İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da “seçki məhbusları”

1801 21.01.2017 17:04 Müsahibə A A
Dünən dünyada iki saray təhvil-təslimi oldu – biri ABŞ-da, biri Qambiyada.

ABŞ-da 8 ildən bəri prezidentlik edən Barak Obama hakimiyyətini yeni seçilmiş prezidentə - Donald Trampa təhvil verdi, qucaqlaşdılar, öpüşdülər, zarafatlaşdılar, Obama helikopterə minib istirahətə getdi, Tramp da qələmini götürüb fərman imzalamağa. 

Amma Qambiyada vəziyyət bir az fərqli oldu. 22 ildən bəri Qambiyaya diktatorluq edən Yahye Camme hakimiyyəti yeni seçilmiş Adam Barrouya vermək istəmədi, o da məcbur qalıb prezidentlik andını qonşu Seneqalda içdi. Nəticədə Seneqal hökuməti bu haqsızlıqdan qeyzləndi, hakimiyyəti diktatordan alıb qanuni prezidentə vermək üçün Qambiyaya qoşun yeritdi. Camme gördü ki, Qambiya QANbiyaya dönəcək, lap axırda isə onun tifağını dağıdacaqlar, dedi, yaxşı, yaxşı, dayanın, hakimiyyəti verirəm. 

Ancaq ola bilər, Camme hələ bir az da gözləyəcək, vaxt udmağa çalışacaq, Tağı Əhmədov demişkən, aşağı ətrafı ilə manevrlər edəcək, hakimiyyəti vermək istəməyəcək, yaxud da tərəfdarlarını toplayıb silahlı müqavimətə-zada girişəcək. Afrikada belə şeylər çox olur. 
Hərçənd bu dəfə Amerikada da heç vaxt olmayan şeylər oldu, Trampın əleyhdarları Vaşinqtonda iğtişaş törətdilər, qara kamuflyaj, maska geyinib, daşlarla, dəyənəklərlə mağazaların, kafelərin, bankların vitrinlərini qırıb tökdülər, polisə müqavimət göstərdilər. 
ABŞ-ın məşhur teleşirkəti “American New Service”nin (bu teleşirkətin adı “Roma tətilləri” filmində də keçir ) reportyoru Big Sesilia Trampa etiraz edənləri  “quduz demokratlar” adlandırdı, polisin onları qovmasını təntənə ilə qeyd edərək xalqın ürəyinə su səpdi
Vaşinqtonun meri Müriel Elizabet Bauzer şəhəri dağıdanlara çox hiddətləndi və jurnalistlərin qarşısına çıxaraq  belə bir qəzəbli çıxış etdi: “Vandallar Vaşinqtonumuzu dağıdıblar. Şəhərə 5 milyard dollarlıq ziyan dəyib. Əmin olun ki, Vaşinqtonumuz Amerikamızın paytaxtıdır və paytaxtı olaraq qalacaq. Biz möhtərəm cənab Trampımızın ətrafında sıx birləşəcəyik. Amerikada bir kişi var, o da Trampdır”.

Əlbəttə, özü qadın olan Vaşinqton merinin belə deməsi heç də ayıb sayılmadı, çünki “adamlıq”, “kişilik” məsələsinə yanaşma Amerikada bir az fərqlidir.

İndi gözlənilir ki, polisə müqavimət göstərənləri, vitrin şüşəsi sındıranları, xüsusilə də əllərindəki uzun boru ilə polisi incidənləri bir-bir müəyyən edib tutacaqlar. Amerika olanda, demokratiyanın beşiyi olanda nə olar, qanunun aliliyi məsələsi var, qanun hamı üçündür, hamı qanun qarşısında bərabərdir, yeri gəlsə, “şah qanun deyil, qanun şahdır”, dövlətçilik hər şeydən əfzəldir və sair və ilaxır.

Təxminən 150 iğtişaşçının tutulacağı gözlənilir. Onların içində, təbii ki, Hillari Klintonun seçki qərargahının 7-8 üzvü də olmalıdır. Şübhəsiz ki, iğtişaş törədənlər təlimatı onlardan, acı məğlubiyyəti həzm edə bilməyən, Klinton administrasiyasında yüksək vəzifələr tutacaqları barədə şirin xəyallar quran şəxslərdən alıblar. 

Bu adamların hamısına qarşı cinayət məcəlləsinin “dövlət çevrilişinə cəhd”, “ictimai asayişi pozmaq”, “dövlət əmlakına, vətəndaşların mülkünə zərər vurmaq”, “dövlət qulluqçusuna müqavimət” maddələri ilə iş açılacaq. 

Əlbəttə ki, liderlərin işi sıravi iğtişaşçıların işindən ayrılacaq. Media sıravilərə “seçki məhbusu” adı verəcək, o birilər isə “Liderlərin işi” adlandırılacaq. 

Klintonu tutmayacaqlar. Nəzərə alacaqlar ki, xanım prezidentliyə namizəd olub, ölkə seçicilərinin yarıdan çoxunun səsini alıb. Amma Trampın tərəfdarı olan televiziyalar onun şəklini qara dairəyə alıb pisləyəcəklər, ona “faşist”, “düşmən dəyirmanına su tökən”, “xaricdən maliyyələşən satqın”-filan adı qoyacaqlar. 

Müşahidəçilər deyir ki, ABŞ-da heç vaxt inauqurasiya günü belə hadisələr olmamışdı. Ekspertlər isə əmindirlər ki, buna ölkənin seçki qanunverciliyindəki boşluqlar səbəb olub, çünki xalqdan daha çox səs alan adam qalıb qıraqda, az səs alan prezident olub. Təhlilçilər hələlik susurlar, verdikləri analizlərin cavabını gözləyirlər, 100 günə bilinəcək. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR