İnsanlara hürriyət, millətlərə istiqlal!

Meydanlardan seçkiyədək: avans bitdimi?..

910 11.12.2018 10:40 Yazarlar A A

“Alim olmaya bilərsən, amma elmlər namizədi olmalısan”. İnanırsınızmı, heç özüm də bilmirəm, niyə dünyadakı proseslərin siyasi evolyusiyası haqqında düşünərkən ixtiyarsız olaraq məşhur komediyanın bu sözləri yadıma düşür?

Amma yox, görünür, bu da təsadüfi deyil, çünki siyasət dünyasında əxlaq qaydaları olmasa da, hər halda, oyun qaydaları var: bütün hakimiyyət dəyişmələri məzmunca demokratik olmasa belə, hər halda,  demokratik görüntü, tərtibatla başa çatmalıdır.

Bəli, tərtibat, tərtibat və yenə də tərtibat, çünki demokratik dünyanın qeyri-demokratik ölkələrdəki prosesləri bircə - bircə izləməyə nə həvəsi var, nə də vaxtı, onlar üçün də əsas odur ki, seçki oyunu qurulsun - bülletenlər paylansın, seçki məntəqələri işləsin, insanlar gəlib səs versin -bəli, əsas budur...

Sonrası... Bəli, sonrası da budur ki, ölkələr var ki, onlar üçün bu proses lap axıra qədər beləcə dəqiq və dürüst keçir, ölkələr də var ki, səhər saat səkkizdən axşam saat səkkizə qədər hər şey demokratik ölkələrdə olduğu kimi baş verir, sonra isə, bəli, səkkizdən sonra “dədə-baba qaydaları” işə düşür; bir də görürsən, məntəqələrdə işıqlar sönür, müşahidəçilər bülletenlərin sayılmasından kənarlaşdırılır, hətta kiçik dava-dalaş düşür, üstəlik, məlum olur ki, artıq bir neçə gün əvvəldən bülletenlər sayılıb və səliqə ilə üst-üstə yığılıbdır...

Yox, demirəm, Ermənistanda da hər şey belə oldu - bunu iddia etmək üçün sübut-dəlilim yoxdur. Amma o da var ki, heç kim məni inandıra bilməz ki, seçki ərəfəsi şərait demokratiyanın tələblərinə tamam cavab verirdi: yüksək, ülvi məqsədlərə xidmət etsə də, inqilablar bu məqsədlərə aparan zorakı, bəli, zorakı üsullardı - təəssüf ki, belədir. Ona görə də bu halda da tələb birdir: hakimiyyət seçki yolu ilə institutlaşmalı və legitimləşməlidir.

Odur, bir müddət idi ki, hamı səbrlə Ermənistandakı seçki proseslərinin bitməsini gözləyirdi. Ölkədə də formal olaraq demokratik fon yaradılmışdı, amma daha çox o kəslərçün ki, seçki onların hakimiyyətinə legitim məzmun verməli idi.

Bəli, ən avtoritar ölkələrdə belə yazılmamış bir qayda vardır ki, seçki vaxtı istədiyini deyə, ürəyindən keçən vədi verə bilərsən: düşünürük ki, cənab Paşinyanın da “baqaj”ında nə qədər şirin vədlər vardısa, hamısını işə saldı; böyük Hayastan haqqında nağıllardan tutmuş korrupsionerlərin hesabına dolacaq büdcə haqqındakı şirin xəyallaradək...

Amma bitdi. Daha doğrusu, hamı hesab edir ki, artıq bitdi. N.Paşinyanın özü necə hesab edir, necə düşünür - bunu bilmirik...

Bir daha deyirik ki, seçkiyə qədər siyasətçilər hərbi and içməmiş əsgərlərə bənzəyir, həmin dövrdə onlara istənilən “nadinclik” bağışlanır. Elə ki, seçki bitir, bundan dərhal sonra siyasətin sərt qanunları işə düşür.

Düzdür, Paşinyanın sərəncamında yenidən “təptəzə baş nazir ”rolunu oynamaq şansı da var. Bəli, yenidən “yüz gün” olacaq, Nikol müəllim bir daha insanları meydanlara toplayacaq ki, onun “yüz günlüyü” münasibətilə təzədən əl çalsınlar. Amma bu da yalnız bir dəfə ola biləcək. Sonra, bəli, sonra iş başlanmalıdır, N.Paşinyan nəhayət ki, parlamentə əsl proqram təqdim etməli, özünün siyasi-iqtisadi kursunun əsas istiqamətlərini bəyan etməlidir.

Üstəlik, qarşıda Dağlıq Qarabağ probemi də var. Əlbəttə ki, bu problem İrəvan üçün Bakı qədər aktual deyil. Amma dəfələrlə demişik ki, Ermənistanın sosial - iqtisadi dirçəlişinin başlanğıcı məhz bu problemin həllindən asılı kimi görünür.

Təsadüfi deyil ki, eyni sözləri N.Paşinyana ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi C.Bolton da demişdi: problemlərinizin azalmasını istəyirsinizsə Qarabağ problemini həll edin!

Üstəlik, nəinki regionun bilavasitə özündə, hətta bir az uzaq məkanlarda da siyasi müşahidəçilər “yeni Ermənistan reallıqları”nın nə demək olduğunu bilmək və onların Dağlıq Qarabağ müstəvisinə proyeksiyasını görmək istəyirlər. Paşinyanın davranışı bu gözləntilərə nə qədər adekvat olacaq? Bax, bunu bilmirik, çünki əvvəllər də yazmışıq ki, folk-siyasətin möhürü uzun müddət onun təmsilçilərinin üzərində qalır...

Amma o da var ki, avans bitir. Bəli, meydanlardan seçki məntəqələrinədək - insanların hamısı olmasa da, böyük qismi rəğbət bəslədikləri siyasətçi, lider ilə bu yolu keçirlər, bundan sonra isə tamam yeni münasibətlər yaranır, insanlar “sevimli lider”lərindən tələb etməyə başlayırlar. Bu tələblərin nəticəsində isə bir də görürsən ki, liderin geriyə yolu başlayır. Odur, düşünmək lazım deyil ki, siyasi konfiqurasiya həmişə elə belə də qalır: sən tribunada, insanlar isə aşağıda. Bəzən başqa cür də ola bilir: insanlar tribunada olur, sənsə qəfəsin arxasında...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR