İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli valyuta ilə əylənmək hüquqi məsuliyyət yaradırmı? - VİDEO

7006 06.09.2018 20:10 Gündəm A A

Vaxtaşırı sosial şəbəkələrdə külli miqdarda valyuta ilə əylənmə videolarına rast gəlirik. Bu tərz videolara İnstaqramda daha çox rast gəlinir. Bir neçə on min manatı bir yerdə nümayiş etdirirlər, müxtəlif formalarda onları sayırlar. Bəzən də hamamda "Manat vannası" qəbul edirlər. Bəzi adamlar üçün bu videolar maraqla qarşılansa da əksəriyyət bu cür göstəriləri qıcıqla qarşılayır. Ölkə əhalisinin əksəriyyətinin maddi sıxıntı içində olduğu bir vaxtda bu videolar harınlığın nümunəsi kimi qınanılır, kütləvi narazılığa səbəb olur. 

Bəzən canlı efirlərdə də milli valyuta ilə bağlı xoşagəlməz davranışlar olub. Məsələn, bir neçə il əvvəl televerilişlərin birində müğənni qadın milli valyutamızın əskinaslarından birini cırıb yerə atmışdı. Onun bu rəftarı xeyli müzakirə olundu, vəziyyət o həddə çatdı ki, bu hərəkəti edən müğənnin xalqdan efir vasitəsilə üzr istədi. 

Onu da əlavə edək ki, manat Azərbaycanın milli, siyasi, iqtisadi müstəqilliyinin əlamətlərindən biri, milli rəmzləri sırasındadır. Azərbaycan manatı konstitusiyaya görə Azərbaycan Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır və dövriyyədən çıxarılır. Beləliklə, manat dövlətin mülkiyyətində olduğu üçün ona qarşı hər hansı təhqiramiz və yaxud xoşagəlməz davranış nümayiş etdirmək dövlət əmlakına zərər vurulması kimi hesab edilə bilər.

Bəs qanunvericilik nə deyir? Milli valyuta ilə bu cür rəftar hüquqi məsuliyyət yaradırmı?

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “Xeyr, çox təəssüf ki, bu məsələ qanunvericilikdə nəzərdə tutulmayıb. Baxmayaraq ki, manat qeyri-rəsmi olaraq ölkəmizin atributudur, amma rəsmi bu cür qanun yoxdur. Buna görə də manata qarşı hər hansı xoşagəlməz davranış məsuliyyət yaratmır. Manat onu cibində gəzdirən şəxsin mülkiyyətindədir. Əlbəttə ki, şəxs onu cıra, harasa yapışdıra da bilər. Faktiki olaraq şəxsin özü maddi itkiyə məruz qalır və bu onun öz şəxsi işidir. Amma düşünürəm ki, manata qarşı hörmətsizlik, sayqısızlıqla bağlı hansısa məsuliyyəti nəzərdə tutmaq olar”.

Xalidə Gəray,
“Yeni Müsavat”

Musavat.com məsələ ilə bağlı son günlərdə sosial şəbəkələrdə yayılmış videolardan birini təqdim edir:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR