İnsanlara hürriyət, millətlərə istiqlal!

Aida Qəmbər: “İŞİD-in gücünün pik nöqtəsi arxada qalıb”

887 13.01.2017 21:28 Müsahibə A A

Aida Qəmbər: “Kürdlərin gələcəkdə dövləti yalnız İraq əraziləri məhdudlaşmaya bilər”

Ötə həftə Türkiyənin baş naziri Binali Yıldırım İraqa səfər etməklə Ankaranın yeni regional siyasət platformasını ortaya qoydu. 

Türkiyə İraqla münasibətləri qaydaya salmaq, mübahisəli məsələləri həll etmək istəyir. Çünki Suriya ilə yanaşı İraqda da ciddi problemlər mövcuddur və proseslərin gedişi artıq Türkiyə üçün ciddi problemlərə səbəb olmağa doğru gedirdi.
Suriyada terror və kürd separatizminin güc əldə etməsi, üstəlik PKK-nın İraqdakı vəziyyətdən istifadə edərək bu ölkədə möhkəmlənməsi və üstəlik Qərbdən dəstək alması Ankara üçün ciddi başağrısına çevrilməkdədir. Həm kürd məsələsi, həm də Suriyadakı proseslər və Qərb və Türkiyə arasında münasibətlərin pisləşməsi Ankaranı xarici siyasət kursuna yenidən baxmağa sövq edir. Bu səbəbdən də Ankara Rusiya ilə münasibətləri düzəltmək, Suriya münaqişəsini həll etmək və qonşu ölkələrlə pisləşən münasibətləri qaydaya salmağa çalışır.
Türkiyə hökumətinin fəaliyyətləri, ümumiyyətlə son zamanlar bölgədə yaşananlar Yaxın Şərqin gələcək taleyi ilə bağlı nə vəd edir? Regionda vəziyyət hansı istiqamətə dəyişəcək? BDU-nun dosenti, şərqşünas-alim Aida Qəmbərlə regiondakı durumu müzakirə etdik. 



- Aida xanım, Türkiyə hakimiyyəti İraqla münasibətləri qaydaya salmağa çalışır. Bu proses nə qədər uğurlu olacaq və bölgəyə müsbət təsiri olacaqmı?

 - Bölgə haqqında ilk olaraq İraqla bağlı danışmanın məntiqi ondan ibarətdir ki, Yaxın Şərqdə gedən proseslər İraqda başlayan müharibə ilə birbaşa bağlıdır. Çünki bölgədə hər şey İraqın işğalı ilə başladı və daha sonra yayıldı, bəzi ölkələrdə tez, bəzilərində isə gec – “ərəb baharı”ndan sonra baş verdi. “Ərəb baharı” bu prosesin davamıdır. 

Konkret vəziyyətə gəldikdə, bildiyiniz kimi, dekabrın 26-dan Mosulun İŞİD-dən azad edilməsinin ikinci mərhələsi başlayıb. 29-da artıq İraq ordusu 3 tərəfdən Mosula hücum başladığını bəyan edib. İraq komandanlığı Mosulun ətrafında ərazinin 70 faizini azad etdiyini deyir, amma bu rəqəm müəmmalıdır. Hökumət qüvvələri əraziləri tutsa da orda möhkəmlənməsi çətindir. Mosulda mən olmuşam, Mosulun, ümumiyyətlə İraq şəhərinin quruluşu mürəkkəbdir. Mosulda da yaraqlıların gizlənməsi rahatdır. Bu vəziyyətdə İŞİD savaşçıları həm yerli əhali arasında rahat kamuflyaj ola bilirlər, həm də gizlənib orduya hücumlar edə bilirlər. Digər tərəfdən, İraq hökuməti göstərmək istəyir ki, guya Mosulun azad edilməsi onların imkanları ilə baş verir. Hətta Türkiyənin olmasını da qısqanclıqla qarşılayır. İraq ordusu Ənbar vilayətində bir neçə məntəqələri ələ keçirib və hazırda polis oraları mühafizə edir. Ancaq bu proses çox ağır və yorucu ola bilər.

- Yəni Mosulun azad edilməsi və İŞİD-in qovulması İraqda vəziyyəti düzəltmək üçün kifayət etməyəcək?

- Bu prosesdə mənim diqqətimi çəkən yanvarın əvvəlində Türkiyə hökumət başçısının İraqa rəsmi səfəri idi. Onun birlikdə milli müdafiə, energetika və təbii sərvətlər nazirləri, yəni böyük heyət vardı, Bağdadda Strateji Əməkdaşlıq Şurasının toplantısı baş nazirlərinin iştirakı ilə keçirildi, təkbətək görüşlər oldu. Danışıqlar əsnasında həm ikitərəfli münasibətlər, həm də Türkiyə silahlı qüvvələrinin Başika düşərgəsindən çıxarılması məsələsi həll olundu. Daha sonra Yıldırım Ərbilə səfər edərək Barzani ilə görüşdü. Bir növ ilkin mərhələ olaraq Başika düşərgəsi və ikitərəfli münasibətlərdəki gərginlik aradan qaldırıldı. 

Düşünürəm ki, İraq hakimiyyətinin qarşısında dayanan əsas vəzifə İraqın ərazi bütövlüyünü təmin etməkdir. Mosul əməliyyatı da bunun bir elementidir. Ölkədə təbii ki, milli birlik olmalıdır. Bunu isə indi təmin etmək mümkün olmur. Bu iki məsələdə irəliləyiş olsa nəyəsə nail olmaq olar, amma olmasa, problem daha da dərinləşəcək. Kürdüstan müstəqil hərəkət edir və onların birgə olması çətin görünür. 

- Yeri gəlmişkən, Şimali İraq kürd administrasiyasının durumu necə olacaq? Bərzani İŞİD-dən alınan ərazilərdən çıxmayacaqlarını deyir. Yəni Mosuldan sonra kürd məsələsi necə həll olacaq, yeni kürd dövləti qurulacaqmı? Bu olarsa yeni müharibələr baş verə bilərmi?

- Tamamilə mümkündür. Mənim düşüncəmə görə, müəyyən mənada kürdlərin gələcəkdə dövləti yalnız İraq əraziləri məhdudlaşmaya bilər. Çünki belə olarsa, Türkiyə üzərindən neftlərini daşıyıb sata bilirlər. Amma indiki məqamda kürdlər yalnız İraqla məhdudlaşmaq istəmirlər. Suriyanın kürd regionunda da həmin proseslər başlayıb. Türkiyə də istər-istəməz bu prosesə qoşulub. İndiki mərhələdə İraq daxilində Kürdüstanın qurulması bir az çətin görünür. Əgər Suriyada da İraqdakının oxşarı, yəni kürd muxtariyyəti qurulsa və möhkəmlənsə başqa proseslər olacaq. Daha sonra kürd separatçı fəaliyyətləri Türkiyə və İranın ərazisinə də sirayət edə biləcək. 

Kürd dövlətinin yaranması düşünmürəm ki, bir mərhələdə olacaq. İraq uzun bir proses keçdi. Daha əvvəl Molla Mustafa Bərzani 1971-ci ildə kürd muxtariyyəti quruldu, daha sonra zamanla müxtəlif siyasi və iqtisadi hüquqlar əldə etdilər. Və bu proses mərhələli gedir.

- İndiki mərhələdə Ankaranın Bərzani administrasiyasını dəstəklədiyi hiss olunur. Burda əsas məqsəd bir tərəfdən PKK-nın Şimali İraqdakı fəaliyyətini məhdudlaşdırmaqdırsa, digər tərəfdən Bağdada təzyiqdir. Sizcə bu davam edəcəkmi?

- Ümumiyyətlə, İraq kürd partiyaları ilə Türkiyənin siyasi dairələrinin əlaqələri yalnız AKP hakimiyyəti dönəminə aid deyil. Vaxtı ilə Küveyt böhranından sonra İraqda uçuşa yasaq bölgə qurduqdan sonra bu əlaqə yarandı. Ankara İraq kürd partiyaları ilə əlaqə qurmaqla PKK-nı məhdudlaşdırmaq və ərazilərdən çıxarmaq, yəni onların rəqabətindən yararlanmağa cəhd edirdi. Ancaq bu yaxınlaşmadan İraq kürd partiyaları qazandılar, Türkiyə ilə münasibətlərdən onlar daha çox mənfəət əldə etdilər, nəinki Türkiyə. Çünki PKK hələ də terrorunu davam etdirir. İraqdan onları təmizləmək mümkün olmadı. Kürdlərin PKK-nın Türkiyə ərazisinə keçməsi ilə bağlı qarantiyası yoxdur. 

- Konspirologiya kimi təqdim olunsa da, bir sıra siyasi analitiklərə, bölgə mütəxəssislərinə görə, bu proseslər bütövlükdə Yaxın Şərqin xəritəsinin dəyişdirilməsinə xidmət edən plandır. Bu prosesin nəticəsində yeni dövlətlər, o cümlədən kürd dövləti xəritədə peyda olacaq. Sizcə belədirmi?

- Həmin proses orda dayanmayacaq, genişlənəcək. Konspirologiyanı bir tərəfə qoyaq. Amma mənim anlamımda Yaxın Şərqdə 100 il əvvəl Sayks Pikot anlaşması ilə qurulmuş hazırkı dövlətlərin sərhədləri davam edə bilmir, yenidən şəkillənmə prosesi gedir. Amma bu proses çox ağrılı gedir və bu qan da tökülür. Ərdoğanın çıxışına fikri verdiniz, sərhədlərin Naxçıvandan Hələbə qədər təhlükə altında olduğunu dedi. Türkiyə sərhədləri üçün təhlükə olduğunu bildirir. Bu o deməkdir ki, Türkiyənin müqavilələrlə tanınmış sərhədləri, Lozanna anlaşmasına yenidən baxıla bilər.

Mən daha əvvəl də demişdim ki, Mosul məsələsi sadə deyil. Lozanna konfransında Türkiyə məcbur olaraq Mosulu itirdi. Faktiki olaraq Türkiyə məcbur olaraq bu ərazilərin itirilməsi ilə barışmalı oldu. Amma əvəzində sonradan Hatay verilsə də, ümumiyyətlə, buna məcbur edildi və ədalətli anlaşmalar deyildi. 

- Yeri gəlmişkən, Naxçıvan ifadəsi müzakirələrə səbəb oldu. Doğrudanmı Naxçıvanla bağlı hansısa təhlükə var? Ümumiyyətlə, Türkiyə prezidenti nə demək istəyirdi?

- İndi bizə elə gəlir ki, Naxçıvanla bağlı təhdid yoxdur. Bizə də 80-ci illərdə də Qarabağla bağlı hər hansı problem görünmürdü. Amma onlar siyasi hakimiyyətin olimpində əyləşən adamlardır, məlumatları, bilgiləri daha çoxdur. Türkiyə Naxçıvanın qarantıdır, buna vurğu edilir. Türkiyə Naxçıvanın qarantiyası olan ölkədir.

Burda məsələ ondan ibarətdir ki, Türkiyə özünü haqlı olaraq Yaxın Şərqin aparıcı qüvvəsi kimi təqdim edir. Bu dəyişikliklər içində öz yerini rolunu mövqeyini saxlamaq istəyir. İndi loru dildə desək bir bir-birini silkələmə gedir. Hər kəs bu bölünmədə özünü daha aktiv və güc kimi görmək, proseslərdə aktiv oyunçu kimi çıxış etmək istəyir. Türkiyənin daxilində gedən proseslər də bununla bağlıdır. Türkiyəni daxili problemlərə başını qatmaq cəhdi hiss olunur. Türkiyə zəifləyib öz problemlərinə başı qarışsın. 

- Suriya münaqişəsinin həlli ilə bağlı Türkiyə-Rusiya-İran formatında bir anlaşma əldə olundu, qarşıdakı günlərdə Astanada danışıqlar başlayacaq. Münaqişənin həlli mümkün olacaqmı? Bu arada İranla necə olacaq, anlaşa biləcəklərmi? 

- Bu gün problemlərin çözüm yolu görünmür. Proses gedir, amma Türkiyə bu prosesdən təkbaşına çıxa bilməz. Burda iki məsələni qeyd etmək istəyirəm. Bir tərəfdən Suriya münaqişəsi, bir tərəfdən də İranla Türkiyəni arasında ziddiyyətlər var, bir də onları yaxınlaşdıran və birləşdirən amillər. Bu mərhələdə hansı məsələ üstünlük təşkil etsə, ona üstünlük verəcəklər.

Suriya ətrafında danışıqlar üçbucağı yaranıb. Yaranmış alyans açıq deməsək də özlərini Qərbə qarşı güc olaraq göstərmək, yəni “Suriya problemini sənsiz də müsbət həll edə bilərik, sizdən daha çox imkanımız var” mesajını verirlər. 

Amma atəşkəs və ardınca 23-də Astana görüşü ilə bağlı vəziyyətdən məlum olur ki, əvvəlcə razılıq vermiş qüvvələr artıq müzakirələr qatılmayacaq, bəziləri isə Bəşər Əsədi razılaşmaları pozmaqda ittiham edir. Yəni hələlik bəlli deyil ki, Astana görüşü baş tutacaq ya yox. Əgər baş tutmasa məlum olacaq ki, 3-lüyə qarşı alternativ qüvvə var. Türkiyə Astanada Qatar və Səudiyyənin iştirakını da istəyib. Çünki İran qarşısında yalnız qalmasın, digər sünni dövlətlər qatılsın. 

- Bu prosesdə İŞİD-in taleyi necə olacaq?

- Məncə, İŞİD-in özünün də içində parçalanmalar olacaq, yeni qruplaşamalar ortaya çıxacaq. İŞİD-in gücünün pik nöqtəsi mənə görə arxada qalıb. Amma bu gün tamam yox olduğunu da deyə bilmərik. Düşünürəm ki, İŞİD-ə yardım edən qüvvələri dayandırmaq lazımdır. Bu olduqdan sonra qətiyyətli addımlar atmaq mümkün olacaq, terroru da aradan qaldırmaq mümkün olacaq.
Kənan Rövşənoğlu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR