İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müsavat dəyişməsə, bu hakimiyyət dəyişməyəcək” - Qubad İbadoğlu

4486 09.10.2014 08:29 Müsahibə A A

Bu dəfə isə redaksiyamızın qonağı olan Q.İbadoğlu son proseslər haqda danışıdı  və ünvanına söylənən ittihamlara cavab verdi. 


- Qubad bəy, qurultay sonrası müzakirələr davam edir. Fikir atışmaları, mesajlar... Bir sözlə, təzyiq yüksəlib. Əslində bütün bunların səbəbi seçki nəticələrindən narazı qalmanızdır? 

- Mənim  Müsavat başqanlığına namizədliyinə qoşulmağımın bir səbəbi   də o idi ki, son zamanlar  partiya içərisində verdiyimiz təkliflər müzakirəyə çıxarılmırdı. Qarşı tərəfin arqumenti ilə qarşılaşırdıq ki, bu sənərlərin qəbulunun hələ vaxtı deyil, bu təklflərin vaxtı çatmayıb və yaxud da   biz bu müzakirələri açıq şəkildə aparmalı deyilik. Çünki bu, partiyadaxili məsələlərdir. Mən də bu şərtlərlə razılaşıb, partiya daxilində fəaliyyətimi Divan üzvü olaraq davam etdirirdim. Divanda qəbul etdiyimiz qərarlarımızın bəziləri müavinlikdə həll olunmuş məsələlərin üzərində qurulurdu. Düşündüm ki, yeni siyasi platforma ilə başqanlıq yarışına girim. Qazanmaq şansım da yüksək idi, keçirdiyimiz görüşlərdə yerlərdə və patyaxtda kifayət qədər dəstəyimiz olduğunu dəfələrlə təsdiq olunmuşdu. Xüsusilə seçki günü və ona neçə gün qalmış seçicilərin iradəsinə təzyiqlər oldu, ədalətlilik prinsipi pozuldu. Müsavatın icra aparatının resurlarından, İsa bəyin adından  bir namizədin xeyrinə sui-istifadə olundu və qarşı tərəfin 3 il bundan əvvəl başlayan səyləri  nəticəsində müəyyən pozuntularla Müsavat başqanlığında məlum nəticə alındı.  

“Müsavat Partiyasının bütövlüyü naminə həmişə barışdırıcı mövqedə olmuşam. Ona görə də Müsavat partiyasında qalıb, mübarizəmi davam etdirmək istəyirəm"


Biz onların hər birini sistemli şəkildə qruplaşdıraraq arayış hazırlamışıq və onu   araşdırmalar aparmaq üçün oktyabrın 10-da partiyanın müvafiq strukturlaına təqdim edəcəyik. Biz Müsavat partiyasında fəaliyyətimizi davam etdirmək əzmindəyik.  Odur ki, partiyanın işini gücləndirmək üçün təkliflər paketi hazırlayıb, onu da təqdim etmişik. Biz istəyirik ki, bizim təkliflərimiz nəzərə alınmaqla Müsavat Partiyasının yeniləşməsi, dəyişməsinə və yekunda da güclənəsinə nail olaq.  Bununla həm də iki məqsədimizi nümayiş etdirmək istəyirik: 1. Göstərmək istəyirik ki, Müsavat Partiyasına mənafe məqsədilə gəlməmişik, məqsəd yalnız Müsavat başqanlığına gəlmək deyildi, məqsəd həm də onun güclənməsinə töhfə vermək idi. 2. Hətta mən Müsavat partiyasında sıravi üzv olsam da, onun fəaliyyətinə töhfə vermək  qabliyyətində və  əzmindəyəm. Odur ki, hazırladığımız 5 bəndlik təkliflər paketi mənə dəstək olmuş 100-dən çox qurultay nümayəndələrinin iştirakı  ilə oktyabrın 6-da  müzakirəyə çıxarıldı. Qərara gəldik ki,  Təkliflər Paketini  partiya rəhbərliyinə təqdim edək, eyni zamanda rəhbərliyə onu dəyərləndirmək üçün  3 ay vaxt ayıraq. Bu, normal bir  demokratik yanaşmadır. Niyə 3 ay vaxt? Ona görə ki,  3 ay sonra yeni il başlanır və təkliflərimizin yeni ildən reallaşması daha düzgün  olar. Təkliflərin bir qismi idarəçiliyin  təkmilləşdirilməsi, digər  qismi partiyanın gələcək fəaliyyət strategiyasının seçilməsi və hədəflərin  müəyyənləşdirilməsi ilə bağlıdır. Eyni zamanda institusionallaşmaya yönələn təkliflərimiz də mövcuddur. Təklif edirik ki, Məclisin nəzdinə bir analitik mərkəz formalaşdırılsın, məslisin komissiyaları fəaliyyətə başlasın,  “Müsavat irsi” ideoloji məktəbi yaradılsın.

- Amma “suyun qaynaması” sizin tərəfdarlarınızla keçirdiyiniz o toplantıdan sonra baş verdi. Qarşı tərəfin ittihamları, atmosferin gərginləşməsi məlum bəyanat və təkliflər planınınızla bağlı açıqlamanızın ardınca yaşandı. 

- Həqiqətən də  bu tədbirdən sonra gözləmədiyimiz mövqe və münasibətlərlə qarşılaşdıq. Mən bu tədbirin təşkili ilə bağlı mesajımı öncə sosial şəbəkə vasitəsilə çatdırmışdım. Bəzi informasiya agentlikləri və qəzetlər bu müraciəti paylaşmışdılar. Gözləmirdim ki, Müsavat Partiyasında  yüzlərlər müsavatçı  bizim müraciətə cavab olaraq,  qərargahda keçirilən məlum toplantıya qatılacaqdır.  Toplantıya 150-dən çox müsavatçı gəlmişdi, onların böyük əksəriyyəti qurultay nümayəndəsi idi. Müsavatın 100 illik yubileyini istisna etməklə, bu günə qədər heç vaxt partiyada bu qədər çox sayda müsavatçı qərargaha toplaşmamışdı. Mən onda da gördüm ki, Müsavat Partiyasının dəyişməsini, yeniləşməsini istəyən müsavatçılar sayı gündən günə çoxalır və onların sayı minlərlədir.  Biz həmin tədbirdə əslində dialoq təklifi vermişik, məqsədimiz də birdir, Müsavatın işini yenidən quraq və  partiyanı gücləndirək. Çünki, müsahibələrdən  gördüm ki, onlar  özlərini bi-xəbər aparırlar, guya onların bu təkliflərdən xəbəri yoxdur. Baxmayaraq ki, bunu əksər media orqanları dərc etmişdi. Bu bilirsiniz nəyə bənzəyir, biz Müsavat olaraq Bakı şəhər icra hakimiyyətinə məktub göndərirdik, bütün qəzetlər onu yazırdı, İcra Hakimiyyətindən deyirdilər ki, bəs biz məktubu hələ almamışıq.   Odur ki, mən təkliflər paketi  bu gün Gülağa Aslanlının elektron ünvanına yolladım. Görək, bundan sonra nə deyəcəklər?!

- Təkliflərlə yanaşı, seçkinin pozuntularla müşayiət olunması ilə bağlı dediyiniz iradlar da var və bu, heç də sadə iddia deyil. 

-Təəssüf ki, belə oldu.   Biz onsuz da əvvəlcədən  bilirdik ki, Müsavat ideal seçki keçirə bilməyəcək. Çünki ideal seçki keçirmək üçün ölkədə əlverişli  mühit yoxdur, eyni zamanda seçkiyə qədərki dövrdə Təşkilat Komitəsinin toplantısında qaldırdığımız çoxsaylı məsələlər öz həllini tapmıdı, bu prosesi idarə edənlər də buna hazır deyildi. Amma düçünürdük ki, istənilən halda  Müsavatın  bu seçkisi başqa seçkilərə örnək olacaq... Amma əvvəli elə olsa da sonrası elə olmadı, gözlənildiyinin əksinə olaraq  seçkiyə haram qatanlar tapıldı və hazırda əlimizdə kifayət qədər  faktlar, video çəkilişlər, audio yazılışlar var. 

- Audio  və video görüntülər...?  

- Bəli, audio yazılar, video  görüntülər, fotolar kifayət qədərdir. Onların bir hissəsini Müsavat qərargahında öz tərəfdarlarımızın iştirakı ilə keçirdiyimiz nümayiş etdirmişik. Seçkinin gizliliyi pozulub. Bəzi hallarda səsvermə kabinelərdə  tək deyil, birgə aparılıb. Bunlar hamısı çəkilib. Hətta video var ki, zalda  və dəhlizlərdə adamlar  daha çox səs verir, nəinki  seçki kabinelərində. Bunlar inkar olunan faktlar deyil. Seçkinin nəticəsi də bəllidir, mənim alternativim yetərsaydan 3 səs artıq toplayıb. Bundan başqa, seçkidən əvvəl və seçki dövründə müəyyən antitəbliğat vasitələrindən istifadə olunub. Faktlara söykənmədən namizədlərdən biri haqda “bu, hökumətin adamıdır, hökumətə işləyir”  təbliğatını aparmaqla qurultay nümayəndələrini çaşdırıb, onları aldadıblar. Özü də bunu o adam haqda deyirlər ki, onun bank hesabları həbsdədir, seçki qabağı haqqında cinayət işi açılıb. Bu, hökumətin mənə münasibətinin göstəricilərindən biridir. İkinci, başılıca təbliğat da o oldu ki, İsa Qəmbər indiki şəraitdə Arif Hacılını daha məqbul namizəd hesab edir. İcra aparatından qurultay nümayəndələrinə təzyiqlər oldu ki, siz hökmən  İsa Qəmbərin namizədinə səs verməlisiniz. 

- Sizin daha öncəki açıqlamalarınızda da o əhvalı hiss etmək olur ki, siz İsa Qəmbərin seçki boyunca Arif Hacılını gizli dəstəklədiyini düşünürsüz. Fikrinizcə, bu, belə idi? 

“Biz nə təklif edirik? Deyirik ki, oturaq, Müsavatın indiyə qədər qapalı qapı arxasında gedən müzakirələri davam etdirək.  Müzakirəyə, təkliflərimizə qeyri-adekvat yanaşırlar, ittiham edirlər. Yaxşı biz neyləyək? Başqanlığa namizədlərin çıxışına baxın, görün kimin hakimiyyətə münasibəti necədir"


- Təbii, hiss olunurdu. İsa Qəmbər özü də  seçkidən sonrakı açıqlamasında bunu təsdiqlədi. Dedi ki, əgər mən açıq şəkildə dəstək versəydim, fərq böyük olardı. Bu, o deməkdir ki, gizli şəkildə dəstəyini verib. Bizim əsas narahatçılığımız ondan ibarət idi ki, İsa bəy tərəflərin heç birinə açıq şəkildə dəstək verməsin. Amma sonradan İsa Qəmbərin adından sui-istifadə hallarına yol veriləndə mən bu barədə Təşkilat Komitəsində  toplantıda da qaldırdım. Lakin,  heç müzakirə olunmadı. Hətta bu azmış kimi  qurultay günü qurultay nümayəndələri ilə bu barədə  fərdi söhbətlər oldu. Təsirlər nəticəsində məlum nəticə ortaya qoyuldu. Hətta bununla belə mən bu məsələnin geniş müzakirəsini istəmədim. Düşündüm ki, faktları toplayaq, qruplaşdıraq, təşkilat komitəsinin fəaliyyətində, seçki günündə baş verənləri qruplaşdırıb arayış hazırlayaq. Bunu da geniş müzakirə üçün yox, partiyanın strukturlarına müzakirə üçün təqdim etmək niyyətindəydik.  

- Hələ təqdim etməmisiz? 

- Yox, çünki bizə  hələ də davamlı  faktlar daxil olur. Məsələn, seçki günü məclis üzvlərinin siyahısı qurultay nümayəndələrinə paylanıb ki, məhz bunlara səs versinlər. Mümkün deyil, 100 adam eyni məclis üzvünə səs versin. Amma bunlar siyahı üzrə işlədilər və siyahı üzrə məclis üzvlərinin formalaşmasına nail oldular. Biz istəyirik ki, bizim arayışımızda qoyulan məsələlər, nizamnamə və seçki pozuntuları araşıdırlsın və buna şərait yaradan, bu prosesdə iştirak edən şəxslərə  partiya cəzası verilsin. Qarşı tərəf bunu araşdırmaq əvəzinə deyir ki, siz arayışınızı 3 gün ərzində təqdim etməliydiz, indi vaxtı ötüb, elə bil ki, biz məhkəməyə müraciət edirik.

- Partiyanın nizamnaməsində belə  hallar nəzərdə tutulmayıb? 

- Xeyr, elə bir  nizamnamə norması  yoxdur ki, biz şikayəti 3 gün ərzində təqdim edək. Nizamnamədə nəzərdə tutulub ki, fakt üzrə şikayət 1 ay ərzində verilə bilər. İndi qarşı tərəf məhkəmə deyil, mən də apellyasiya şikayəti vermirəm ki, onu da 3 gün ərzində edim. 

“Biz mübarizəmizi davam edəcəyik. Partiyadan çıxmaq niyyətində deyilik. Bizim mübarizəmiz Müsavatın güclənməsi ilə bağlıdır. Hələ də ümidlərimizi itirməmişik"


- Qarşı tərəfin iradlarından biri də əlinizdəki video, foto faktları səslər sayılana qədər təqdim etməməyinizdir. Həqiqətən də niyə məlum mərhələyə qədər bu faktları təqdim etmədiz? O halda bu, nəticələrə də təsir edərdi yəqin... 

- Bu, mümkün deyildi. Səslərin sayılması səsvermənin ardınca baş verib. Biz o görüntülərə baxmalı, təhlil etməli, qiymətləndirməliyik. Hansının seçki pozuntusu olması təhlil nəticəsində üzə çıxmalıdır. 

- Siz seçki nəticələrinin ləğvini istəyirsiz? 

- Xeyr, biz hələ o iddiada deyilik, biz araşdırma tələb edirik. Biz bu seçki pozuntularına obyektiv münasibət, qiymət tələb edirik. Məsuliyyəti olanlara partiya cəzası verilsin. Demirik ki, onları güllələsinlər, assınlar. Xəbərdarlıq etsinlər,  günahı çox olanları partiyadan çıxarsınlar. Biz istəyirik ki, bu, növbəti seçkilərdə təkrarlanmasın, gələcək işimizə həmin adamlar yenə  də ziyan vurmasın. Təəssüf edirəm ki, biz dialoq təklif etdiyimiz halda qarşı tərəf heç polemikaya girmək istəmir, çox aqressiv yanaşır  bizim arayışa və təklirlər paketinə. Bizim tərəfdarlarımızla görüşə qədər onlar yazırdılar ki, Qubad İbadoğlu tərəfdarları ilə partiyadan istefa verməyə hazırlaşır. Amma biz belə fikirdə deyilik. Müsavat Partiyasının bütövlüyü naminə həmişə barışdırıcı mövqedə olmuşam. Ona görə də Müsavat partiyasında qalıb, mübarizəmi davam etdirmək istəyirəm. Təkliflər paketi,  daxili araşdırma  üçün hazırladığımız arayışın da məqsədi  məhz budur. Mən 6 oktyabr toplantısını təyin etməsəydim, bəlkə də hər gün onlarla insan Müsavat Partiyasından istefa verirdi. Onlar mənim mövqeyimi gözlədilər. Mən də onların fərdi müraciətlərinə hər zaman  eyni cavab vermişəm ki, darıxmayın, bizim qərarımız birgə olacaq. Ona görə də yığışıb qərar verdik ki, partiyanın müasirləşməsi, dəyişməsi, güclənməsi üçün təkliflər paketi hazırlayaq. 

- Sizi həm də onda ittiham edirlər ki, Müsavat partiyasında maliyyə hesabatı tələb etməklə rəhbərliyi təhdid edirsiz... 

- Bu məsələ mənim  seçki platformamda da var idi ki, mən  elan etmişdim ki, partiyanın başqanı seçiləndə partiyanın fəaliyyətində şəffaf və hesabatlılıq məsələsini ön plana çəkəcəm. Çünki 10 ildən artıqdır ki, Azərbaycanda şəffaflığın artırılması ilə bağlı mübarizə aparıram. Mən beynəlxalq şəffaflıq təşəbbüsünü idarə heyətinin üzvüyəm. Bizim  partiyanın əsas  maliyyəsi üzvlük haqlarından formalaşır. Mən özüm də müntəzəm m üzvlük haqqı verən müsabvatçılardan olmuşam. Amma mənə heç vaxt heç kim hesabat verməyib  ki, bu yığılan vəsait  hara və nəyə xərclənir. Bunu mən və digər üzvlər  bilmək istəyir. Demirəm ki, Müsavatın böyük büdcəsi formalaşır. Amma biz bilməliyik ki, partiyaya verdiyimiz vəsait hara xərclənir. 

- Bəs bu narahatçılığınız niyə indi ortaya çıxdı? Hər halda bunun seçkidən sonra və sizin tərəfinizdən ortaya çıxarılmasına rəng verilməsi təbiidir... 

- Mən  dedim ki, əvvəla bunu seçki platformama salmışdım. Bundan başqa, bu təklif  seçkidən sonrakı təkliflər paketindəki 15 bənddən biridir. İstəyirdim ki, Müsavat Partiyasında örnək yaradaq və bunu YAP-a göstərək və onlardan da soruşaq ki,  siz  dövlət büdcəsindən vəsait alırsınız, hesabatınızı verin. Onsuz da partiyanın ciddi maliyyəsi yoxdur. Amma biz bunu  digər siyasi partiyalar üçün də örnək edə bilərik. Digər uduşumuz  o ola bilər ki, partiyanın maliyyə problemini bu yolla həll edə bilərik.  Bəzi adamlar maliyyə yardımı etdiyi halda onun  hara, necə və kim tərəfindən  sərf olunduğunu bilmir və bu səbəbdən inamsızlıq yaranır.  Müasir dünyada siyasi partiyalardakı şəffaflıq dövlət orqanlarındakı şəffaflıqdan sonra  sivil cəmiyyətin əsas məsələsi hesab olunur. Mən demirəm, Müsavatın böyük büdcəsi var, onu talayıblar, kimsə o vəsait hesabına özünə villa tikdirib. Mən istəyirəm, cəmiyyətə müsbət örnəkləri biz təqdim edək. 

- Amma gəlin etiraf edək ki, bu mənzərənin özü hakimiyyətin əlinə oynayır. Hakimiyyət öz media orqanlarında bundan Müsavat, müxalifət əleyhinə istifadə edir və cəmiyyətə də “bizi qeyri-demokratik seçki keçirməkdə ittiham edənlər özləri normal seçki keçirə bilmir” mesajını ötürürlər. Bu, sizi narahat etmir? 

- Təbii narahat edir. Lakin indiki halda başqa alternativ görmürəm. Neyləyək nə qədər susaq, nə qədər dözək, haqqımızı tapdalayanlara sag olmu deyək. Əgər biz öz tapdanan haqqımızı qoruya bilmiriksə, başqalarının haqqını necə qoruyacagıq. İllərdir bu problemlər qapalı  dairədə eyni adamalrın iştirakı ilə müzakirə olunub və heç bir  hansı nəticə olmayıb. İndi mən sizə sual verirəm: sizcə Müsavatın illərdir status kvosunu saxlaması hakimiyyətin maraqlarına uyğundur, yoxsa Müsavat Partiyasının dəyişməsi, yeniləşməsi, yeni nəfəsin olması? Əvvəl-axır bu dəyişiklik baş verməlidir. Mənim üçün Müsavat  bir ocaqdır, onun istisinə qızınmışam, tüstüsünə gözüm yaşarıb. Amma hesab edirəm ki, belə davam etsə, partiyanın  Azərbaycanın gələcəyi ilə  bağlı proseslərdə rolu olmayacaq. Partiyanı ilk növbədə gücləndirmək lazımdır. Bunun üçün azad və demokratik müzakirələr təklif edirik. Partiyadaxili diskussiyalara başlamaq  lazımdır ki, hakimiyyət bundan istifadə edə bilməsin.  Biz nə təklif edirik? Deyirik ki, oturaq, Müsavatın indiyə qədər bağlı  qapılar  arxasında gedən müzakirələrinı indi daha geniş formatda davam etdirək.  Müzakirəyə, təkliflərimizə qeyri-adekvat yanaşırlar, ittiham edirlər. Yaxşı biz neyləyək? 

- Bayaq “partiyanın istisinə qızınıb, tüstüsünə kor olmaqdan” danışdız. Amma sizinlə bağlı səsləndirilən iradlardan ən geniş yayılanı da odur ki, Qubad İbadoğlu 2006-cı ildən partiyanın işlərində aktiv deyil, QHT işi ilə məşğuldur, qrant alır, xarici ölkələri gəzir və sair.. Eşitmisiz bunları? 

- Eşitmişəm təbii ki, amma, mən hətta səfərlərimi elə qurmuşam ki, hər həftənin 1-ci günü  Divanın iclasını buraxmayım. Eyni zamanda seçki göstərdi ki, mən müasir siyasətin üzdə olan təmsilşilərindənəm. Nəticələrlə razı olmasaq da, lehimizə yığılan 200 səs, ümumi seçicilərin 46 faizi deməkdir. Qurultay nümayəndələrinin necə seçildiyi bəllidir. Amma bununla belə bu o demək deyil ki, məni partiyada dəstəkləyənlərin sayı 200 nəfərdir. Lakin bu da kifayət edir ki,   mən  siyasətçi olaraq özümü təsdiq edim. Bunu inkar etmək mümkün deyil. Bununla hər kəs  barışmalıdır. 

- Son müsahibələrinizdən birində “qardaşlar məsələsi”nə toxunmusuz.  Daha doğrusu, iradlarınıza Arif Hacılının qardaşları tərəfindən cavab verilməsinə... Hətta Müsavatın ailə Partiyasına çevriləcəyi ilə bağlı narahatlığınızı da bölüşmüsüz. Konkret nədən gedir söhbət? 

- Müsavat Partiyasında bir ailənin üzvü olan bir neçə nəfər var. Ən yaxşı nümunə Abbaslı ailəsidir. Başxanım müəllimə, özü, uşaqları... Amma mən bir dəfə görmədim ki, Tural Abbaslı ilə bağlı məsələyə Başxanım müəllimənin müdaxiləsi  olsun. Halbuki indi ailə üzvü olub da, Müsavat Partiyasının üzvü olmayan şəxslər mənim və tərəfdarlarım tərəfindən verilən hər bir açıqlamaya sosial şəbəkə və mətbuatda  reaksiyalar  verirlər. 

- Demokratiya bunu tələb etmir? Müzakirəyə qoşulmaq üçün mütləq Müsavat üzvü olmaq lazım deyil axı.. 

- Bilirsiz, Müsavat üzvü olanın qeydlərini  nəzərə almaq bizim borcumuzdur, amma başqan olmaq istəyən şəxsin ailə üzvü, partiyanın üzvü olmadan bizim  fikirlərimizə münasibət bildirirsə bu etika və tərbiyə məsələsidir. 

- Söhbət Arif Hacılının “Əhrar” partiyasının sədri olan qardaşı Vaqif Hacıbəylidən gedir, hə? 

- Bəli. O, başqa bir partiyanın sədridir. Bu da partiyanın nüfuzuna xələl gətirir. Müsavatı belə təqdim eləmək olmaz. Çünki o, bir ailənin, kəsimin partiyası olmayıb. 

- Qubad bəy, mübarizədə hara qədər gedəcəksiz? 

- Biz mübarizəmizi davam edəcəyik. Partiyadan çıxmaq niyyətində deyilik. Bizim mübarizəmiz Müsavatın güclənməsi ilə bağlıdır. Güman edirik ki, qarşı tərəf hələ də emosiyaların təsiri altındadır, 6 oktyabr toplantısından sonra müəyyən bir isterika keçirir. Düşünürük ki, onlara müəyyən müddət lazım ola bilər. Bir müddətdən sonra görəcəklər ki, haqsızdılar, onda onların xahişi onlara  müzakirələr üçün  biz imkan yaradacağıq. 

- Arif Hacılı “Yeni Müsavat”a son müsahibəsində partiyanın iradəsi ilə hesablaşmayanların cəzalandırılma ehtimalını da istisna etməyib. Bu cəzalandırılma partiya sıralarından çıxarılma ola bilər? 

- Bizi partiyadan çıxarmaq istəyirlərsə, buyurub çıxarsınlar. Amma xatırlayırsınızsa o deyirdi ki, mən başqan seçilsəm hamıya qucaq açacam.İndi isə yalnız ol, hətta partiyanın strukturlarında təmsil olunanlar bəziləri də  düşünür ki, onların fikirləri ilə razılaşmayanlar partiyadan çıxarılmalıdır. Bununla nəyə nail olacaqlar? Göstərəcəklər ki, bu hakimiyyətlə onlar   aralarında bir fərq yoxdur. Hər ikisi plüralizmə, fikir ayrılığına qarşıdır. 

- Nə zamansa Arif Hacılını başqanınız olaraq qəbul etmə ehtimalı yoxdurmu? Məsələn, araşdırmalarınız yekunlaşandan sonra və əgər qarşı tərəfin əks-arqumentləri güclüdürsə... 

- Biz deyirik ki, seçki pozuntuları ilə bağlı əlimizdə faktlar var, bunu araşdırın. O araşdırma və izahatlar bizi qane edəcəksə, daha tutarlı faktları varsa, ortaya qoysunlar. 

- Qane etsə...? 

- Qane etsə, təkliflərimiz qəbul olunsa, Müsavatın indiki rəhbərliyi  ilə əməkdaşlıq üçün açıq və hazırıq. Bizim Müsavat partiyasını parçalamaq, zəifləmək niyyətimiz yoxdur. Əksinə, onu gücləndirib, xalqla yaxınlaşdırmaq məqsədimiz var. 

- Çox adam düşünür ki, Qubad İbadoğlu Müsavat başqanlığına namizədliyini verməklə həyatının layihəsini oynadı və... uduzdu...
 
-  Yox mənim həyatım hələ qabaqdadır, 43 yaşım var,  eyni zamanda hesab etmirəm ki, mən uduzmuşam, mən bu dönəmdə öz borcumu həm vətəndaş, həm də siyasətçi kimi  yerinə yetirdim, qazanclarım və itkilərim oldu. Amma yenə də hesab edirəm ki, ədalətli seçki olsaydı mənim  uduçlarım daha çox olardı və bundan cəmiyyət də bəhrələnərdi.  İstənilən haıda,  mənim mübarizəm davam edir. Mübarizəm Müsavatın başqanı olmaq uğrunda yox, Müsavatın dəyişməsi, güclənməsi, yeniləşməsi uğrundadır. Çünki Müsavat Partiyasından xalqın böyük gözləntisi var. Müsavat dəyişməsə, bu hakimiyyət dəyişməyəcək. Azərbaycanda ilk növbədə dəyişikliklər  Müsavatdan başlanılmalıdır. 

Sevinc TELMANQIZI 






Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR