İnsanlara hürriyət, millətlərə istiqlal!

“Amerikada hər gecə yuxumda kəndimizi görürəm”

2704 15.12.2014 08:40 Müsahibə A A

Hesab olunur ki, Obamanın namizədi olan yeni səfirin Senatda təsdiqlənməsindən sonra münasibətlərdə yeni mərhələnin şahidi ola bilərik. Ancaq hələ ki, münasibətlər “soyuq müharibə” mərhələsindədir. Bir müddətdir ki, ABŞ-da səfərdə olan konfliktoloq, tədqiqatçı alim Elxan Mehdiyevlə ABŞ-Azərbaycan münasibətləri, Amerikada son günlər yaşanan gərginliklər və digər mövzularda danışdıq. 

 - Elxan bəy, Amerikada bir qaradərilinin öldürülməsindən sonra Azərbaycan hakimiyyəti Amerikada insan haqlarının pozulmasına daha çox istinad edir. Siz prosesləri daha yaxından izləmək imkanına maliksiniz. Deyə bilərsinizmi ki, ABŞ-da nə baş verir, bu yaşananlar hansısa ssenarilərin tərkib hissəsi ola bilərmi? 

- Yox, məsələ təkcə bir nəfərin ölümündən getmir. Bu kimi çoxsaylı hadisələr baş verir və hamısı haqqında da təbii ki, xəbər verilmir. Burada söhbət daha çox polisin hədsiz güc tətbiq etməsindən gedir. Polisin qaradərili şübhəliyə qarsı münasibəti  də cinayətkara olan münasibətlə çox vaxt ekvivalentdir və bunu bir çox polis işçiləri də etiraf edir. Son günlərdə iki qaradərilinin polis tərəfindən öldürülməsi məsələsinə baxılanda, polislərin prokuror tərəfindən günahsız sayılması ölkəni qarışdırdı. Bu baxımdan qaradərililər bu halları irqi ayrı-seçkilik kimi qəbul etdilər. Bu məsələyə toxunan prezident Obama sentyabrda BMT Baş Məclisinin sessiyasında “bizdə etnik və irqi gərginlik var” demişdi. Sonrakı çıxşında “indi 50 il öncəkindən yaxşıdır” deməsi də gərginliyin etirafı idi. Amma bunu da demək lazımdır ki, Amerika azad ölkədir və bu məsələlərin hamısı açıq şəkildə müzakirə olunur, heç kimin də səsi boğulmur.

- Vaşinqtonun Azərbaycana yeni səfir təyinatından sonra münasibətlərdə nə gözlənilir? Yeni səfir vəziyyəti dəyişə biləcəkmi?

- ABŞ-ın əvvəlki səfiri Morninqstarın  Azərbaycanın indiki hakimiyyəti ilə  90-cı illərdən yaxın münasibətləri var idi. Deməli, məsələ şəxsdə deyil. Əsas məsələ münasibətləri soyudan hallar, faktlardır.  Bu da indiki dönəmdə Azərbaycanda demokratiya və söz azadlığı məsələləridir. Bu cür soyuq münasibət Brayza Azərbaycana səfir gəlməzdən öncə də davam edirdi. Uzun müddətdir təhlükəsizlik, enerji və İran məsələləri ABŞ-Azərbaycan ikitərəfli münasibətlərdə üstün yer tutur. Azərbaycan rəhbərliyi bu əməkdaşlığın müqabilində ABŞ-ın daxili siyasətə  göz yummasını istəyir. ABŞ bu cür sövdələşmələrə Yaxın Şərq və körfəz ölkələrində getmişdi. Və orada demokratik yox, monarxist repressiv sistemlər mövcuddur. Lakin keçmiş sovet bloku ölkələri üzrə  bu cur siyasət yürüdülmür. Digər tərəfdən də bu bölgələrin cəmiyyətləri də Yaxın Şərq və körfəz sahili cəmiyyəti deyil. Bu baxımdan yeni səfir Azərbaycanın suverenliyi və müstəqilliyini, enerji təhlükəsizliyinə Azərbaycanın müsbət töhfəsini, demokratik islahatların vacibliyini önə çəkəcək.

- Bakı ilə Vaşinqton arasında münasibətlərin hansı halı Azərbaycan üçün daha faydalı sayıla bilər?

- Azərbaycanın müstəqilliyi üçün ABŞ çox kömək edib. Azərbaycanın iqtisadi cəhətdən ayaq üstə durması üçün Xəzərin enerjidaşıyıcılarının Türkiyə üzərindən Qərbə çıxartmağa geniş dəstək verib. Azərbaycanın maraqları ABŞ kimi böyük dövlətlərlə yaxın münasibətləri tələb edir. Bu, həm onun suverenliyi üçün, həm də erməni  işğalını aradan qaldırmaq üçün lazımdır. Gəlin görək ABŞ-ın Minsk Qrupunda Azərbaycanın sözünü deməsi üçün onunla daha da yaxınlaşmaq, yoxsa onunla soyuq münasibətdə olmaq faydalıdır? Soyuq olacaqsansa, o da erməninin sözünü deyəcək. Onsuz da hələ ki, onların sözünü daha çox deyirlər. Digər tərəfdən yaxşı münasibətlər də birtərəfli olmur.  Amerika tərəfi Ukraynada, Moldovada, Gürcüstanda separatçıları cinayətkar adlandırıb onlara Amerikaya viza vermir, ancaq erməni separatçılarına Amerikaya viza verib onlara marafon təşkil etməyə imkan yaradır. Ermənilər toplanan pulları Azərbaycanın bölünməsinə sərf edirlər və  belə çıxır ki, ABŞ Azərbaycanın bölünməsinə yardım, yaxud  vasitəçilik edir. Azərbaycan buna qarşı ən yüksək səviyyədə etiraz etməlidir. Bu cür hərəkətə görə münasibətlər soyuyarsa, o zaman Amerika  vəziyyəti düzəltməyə məcbur olar, siyasətini dəyişər.

Elmar Məmmədyarov ”bu məsələni yerindən tərpətmək lazımdır" deyib.  Belə başa düşdüm ki, bu məsələ  hardasa Afrikadadır..."


- Dekabrın 12-də Vaşinqtonda Amerika Azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkilatı forumu Azərbaycana sanksiyaların tətbiqi məsələsini müzakirə edib, tanınmış diplomatlar Kozlariç və Kameron sərt mövqe sərgiləyib. Siz həmin müzakirələr haqda nə deyə bilərsiniz? 

- Mən Vaşinqtondan uzaqda, Missuri ştatındayam və o dinləmələr haqqında xəbərim yoxdur. Sadəcə onu deyim ki, belə toplantılara Vaşinqtondakı diplomatik ekspertlər cəlb edilir və bu cür müzakirələr  ancaq ermənilərin dilini uzun edir. Son dövrlərdə Ermənistan rəhbərliyinin təbliğatına Azərbaycanda insan haqlarının vəziyyəti də əlavə edilib və işğala don geyindirməyə əlavə arqumentlər qazanıblar. 

- Bir müddət öncə Qarabağ separatçılarının lideri Bako Saakyan növbəti dəfə ABŞ-a səfər edib bu ölkədəki ianətoplama kampaniyasında iştirakçı oldu. Bu kimi tədbirlər doğrudanmı ABŞ-ın iradəsindən kənarda həyata keçirilir?

- Donetsk separatçılarının liderini Vaşinqtona dəvət etmək heç bir amerikalı rəsminin, diplomatın və konqresmenin ağlına gəlməz. Ancaq Dağlıq Qarabağ separatçılarının liderinə Vaşinqtonda xüsusi qəbul təşkil etmək ağıllarına gəlir. Hətta Konqres onlara maliyyə də ayırır. Donetsk separatçılarına simpatiyam olmasa da, onlar erməni separatçılarından fərqli olaraq öz yaşadıqları ərazilərdən başqa rayonları işğal etməyiblər, etnik təmizləmə həyata keçirməyiblər. Yəni əgər Vaşinqton separatçılar arasında fərq qoyursa, bu amili də nəzərə almalıdır. Ötən dəfə yazmışdım ki, ABŞ Azərbaycandakı mövqelərini sürətlə itirir. Üstəgəl də erməni separatçılarına xüsusi diqqət ayırır. Dövlət Departamenti istəsəydi Dağlıq Qarabağ separatçılarının Vaşinqtona dəvətinə mane ola bilərdi. 

- Dövlət Departamentinin maliyyələşdirdiyi AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın və bundan öncə Qərbə yaxınlığı ilə tanınan vətəndaş cəmiyyəti nümayəndələrinin həbsi, bu kimi digər məsələlər Azərbaycana nə vəd edir? 

- Xədicə İsmayılın və  demokratik düşərgənin digər xadimlərinin həbsi, dediyim kimi, Azərbaycanı izolyasiyaya salır və erməni  işğalını uzadır. Nəyə görə? Çünki Azərbaycan həm Avropanın, həm Amerikanın gözündə antidemokratik  imic qazanır, nəticədə böyük dövlətlər Azərbaycana rəğbət bəsləmir və erməni tərəfi bundan ustalıqla istifadə edir. Hamımız da bilirik ki, MDB məkanından kənar ölkələr  erməni işğalının miqyasından və nəticələrindən xəbərsizdirlər. Onsuz da Minsk Qrupu onu lokallaşdırıb, başqa heç kimin işğaldan xəbərinin olmasını istəmir.

- Qərb Azərbaycanın Rusiyaya yaxınlaşmasındanmı narahatdır? ABŞ-Azərbaycan münasibətlərindəki gərginliyin səbəbi nədir?

- Mənim  bu suala cavabım fərqlidir.  Bizi Qərbin Azərbaycanın Rusiya ilə  yaxınlaşmasından  narahatlığı maraqlandırmamalıdır. Bizə Azərbaycanın maraqları lazımdır. Azərbaycanın maraqları Rusiya ilə normal münasibətlər qurmağı tələb edir və əgər bu münasibətlər Azərbaycanın maraqlarına getdikcə xidmət edirsə, bu münasibətlər də dərinləşəcək. İndiki  zamanda Rusiya Azərbaycan ordusunun əsas təchizatçısıdır və milyonlarla azərbaycanlı Rusiyada çalışıb Azərbaycanda ailələrini dolandırır. Ən əsası, mənim qənaətim budur ki, bütün mürəkkəb yanaşmalara və düşüncələrə baxmayaraq, torpaqların işğaldan azad edilməsi üçün Rusiyanın oynayacağı rolu heç kim oynaya bilməz. Rusiyanın Qərblə üz-üzə durduğu indiki zamanda bu məsələni Rusiyanın köməyi ilə həll etmək üçün tarixi vəziyyətin yaranma ehtimalı  da böyükdür. Azərbaycan tərəfi bu istiqamətdə işləməlidir. Biz Azərbaycanın maraqlarını Qərb-Rusiya qarşıdurması üzərində qurmamalıyıq. O cür siyasət  bizim kimi ölkələrə baha başa gələr. Qərb ölkələri Ukraynaya görə Rusiyanın üstünə getdiyi halda, erməni cinayətkarların başını sığallayır. Ukraynadan bizə kömək olmayacaq,  Rusiya ilə dost münasibətlərini saxlamaq lazımdır.

- Qarşıdakı dönəmdə Azərbaycanda yeni situasiya yarana bilərmi, yaxşılığa və ya əksinə?

Son dövrlərdə Ermənistan rəhbərliyinin təbliğatına Azərbaycanda insan haqlarının vəziyyəti də əlavə edilib”


- Mənim  torpaqlarım işğal altındadır, həyatım dağılıb və mənim üçün bu dünyada heç bir şey yoxdur ki, ona sevinim. Biriləri milyonlar, milyardlar düşünür, mənimsə gecə-gündüz kəndimiz, evimiz gözümün qarşısındadır. Maraqlısı odur ki, okeanı keçəndən sonra hər gecə Amerikada ancaq kəndimizi, evimizi yuxuda görürəm. Sanki öz kəndimizdəyəm hər gecə. Bakıda  isə insanların biganəliyi ömrümü çürüdür. Ona görə də Azərbaycanda yaxşılıq deyəndə, “kim üçün nə” sualı ortaya çıxır.  Mənim kimi yüz minlərlə insan üçün işğal bitsə, həyat başlayar, ancaq o da görünmür. Bu yaxınlarda qəzetdə oxudum ki, xarici işlər naziri Elmar Məmmədyarov “bu məsələni yerindən tərpətmək lazımdır” deyib.  Belə başa düşdüm ki, bu məsələ  hardasa Afrikadadır...  Digər tərəfdən deyir ki, bu, elə mürəkkəb məsələdir ki, bir görüşlə həll oluna bilməz...  Elə erməni tərəfi də status-kvonu saxlamaq üçün belə deyə - deyə 21 ilə gətirib çıxarıb... 11 ildir erməni ilə danışıq apara-apara, hələ indi yerindən tərpətməkdən söhbət gedirsə, başımıza çarəni harada axtaraq?

- ABŞ-dakı şəxsi işləriniz, planlarınız haqda nə deyə bilərsiniz? Sizin Azərbaycanı birdəfəlik tərk etdiyiniz barədə iddialar nə dərəcədə əsaslıdır?

- Mənim indiki işim daha çox nəzəri məsələlərlə bağlıdır və mülki-hərbi münasibətlər nəzəriyyəsinin tərkib hissəsidir. NATO-nun təhlükəsizlik ekspertləri və institutları  konsorsiumunda bu mövzu üzrə son illər mən çıxış edirəm. Gələnilki Vyana toplantısı üçün əlavə tədqiqata ehtiyac var. İşimə həm tədqiqat, həm də bu mövzudakı  alimlərlə görüşlər daxildir. Amerika sistemi elədir ki, orada həddən artıq çox çalışmalısan. Mən 22 ildir ki, Qərbdəki universitetlərlə  əlaqədəyəm. Həm İngiltərə, həm Amerikada oxudum, həm də bir neçə il Amerika universitetlərində çalışdım. Hər ildə də nə qədər xarici ölkələrdə konfranslara qatılıram. Bu işlərimin 95%-i erməni işğalı ilə birbaşa və  dolayı olaraq  bağlıdır.  Mənim Vətənim işğal altındadır və mən onun davasını aparıram. Əks təqdirdə mənim mühacirətdə, Amerikada nə işim vardı? Mənim üçün bundan şərəfsiz addım olmazdı və kimsə belə deyirsə, onu özümə ən böyük təhqir qəbul edirəm. Vətənim Qubadlı rayonunun Əbilcə kəndidir. Həyatımın bir dəqiqəsi yoxdur ki, xəyalən kəndimizlə, evimizlə yaşamayım. Elə ora dönmək ümidi də məni hələ ki, həyatda saxlayır...

Elşad PAŞASOY
FOTO: “YM”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR