İnsanlara hürriyət, millətlərə istiqlal!

Novruz kürd bayramıdırmı?

1217 22.03.2013 12:23 Mətbuat bugün A A
Gözümü açıb görmüşəm ki, Novruz bizim bayramdır. Ağlım söz kəsəndən bura qədər bu bayramı hər il qeyd etmişik. Biz uşaq olanda daha ləzzətli bayramlar keçirərdik. Həmişə tüstüyə, hisə bata-bata tonqal qalayardıq, yumurta döyüşdürərdik, müxtəlif oyunlar oynayardıq. Köhnə paltar-palazı top kimi yumrulayıb bir metrlik məftilə bağlayır, neftə batırır, od vurub yanan şara çevirir, fırlayıb-fırlayıb havaya atırdıq, Ləzzətli olurdu. Ancaq bunun üçün gərək bir az açıqlıq yer seçəydik, hər yerdə etmək olmazdı, evi, ot tayasını və sair yardımçı tikililəri yandırmaq təhlükəsi vardı. Bir sözlə, Novruzun bütün bayram ayinlərini sevə-sevə həyata keçirərdik. Heç ağlımıza da gəlməzdi ki, əslində yaşadığımız dövlətin rəhbərliyi bu bayrama o qədər soyuq baxır, hətta istəyir ki, biz onu keçirməyək. O vaxtlar televizorda biz Novruzla əlaqədar bayram şənlikləri görməzdik, eləcə hərdən hansısa müğənni sözləri “Yurdumuza bahar gəlir, bahar gəlir, yaz gəlir” olan mahnılar oxuyardı. Sonradan, şair Moşu demişkən, yekələndik, ətə-qana dolduq və anladıq ki, hökumət Novruz bayramının Bahar bayramı adı altında qeyd olunmasına məcburiyyət üzündən icazə verib. SSRİ rəhbərliyi görüb ki, xalq öz bayramını unutmur, evində, məhəlləsində olsa da, mütləq qeyd edir, onda sonra deyiblər, ta keçib, bayram edin, amma çox dara-bara salmayın. Lap sonradan məlum oldu ki, Novruz əslində daha qədim bayramdır və heç uzun çəkən ərəb istilası da onu xalqımızın yaddaşından silib-çıxara bilməyib. Bu günlərdə isə Novruzla bağlı daha bir fakt az qala adamların gözünü deşir. Türkiyədə və Avropada yaşayan kürdlər Novruzda özlərinə elə əl qatırlar ki, kənardan baxan deyər, bəli, Novruz sırf kürdlərin bayramıdır və xalq öz bayramını çox sevir. Elə deyil. Bu bayramı dünyanın o başında, Çinin ən ucqar yerlərindən birində yaşayan uyğurlar da, özbəklər də, qazaxlar da, tatarlar da, qırğızlar da, türkmənlər də qeyd edirlər və heç biri elə davranmır ki, sanki Novruz sırf onların milli bayramıdır. Hamı yumurtasını boyayır, hamı tonqalını qalayır, hamı şirniyyət hazırlayır, hamı müxtəlif təntənələi yarışlar keçirir və sair. Ona qalsa Cəbrayıl rayonun Sirik adlı bir kəndi var, onlar Novruzu bütün ayinləri ilə birlikdə keçirən yeganə kənddir. Şah seçirlər, mərasimlər düzənləyirlər. “Şah” qayda-qanunu pozanlara əməlli-başlı cəza kəsir, hamı da ona itaət edir. Amma siirklilər iddia etmirlər ki, bu, məhz onların əcdadlarını icad etdiyi bayramdır. Türkiyə, Suriya, İran və Avropa kürdləri isə artıq Novruzu kürdləşdiriblər. Elə bir hay-küy, coşqu yaradırlar ki, bayram bayramlığında çıxıb milli-siyasi-ictimai aksiyaya çevrilir. Deyəsən, Novruz kürd əşirətlərini birləşdirən yeganə dəyərdir, onlar məhz bayram tonqalı ətrafında birləşə bilirlər, ona görə də onu daha çox sevirlər və ya özlərini elə göstərirlər. Bəlkə də kürdlərin Novruzla bağlı canfəşanlıqları üzündəndir ki, Türkiyə türkləri Novruza bir qədər soyuq yanaşırlar, geniş qeyd etmirlər. Beləcə, ildən-ilə qədim bayramımız gəlib kürd millətçiliyinin tanıdıcı simvollarından birinə çevrilib. Ancaq yuxarıda dediyimiz kimi, bu bayram Şərq xalqlarının hamısının bayramıdır, Zərdüşt peyğımbərin vaxtından qeyd olunur. Axtarsaq, dünyada bizdən başqa heç bir xalqda bu qədər Novruz ad-soyadlı adam yoxdur. Onlardan biri də bu günlərdə 65 yaşını qeyd etdiyimiz Novruz əmidir. Novruz əmi isə Altay tərəflərdən gəlmiş qədim göy türklərə bənzəyir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR