İnsanlara hürriyət, millətlərə istiqlal!

“MELKONYANIN LEŞİ BƏZİLƏRİ ÜÇÜN “XƏZİNƏYƏ” ÇEVRİLİB”

8792 08.11.2012 09:54 Mətbuat bugün A A
“Bu Vətən uğrunda bircə kiçik iş görəni, bir güllə atanı alqışlamaq lazımdır. Amma mənə aydın deyil ki, bəziləri niyə olmayan məsələləri ortaya atıb, bunun ətrafında spekulyasiya edir, şəhidlərimizin ruhunu incidirlər. İbad Hüseynovun ortaya atdığı Melkonyanın başının kəsilməsi məsələsinə uzun müddət dözdüm, amma görürəm ki, danışmamaq da doğru deyil. Uzun zamandır küskünləşib açıqlamalar vermək istəmirdim. Amma general Talıb Məmmədovun cəsarətli açıqlaması məni özümə qaytardı. Buna görə ona minnətdarlıq edirəm. Çalışacam ki, bundan sonra Qarabağ müharibəsini spekulyasiya mənbəyinə çevirib, Bakıda bir neçə avtobus marşrutuna, Bakıda və bölgələrdə hektarlarla torpaq sahələrinə, imarətlərə, şirkətlərə sahib olmaq, var-dövlət, dəbdəbə içində yaşamaq üçün tarixi saxtalaşdıran şəxslərin qarşısında susmayım. Sussam, şəhidlərin ruhu, meyitləri işğal olunmuş ərazilərdə qalıb, qurda-quşa yem olmuş igidlərimizin ruhu, erməni əsirliyində işgəncələr nəticəsində kəfənsiz, Yasinsiz torpağa gömülmüş oğlanlarımızın ruhu mənə qənim olar.
Mən demirəm ki, İbad döyüşməyib. Deyirəm ki, artıq 20 ildir, döyüş tariximizin saxtalaşdırılıb, siyasiləşdirilməsinə son qoymaq lazımdır! O dövrü görməyən bəzi siyasi xadimlərimiz var ki, bu yalanlara bilməyərəkdən yaşıl işıq yandırırlar. Bəs düşünmürsünüz ki, vaxt gələcək, Baş Qərargahın arxivləri açılacaq? Bax, o zaman bu millət saxtakarların qəbirlərini daş-qalaq edəcəklər! Öldürülmüş erməni kəndlisinin kəsilmiş başını Monte Melkonyanın başı kimi cəmiyyətə sırıdığınız yetər! Amma bu leş kimlər üçünsə “xəzinəyə” çevrilib! Sonra da müharibədə can qoymuş, səngər generalı olmuş Talıb Məmmədov kimi kişini yalançı edirlər. Monte əvvəlcə ermənilər tərəfindən döyüşmək üçün Xocavəndə təhkim edilmişdi. Bu məlumatları 1991-1992-ci ilin yayına kimi Ağdam qərargahındakı fəaliyyətim zamanı əldə etmişəm. O, 1992-ci ilin fevral ayının 14-15-də Qaradağlı uğrunda gedən döyüşlərdə digər terrorçu, xarici ölkə vətəndaşı olan, ARABO-nun başçısı, səhra komandiri Manvel Egizoryanla birgə Qaradağlı faciəsini həyata keçirmişdi. Hətta həmin məqamda iki cəllad arasında münaqişə baş verdiyindən ARABO-nun başçısının Sərkisyan tərəfindən geri çağırıldığını da kəşfiyyatçılardan öyrənmişdim. Qaradağlının işğalı günü Ağdam qərargahında sahibsiz qalan rabitə cihazında özüm oturaraq Qaradağlıda məktəb binasına sığınıb, son gülləsinə qədər qəhrəmancasına döyüşüb həlak olmuş oğullarımızın son haraylarını öz qulaqlarımla eşitmiş və əbədi olaraq zehnimə həkk etmişəm: “Bizim atdığımız güllələr bunları öldürmür, bunlar başdan-ayağa zirehə bürünüblər!” Elə həmin gün mərhum Milli Qəhrəmanımız Şirin Mirzəyev vertolyotla Qaradağlının harayına köməyə getmək istəsə də, ermənilər buna imkan verməmişdilər. Şirin Mirzəyevin uşaq kimi hönkürtüsünün şahidi olmuşam".
S.Mahmudova da deyir ki, Melkonyanın konkret kimin gülləsindən öldüyünü kimsə bilmir: “Ağdamın Mərzili və Novruzlu kəndləri uğrunda gedən döyüşdə II batalyonun komandiri Xətai Baxışovun döyüşçülərinin idarə etdiyi BMP mövqelərimizdə xeyli irəliləyərək ermənilər tərəfindən kəndə girən 5 nəfərin oturduğu ”UAZ" markalı maşını vurdular. “UAZ”dan 2 nəfərin sağ çıxaraq qaçıb, binanın divarına qısıldığını gördüklərindən, 2-ci atəşlə həmin binanı vurublar. Bu döyüşü aparanlardan yalnız biri - Asif adlı şəxs sağdır. Bu hadisə Ağdama ilk həmlə günü -12 iyun 1993-ci ildə baş verib. 19 iyunda isə orada həlak olanlardan birinin Melkonyan olduğu təsdiqlənir. Melkonyan Amerika vətəndaşı olduğu üçün hətta ermənicə pis bildiyindən ingiliscə danışırmış, o İbad Hüseynova Azərbaycan dilində necə yalvara bilərmiş? Şəhidlərimizin ruhunu incitmək lazım deyil! Mənim zəngin, gələcək nəslə çatdırılası, çox etibarlı əllərdə olan, gerçək faktları özündə əks etdirən döyüş arxivim var. Bu arxivi mən bəzən göz yaşlarımdan boğularaq, hıçqırıqlar içində, dizimin üstündə, əl boyda kağız parçalarında karandaşla yazmışam. İbad Hüseynovun erməni başı ilə çəkdirdiyi şəkildəki təsvir Melkonyanın deyil, bir erməni kəndlisinindir. Lap uşaq da sosial şəbəkələrdə kəsilən həmin başla Monteni müqayisə etdikdə, onların arasındakı fərqi açıq-aydın görə bilər. Qarabağ bölgəsində Sərdar Həmidovun döyüş xidmətlərini heç düşmənlər də dana bilməzlər. Tərtər Rayonunun İcra Hakimiyyəti binasının qarşısında baş vermiş hadisə əsil həqiqətdir. Amma bir məqam qaranlıqdır ki, orada Sərdar Həmidov deyir ki, Melkonyanın bədəni basdırılmışdı. Ola bilər Sərdar Həmidovun həmin vaxt işləri başından aşdığından bu məsələyə baş qoşmayıb, amma Melkonyanın başının bədənindən ayrılmadan dəfn edildiyinə dair faktlar da var. Ola bilər onun başı sonradan qəbirdən çıxarılaraq kəsilib. Amma onun diri halda basdırılmasına dair videolar və fotolar da var. Əgər Montenin murdar leşi Tərtər bölgəsində basdırılıbsa, onu ekshumasiya edib, həqiqəti xalqa çatdırmaq çətin deyil. Hər halda, vaxtilə döyüş bölgələrində fəal iştirak etmiş, çox dəyər verdiyim general-polkovnik Eldar Mahmudovdan bu düyünü açmaqla xalqa həqiqəti çatdırmağa, kimin saxtakar, kiminsə düzgün olduğunu aşkarlamağa kömək etməyi şəhidlərin müqəddəs ruhu xətrinə xahiş edirəm".
S.Mahmudovanın sözlərinə görə də Montenin ayaması gerçəkdən “Fantomas” olub: “1992-ci ilin noyabrın 7-də Laçının işğaldan azad edilmiş Fingə kəndinə 123 saylı alayın 3-cü batalyonunun (komandirləri Hümbət Əliyev) kəşfiyyatçıları tərəfindən Xınzirəkdən qayıdarkən yolu azaraq, əsir götürülmüş 1969-cu il təvəllüdlü, Xankəndinin milis rəisinin sürücüsü, serjant Samvel Babayanın adıçəkilən alayın qərargah rəisi Nazim Bayramov tərəfindən dindirilməsi prosesində özüm şəxsən iştirak etmişəm. Mən o zaman həmin alayın əsgərlərinin hüquq mühafizəsi üzrə baş müfəttişi vəzifəsini maaş almadan, təmənnasız icra edirdim. Onun dindirməsi zamanı da təsdiqləndi ki, ”Fantomas" həqiqətən Montenin ayamasıdır. Və onu da bildirdi ki, Xocalıda xalqa divan tutan ARABO və onun başçısı Manvel Egizoryan olub. ARABO-nu Həsənqayada Mehman Ələkbərovun başçılığı ilə Xanlar rayon sakini olan Vaqif Həmidovun 18 nəfərdən ibarət olan kəşfiyyat qrupu məhv etdi".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR