İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeni başqan YAP-la əməkdaşlıq etmək istəyəcəksə, buyursun”

2518 24.09.2014 08:15 Müsahibə A A
Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinin ardınca AŞ PA-nın prezidenti Ann Brassörin Bakı səfəri başlayıb. Belə bir ərəfədə Azərbaycanla Avropa strukturları arasındakı münasibətlərə yenidən baxılmasının zəruriliyi barədə iqtidar partiyasından rəylər eşidilir. YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibəsində əvvəlcə AŞ PA prezidentinin keçirdiyi görüşlər və gözləntilərdən danışdı.

- Siyavuş bəy, AŞ PA prezidenti Bakıda xeyli görüşlər keçirdi, iqtidarla kifayət qədər təmasları oldu. Qurum rəhbərinin budəfəki səfərindən nə gözləmək olar? 

- Bəli, çoxsaylı görüşlər keçirib. Azərbaycan prezidenti cənab İlham Əliyevlə görüşüb. Milli Məclisdə siyasi partiyaların nümayəndələri ilə görüşdü, mən də iştirak edirdim. QHT sektoru ilə AŞ PA-da olan bizim nümayəndə heyəti ilə görüşüb. O cümlədən Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək. Bu görüşlərdə əsas məsələ Avropa-Azərbaycan münasibətləridir. Bu gün doğrudan da Azərbaycan ictimaiyyəti Avropanın bəzi qurumları tərəfindən ölkəmizə qarşı tətbiq olunan ədalətsiz qərarlara öz etirazını bildirir. Bizim görüşdə də siyasi partiya nümayəndələri məsələ qaldırdılar ki, Avropa Parlamenti ilə münasibətlərə yenidən baxılmalı, “Avronest”dən, ümumiyyətlə, çıxılmalıdır.

- Deyəsən, bunu ilk dəfə siz təklif etmişdiniz...

- Bəli. Çünki “Avronest” yaradılmışdı ki, Avropa - Azərbaycan münasibətlərinin qarşılıqlı olaraq nizamlanması və ölkəmizin Avropaya inteqrasiya prosesində yardımçı olsun. Amma son vaxtlar biz Avropaya nə qədər inteqrasiya ediriksə, o qədər də bizə qarşı kəskin qərarlar çıxarılır. Təbii ki, bu qərarların arxasında erməni lobbisi dayanıb. Misal göstərə bilərəm. Avropa Parlamenti may ayında formalaşıb, ondan sonra tətilə çıxıb və ilk iclasındaca Azərbaycana qarşı ədalətsiz qərar qəbul edib. Bayaq da bu barədə danışırdıq. Avropanın hansısa qurumunun rəhbəri, yaxud parlamentariləri Azərbaycanın haqq işini dəstəkləməyə başlayan kimi həm Azərbaycanın daxilində olan müəyyən siyasi partiyalar və QHT sektoru başlayır ki, “kürü diplomatiyası” və erməni dəyirmanına su tökərək ermənilərə bilavasitə dəstavüz verir. Məsələn, Azərbaycanda NATO Baş Assambleyasının seminarı keçiriləndə ermənilər bizim mənbələrə, həmin leyla yunuslara istinad edərək dedilər ki, Azərbaycanın kürü diplomatiyasının fəaliyyəti Ermənistana təsir etməyə yönəlib. Yəni Azərbaycan iş aparır, amma əfsuslar olsun ki, sapı özümüzdən olan baltalar bu işi tamam başqa istiqamətə yönəldir. Dünyada lobbiçilik normal haldır, Amerikada bu, rəsmiləşmiş qaydadır.

- Sözünüzdən belə çıxır ki, Azərbaycan kürüsünün adı çıxıb...

“Milli Məclisdən komitə sədri kimi və YAP-dan maaş alıram, kifayətdir”


- Azərbaycan kürüsünün adı çıxıb və olan deputat da geri çəkilir. Məsələn, Moldova ombudsmanı Azərbaycanın haqq işini Ermənistan paytaxtında qaldırdı, iki gün də onu ev dustağı etdilər. Azərbaycan onunla kifayət qədər iş aparmışdı və o da bizim haqq işimizi dəstəkləyirdi. Ermənilər onun başına hansı oyunları açdılar? Hər hansı bir avropalı deputat Azərbaycanın haqq işini, maraqlarını dəstəkləyirsə, həm daxildəki ermənilər, həm xaricdə oturan ermənilər hərəkətə keçir. Onların kifayət qədər kanalları var, Avropa qurumlarının hansına baxsanız, onların mühasibatlığında, katibliyində bir neçə erməninin çalışdığını görərik. Mən sizə siyahı da təqdim edə bilərəm. Onların kifayət qədər təsir etmək imkanları var.

- Azərbaycanda kifayət qədər sərvətlərə malikdir və təsir rıçaqlarından istifadə edə bilər. Siz Avropaya vaxtaşırı səfər edirsiniz, Avropaya kürü daşınması iddiaları barədə nə deyə bilərsiniz?

- Elə şey yoxdur. Sadəcə olaraq, görüşüb söhbətlər aparırıq. Rəhmətlik Turqut Özalın bir sözü vardı, deyirdi, Türkiyə xoşbəxtdir ki, onun nefti yoxdur. Yəni neft-qazı olsaydı, Türkiyəyə təpkilər daha çox olardı. Yəni bir tərəf razı qalanda o biri tərəf mütləq narazı qalmalıdır. Bu mənada Azərbaycanın təbii sərvətlərinə göz dikən, bu sərvətlərdən güzəştli istifadə etmək istəyən dövlətlər, təşkilatlar var. Bundan da istifadə edərək öz parlamentariləri vasitəsilə Azərbaycana təzyiq göstərirlər. Bunlar bizə bəllidir, ancaq belə hallar bizi öz yolumuzdan döndərə bilməyəcək.

- Belə nəticəyə gəlmək olarmı ki, Avropa Parlamentinin son qətnaməsinə kürü yeməyən deputatlar səs verib?

- Əslində biz o deputatları da araşdırdıq. Həmin 46 deputat bilavasitə erməni lobbisinin təsiri altında işləyənlərdir. Məsələn, 110 deputatdan çox “Azərbaycanın dostları” qrupu var. Avropa Parlamentində belədir ki, qərarın qəbul olunması üçün iştirakçıların sadə səs çoxluğu kifayət edir.

- Görünən budur ki, Bakı tövsiyələrdən imtina yolunu seçib. Rusiyanın taleyi göz önündə ikən bu siyasəti təhlükəli hesab etmirsiniz ki?

- Bunlar fərqli məsələlərdir. Rusiyanı bütün qurumlarda səsvermə hüququndan məhrum ediblər, mandatına toxunmayıblar. Əsas gətirirlər ki, Rusiya Ukrayna ərazisini işğal edib. Ermənistana isə bu məhdudiyyətlər yoxdur. Artıq bunların ikili standartlarla yanaşması göz önündədir. Digər tərəfdən, Ermənistanla, elə bizə qardaş olan Gürcüstanla bağlı insan hüquqlarının vəziyyətinə dair heç bir qərar yoxdur. Gürcüstanda 99 nəfər keçmiş nazirindən tutmuş baş nazirinə, prezidentinə qədər şəxs haqqında cinayət işi qaldırılıb, yaxud həbsdədir. Bütün Avropanın demokratik prezident dediyi Saakaşvili İnterpolun axtarışına verilib. Bununla bağlı bir qərar yoxdur. Amma Azərbaycanda erməni kəşfiyyatına işləyən və bu, “sübutalni”, “dokumentalni” sübut olunan adamların hüquqları ilə bağlı Avropa Parlamenti qərar verir. Bu, nə qədər ədalətlidir? Ermənistanda prezident seçkilərində namizədlərin birini güllələdilər, ikili pasportla səs verdilər. Bunlar hamısı Avropa Şurasının gözü qarşısında oldu.

- Azərbaycan hakimiyyəti ölkə daxilində müəyyən addımlara getsə, ermənilərin də əlində ciddi arqument qalmaz ki, ölkəmizə qarşı istifadə eləsin. Nədən bu bəhanələrə son qoyulmur?

- Azərbaycan həmişə addım atıb. Bunlar Ələkrəm Hümmətovla bağlı da şərt qoymuşdu, getdi, Ermənistanda tədbirlər keçirtdi. Yaxud “vətənə xəyanət”ə görə məsuliyyətə cəlb olunan Rəhim Qazıyev, metro partladan şəxslərlə bağlı da şərt qoyulmuşdu, adını “siyasi məhbus” qoyurdular. Bunlar elə adamları seçir ki, Azərbaycan xalqında ikrah hissi yaradır.

- Amma bu gün Qarabağ uğrunda döyüşmüş Tofiq Yaqublu həbsdədir...

- Tofiq Yaqubludan sual olunurdu ki, sənin İsmayıllıda nə işin vardı? Həm onun telefon danışığı ilə sübut olundu ki, kimlərə nə göstəriş verib. Sübutsuz heç kim həbs olunmur. Eləyib. Amma gərək o həddə çatıb qanunu pozmayasan ki, cəza da almayasan. Tofiq Yaqubludan çox bu gün iqtidarı tənqid edən, söyən siyasi partiya rəhbərləri, müavinləri var. Əgər qeyri-qanuni iş görməyiblərsə, onlarla heç kəsin işi yoxdur.

- Yəni bu payızda siyasi məhbuslarla bağlı ciddi addımlar gözlənilmir...

- Əslində biz istəyirik ki, bu məhkəmələri açıq keçirdək. Qoy bütün mətbuat, səfirliklər gəlsinlər. Orda hansı faktların şahidi olacaqsınız, bunu görəcəksiniz. Mən detalları açmaq istəmirəm, bu, istintaqa təsir kimi qiymətləndirilə bilər. Amma qanında, canında qismən azərbaycanlı qanı olan adam ordan hansı vəziyyətdə çıxacaq, bunun da şahidi olacaqsınız. Bunların hər biri ermənilərdən kifayət qədər maliyyə alan və onların kəşfiyyat orqanlarına xidmət edən insanlardır. Bunlar da məhkəmə vasitəsilə sübuta yetiriləcək, onların hansı əməlləri törətdiyi bəlli olacaq.

“O sualı Sərdar Cəlaloğluna ver ki, 20 ildə 20 dəfə siyasi oriyentasiyasını dəyişən, 20 yola xidmət edən, 20 dəfə əqidəsini dəyişmiş bir adamdan Azərbaycan cəmiyyəti hansı təklifi gözləsin?”


- Əfv gözləntisi olanlara nə demək olar?

- Gərək bununla bağlı Əfv Komissiyasına müraciət olunsun. Komissiya buna baxıb təkliflərini hazırlayır. Azərbaycanda kifayət qədər əfv verilib və xeyli insan azadlığa çıxıb. Mən istərdim ki, o cavan uşaqların hər biri azadlığa çıxsın. Allah heç kəsin qapısını bağlamasın, heç kəs həbsdə olmasın. Amma hələ onların valideynləri bu gəncləri bu işə vadar edənlərin yaxasından tutub soruşmayıb ki, mənim oğlumu hansı yola gətirib salıbsan?!

- Azərbaycan azad ölkədirsə, burda aksiyaların keçirilməsi də sərbəst olmalıdır, elə deyilmi?

- Bunun üçün müvafiq yerlər ayrılıb, deyirlər kim aksiya keçirmək istəyirsə, gedib keçirsin. Sadəcə, aksiya keçirmək üçün sosial baza olmadığı üçün gəlib şəhərin elə bir yerində toplaşırlar ki, digərlərinin hüquqları pozulur.

- Amma bir dəstə gənc çıxıb kitab oxumaq aksiyası keçirirsə, buna da imkan verilmir. Bu, məntiqlidirmi?

- Müəyyən yerlərdə... Gənclər bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməlidir, onların təhlükəsizliyi təmin olunmalıdır.

- Oturub kitab oxuyurlarsa, icazə nəyə gərək?

- Oturub kitab oxusunlar. Amma kütləvi aksiyadırsa, qanunda göstərilib ki, mütləq xəbərdarlıq olunmalıdır.

- Nəhayət, Müsavatın qurultayı ilə bağlı razılaşma əldə olundu. YAP-a dəvət gəlibmi?

- Dəvət gəlməyib. Gəlsə, YAP rəhbərliyi tərəfindən baxılacaq, müvafiq qərar veriləcək. İndiyə qədər gətirilən arqumentlərin hamısı mənasız idi. YAP da qurultayını 780 nəfərlə Suraxanıda keçirmişdi. Yəni burda sayın mənası yoxdur. YAP-ın 640 minə yaxın üzvü var, Müsavatın üzvləri isə özlərinin dediyinə görə, 30 mindir. Yəni rayon konfransında nümayəndə iki yox, bir nəfər seçilsin. Hər kəs ayağını yorğanına görə uzatmalıdır. Ayaq yorğandan çıxanda üşüyür...

- Müsavatın yeni başqanını təbrik etməyə hazırlaşırsınız?

- O, Müsavatın daxili işidir. Biz buna qarışmırıq. Kim seçiləcəksə, müxalifət partiyasının nümayəndəsi kimi həmin gündən sonra Müsavat Partiyasına başqa bir adam rəhbərlik edəcək. Əgər istəsələr, biz əməkdaşlığa həmişə hazırıq. Yeni seçilmiş tərkib, yeni başqan iqtidar partiyası ilə əməkdaşlıq etmək istəyəcəksə, xub, buyursun. 

- Sərdar Cəlaloğlu “Siyavuş Novruzov, sən kimsən, toyu, ehsanı qadağan edəsən” soruşub...

- Birincisi, Siyavuş Novruzov 15 ildir parlamentin üzvüdür. Konstitusiyanı yaxşı oxusa, görər ki, xalqın adından danışmaq səlahiyyəti Azərbaycan prezidentinə və Milli Məclisin üzvünə həvalə olunub. İkincisi, mən orda fikrimi bildirmişəm, bu da istənilən şəxsin hüququdur. O sualı Sərdar Cəlaloğluna ver ki, 20 ildə 20 dəfə siyasi oriyentasiyasını dəyişən, 20 yola xidmət edən, 20 dəfə əqidəsini dəyişmiş bir adamdan Azərbaycan cəmiyyəti hansı təklifi gözləsin? 

- Yas və toy qadağaları olacaqmı?

- Qanunla yox. Biz deyirik ki, Azərbaycan ziyalıları, ictimaiyyəti, Milli Məclis üzvləri israfçılığa qarşı mübarizə aparsınlar. Yəni sözlə, fikirlə, ənənə ilə. Mən orda da demişəm ki, Naxçıvan modelində də qadağa yox idi. Sadəcə, hər bir insan bunu özü tətbiq etməklə ifratçılığın qarşısını aldı. Orda deyilmir ki, ehsan vermə. Dindən xəbəri olan bilir ki, çayın, xurmanın özü də ehsandır. Kimsə atasına ehsan vermək istəyirsə, bir məsciddə elan verir, kimsəsizlər, yemək istəyənlər yığışıb ora gəlir, o da ehsanını verir. Amma dövlət vəzifəsi daşıyan, biznesmen olan şəxslərin qabağına gətirib nəyisə doldurmağın heç bir mənası yoxdur.  

- Həmkarınız Hadı Rəcəbli ilə deputat maaşı mövzusunda danışmışdıq. Siz necə, maaşınızdan gileyli deyilsiniz? 

- Xeyr, Milli Məclisdən komitə sədri kimi və YAP-dan maaş alıram, kifayətdir...

- Bugünlərdə deyildi ki, Azərbaycana neftdən 100 milyarddan artıq vəsait gəlib, cəmi 38 milyardı qalıb. Bu barədə nə deyə bilərsiniz?

- O, yalan informasiyadır. Azərbaycan qədər həm Neft Fondunun idarə olunmasında, həm neft gəlirlərinin düzgün istiqamətdə xərclənməsində şəffaf olan ölkə yoxdur. Bu vəsaitlər sosial sahəyə, məktəb, xəstəxana, parklara, yollara, istehsal müəssisələrinə, gənclərin təhsilinə yönəldilir...  

Elşad PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR