İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali Ağaoğlu: “Azərbaycanın iqtisadi böyüklüyünə görə yetərincə rezervləri var”

2353 19.01.2017 08:25 Müsahibə A A

SOCAR-ın qiymətli kağızların emissiyasi üzrə baş məsləhətçisi və “SOCAR Capital” şirkətinin Məsləhət Şurasının üzvü Ali Ağaoğlu SOCAR istiqrazlarının bazara buraxılmasının ilk 3 ayı ərzində qazandığı uğurlar, eləcə də dünyada və ölkədə yaşanan iqtisadi proseslərlə bağlı “Yeni Müsavat” qəzetinə müsahibə verib. 

Əvvəlcə müsahib haqqında qısa arayış: Ali Ağaoğlu 1963-cü ildə Ankarada doğulub. 1980-ci ildə Boğaziçi Universitetində menecment fakültəsinə daxil olub. 1986-cı ildən bank sektorunda fəaliyyətə başlayıb. 2001-ci ilə qədər Standard Chartered və Stochelandes kimi xarici banklarda, o cümlədən Ege banklarında çalışıb.

2001-ci ildə Tassaruf Mevduati Sığorta Fonduna (TMSF) daxil olub və bir ilə yaxın Kamal Derviş zamanında TMSF-nin tərkibində olan 9 bankın xəzinələrinin koordinasiyasını həyata keçirib Dünyada ilk dəfə olan depozit satışı və çox böyük iqtisadi layihələri həyata keçirib.
2004-cü ildən Türkiyənin “Vatan” qəzetində yazır, 2008-2012-c illərdə “Fortune” jurnalında yayım müdiri olub. 

2015-ci ildən SOCAR Türkiyədə Finansal Risk Yönətimi və Xəzinə Kordinatoru kimi çalışır. 2016-cı ildən SOCAR-ın Kapital bazarları üzrə baş məsləhətçisi işləyir.
 

 
(əvvəli ötən sayımızda...)
 

- Rusiya , Türkiyə və Azərbaycan. Hər üç ölkənin milli valyutası ötən il ciddi devalvasiya yaşadı. Lakin bu üç ölkədən ən tez milli valyutasının sabitliyini təmin edən Rusiya oldu. Siz də bu məsələdə Rusiya hökumətini təqdir edirsinizmi? Yoxsa, səbəblər fərqlidir? 

“SOCAR-ın sağlamlıq, ekologiya, təhlükəsizlik məsələsi ilə bağlı həssaslığı çox yüksəkdir”


- Təbii ki, səbəblər fərqlidir. Ancaq onu da qeyd etmək lazımdır ki, bu 3 ölkə arasında ən şanslı olanı Rusiyadır. Mən 1995-1998-cı ildə Rusiya bank sektorunda çalışmışam və bu ölkənin maliyyə bazarını izləyirəm. Rusiyanın şanslı olduğu nöqtə budur ki, dünya bazarında neftin qiyməti 120 dollardan 35 dollara düşərkən onlar da rublun qiymətinin 35-dən 80-ə qədər çıxmasına icazə verdilər, devalvasiya etdilər. Öz valyutalarını qorumaq üçün rezervlərində olan 650 milyard dolların təxminən 300 milyard dollarını itirdilər. Bunu sırf rublu qorumaq üçün etdilər. Qoruya bilmədiklərini anlayan kimi həm devalvasiyaya getdilər, həm də rublun  faizini 19-a qədər yüksəltdilər. Rusiyanın şanslı olduğu nöqtə odur ki, neftin qiyməti artır və ölkə iqtisadiyyatını bir qədər dirçəldir. Azərbaycanın da iqtisadi böyüklüyünə görə yetərincə ehtiyatları var. Bu mövzuda narahatlığa ehtiyac yoxdur. 40 milyard dollarlıq bir iqtisadiyyatınız var və 38 milyard dollar rezerviniz var. Türkiyə olaraq biz aranızdakı ən şanssız ölkəyik. Bizim 800 milyard dollarlıq iqtisadiyyatımıza qarşılıq olaraq 35 milyard dollarlıq xalis rezervimiz var. Ümumi rezervlərimiz daha çoxdur, lakin ümumi rezervlərlə xalis rezervlər arasındakı fərq tamamilə Mərkəzi Bankın deyil. Bunlar Mərkəzi Bankla, bankların saxladıqları əmanətlərdir. 

- Türkiyənin valyuta ehtiyatlarının bu qədər az olmasının səbəbi nədir? 

- Səbəb odur ki, biz məzənnənin aşağı olduğu dönəmlərdə rezervlərin artırılmasına önəm vermədik. Mən, ümumiyyətlə, bu rezervlərin işə yarayacağına inanmıram. Rusiya tərəfinin şansı isə ondadır ki, rezervlərinin həcmi həddindən artıq yüksəkdir, faiz məsələsində həddindən artıq çevikdirlər, sərt qaydaları yoxdur. Azərbaycanda faiz məsələsində müəyyən konkret qaydalar var.  Onların bir qədər elastikləşdirilməsinə ehtiyac duyulur. Bundan əlavə, neft faktoru var. Neftin qiymətinin 35 dollar olması ədalətli deyildi və bahalaşacağı gözlənilirdi. Neft nisbətən bahalaşdı və 50-55 dollar arasında qərar tutdu. Bu Rusiya iqtisadiyyatının dövriyyəsi üçün yetərlidir. Düzdür, neftin bu qiymətində Rusiya 100 dollar olduğu dövrdəki kimi rahat hərəkət edə bilməyəcək. Amma yenə də 35-40 dollara nisbətən dövlət büdcəsinə önəmli gəlir gətirəcək. Ardıcıllığı Rusiya, Azərbaycan, Türkiyə şəklində qura bilərik. 

“Müasir dünyada, texnologiyanın bu qədər irəlilədiyi bir şəraitdə bazarı nəzarətdə saxlamaq olduqca çətindir”


- Azərbaycan hökuməti bazarı inzibati qaydada idarə etməklə problemlərin həllinə çalışır, bazara ciddi şəkildə nəzarət edir. Bir mütəxəssis olaraq bunu necə qiymətləndirirsiniz? Bazarın sərbəst buraxılmasının tərəfdarısınız, yoxsa hökumətin nəzarəti olmalıdır? 

- Mən bu suala izahlı şəkildə cavab vermək istəyirəm. Hesab edək ki, bazar 360 dərəcəli bir yerdir. Hökumət olaraq, Mərkəzi Bank və ya Maliyyə Bazarlarına Nəzarət Palatası qismində bazara müəyyən nəzarət edilə bilər, lakin bunun həcminin dəqiq müəyyənləşdirilməsinə ehtiyac var. Əgər bazarı çox sıxışdırsanız,  divarlar hörsəniz, bazar bu divarlara sığmaz. Bu divarları ya deşəcəklər, ya altından tunel qazacaqlar, ya da yıxacaqlar. Bazarı bir qədər sərbəst buraxmaq lazımdır. Ancaq sərbəstlik o həddə olmalıdır ki, sərhədin bir tərəfinə baxarkən digər tərəfi də gözdən qoymayasınız. Bazardakı inzibati nəzarətin və sərbəstliyin sərhədlərini elə bir yerdə qoymalısınız ki, bazar çox sıxışdırılmasın, bazarın hərəkəti üçün sərbəst bir zəmin olsun. Lakin bazarı çox sərbəst də buraxmaq olmaz, çünki dövlətin və cəmiyyətin çıxarlarını da qorumaq lazımdır. O səbəbdən bazar üçün fəaliyyət sahəsi təmin edərək, bu işi aparmaq lazımdır. Bu sahəni çox daraltdığınız və ya çox genişlətdiyiniz zaman bazar fəaliyyət göstərə bilmir. Bəlli bir fəaliyyət sahəsi olmalıdır ki, bazarda həm balans yaransın, həm də yaradıcı olaraq rahat fəaliyyət göstərilsin. Əgər inzibati üsulla çox sıxışdırsanız, nəzarəti itirmiş olacaqsınız. Çünki müasir dünyada texnologiyanın bu qədər irəlilədiyi bir şəraitdə bazarı nəzarətdə saxlamaq olduqca çətindir. Ölkənizdə balansı doğru yerdə müəyyən etmək lazımdır. Bu bir qədər təcrübə və zaman alan bir işdir. Doğru addımlar atılır, bir az zamana ehtiyacımız var.

- Neftin qiyməti ilə bağlı proqnozunuz nədir? Sizcə, neftin ədalətli qiyməti neçədir? 

- Neftin real qiyməti ilə bağlı mübahisələr var. Mən bildiyim qədər dünyada qlobal bazarda satılan neftin istehsal və daşınma  dəyəri 35-36 dollar civarındadır. Bunun üzərində 50-55 dollara qədər bahalaşması həm yeni yatırımların, həm də mövcud olanların inkişafı və təşviq edilməsi baxımından çox önəmlidir. Artıq neft bu qiymətə qədər gəldi. İlin sonuna qədər yüksələ biləcəyi ən üst rəqəm 60-65 dollardır. Qiymətlərin bundan da çox artması bir qədər çətin görünür. Mən son bir ildə Azərbaycana tez-tez gəlib-gedirəm. Mənim gördüyüm bir məqam var ki, sadəcə, neftə dayanan sənayeyə güvəndiyiniz zaman, qarşıdakı 15-20 illik müddətdə başqa problemlər də yaşana bilər. Ona görə də hesab edirəm ki, Azərbaycanda başda kənd təsərrüfatı və turizm olmaq şərti ilə, başqa sektorların da inkişaf etdirilməsinə ehtiyac var. Bu mənada Azərbaycan prezidenti yol xəritəsi də hazırlayıb. Orada çox önəmli məqamlar var. Onların önə çıxarılması və sürətləndirilməsi lazımdır. Təkcə neftin qiymətinin yüksəlməsinin Azərbaycan üçün yeganə həll variantı olacağına inanmıram. 

- Ötən müddət ərzində SOCAR-la bağlı qara xəbərlər də aldıq. 10 nəfərin ölümü ilə nəticələnən bir qəza oldu. Bir müddət sonra qaz kəmərlərində partlayışlar meydana gəldi. Siz SOCAR-ın təhlükəsizlik məsələləri ilə bağlı strategiyasını necə qiymətləndirirsiniz və tövsiyələriniz nədir?

- Mən bu mövzuda mütəxəssis deyiləm. Ancaq qəza xəbəri bizi də çox üzdü. Qardaş ölkəyik və siz bizdəki qara xəbərlərə üzüldüyünüz kimi, biz də bu hadisələrə üzüldük. Ümid edirəm ki, bu cür hadisələr təkrarlanmaz. Mən SOCAR-ın bu məsələdəki təcrübəsinə güvənirəm. Bu hadisədən mütləq şəkildə dərs çıxartdıq və o dərslərlə qarşıdakı müddətdə bu tip qəzaların olmaması üçün  yeni yöntəmlər axtaracağıq. Mən təxminən 2 ildir ki, “SOCAR-Türkiyə”də çalışıram və mən də orada sağlamlıq və təhlükəsizlik məsələləri ilə bağlı təlimlərə getmək məcburiyyətindəyəm. Mən bəyaz yaxalıqlı (əl əməyinə əsaslanmayan, administrativ və ya biznesin inkişaf etdirilməsi üzrə vəzifə daşıyan- N.L.) bir şəxsəm, mavi yaxalıqlı (əsasən, əl əməyinə əsaslanan sahədə çalışan- N.L.) deyiləm. Ancaq mən də onlar kimi təlimlərdə iştirak edirəm. Şirkət bu məsələdə bizim üzərimizə məsuliyyət qoyub. SOCAR-ın bu məsələlərdə beynəlxalq standartlarda uğurları var. Şirkətin sağlamlıq, ekologiya, təhlükəsizlik məsələsi ilə bağlı həssaslığı çox yüksəkdir. Mən SOCAR Qrupunda çalışan şəxs olaraq bunları müşahidə etmişəm.

“Rusiya tərəfinin şansı isə ondadır ki, rezervlərinin həcmi həddindən artıq yüksəkdir, faiz məsələsində həddindən artıq çevikdirlər, sərt qaydaları yoxdur”


- Ali bəy, sonda  SOCAR istiqrazları ilə bağlı vətəndaşlara çatdırmaq istədiyiniz hansısa sözünüz varmı? 

- Mən bu mövzunun mətbuatda daha çox müzakirə edilməsini, daha çox maraq cəlb etməsini arzu edirəm. Çünki hazırda aparılan bu iş həm Azərbaycan vətəndaşları, həm ölkənin maliyyə bazarları, həm də SOCAR üçün çox önəmlidir. Bu məsələ Strateji Yol Xəritəsində də var, daha öncədən dövlət başçısının bu mövzuda sərəncamı var. Biz SOCAR olaraq bu məsələdə üzərimizə düşəni etdik. Digərlərinin də bizimlə birlikdə hərəkət etməsini arzu edirəm. 100 milyon dollarlıq bir istiqraz buraxılışının 40 faizi üç ay içində əl dəyişdirib. Bu da istiqrazlarımızın nə qədər likvid olduğunun ən yaxşı göstəricisidir. Satanlar aldıqları 1000 dollardan  (nominal qiymət) daha baha satıblar. SOCAR-ın minimum nominaldan alma zəmanəti investorlar üçün çox böyük bir üstünlükdür. Belə bir məhsulu investorlar qaçırmamalıdırlar. Bu, çox faydalı bir işdir və istiqrazların yeni fiziki şəxslər tərəfindən əldə edilməsi çox önəmlidir. Qarşıdakı dövrdə daha pozitiv rəqəmlər əldə edəcəyimizə ümid edirəm. 

- Ötən dəfə SOCAR rəsmiləri mətbuat konfransında bundan sonra da manatla və hər iki valyuta ilə istiqrazların buraxılacağını bildirmişdilər. Bu istiqrazlar üçün dəqiq bir tarix müəyyən edilibmi? Nə zaman üçün gözlənilir? 

- Bu işə başlarkən bizim iki illik bir yol xəritəmiz var idi. Bu iki ilin ilk 6 ayını həm istiqrazların təkrar bazarının inkişafı üçün sərf etmək istədik, həm də infrastruktur baxımından təkcə SOCAR-ın deyil, Azərbaycan maliyyə bazarının da inkişafı üçün belə bir zamana ehtiyac var idi.  Səhvlər edirik, onları düzəldirik, daha yaxşısını etmək üçün cəhd edirik. Mərkəzi Bank, Milli Depozit Mərkəzi və Maliyyə Bazarlarına Nəzarət Palatası da bu məsələdə bizə çox böyük dəstək göstərir. Bunların hamısını bir araya gətirib işlək vəziyyətə salmaq zaman tələb edir. Ona görə də düşünürəm ki, təxminən 6 aya daha ehtiyacımız var. Sonra isə Maliyyə Nazirliyi, Mərkəzi Bank, SOCAR və birjaların bir araya gəldiyi bir  qurultay təşkil edib, bunu müzakirə etməklə, sadəcə, öz seçimlərimizlə deyil, bazarın seçiminə uyğun olaraq bir addım ata bilərik. Bu istiqrazlarda əsas məqsəd SOCAR-ın xaricilərə verdiyi faiz ödənişlərini öz vətəndaşlarına verərək, valyutanı ölkədə, yəni iqtisadiyyatımızda tutmaqdır.

Nərgiz Liftiyeva
Foto: Məğrur Mərd



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR