İnsanlara hürriyət, millətlərə istiqlal!

“2015-ci ildə hökumətin tərkibində dəyişikliklər olacaq”

4350 03.11.2014 08:35 Müsahibə A A








“Baxış bucağı”
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kadr probleminin mövcudluğu ilə bağlı dedikləri son günlərin əsas müzakirə mövzularındandır. Qaldırılmış problemə optimist yanaşma sərgiləyən ayrı-ayrı ekspertlər Administrasiya rəhbərinin məmur elitası ilə bağlı fikirlərini qarşıdakı dönəmdə həyata keçiriləcək kadr islahatlarının anonsu kimi dəyərləndirir. Parlamentə müzakirəyə çıxarılacaq büdcə məsələsi, Rusiya təhlükəsi və digər məsələlərdən danışdığımız Milli Məclisin istiqlalçı deputatı Vahid Əhmədovun kadr mövzusuna özəl baxışı var.


- Vahid müəllim, Administrasiya rəhbərinin kadr problemi ilə bağlı etirafı, sizcə, hansı zərurətdən yarandı? 

- Məsələyə cənab Ramiz Mehdiyev tərəfindən münasibət bildirilməsi, əlbəttə, ciddi faktdır. Mən millət vəkili olaraq çox dövlət qurumları ilə təmasda oluram, müəyyən problemlərin həlli üçün insanlarla görüşürəm və səviyyəni də görürəm. Doğrudan da kadr potensialı ilə əlaqədar ölkədə problem var. Xüsusilə də müstəqillik əldə etdikdən sonra Azərbaycanda kadr potensialı ilə əlaqədar müəyyən boşluqlar yaranıb. Sovet vaxtında kadr potensialına çox ciddi yanaşılırdısa və hər hansı kadrı müəyyən bir vəzifəyə təyin edəndə onun bütün əvvəlki fəaliyyəti nəzərdən keçirilirdisə, son illərdə bu, o qədər də nəzərə alınmır, daha çox müəyyən çevrələrə yaxınlığı ilə tanınan kadrlar seçilir. Ona görə də Azərbaycan üçün kadr portfelinin yaradılması mühüm və əhəmiyyətlidir. Əlbəttə, bu, birbaşa təhsillə, elmlə bağlı məsələdir. Mən bir iqtisadçı millət vəkili olaraq görürəm ki, təhsil və elmin maliyyə cəhətdən heç bir problemi olmur, Azərbaycan dövləti zəruri dəstəyi verir. Amma kadr potensialının belə aşağı səviyyədə olması faktdır.  

- Bəs, kadr çatışmazlığının əsas səbəbləri nədir? 

- Bizim hətta xaricdə oxuyan tələbələrimizin də bəziləri ölkəyə qayıdır, ancaq yenə problem var. Birincisi, dövlət qulluğuna qəbulla bağlı xüsusi idarə yaradılıb. Görünür, o idarə effektiv fəaliyyət göstərmir. Düzdür, orda test sistemi tətbiq olunur, ancaq bizə də çoxlu şikayətlər gəlir, daha çox testdən sonrakı müsahibə mərhələsində problemlər yaranır, görünür, insanlara maneələr yaradılır. 

- Cənab Mehdiyevin fikirləri kadr islahatlarının anonsu kimi də izah olundu. Gözləmək olarmı ki, 2015-ci ildə bugünkü məmurların bir qismi yeniləri ilə əvəzlənəcək?

- Mütəmadi olaraq dövlət başçısı kadr siyasətini davam etdirir, icra başçıları dəyişdirilir, hökumət üzvləri ilə bağlı addımlar atılır. 2015-ci ildə həm hökumətin tərkibində dəyişikliklər olacaq, həm də gələn il parlament seçkiləri keçiriləcək və seçki ilində müəyyən kadr dəyişiklikləri olacaq. Amma kadr islahatlarının sürətlə aparılmamasının bir səbəbi də cənab Ramiz Mehdiyevin dediyi kimi, kadr çatışmazlığıdır. Məncə, daha çox təcrübəsi olan insanlardan istifadə etmək lazımdır ki, bu problem aradan qaldırılsın. O cümlədən də gənc kadrlardan. Kadr seçimində daha çox təcrübəyə malik, insanlarla ünsiyyət bacarığı olan şəxslərdən istifadə olunmalıdır. 

Fikir verdim, Ramiz müəllim humanitar məsələlər üzrə müavinləri yığıb, onlarla da söhbət edib ki, insanlarla daha çox təmasda olmaq lazımdır. Müasir dövr daha çox onu tələb edir ki, rəhbərlər insanlarla təmasda olsun. Son vaxtlar nazirlərin bölgələrdə qəbulunu da yüksək qiymətləndirirəm. Fikir verdinizsə, çıxışında cənab Mehdiyev təkcə kadr potensialına deyil, digər məsələlərə də toxundu, o cümlədən dinlə əlaqədar məsələlərə. Dini radikalizmlə bağlı problemlər də var, bu, sirr deyil. Cənab prezident Kamal Abdullanı dövlət müşaviri təyin etdi, ona müəyyən səlahiyyətlər verdi. Bunlar hamısı ondan irəli gəlir ki, bütün dünyada dini radikalizmlə əlaqədar ciddi problemlər meydana çıxıb. Sələfilik və digər təriqətlərin cəmiyyətdə ayaq açması əlbəttə, dövləti narahat edir. Ona görə də məsələyə diqqət artıb.

““İsrafçılığın qarşısını qanun və ya qərarla almaq mümkün deyil”


- Kadr çatışmazlığı şəraitində sizə müraciət olunarsa, kifayət qədər təcrübəsi olan şəxs olaraq hansısa vəzifədə təmsil olunmağa razılaşarsınız? Nəzərə alsaq ki, bir neçə həmkarınız vəzifə təyinatı alıb...

- Mən millət vəkiliyəm, bu, ən yüksək statuslardan biridir. Amma bu, dövlət başçısının səlahiyyətində olan məsələdir. 

- Bəzi müşahidəçilər hesab edir ki, ehsan məsələsində Şeyx bir sıra rəsmilərin mövqeyinə üstün gəldi və prosesi qələbə ilə başa çatdırdı. Razılaşırsınızmı?

- Söhbət kiminsə qələbə qazanmasından getmir. Açığı, həm ehsan, həm toy məclisləri ilə bağlı problem düzgün qoyulub. Etiraf etmək lazımdır ki, bu mərasimlərdə müəyyən qədər israfçılığa yol verilir. Hansısa qanun, ya qərarla bunun qarşısını almaq mümkün deyil. Yalnız cəmiyyətdə təbliğat yolu ilə irəliləyiş əldə etmək olar. Necə ki, deyildiyi kimi, icra başçısı gəlib deyir “yığışdır, ehsan vermək olmaz”, bu, düzgün deyil. Məsələləri belə həll etmək qeyri-mümkündür. Həmçinin toylarda xeyli israfçılıq olur. Bizim Qubanın hacıları, axundları qayda qoyublar, rayonda belə iri məclislər olmur. Ölən adamı dəfn edirlər, qəbir üstə başsağlığı verirlər, qohum-qardaş evə gəlir, qalanlar elə oradan dağılışır.

- Vahid müəllim, noyabrın 4-dən 2015-ci ilin dövlət büdcəsi komitələrdə müzakirə olunacaq. Neftin qiymətinin düşməsi səbəbindən ölkə büdcəsi üçün də risklərin yarana biləcəyini güman edirsinizmi?

- Dünyada çox ciddi siyasi proseslər getdiyi üçün, xüsusilə də Rusiya-Ukrayna münasibətlərindəki gərginliklə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyaların davamı kimi neftin qiyməti aşağı salınır. Barak Obama sanksiyalardan qabaq Səudiyyə Ərəbistanına bir günlük səfər etmişdi. Yəqin müəyyən danışıqlar olub. Çünki OPEK-in əsas neft ixracatçısı Səudiyyə Ərəbistanı və Qətərdir - təxminən 40 faiz miqdarında. Yəqin ki, neftin qiymətinin aşağı düşməsi birbaşa Rusiya ilə əlaqədardır. Biz 2014-cü ilin büdcəsini müzakirə edəndə neftin qiymətini 100 dollar götürmüşdük. Amma 2015-ci il üçün 90 dollar götürülüb. Hesab edirəm ki, 90 dollar da çoxdur, hardasa 80 dollar səviyyəsində götürmək lazımdır. Əgər dövlət büdcəsinə əlavə vəsait daxil olarsa, may-iyun aylarında yenidən büdcəyə baxmaq olar. Yəni çalışmaq lazımdır ki, büdcənin xərc hissəsində problem yaranmasın. Biz büdcənin xərc hissəsində keçən ilə nisbətən hətta əsaslı tikinti üçün xərcləri artırmışıq. Keçən il hardasa 6,5 milyard manat idisə, gələn il üçün 6,9 milyard manat olacaq. Çünki böyük layihələr var, olimpiya oyunları, Cənub Qaz Dəhlizi ilə əlaqədar. Elə bunların ikisinə bir yerdə az qala 2 milyard 200 milyon vəsait ayrılacaq. Zəruri layihələrdir, həyata keçirilməlidir. Amma neftlə əlaqədar 2015-ci ilin büdcəsi bir qədər riskli büdcədir. 

“Putin Azərbaycandan əl çəkməyib, çəkməyəcək də...”


- Ölkəmizi ciddi problem gözləyirmi?

- Azərbaycanın ehtiyatı kifayət qədərdir. Valyuta ehtiyatı 53 milyard dollara yaxındır, ilin axırına qədər bir qədər də artacaq. Ona görə də Azərbaycan üçün ciddi problem yaranmayacaq. 

- Neft pullarının böyük hissəsinin infrastruktur layihələrinə ayrılması, sizcə, doğrudurmu?

- Biz son illər büdcənin 30-33 faizini infrastruktur layihələrə ayırmışıq. Təqribən o qədər də sosial layihələrə ayrılıb. Gələn ilin dövlət büdcəsində 32 faiz əsaslı tikinti, 26-27 faiz də sosial layihələr üçün nəzərdə tutulub. Müstəqillikdən sonra Azərbaycanın ən böyük problemlərindən biri infrastruktur layihələr olub, bu problem hələ tamamilə başa çatmayıb. Düzdür, işıq, su, qazla əlaqədar problemlər müəyyən qədər həll olunub, kəndlərdə problem qalmaqdadır. Vəsait ayırmaq lazımdır. Azərbaycana xarici investisiyanı cəlb etmək üçün də bu layihələr icra olunmalıdır, gələn insanlar burda problemlərin aradan qaldırıldığını görsünlər. Burda əsas məsələ ayrılan vəsaitin xərclənməsinin şəffaflığıdır, bu məsələyə nəzarəti gücləndirmək lazımdır. Bu, bizi ən çox narahat edən məsələlərdəndir. Ona görə də Milli Məclisdə iri vəsaitlərin xərclənməsinə nəzarəti gücləndirməyi, müvafiq qanunun hazırlanmasını təklif etmişdik. Hesablama Palatasının məruzəsi dinlənilərkən də xahiş etmişdim ki, heç olmasa 500 milyon - 1 milyardlıq iri layihələr barədə yoxlama aparılsın və bizə məlumat verilsin. Görək bu dəfə Hesablama Palatası bizə bu barədə məlumat verəcəkmi?   

- Şimaldan gələn təhdidlər səngimiş kimi görünür. Necə bilirsiniz, Azərbaycana Rusiya təhlükəsi ötüb keçdimi? 

- Azərbaycan-Rusiya münasibətləri ilə bağlı çox müzakirələr gedir. Xüsusilə Ukraynanın Donetsk-Luqansk vilayəti ilə əlaqədar Rusiyanın siyasətinə, Krımın ilhaqına dünyanın münasibəti göstərir ki, hələlik təhlükə bizdən sovuşub. İkinci də Rusiya iri nüvə dövlətidir, qonşumuzdur, 70 il bir yerdə fəaliyyət göstərmişik, yaxın əlaqələrimiz var və bu gün də iqtisadi, siyasi, mədəni, humanitar əlaqələr genişdir. Son vaxtlar Rusiyanın emissarları Azərbaycana daha çox gəlib-gedir. Hətta dünya dövlətləri Rusiyaya sanksiya tətbiq edəndə Azərbaycan meyvə-tərəvəzlə bu ölkəyə kömək etdi. Bu, həm Azərbaycan əhalisi üçün lazım idi, həm də Rusiyaya yardım idi. Çalışmaq lazımdır ki, Rusiya ilə münasibətlər həmişə yüksək səviyyədə olsun. 

Mən Rusiyanı qonşu, yaxın, strateji dövlət kimi qəbul edirəm. Amma Rusiyanın işğalçılıq siyasətini qəbul etmirəm və edə bilmərəm. Biz heç vaxt razı olmarıq ki, 23 ildir müstəqil olan Azərbaycanın ərazisində hansısa dövlət gəlib bizə böyüklük eləsin, “böyük qardaşımız” olsun. Düzdür, hazırda münasibətlər yüksək səviyyədədir, cənab Ramiz Mehdiyevin rəhbərliyi altında Rusiya ilə əlaqədar humanitar forumlar keçirilib. Amma özümüz də ehtiyatlı olmalıyıq. Çünki bizim Rusiya ilə əlaqədar Qarabağ kimi böyük problemimiz var. Bu problemin də həllinin “açar”ı Rusiyadadır. Lakin artıq son illərdə bu “açar”ın Rusiyanın da əlindən çıxdığı, dünya miqyasına çıxdığı müşahidə olunur. Hər kəs dərk etməlidir ki, bu problem həll olunmasa, bölgədə istənilən vaxt stabillik pozula bilər. Hesab edirəm ki, dövlət başçısının orduya göstərdiyi diqqət çox təqdirəlayiqdir. Gec-tez onsuz da bu torpaqlar alınacaq. Ancaq mən tarixdə elə bir hala rast gəlməmişəm ki, müharibə yolu ilə alınan torpaq sülh yolu ilə geri qaytarılsın. 

- Yəni Putin Azərbaycandan əl çəkməyib?

- Yox, təbii ki. Putin Azərbaycandan əl çəkməyib, çəkən də deyil. Putinin imperiya siyasəti var, bunu gizlətmir. Avrasiya İttifaqı, Gömrük İttifaqının yaradılması da buna xidmət edir. Yetimə “gəl-gəl” deyən çox olur, amma çörək verən az olur. Fikir verdinizsə, hətta Qazaxıstanla da müəyyən problemlər yarandı. Rusiyadakı müəyyən dairələrin də siyasəti budur ki, bu dövlətləri elə-belə buraxmaq olmaz. Azərbaycan öz siyasətini müstəqil aparır, bu da çox dövlətlərin xoşuna gəlmir. Bir sıra dövlətlər istəyir ki, biz onların əlinin altında olaq və bizim ehtiyatlarımızdan onlar da istifadə etsinlər.  

- Azərbaycanın 2015-ci ildə Gömrük İttifaqı və ya Avrasiya Birliyinə qoşulması mümkündürmü?

- Milli Məclisdə də bəyan etdim ki, məni ən çox rahat edən cənab prezident İlham Əliyevin mövqeyidir. Dövlət başçısı bütün bəyanatlarda Azərbaycanın müstəqilliyini ön plana çıxarıb. Yəni müstəqilliyimizin daimi, əbədi olması, qorunub-saxlanılması üçün əlindən gələni edir. Bizim üçün əsas budur. Biz Azərbaycanın müstəqilliyinə xələl gətirə biləcək müqaviləyə qoşula, orda iştirak edə bilmərik. Amma Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmaq istiqamətində iş aparır, müəyyən dövlətlərlə protokollar da imzalanıb. Bu ittifaqa daxil olanda da müəyyən güzəştlər əldə edəcəyik. Dövlət başçımız bir neçə dəfə bəyan edib ki, Azərbaycan inteqrasiya siyasəti yürüdür və Avropa dəyərlərinə üstünlük verir. Bu da faktdır ki, nə qədər Qarabağ məsələsi həll olunmayıb, demək, risklər böyükdür. Yeri gəlmişkən, Nazirlər Kabinetindəki 9 aylıq yekunları ilə bağlı çıxışında cənab prezident yeni bir termin işlətdi. Dedi ki, artıq Azərbaycan iqtisadi cəhətdən müstəqil dövlətdir. İqtisadi müstəqilliyi təmin etmiş dövlətlər çox azdır, Azərbaycan da onların sırasındadır. Bu, çox əhəmiyyətli məsələdir. Çünki iqtisadi cəhətdən müstəqil olan dövlət siyasi müstəqilliyə də, beynəlxalq aləmdə öz müstəqilliyini saxlamaq, sözünü demək üçün ciddi imkanlara da malik olur... 

- Siz vaxtaşırı ölkədəki qüvvələri barış və dialoqa çağırıbsınız. İndiki situasiyada bu məsələni aktual sayırsınızmı? 

- Biz ölkədə iqtisadi və siyasi stabilliyi qoruyub saxlamaq üçün elə bir mühit yaratmalıyıq ki, insanlarımız fərqli siyasi qruplara daxil olmasından asılı olmayaraq dövlət əhəmiyyətli məsələlərdə eyni mövqedən çıxış etsinlər. Biz görürük ki, əlaqələr yüksək səviyyədə olsa da, Azərbaycana Rusiya tərəfdən müəyyən təzyiqlər var. Eyni zamanda Avropadan insan hüquqları ilə əlaqədar təzyiqlər var. Amma bütün bunları elə balanslaşdırmalıyıq ki, ölkə daxilində bizimçün ciddi problem yaranmasın. Ona görə də belə məsələlərdə dialoqa həmişə ehtiyac var. Ölkə rəhbərliyi ilə müxalifət qüvvələri arasında dialoqa getmək lazımdır ki, müstəqilliyimizlə əlaqədar Azərbaycanda problem yaranmasın. Bu, bizimçün çox əhəmiyyətlidir.  

Elşad PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR