İnsanlara hürriyət, millətlərə istiqlal!

Arif Hacılıdan sensasion açıqlamalar - “...bunu Azərbaycan hakimiyyəti...”

5031 13.11.2014 08:25 Müsahibə A A

- Arif bəy, Müsavat Partiyası Divanının sonuncu bəyanatından başlayaq. İndiyə qədər partiya daha çox yumşaq, narazıları öz içərisində əritmə taktikası yürüdürdü. Amma Divanın sonuncu bəyanatında kəskin notlar müşahidə edilir. Sanki bir konsepsiya dəyişikliyi var. Biz istərdik ki, birinci mənbədən, yəni Müsavat başqanından bununla bağlı fikir alaq ki, nə baş verir? Narazıların narazılıq kampaniyasına münasibətdə hansısa dəyişiklik varmı?

- İlk olaraq, Sizi bir daha “Yeni Müsavat” qəzetinin ilk sayının çap edilməsinin 25 illik yubileyi münasibətilə təbrik edirəm. Sizi media vasitəsilə təbrik etmişdim. İndi birbaşa təbrik edirəm, “Yeni Müsavat” qəzetinin bütün kollektivini, bütün dövrlərdə “Yeni Müsavat”da çalışmış insanların hər birini bu yubiley münasibətilə təbrik edirəm. 

Müsavat Partiyasının Azərbaycanın siyasi gündəmində birinci mövzu olaraq qalması müsbət haldır. Son aylar ərzində Müsavat Partiyasının qurultayı ərəfəsində, qurultayı zamanı və qurultaydan sonra Azərbaycan siyasətinin episentrində Müsavat Partiyasıdır..

- Bunu gözləyirdinizmi?

“Müsavatın bəzi üzvləri partiyanın ümumi ideoloji siyasi xəttini dəstəkləmək əvəzinə, partiyanın nüfuzdan salınması istiqamətində siyasət aparırlar”


- Hazırda ölkədə bələdiyyə seçkiləri gedir. Buna baxmayaraq, Müsavat Partiyasında olan proseslər, ictimai diskussiyalar yenə də siyasət gündəmini zəbt edib. Bunu təbii ki, gözləyirdim. Müsavat Partiyası adi bir təşkilat deyil. Müsavat Partiyası Azərbaycan siyasətini müəyyənləşdirən, Azərbaycan cəmiyyətinin dayağı olan təşkilatdır. Təsadüfi deyil ki, Müsavat Partiyasını yalnız Müsavatın üzvləri deyil, Azərbaycanı sevən hər kəs bir siyasi, mənəvi dəyər kimi qiymətləndirir. Bizim ümumi siyasətimizdə əsaslı dəyişiklik baş verməyib. 

Biz Müsavat Partiyasının üzvlərinə, müsavatçılıq ideoloji siyasi xəttinə sadiq olan insanlara yenə əvvəlki  münasibətdəyik. Qurultaydan əvvəlki seçki kampaniyası dövründə hansı mövqeləri tutmağından asılı olmayaraq, bu gün Müsavat Partiyasının ümumi ideoloji-siyasi xəttində olan hər kəsi yenə də qucaqlamağa hazırıq. Ancaq açıq şəkildə görünür ki, bəzi Müsavat Partiyası üzvləri Müsavatın ümumi ideoloji siyasi xəttini dəstəkləmək əvəzinə Müsavat Partiyasının nüfuzdan salınması, Müsavat Partiyası siyasətinin nüfuzdan salınması, Müsavata opponent olan, Müsavat Partiyasını özünə rəqib sayan qüvvələrin Müsavat Partiyası haqqında mənfi fikir yaratmaq istiqamətində fəaliyyətinə dəstək verən siyasət aparırlar. Təbii ki, nizamnamə çərçivəsində belə şəxslər haqqında tədbir görüləcək. 

- Mümkündürmü ki, narazılar kimi tövsif olunan qrupun əsas fiqurları partiyadan çıxarılsın? Çünki Divanın bəyanatında belə bir sezgilər var?

- Müsavat Partiyasının Divanı, digər strukturları bu məsələləri müzakirə etmək barədə qərar qəbul ediblər. Mərkəzi Nəzarət Təftiş Komissiyasında, Divanda, bəzi rayon təşkilatlarının müvafiq strukturlarında bu məsələlər müzakirə olunacaq. Bu müzakirələrin nəticələrinin nə cür olacağı barədə əvvəlcədən proqnoz verməyə çətinlik çəkirəm. 

- Bir başqan kimi bu proseslər Sizə siyasəti qurmağa, strukturları formalaşdırmağa, yaxın gələcəkdəki seçkilərə hazırlaşmağa nə dərəcədə mane olur? Mane olur, yoxsa bu kampaniyanın piar baxımından faydasımı var?

- Yaxşı haldır ki, Müsavat Partiyası ictimai diqqətin mərkəzindədir, siyasi proseslərin episentrindədir. Bu, ictimai diskussiyaların müsbət tərəfidir. Amma Müsavat Partiyasının qurultayında olan azad və ədalətli şəffaf seçkiləri şübhə altına almaq, Müsavat Partiyasının ayrı-ayrı rəhbər şəxslərinin haqqında təhqir və böhtan kampaniyasının aparılması, digər bu kimi ziyanlı davranışlar təbii ki, həm də müəyyən qədər partiyanın imicinə ziyan vurur, partiyanın normal ideoloji siyasi xəttinin aparılmasına maneçilik törədir. Biz uzun illər seçkiöncəsi vəziyyətdə olan siyasi partiyanı çevik və dinamik bir fəaliyyət göstərən təşkilata çevirərək öz əsas hədəflərimiz, yəni Azərbaycanda demokratik cəmiyyətin qurulması, azad seçkilərin keçirilməsi, fundamental insan hüquq və azadlıqlarının qorunması istiqamətinə fəaliyyətimizi yönəltmək istədiyimiz bir məqamda xeyli dərəcədə daxili mübarizəyə cəlb olunmuşuq. Bu, müəyyən enerjimizin itməsinə səbəb olur. Hesab edirəm ki, bu problemlərin həll olunmasının vaxtı çatıb. 

Divanın qərarları partiya üzvləri üçün məcburidir, əgər Divanın çağırışına əməl etməyərək hər hansı partiya üzvü Divanın iclasına gəlməyəcəksə...” 


- Bəyanatdakı bir məqam da bu prosesdə hakimiyyətin maraqlarına işarələr idi. Müsavatın içində narazılıqları körükləmək və prosesi partiyanın əleyhinə çevirmək hakimiyyətin işinə yarayırmı? Yoxsa heç qarışmırmı hakimiyyət? Sizin müşahidələr nə göstərir?

- Hər kəsin gördüyü bir həqiqəti biz dana bilmərik. Açıq-aydın görünür ki, Azərbaycan hakimiyyəti Müsavatın içində qarşıdurmanın, ikitirəliyin olmasında maraqlıdır. Bunu sübut etmək üçün xüsusi faktlar ardınca getməyə ehtiyac yoxdur. Elə hakimiyyətin nəzarəti altında olan telekanallarda daim bu mövzunun gündəlikdə saxlanması və “Müsavat parçalanır, Müsavatda qarşı duran qüvvələr bir-birini məhv edəcək, Müsavat zəifləyib siyasi səhnədən gedəcək” və sair kimi təbliğatın aparılması və bu təbliğatda məhz Müsavatın qurultayında olan seçkilərdən narazı qalan tərəfin nümayəndələrindən istifadə olunması prosesdə hakimiyyətin də maraqlı olduğunu göstərir. 

- Sizdən də fikir, münasibət alırlarmı?

- Təsadüfi hallarda. 

- YAP funksioneri Siyavuş Novruzov açıqlama verib ki, Müsavat Partiyasının iki yolu var, ya bir neçə yerə parçalanacaq, ya da qurultay yenidən keçirilməlidir. Sizcə, bu açıqlama hakimiyyətin Müsavatla bağlı hansısa planının anonsu ola bilərmi? 

- Müsavat Partiyası Siyavuş Novruzovun dediklərinə uyğun olaraq yox, öz strukturlarının qəbul etdiyi qərarlara uyğun olaraq idarə olunur. Müsavat Partiyasının parçalanma ehtimalları yoxdur. Uzun illər idi hakimiyyət nümayəndələri proqnoz verirdilər ki, qurultaydan sonra yüzlərlə, minlərlə adam Müsavat Partiyasından çıxacaq, Müsavat Partiyası parçalanacaq. Amma qurultaydan sonra Müsavat Partiyasından çıxan adamların sayı ikirəqəmlidir. Mən əminliklə düşünürəm ki, bu rəqəm üçrəqəmli olmayacaq. Müsavat Partiyasının qurultayından sonra Müsavatdan çıxanların sayından Müsavat Partiyasına daxil olanların sayı bir neçə dəfə çoxdur. İndi hakimiyyət nümayəndələrinin həmin proqnozları doğrulmadığı üçün hakimiyyət başqa bir üsula əl ataraq Müsavat Partiyasının qurultayının yenidən keçirilməsi zərurəti haqqında danışmağa başlayıb. Görünür, Arif Hacılının Müsavat Partiyasının başqanı olması Azərbaycan hakimiyyətini qane etmir. Ona görə onlar yeni qurultaydan danışırlar. 

Ancaq yeni qurultayın keçirilməsi də Müsavat Partiyası üçün bir problem deyil. Mən əminəm ki, bu gün qurultay keçirilsə, mənim aldığım səslərin sayı 27 sentyabrda keçirilən qurultayda olan səslərimin sayından xeyli çox olacaq. Çünki bu müddət ərzində opponentlərimin davranışı hesabına onlar xeyli tərəfdarlarını itiriblər. Mənə səs vermədiyini açıq bəyan edən qurultay nümayəndələrinin yüzdən artığı mənimlə görüşərək seçki zamanı mənə səs vermədikləri üçün, xüsusilə başqanlığa namizədlərin bəzilərinin seçkidən sonra davranışlarına görə peşman olduqlarını, yenidən qurultay olarsa, mənə səs verəcəklərini bildiriblər. Mən bir daha deyirəm ki, Müsavat Partiyasının qurultayının keçirilməsinə heç bir zərurət yoxdur. Müsavat Partiyasının qurultayı nizamnaməyə görə 4 ildən bir keçirilir. Mən Müsavat başqanı olaraq çalışacağam ki, qurultay əvvəllər olduğu kimi ləngiməsin və 4 ildən sonra qurultay keçiriləcək.

“Azad və ədalətli şəffaf seçkiləri şübhə altına almaq, partiyanın ayrı-ayrı rəhbər şəxslərinin haqqında təhqir və böhtan kampaniyasının aparılması, digər bu kimi ziyanlı davranışlar müəyyən qədər partiyanın imicinə ziyan vurur”


- Niyə Qubad İbadoğlunu, Səxavət Əlisoyu dəvət edib bir söhbət eləmirsiniz? Partiya başqanı sizsiniz, onlar da üzvlərdir. Çağırın, görüş keçirin, danışın, rəsmiləşdirin, elə biz də gələk iştirak edək, ya redaksiyada görüşək. Bu addımı niyə atmırsınız?

- Müsavat Partiyasının qurultayından sonra mən “Arif Hacılının tərəfdarları”, ya başqa namizədlərin tərəfdarları kimi terminlərin işlədilməsinin əleyhinəyəm. Bunu hələ seçkilərin nəticələri bəlli olmamış qurultaydakı çıxışımda da bəyan etdim ki, seçki kampaniyası dövrü başa çatıb və biz seçkidən əvvəlki bütün prosesləri, kimin hansı namizədi müdafiə etməsini yaddan çıxarmalıyıq və seçkilərin nəticələrinin nə cür olmasından asılı olmayaraq birgə fəaliyyətimizi davam etdirməliyik. Mən həm şəxsi söhbətlərdə, həm mətbuat vasitəsilə hər bir partiya üzvü ilə görüşməyə açıq olduğumu dəfələrlə bəyan etmişəm. Mənim mühafizəçilərim yoxdur, mənim normalaşdırılmış qəbul saatlarım yoxdur. Demək olar ki, bütün günü Müsavat Partiyasının qərargahındayam. Hər bir partiya üzvü və ya partiyanın üzvü olmayan şəxs nə vaxt mənimlə görüşmək istəyibsə, o, əgər hər hansı bir toplantıda deyiləmsə gözləmək zərurəti ilə üzləşməyib və mənimlə görüşüb öz fikirlərini mənə bildirmək imkanına malikdir.

- Müsavat Divanı Səxavət Əlisoyla Əlövsət Talışxanlının Divanın növbəti iclasına dəvət olunması haqqında qərar qəbul edib. Səxavət Əlisoy saytlardan birinə açıqlamasında deyib ki, mən Arif Hacılının Divanına gedəsi deyiləm, çünki qurultayı legitim saymıram. Narazıların artıq qurultayı legitim saymadıqlarını bəyan etməsinə münasibətiniz necədir?

- Müsavat Partiyasında Arif Hacılının və başqa bir şəxsin Divanı yoxdur. Divan Müsavat Partiyasının Divanıdır. Müsavat Partiyasının Divanı azad və ədalətli seçki ilə seçilib. Divanın qərarları partiya üzvləri üçün məcburidir və əgər Divanın çağırışına əməl etməyərək hər hansı partiya üzvü Divanın iclasına gəlməyəcəksə, bu, həmin partiya üzvü haqqında nizamnaməyə uyğun olaraq hər hansı bir qərarın qəbul olunmasına müsbət yox, mənfi təsir göstərəcək. 

Qurultayın legitimliyi və partiyanın strukturlarının legitimliyi məsələsinə gəldikdə isə, legitimliyə heç bir şübhə yoxdur. Müsavat Partiyası tarixində və Azərbaycanın siyasət tarixində Müsavat Partiyasının 8-ci qurultayı ən demokratik üsulla keçirilmiş qurultaylardan biridir. Bu seçkilər isə bəlkə də Azərbaycan tarixində ən şəffaf seçkilər oldu. Canlı yayımla həm də musavat.com saytı vasitəsilə dünyaya yayımlanırdı. Mənə ilk olaraq Müsavat Partiyasının başqanı seçilməyimlə əlaqədar təbrik mesajı da Hollandiyadan gəldi. O vaxt mən Müsavat başqanı seçildiyim barədə məlumata malik deyildim. Canlı yayımla prosesi izləyən adamlar mənə təbrik mesajı göndərmişdilər və yanımda əyləşənlərə o mesajı göstərdim; mənim üçün çox təəccüblü oldu, çünki mənim özümə hələlik başqan seçilməyim barədə məlumat verilməmişdi. Yəni belə bir demokratik qurultayı, şəffaf seçkiləri, paritet əsaslarla formalaşmış komissiya tərəfindən keçirilən seçkiləri şübhə altına almaq düzgün deyil. 

- Arif bəy, başqan seçilməsəydiniz Siz necə edəcəkdiniz? Bu cür?

- Mən 20 ildən çoxdur Müsavat Partiyasında fəaliyyət göstərirəm  və bu müddət ərzində partiyada keçirilən bəzi seçkilərin nəticələrindən, müxtəlif təyinatlardan, müxtəlif seçki kampaniyalarında verilən təqdimatlardan narazı qaldığım vaxtlar olub. Bu narazılığımı şəxsi söhbətlərdə həm İsa Qəmbərə, həm Müsavat rəhbərliyində olan digər dostlarıma demişəm. Amma sonra ya şəhər kənarına çıxmışam, ya Zaqatalaya getmişəm, Qafqaz dağlarında gəzmişəm, təmiz hava  almışam, bir-iki həftə oralarda gəzib beynim aydınlaşdıqdan sonra yenə də qayıdıb gəlib Müsavat Partiyasında öz fəaliyyətimi davam etdirmişəm. Bu qurultayın nəticəsində başqan seçilməsəydim eyni ssenari təxminən təkrar olunacaqdı. Məni Müsavat Partiyasına gətirən Müsavatdakı azad və ədalətli seçkilərin nəticəsində kimin hansı posta seçilməsi yox, Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının qurduğu müsavatçılıq ideologiyasıdır, müsavatçılıq ideoloji-siyasi xəttidir. Mən partiyanın başqanı kimi bu amala həyatımın sonuna xidmət etməyə hazıram. Əgər partiya hesab etsəydi ki, mən partiyanın sıravi üzvü olaraq bu görəvi yerinə yetirməliyəm, bu görəvimi yenə də yerinə yetirəcəkdim. Bu barədə öz seçki platformamda da yazmışdım. Seçki platformamın 22 maddəsi var. 22-ci maddə məhz bu mövzudaydı ki, seçkilərin nəticələrinin nə cür olmasından asılı olmayaraq həyatımın sonunadək Müsavat Partiyasında fəaliyyətimi davam etdirəcəyəm.

- İsa Qəmbərlə son durumu müzakirə eləmisinizmi?

Nizamnamə çərçivəsində belə şəxslər haqqında tədbir görüləcək”


- Mən, ümumiyyətlə, müzakirələrə və məsləhətlərə meylli adamam. Çalışıram ki, istənilən məsələni hər kəslə müzakirə edim. Xüsusilə əgər Müsavat Partiyasında İsa Qəmbər kimi təcrübəli bir siyasi xadim varsa, şübhəsiz ki, mən onunla bir çox məsələləri, bəlkə də hər məsələni müzakirə edirəm. 

- Belə fikirlər var ki, İsa Qəmbər hazırkı durumda prosesə daha açıq müdaxilə eləməlidir, konkret mövqe qoymalıdır, yaxud ciddi bir çağırış eləməlidir. Bu barədə siz hansı fikirdəsiniz?
-....

(Davamı növbəti sayımızda)

Hazırladı: Etibar SEYİDAĞA


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR