, bu firmalar öz aralarında rəqabət apardıqca, bu rəqabətdə qalib çıxmaq üçün hər biri daha çox pul xərcləyir. Təbii olaraq bu pullar malın maya dəyərinin üzərinə gəlir. 

- Bu prosesi dayandırmağın çıxış yolu kimi nə təklif edirsiniz? 

- Yeganə çıxış yolu bu qiymətlərin son həddinin dövlət tərəfindən tənzimlənməsidir. Azərbaycan birinci ölkə deyil ki, belə hal yaşanır və sonuncu ölkə də olmayacaq. Əczaçılıq bazarı, yaxud buna bənzər digər məhsulların bazarında, yəni rəqabətin güclü olduğu sahələrdə qiymətlərin son həddi tənzimlənmirsə, fəaliyyət özü qiyməti qaldırır. Cənab prezident də eşidir, görür ki, əhalidə narazılıq var. Odur ki, hörmətli prezidentin təşəbbüsü ilə qiymətlərin tənzimlənməsi barədə qanun layihəsi hazırlanıb parlamentə göndərildi, müzakirədən sonra qəbul olundu. Bundan sonra cənab prezident özü fərmanı ilə bu qanunun tətbiqinə dair sərəncam imzaladı. 

- Ancaq yenə prezident narazıdır, xüsusilə də qiymətlərdən. Onda nə etməli?

- Bundan sonra müvafiq icra hakimiyyəti orqanları bunun mexanizmini hazırlayıb tətbiqini həyata keçirtməlidir. 



- Amma elə prezidentin xəbərdarlığından sonra “Avromed” qiymətləri endirdiyini elan edə, nümunə göstərə bilərdi. Buna gedilə bilərmi, yoxsa dolların kursu bu ehtimalı sıfırlayıb?

- Yox, bizim qiymətlər bir il qabaq necəydisə, bu gün də elədir. Bizim qiymətlər 3 il qabaq necə idisə, bu gün də elədir. 

- Dollardan sonra?

- Bahalaşmayıb. Niyə? Bayaq dediyim kimi, bizimlə çalışan şirkətlər dünyanın böyük şirkətləridir. Onlar hamısı devalvasiya hadisəsi ilə müxtəlif ölkələrdə rastlaşıb. Belə hadisə baş verəndə adətən, devalvasiyadan doğan qiymət fərqi istehsalçı tərəfindən qarşılanır.

- Deməli, bizdə dərmanlar o qədər bahadır ki, hətta həmin firmalar qiyməti qaldırsa belə, bu fəaliyyət idxalçılar üçün sərfəlidir?

- Yox. Hansı ölkələrdə dərmanların qiyməti  dövlət tərəfindən tənzimlənirsə, istehsalçı şirkətlər o ölkəyə satdıqları məhsulların qiymətini həmin qanuna uyğun tənzimləyirlər. Bu vaxta qədər Azərbaycanda belə bir qanun olmadığı üçün istehsalçı şirkətlər dərmanlarını  Azərbaycana digər ölkələrə verdikləri qiymətlərdən bir az daha yüksək qiymətə satırdılar. Bu, hamıya məlum olan faktdır. Soruşanda ki, niyə Rumıniya, Bolqarıstana bizdən ucuz satırsınız, deyirdilər ki, onlarda qiymətləri tənzimləyən qanun var və biz onlara dediyimiz qiymətə versək, idxalçılar bunu sata bilməz. Ona görə də biz çox maraqlı idik ki, qiymətlər tənzimlənsin. 

- Yəni gözləyirsiniz ki, hökumətdən qərar gələcək və dərmanların qiyməti enəcək?

- Əlbəttə. 

- Qiymətlərin aşağı salınması nə dərəcədə gözləniləndir?

- 100 faiz gözləniləndir. Nəinki gözləniləndir, bu qanunun qayəsi, məqsədi elə budur. Baxın, deyək ki, ölkə bazarlarında eyni formulaya malik olan 20 adda dərman preparatı var. Bunun biri 3, digəri 5, o biri 12 manatadır. Hər bir şirkət həmin dərmana özünün ticarət əlavəsini qoymaqla qiymət təyin edib. Bu qiymətlərə kimsə nəzarət etmir. Ona görə də eyni dərman bazara müxtəlif qiymətə təqdim olunur. 

Öz-özlüyündə bu da bazarda monopoliya olmadığını sübuta yetirir. Çünki monopoliya olsaydı, bazarda qiymətlər eyni olardı. Ona görə də həmin formula üçün son qiymət həddini təyin edib desələr ki, məsələn, bu dərmanın bizim bazarda qiyməti 3-15 manat arasındadırsa, həmin müvafiq icra hakimiyyəti orqanları həmin dərmana konkret qiymət təyin edəcək, deyəcək ki, 5 manata qədər sata bilər. Deməli, adından asılı olmayaraq bütün şirkətlər dərmanı bu qiymətdən aşağı satacaq. 

- Sizə elə gəlmir ki, bu cür inzibati yol sərbəst bazarın qaydalarına uyğun gəmir? 

- Bazarı tənzimləmək üçün yeganə yol həmin qanunun qısa zamanda tətbiqindən ibarətdir. 

- Dərmanların keyfiyyətindən çoxsaylı şikayətlər var. Hətta sifarişçi tərəfin Avropa bazarına daha aşağı keyfiyyətli dərman sifariş etdiyi barədə məlumatlar var...

- Birincisi, dünyada nüfuzlu dərman istehsalçısı olan şirkətlər elə üsullara heç kimin xahişi, müraciəti ilə getməz. Çünki bu şirkətlərin 100-200 illik tarixi var. Həmin şirkətlərin istehsal etdiyi dərmanlar dünya şöhrətli alimlərin ixtiralarına əsaslanır. Yəni onlar belə oyunlara getməzlər. 

- Amma bazarda belə dərmanlar da var...

- Nəzəri olaraq belə hallar gizli zavodlarda, yaxud tanınmayan istehsal müəssisələrində istehsal oluna bilər. Son 10 il ərzində mən ən azı iki dəfə eşitmişəm ki, Azərbaycanda da gizli sex aşkarlanıb və insanlar həbs olunub. Yəqin ki, belə hallar başqa ölkələrdə də var, ola bilər ki, kimsə belə dərmanları ordan gətirsin. Amma Səhiyyə Nazirliyi nəzdində ekspertiza laboratoriyası var. 

Azərbaycana daxil olan mallardan gömrük məntəqəsində nümunələr götürülür, həmin laboratoriyaya aparılır, orda yoxlanılır, müvafiq icazə verilməsə, o mal Azərbaycan sərhədindən keçmir. Ona görə də əgər belə mal varsa, o, qaçaqmal olmalıdır. Çünki rəsmi şəkildə ölkəmizə idxal olunan bütün dərman preparatları Səhiyyə Nazirliyi tərəfindən yoxlanılır və xüsusi rəy verilir. 

Elşad PAŞASOY


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR