İnsanlara hürriyət, millətlərə istiqlal!

“Beş-altı hüştürüm düşüb ortaya...”- Siyavuş Novruzov

7642 17.10.2014 08:30 Müsahibə A A

Milli Şuranın 12 oktyabr mitinqində Avropa Birliyinin bayraqlarının meydanda qaldırılması müxtəlif versiyalara yol açıb. Bəzi müşahidəçilər Azərbaycan hakimiyyətinin Qərblə münasibətlərinin kəskinləşməsi, Rusiya ilə isə yaxınlaşma şəraitində hətta uzaqgedən nəticələr çıxararaq “Avromeydan”ın Azərbaycanda gündəmə gələ biləcəyi barədə ehtimallar səsləndirirlər. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə Bakı ilə Qərb arasında münaqişənin olduğunu inkar edir:

- Əvvəla, Avropa təşkilatları ilə Azərbaycanın çox yaxşı əlaqələri var və bütün Avropa qurumları ilə hərtərəfli əməkdaşlığımız davam edir. Avropa Parlamenti, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Təşkilatı kimi bəzi qurumlar həmişə Azərbaycana qarşı qərəzli olub. Lakin buna baxmayaraq əlaqələr davam edir. Azərbaycan postsovet və Şərqi Avropa ölkələri arasında Avropa İttifaqı ilə həyata keçirtdiyi layihələrə görə birinci yerdə gedir. 20 milyard dollardan yuxarı həcmdə ikitərəfli iqtisadi layihələr həyata keçirilir. Avropanın enerji təhlükəsizliyində Azərbaycan ən vacib rollardan birini oynayır, baxmayaraq ki, bununla bağlı təzyiqlər var. Ümumilikdə Avropa deyəndə Avropa ilə əməkdaşlıqdan söhbət gedir. Elə məsələlər var ki, Azərbaycan onu ölçülü-biçili, balanslaşdırılmış şəkildə, təkamül yolu ilə həyata keçirdir, kor-koranə yox. Məsələn, biz NATO-nun 300-dən artıq proqramında iştirak edirik, Azərbaycan ordusunun zabitləri NATO təlimləri alır. O cümlədən Sərhəd Qoşunları, Daxili Qoşunlar. Azərbaycanın təlim və tədrisi 2007-ci ildən NATO standartlarına uyğunlaşdırılıb. NATO-ya üzv olmaq üçün bəyanat verən ölkələrin nə ordusunun büdcəsi, nə dövlət büdcəsi, nə qanunvericilik Azərbaycan səviyyəsində deyil. 

Sabah Azərbaycan Gömrük, yaxud Avrasiya ittifaqlarına daxil olacaqsa, Qarabağla bir yerdə daxil olacaq”


Sadəcə olaraq, onlar bəyanat verməklə “qarğa, məndə qoz var” funksiyasını həyata keçirirlər. Azərbaycan isə balanslaşdırılmış siyasət aparır. O ki 5-6 hüştürüm düşüb ortaya, Avropaya yaxınlığı ilə seçilmək istəyir, biz həmişə görmüşük ki, həmin adamlar narıncı paltar geyib, yaxud əllərinə gül dəstəsi götürüb küçəyə çıxıblar. Yəni dünyada baş verən hadisələrlə bağlı bunların öz fikirləri, xalqa verəcək hansısa təklifləri yoxdur, ondan-bundan oğurluqla, hansısa ölkələri yamsılamaqla məşğuldurlar. Yuqoslaviyadan başlamış indiyədək biz bu proseslərin şahidi olmuşuq. Lakin bunlar zaman, məkan, şəxsiyyət, xalq-dövlət münasibətlərini ölçmürlər. Hadisələr baş verən ölkələrdə tamam başqa məsələlərdən söhbət gedirdi. Yoxsa bir bayraq qaldıran kimi burda nəsə baş verəcəyini düşünmək yanlışdı, bununla məsələ həll olunmur.  

- Siyavuş bəy, belə yanaşma da var ki, Azərbaycanla Qərb arasında konfrontasiyanın dərinləşməsinin əsas səbəbkarı hakimiyyətin özüdür. Yəni iqtidar Avropadan gələn tövsiyələrə adekvat reaksiya vermədiyi üçün özünə olan etimadı tükədib və Qərb də əlində Avropa Birliyinin bayraqlarını tutan alternativin meydanda olmasında maraqlıdır və fərqli qüvvəyə “stavka” məsələsi gündəmə gəlib. Bu fikirləri bölüşürsünüzmü? 

- Qəti şəkildə belə şey yoxdur. Bizi əhatə edən, bizi istəyən dövlətləri də götürsək, onların heç biri özündən güclü bir ölkənin olmasını istəmir. Bu və ya digər şəkildə müxtəlif təzyiq vasitələri ilə o dövləti zəiflətmək, özündən asılı vəziyyətə salmağa çalışır. Bu, onların praktikasıdır. Məsələn, ərəb yarımadasında stabil dövlətlər var idi, dağıtdılar, parçaladılar, indi qan su yerinə axır, heç kəsin də vecinə deyil. Yalandan ortada şou düzəldirlər ki, buna qarşı mübarizə aparacağıq, əslində isə özlərinin yaratdığı problemdir. Bu terrorçu qruplar, təşkilatlar indiyə qədər niyə yox idi? Bu dövlətləri parçaladılar, ordakı hörmətli insanları öldürdülər, həbs etdilər. Nəticə etibarilə ölkədə zəif bir hakimiyyət qaldı ki, o da ölkəni idarə edə bilmədiyi üçün xaos yarandı. 

- Azərbaycanda da belə təhlükəli ssenarinin həyata keçirilə biləcəyindən son vaxtlar danışılmaqdadır. Realdırmı?

- Qəti şəkildə. Birincisi, Azərbaycanda xalqla hakimiyyət bir yerdədir. Xalqın tam əksəriyyəti, demək olar ki, 100 faizi prezidenti dəstəkləyir. 1-2 faiz adamlar var ki, bu və ya digər şəkildə 90-cı illərdən müxalifətdə olanların ətrafındadır. Çoxları da artıq bezib, biz bunu bəzi partiyaların fəaliyyətində görür və hiss edirik. Azərbaycanda məsuliyyətə cəlb olunan şəxslər də həmin təşkilatların burdakı vassallarıdır. Onlar bəzi təşkilatların maliyyəsi ilə ölkədə ictimai-siyasi sabitliyi pozmaq, Azərbaycan əleyhinə mənfi rəy formalaşdırmaq kimi işlərlə məşğuldur. O adamlar məsuliyyətə cəlb olunub ki, onlar əks kəşfiyyata qədər ayrı-ayrı təxribatçı əməllərlə məşğul oldular.

- ABŞ Dövlət Departamentindən növbəti dəfə “Yunusları azad edin” çağırışı oldu...

- Təbii ki, olmalıydı. Erməni lobbisinin ciddi təsirinin nəticəsidir. Çünki o adamlar erməni lobbisinin maliyyəsi əsasında bu işləri aparırdılar və artıq ifşa olunublar. Yəni onların burdakı kəşfiyyatçıları ifşa olunub. Azərbaycanın ordusu, digər strukturlar haqqında həmin təşkilatlara və Ermənistan kəşfiyyatına üçüncü ölkə vasitəsilə, yaxud bilavasitə özü səfərlər edərək mütəmadi olaraq məlumat ötürürdülər. Ona görə də onlar narahatdır, kəşfiyyatçıları burda tutulub, onların mövqeyini təbii qarşılayıram. Erməni lobbisinin Dövlət Departamenti və yaxud ordakı qurumlara təsirinin səviyyəsini də bilirsiniz. Onların “stavka” elədiyi adamlar bu gün Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına milçəyin uçduğu vızıltı qədər də təsir göstərə bilməz. 

- Son cərəyan edən proseslər sanki Azərbaycanı Rusiya ilə ittifaqa doğru aparır. Sizə elə gəlmirmi?

- Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, nə Gömrük İttifaqı, nə də Avrasiya İttifaqına qoşulub. Ortaya şərt qoyub ki, Azərbaycan ərazisini işğal edən bir dövlətlə eyni təşkilatda ola bilməz. Son anda Ermənistan Avrasiya İttifaqına daxil olmaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Çünki şərt qoyulmuşdu ki, bu quruma BMT-yə daxil olarkən tanınmış ərazilərlə üzv ola bilər. Yəni Azərbaycan BMT-yə Dağlıq Qarabağ və ətraf ərazilərlə bir yerdə daxil olub. O baxımdan sabah Ermənistan vahid Gömrük İttifaqına daxil olacaqsa, Ermənistanla Dağlıq Qarabağ arasında gömrük postu yaranmalıdır. Bunu İrəvan imzası ilə bir daha təsdiq etdi. Sabah Azərbaycan Gömrük, yaxud Avrasiya ittifaqlarına daxil olacaqsa, Qarabağla bir yerdə daxil olacaq.  

- Mehman Əliyev maraqlı fikir bildirib ki, 2005-ci ilin əvvəllərində ölkədə yeni siyasət elan olunacaq. Təsdiqləyirsinizmi? 

- Mehman Əliyevin dedikləri, sadəcə olaraq, tərəfdarlarını həvəsləndirməyə hesablanıb. 2015-ci ildə ölkədə parlament seçkiləri keçiriləcək və çoxları indidən hazırlaşır. Azərbaycanda demokratikləşmə ilə bağlı addımlar atılır. Siyasi partiyalara, QHT-lərə, mətbuata dövlət dəstəyi var, sərbəst toplaşma azadlığı var. Kim istəyir gedib mitinqini keçirsin, gördük necə mitinq keçirdilər. Kimlərsə özünü bundan kənarda saxlayırsa, özlərinin problemidir. 

- İqtidarla müxalifətin görüşü, dialoqu gözləniləndirmi?  

- İqtidar parlament müxalifəti və parlamentdə təmsil olunmayan bir sıra müxalifət partiyaları ilə mütəmadi görüşlər keçirir, dialoq var. Sadəcə, bir neçə partiya özünü qırağa çəkib. Son vaxtlar Müsavatda islahat olacağı, demokratik seçki keçiriləcəyi, bunun nəticəsində münasibətlərin normallaşması gözlənilirdi, artıq təşkilatda baş verənlər göz önündədir. Rayon təşkilatları özünü buraxır, istefalar davam edir.

- Burada iqtidarın barmağı ola bilərmi?

- Qəti şəkildə. Sadəcə olaraq, ədalətsiz seçkinin nəticəsidir. 

Elşad PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR