İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mişa gələcək, zülm bitəcək" – İlham Əliyevin tələbə yoldaşı Tiflisin başına gəlir...

23619 27.08.2018 05:00 Region A A

II yazı

Ötən yazımızda Gürcüstanda 2 ay sonra baş tutacaq prezident seçkisinin ən şanslı namizədi - 11 siyasi partiyanın yaratdığı ‘’Güc Birlikdədir’’ koalisiyasının təmsilçisi Qriqol Vaşadze haqda söz açmışdıq. Onu bir qədər yaxından tanıyaq.

60 yaşlı siyasətçi Tiflisdə doğulub. Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib. 1985-ci ildən SSRİ Xarici İşlər Nazirliyinin Beynəlxalq qurumlarla iş, daha sonra Kosmos və nüvə silahlanması bölmələrində çalışıb. 1988-90-cı illərdə SSRİ XİN-in Diplomatik Akademiyasının aspirantı olub. Moskvada və Nyu-Yorkda yaşayıb. Həyat yoldaşı dünyaca ünlü balerina Nino Ananiaşvilidir. Ananiaşvili uzun illər Moskvada Bolşoy Teatrın solisti olub. 1991-ci ildə SSRİ dağılandan sonra onların hər ikisi Rusiya vətəndaşlığı alıblar. 2004-cü ildə prezident Mixeil Saakaşvili Nino Ananiaşviliyə Gürcüstan Dövlət Opera və Balet teatrının balet truppasının rəhbərliyini təklif edəndən sonra ailə Tiflisə köçüb. Elə həmin il ikinci vətəndaşlıq alıblar. Ananiaşvili eyni zamanda Saakaşvilinin oğlu Nikolozun xaç anasıdır.

2007-ci ildə Vaşadze Gürcüstan XİN-də yaradılan yeni Rusiya departamentinə rəhbər təyin olunub. 2008-ci ildə isə Mədəniyyət və turizm naziri postuna gətirilib. Həmin ilin dekabrında Saakaşvili Vaşadzeyə ölkənin ən önəmli vəzifələrindən birini - xarici işlər naziri məqamını tapşırır. Ona ali dərəcəli diplomat, fövqəladə və səlahiyyətli böyükelçi statusu verir.

Ancaq Vaşadzenin ikili vətəndaşlığını çoxları birmənalı qarşılamayıb. Rəqibləri bu fakta görə Saakaşvili iqtidarını tənqid ediblər. Kreml yetkililəri isə durumdan yararlanaraq Gürcüstan Xarici işlər naziri vəzifəsinə Rusiya vətəndaşı gətirməsini Saakaşvili iqtidarının iki ölkə arasındakı münasibətləri mülayimləşdirmək jesti adlandırıb, bununla da alovun üzərinə yağ çiləyiblər. Rusiyanın Gürcüstana ərazi işğalı ilə başa çatan hərbi müdaxiləsindən sonra Vaşadze Kremli sərt tənqid edib və həmin günlərdə Rusiya Dövlət Dumasında onun Rusiya vətəndaşlığının alınması məsələsi qaldırılıb. Vaşadze Dumanın qərarını gözləmədən prezident Dmitri Medvedyevə vətəndaşlıqdan çıxarılması üçün diləkçə göndərib. Uzun müzakirələrdən sonra onun istəyi qəbul olunub.

Həyat yoldaşı Ananiaşvilinin impressariosu kimi də tanınan Vaşadze bir dönəm özünü biznesdə də sınayıb. O, ‘’Georgia Arts Managment və Georgi Vashadze and BR’’ şirkətlərinin qurucusu və yönəticisi olub. Professional diplomat özünü gürcülərin sevimli məşğuliyyəti olan şərab istehsalında da sınayıb. Ancaq onun gürcü şərabını dünyada daha çox tanıtmaq arzularına siyasi işlərin çoxluğu imkan verməyib.

 

fc252118-4b64-48f8-b1c3-a2d4bc33d690.jpg (54 KB)

 

Saakaşvili hakimiyyətdən gedəndən sonra Qriqol Vaşadze siyasi fəaliyyətini Vahid Milli Hərəkat Partiyasında davam etdirib. 2018-ci ildə isə öncə öz partiyasının, daha sonra isə daha 10 siyasi partiyanın yaratdığı ’’Güc Birlikdədir’’ koalisiyasının vahid namizədi olub.

Müşahidələrimiz göstərdi ki, Qriqol Vaşadzenin seçkinin ən şanslı namizədi olması xarizmatik liderlik qabiliyyətləri ilə yanaşı Saakaşvilinin ölkəyə, daha sonra isə baş nazirliyə yolunu açmaq ehtimalı ilə bağlıdır. Vətəndaşlar Saakaşvili dönəminin quruculuğunu yenidən yaşamaq üçün onun ölkəyə ən qısa zamanda dönməsində maraqlıdırlar. Bu niyyətlərini açıq dilə gətirməkdən də çəkinmirlər - prezidentin əlində geniş səlahiyyətlər yoxdur, Giyanın seçilməsi bizə Mişanın Gürcüstana qayıdıb yenidən xalqa gün ağlaması üçün lazımdır… Söhbət ondan gedir ki, Gürcüstan prezidentinin səlahiyyətləri 2010-cu ildə keçirilən referendumla məhdudlaşdırılaraq baş nazir və hakimiyyətin üçüncü qolu olan parlament arasında bölüşdürülüb. Prezident Silahlı Qüvvələrin ali baş komandanıdır, baş naziri təyin edir, ölkənin daxili və xarici siyasət kursunu müəyyən edir. Çevik idarəetmə imkanları isə baş nazirin əlindədir.

 

cdc05150-e195-4933-a2ca-d519647bfd73.jpg (155 KB)

 

Vahid Milli Hərəkat Partiyasından prezidentliyə namizədlərin öz seçki kampaniyalarına ölkənin azərbaycanlıların kompakt yaşadığı bölgələrdən başlamaq ənənəsi var. Mixeil Saakaşvili hər iki seçki kampaniyasının ilk görüşünü Bolnisi rayonunun ən böyük kəndi Faxralıdan başlamışdı. Qriqol Vaşadze də bu gələnəyi pozmadı. Kampaniyasının ilk görüşlərindən birini Marneuli rayonuna təyin etdi.

Vahid Milli Hərəkat Partiyasından olan dostların dəvəti ilə biz də o görüşdəydik. Lider xalq qucaqlaşmasına tanıqlıq etmək fürsəti hər zaman xoş duyğular yaradır.

 

8f924658-0ab0-43dc-bbcf-52b759fdb65f.jpg (219 KB)

 

Görüşdə ən çox diqqətimizi çəkən siyasilərlə vətəndaşlar arasında rəsmiyyətin olmaması idi. Təsəvvür edin, o, yolüstü bir prafilaktoriyaya gəldi və əl-ayağı, üstü-başı təkər yamamaqdan qapqara kir olan usta ilə bir-birlərinə elə sarıldılar, elə bil, 30 ildir görüşməyən dava arxadaşlarıdırlar. Yolda, mağazada, partiyanın qərargahında da eyni mənzərə - səmimiyyət, sıcaqlıq. "Batano Qriqol", "Giya" deyib boynuna sarılanlar eyni qarşılıq gördülər. Nə mühafizə vardı, nə mane olan…

 

00d7fba0-99ad-4184-8f0b-ac96a4a438e6.jpg (318 KB)

 

Gürcütanda demokratiya artıq gələnəyə çevrilib, həm iqtidar, həm müxalifət azadlığın məsuliyyətini dərk edir. Müxalifət lideri tərəfdarları ilə görüş keçirən zaman hakimiyyət təmsilçilərinin soyuqqanlı, yalnız qanun çərçivəsində davranmaları bu fikri rahatlıqla söyləməyə imkan verir. Böyük kortejlə Marneuliyə gələn Vaşadzeyə polis heç bir maneə yaratmadı. Görüş keçirilən ərazidə bir neçə dəqiqə müşahidə aparandan sonra isə sakitcə çıxıb getdilər.

Müxalifətçilər isə şəhər həyatına heç bir maneə yaratmadan partiyanın yerli qərargahında seçiciləri ilə görüşdülər. Sözlərini dedilər, vətəndaşın istəyini eşitdilər. Bu gün Borçalı türklərinin siyasi fəalları içərisində gənclik üstünlükdədir. Gürcücə sərbəst danışır, liderləri ilə açıq dialoqa girirlər. Sevindiricidir…

 

c30171aa-9ec5-495a-9af0-934dc8ed87b9.jpg (212 KB)

 

Vaşadzenin çıxışına gəlincə, bu, əsl diplomat çıxışı idi. Natiq diplomatiyanın ritorikası kimi xalqın dilini də gözəl bilir: "Bu gün müsəlmanlar müqəddəs Qurban bayramını qeyd edir. Görüş üçün ona görə bu günü seçdik ki, sizi birbaşa təbrik etmək imkanımız olsun. Valideynləriniz, əzizləriniz sizin evlərinizə nə qədər sevinc, səadət arzulayırsa, biz də ocaqlarınıza o qədər xoşbəxtlik arzulayırıq. Buraya gəlməklə, ‘’Güc Birlikdədir’’ deməklə, siz bu günü bizim üçün də bayrama çevirdiniz. Biz əl-ələ verməsək, ölkəmizi indiki ətalətdən çıxara bilmərik. Biz susqun olsaq böyük zaman itirəcəyik. Proseslərə biganə qalsaq, övladlarımızdan da zaman oğurlamış olacağıq. İndi ölkədə kimdən soruşsan ki, seçkidə "41"-ə ("Gürcü arzusu"nun seçki bülletenindəki sıra sayı) səs vermisən, deyəcək, yox. Bu onu göstərir ki, vətəndaş siyasi hakimiyyətə gətirdiyi qüvvədən qətiyyən razı qalmayıb. Yaranan durum bizə - Gürcüstan üçün böyük işlər görmüş qüvvələrə yenidən hakimiyyətə qayıdıb, ölkə üçün, xalq üçün əl birliyi ilə çalışmaq, böhranı adlamaq imkanı yaradır. Əmin olun, biz bu seçkinin qalibiyik. Bu seçkidən sonra biz növbədənkənar parlament seçkisi keçirib, onu da qazanacağıq. İndi parlamentdə oturan şəxslərin millət vəkilliyi adını daşımağa mənəvi haqları yoxdur. Onlar 6 ildir parlamentdə oturub xalqın ağır güzəranını seyr etməklə məşğuldurlar. Biz digər siyasi güclərdən fərqli olaraq gürcü xalqının yox, bütünlükdə Gürcüstan vətəndaşlarının yüksəlişi, rifahı üçün çalışırıq. Biz onları kabinetlərindən qovacağır ki, xalqın içərisinə çıxıb sadə vətəndaşın nə gündə yaşadığını gözləri ilə görsünlər. Mənim əzizlərim, Konstitusiya, demokratiya və seçki bülleteni vətəndaşın əlində hakimiyyət oğrularına qarşı elə bir güclü silahdır ki, onun qabağında heç kim duruş gətirə bilməz. Bu iqtidarın hakimiyyətdə olduğu illərdə siz həyatınızda hansı dəyişiklikləri hiss eləmisiz? Bu ölkə 6 ildə infrastruktur xərclərinə 69-70 milyard pul xərcələyən ölkəyə bənzəyir? Hanı bu pullar? Bu illərdə Marneulidə bir yol təzələnibmi, məhəllələrə işıq çəkilibmi? Heç kim düşünməsin ki, xalqın pullarını oğurlayacaq və cəzasız qalacaq. Məsuliyyətdən yaxa qurtarmaq üçün onlar seçkini saxtalaşdırmağa cəhd edəcəklər, seçki günü qarşıdurma yaratmağa çalışacaqlar. Ancaq əmin olsunlar ki, bu dəfə fəqli cavab alacaqlar. Sizi çox sevirəm, mənim əzizlərim. Biz birlikdə, qələbə qazanacağıq, liderimizi ölkəyə gətirəcəyik, Gürcüstanı dünyanın aparıcı ölkələrinin sırasına çıxaracağıq. Biz bunu bacaracağıq".

Alqışlar və "alxışlar" salonda böyük coşğu yaradıb…

Çıxışda Vaşadze bir neçə sualımızı cavablamaq arzumuzu geri çevirmir. Azərbaycandan olduğumuzu biləndə ölkəmizə sevgisini, sayğısını bildirir, tələbəlik dostu prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına salam göndərir. Söhbətə ənənəvi sualla başlayırıq:

 

qriqol vaşadze ilham əliyev ile ilgili görsel sonucu

 

- Cənab Vaşadze, Gürcüstandakı seçkiöncəsi durumu necə dəyərləndirirsiniz?

- Təəssüf ki, ölkəmiz çətin günlərini yaşayır. 6 ildir Gürcüstanda müsbət dəyişikliklər baş vermir. Yaxşı nə yaradılmışdısa, hamısı sıradan çıxmaq üzrədir. Uğurla işləyən bir çox iri layihələr dayanıb. Yalnız seçkiyə qısa müddət qalmış hökumət hərəkətlilik yaratmağa cəhd edir, ancaq nəticə yoxdur. Çünki tələsik hazırlanmış heç bir proje uğurlu ola bilməz. Ölkənin qərbində təbii fəlakət baş verib - Asiya böcəkləri məhsulu məhv edib. Doğuda dolu üzüm sahələrini məhv edib. Hökumət isə kənardan tamaşa etməklə məşğuldur, sanki vətəndaşın problemi hökumətin problemi deyil. Ölkəmizin getdikcə geriləməsi - demokratiyanın ciddi sınaqlar qarşısında imtahanı, iqtisadiyyatın çöküşü, Qərbə inteqrasiya prosesinin məqsədli şəkildə uzadılması, işsizliyin durmadan artması ilə başlayan sosial problemlər burulğanı 11 müxalif partiyanı bir blokda birləşdirib. Üzərimə düşən vəzifənin məsuliyyəti böyükdür. Gürcüstan vətəndaşları bizim komandanın ölkəni hansı prinsiplərlə idarə etməsin bələddir. Biz rüşvətsiz, korrupsiyasız, azad, demokratik cəmiyyət, güclü dövlət qurmaq istəyirik. Bu arzumuza seçicilərin dəstəyi ilə çatacağımıza heç bir şübəhmiz yoxdur.

- Çıxışınızda seçki saxtalaşdırmalarına işarə etdiniz. Belə bir durumla qarşılaşsanız, hansı addımlar atmağı düşünürsünüz?

- Seçki prosesi artıq vətəndaş etirazları ilə yüklənmiş bir atmosferdə başlayıb. İnsanlarda hakimiyyətin fəaliyyətsizliyinə qarşı o qədər ciddi qıcıq var ki, seçkiyə hər hansı müdaxilə olsa, öncə cavab vətəndaşdan gələcək. Biz hər zaman vətəndaşlara, onların öz ölkələrini demokratik, azad, rifah içində görmək arzularına, bunun üçün verdikləri mübarizəyə arxalanmışıq. "Gürcü arzusu" vətəndaş qarşısında etimadını itirib. Əgər hökumət 2016, 2017-ci il seçkilərindəki əllaməliklərini davam etdirməyə cəhd eləsə, bu artıq baş tutmayacaq. Çünki bura Gürcüstandır, bura demokratik ölkədir. Bəzilərini həmişə aldatmaq olar, vətəndaşların bir hissəsini bir müddət aldatmaq olar, bütün ölkəni isə aldatmaq mümkün deyil.

- Əsas hədəfləriniz nələrdir?

- Gürcüstanın inkişaf potensialını canlandırmaq, xüsusən kənd təsərrüfatını stimullaşdırmaq, turizm sektoruna dəstək vermək, meqalayihələrdə ölkəmizin iştirakını təmin etmək. Biz larini möhkəmləndirmək üçün dərhal önləyici tədbirlərə başlamalıyıq. ''Gürcü arzu''sunun hakimiyyəti dönəmində ölkədən ciddi beyin axını yaşadıq. Biz bu insanların yenidən ölkəyə gəlməsi, Gürcüstan üçün çalışması üçün şərait yaratmağı düşünürük. Vahid Milli Hərəkat Partiyası Gürcüstan vətəndaşının yaddaşında ölkəni rüşvətin caynağından alan, qanunun aliliyini təmin edən, insan hüquq və azadlıqlarını bərqərar edən iqtidar kimi qalıb. Bizim komandanın Gürcüstan üçün daha böyük işlər görmək potensialı var. Ümid edirəm ki, vətəndaş seçkidə bizə etimad edəcək və dəyişiklikləri ən qısa zamanda öz həyatında görəcək.

 

d9204a19-5069-4a87-be2f-328ec9feaf4a.jpg (294 KB)

 

Vaşadze ilə ayaqüstü söhbətimiz bitər-bitməz onu yenidən kütlənin içində görürük. Kimisi uğur diləyir, kimisi problemindən, kimisi gözləntilərindən danışır. Bəziləri siyasi simpatiyaları ilə şəkil çəkdirmək arzusunu bildirir. Şəhər boyu yürüş və təmaslar bir neçə saat çəkir.

Uğurlar, Gürcüstan!

Aygün Muradxanlı, musavat.com

Tiflis-Marneuli-Bakı

 

 

 

 

 

 

 

569c15e8-f257-451b-9981-e663619ccd8f.jpg (98 KB)

ef87002f-4fc3-4f20-9089-593141b35872.jpg (256 KB)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR