İnsanlara hürriyət, millətlərə istiqlal!

Müğənni ilə bayram bazarlığı: “Papağıma sup tökdülər, travma aldım” – Foto+Video

2242 20.03.2018 14:10 Şou-biznes A A

Bir neçə saat sonra Bahar elimizə qədəm qoyacaq. Artıq ölkədə Novruz bayramının ab-havası duyulur. Evlərdə bayram hazırlıqları başlayıb, analar şirniyyat bişirir, uşaqlar papaq atmağa, tonqal qalamağa can atır, gənc qızlar qulaq falına çıxmağa hazırlaşır. Biz də musavat.com olaraq tanınmış simalardan biri ilə bayram bazarlığı etməyə qərar verdik. Müğənni Səbinə Əsgərova ilə Təzə bazarda görüşdük. Bazarlıqla birlikdə söhbətə də başladıq:

- Alış-verişi sevməyən qadın yoxdur. Yəqin, siz də onlardan birisiniz.

- Alış-verişi çox sevirəm. Mağazalarda saatlarla vaxt keçirə bilərəm. İstər pal-paltar, istərsə də qida məmulatları olsun, seçiciyəm. Hər şeyin ən yaxşısını almaq istəyirəm. Bir də yaxşı qiymət sala bilirəm. Bu, məndə istedaddır.

- Sonuncu dəfə nə zaman bazarlıq etmisiniz və nələr almısınız?

- Axırıncı dəfə dünən bazarlıq etmişəm. Evə çərəz aldım. Sabahdan başlayıb, qapıya papaq atacaqlar. Papağı boş qoymaz olmaq.

Söhbət edə- edə Səməni satılan piştaxtaya yaxınlaşırıq. Qonağımız qiymətlərlə maraqlanır:

- Üzəri kəpənəkli olan səmənilər neçəyədir? Endirim edərsiniz?

Satıcı: 5 manatdan 50 manata qədər var. Siz istədiyiniz 20 manatdır. Sizin xətrinizə 15 manata verərəm.

Səbinə: Saxlayın, bazarlığı bitirib qayıdıb götürəcəyəm.
Bazarı gəzməyə davam edirik.

- Papaqdan söz düşmüşkən, bu bayram da papaq atacaqsınız?

- Atacağam. Özüm böyüsəm də, içimdəki uşaq ruhum qalıb. Qapı da pusacağam. Bir fala baxmayacağam.

- Qapı pusanda nələr eşitmisiz?

- Heç vaxt pis şeylər eşitməmişəm. Bir dəfə böyük arzum üçün qapı pusdum. O qədər gözəl şeylər eşitdim ki. Sonra həmin arzum çin oldu.

- Papağınızı boş qaytaran olub?

- Uşaq vaxtı ən sevdiyim adət papaq atma idi. Məhəllənin uşaqları ilə yığışıb qapı-qapı gəzirdik. Bir dəfə isə çox pis travma aldım. Papağımıza sup tökmüşdülər. Bu mənə böyük travma yaşatdı. Düzdür, papaq mənim deyildi. Amma yenə də pis oldum. İnsan sevincli uşağın qəlbini necə qıra bilər? Ona görə heç bir papağı boş qoymuram.

Meyvə-tərəvəz bölümünə yaxınlaşırıq.

- Meyvə-tərəvəzin yaxşısından başınız çıxır?

- Əlbəttə, görünüşü və haradan gətirildiyi önəmlidir. Portağalı və almanı sevirəm. Gedək görək neçəyədir? “Qızıləhmədi” neçəyədir?

Satıcı: 5 manat

Səbinə: 5 manata alma olar? Hər yerdə 3 manatdır. Çox bahadır, çox. Gedək portağallara baxaq.

İfaçı portağal bölümünə yaxınlaşır. Bir neçəsinə baxır, foto çəkdirir və yerinə qoyur.

Səbinə: Mənə əsas çərəz lazımdır. Dünən ürəyimdən keçdi. 15 imkansız ailəyə bayram xonçası göndərəcəyəm. Onlar da sevinsin. Düzdür, bu cür şeyləri reklam etməyi sevmirəm. Amma istəyirəm, digər həmkarlarım da bu cür addım atsın. Onlara nümunə olum.

Çərəz bölməsinə giririk. Fındıqları qırıb dadına baxır.

Səbinə: Neçəyədir? Endirim edərsiniz?

Satıcı: Kilosunu 5 manata verərəm.

Səbinə: 3 kilo fındıq verin.

Fındıq alıb, digər mağazaya daxil oluruq. Buradan da innab, iydə, qoz alırıq. Bazarı bir qədər gəzdikdən sonra isə qonağımızdan mahnı oxumasını istəyirik. O da “Meyvələrdən 3 meyvə var” mahnısını zümzümə edir. Bazara daxil olanda seçdiyimiz səmənini götürüb bazarlığımızı yekunlaşdırırıq.

Könül
Foto və video: Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR