İnsanlara hürriyət, millətlərə istiqlal!

MANSHET

1003 29.06.2013 16:14 Mətbuat bugün A A

“İkinci iqtidar partiyası”nda casus izi
DADP-də baş verənlərin pərdəarxası
Demokratik Azərbaycan Dünyası Partiyasının İran və Rusiya ilə bağlantıları olduğu iddia edilir; parçalanmış təşkilatdakı insanların bəzilərinin Tehrandan, bəzilərinin Moskvadan təlimat alması ilə bağlı güc strukturlarının araşdırmalara başladığı xəbərləri var
Bir həftə öncə ölkə siyasətində maraqlı bir gəlişmə baş verdi. “İkinci iqtidar partiyası” kimi tanınan Demokratik Azərbaycan Dünyası Partiyasının üzvləri konfrans keçirərək, birinci ledi, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban Əliyevanın prezidentliyə namizədliyini irəli sürdülər. Daha dəqiqi, bir müddət öncə iki yerə parçalanmış DADP-nin Əlisahib Hüseynov adlı şəxsin rəhbərlik etdiyi qanadı bu təşəbbüslə çıxış etdi.
Bu, siyasi çevrələrdə ilk günlərdə şok effekti verdi. O nöqteyi-nəzərdən ki, bundan cəmi 15 gün əvvəl Yeni Azərbaycan Partiyası təcili qurultay keçirərək, 2013-cü il seçkilərinə prezident İlham Əliyevin namizədliyini üçüncü dəfə irəli sürüb. Siyasətlə az-çox maraqlanan insanlar bilir ki, Azərbaycan iqtidarının bəlli idarəetmə mexanizmləri, seçkilərdə iştirak qaydaları var. Bunların fonunda hakimiyyətin öz namizədini rəsmi qaydada irəli sürməsindən sonra iqtidarın içindən ikinci şəxsin namizədliyinin verilməsi təşəbbüsü təəccüblü görünməyə bilməzdi. Ancaq bəlli olan bu idi ki, bu heç də iqtidarın “seçkilərə iki namizədlə getmək” siyasəti deyildi. Burada xeyli müəmmalı məqamlar haqda danışıldı, müxtəlif versiyalar üzərində təhlillər aparıldı. YAP-dan gələn reaksiyalar isə “bu təxribatdır” formasında oldu, hətta YAP-ın ünlü simalarından olan deputat Siyavuş Novruzov DADP-ni “reket partiya” adlandırdı. Təbii, burada klanların savaşı da açıqca özünü göstərirdi və bu haqda da yazılar yazılıb. Ancaq məsələnin indiyədək müəmmalı qalan bir tərəfi var: DADP-nin bu təşəbbüsü irəli sürməsi kimlərə lazım idi, bundan kimlər divident qazanmaq istəyib? Bu istiqamətdə redaksiyamıza iqtidara yaxın olan bir mənbədən maraqlı məlumatlar daxil olub. Bizi bilgiləndirən qaynaq qeyd edib ki, DADP-nin bu təşəbbüsü irəli sürməsi hakimiyyət rəhbərliyi üçün də təəccüblü olub: “Çünki hələlik hakimiyyət seçkilərə yalnız bir namizədlə getmək kursunu seçib. Düzdür, üçüncü dəfə namizədlik məsələsinə beynəlxalq aləmin müəyyən təpkiləri də var, amma iqtidar bu yolu ən uğurlu model kimi seçib və geri çəkilmək niyyətində də deyil. Nəzəri baxımdan kritik durum yaranarsa, iqtidardan başqa bir şəxsin namizədliyinin irəli sürüləcəyi istisna deyil. Amma bu, birbaşa ölkə rəhbərliyinin öz qərarı ola bilər, hansısa təşəbbüsdən söhbət belə gedə bilməz. Ona görə də Mehriban Əliyevanın namizədliyinin qalmaqallı və parçalanmış, hələlik statusu bəlli olmayan partiya tərəfindən irəli sürülməsi iqtidar rəhbərliyini də müəyyən araşdırmalar aparmağa sövq edib. İlkin araşdırmalar zamanı ortaya çox ilginc faktlar çıxıb. Bəlli olub ki, birinci ledinin namizədliyi təşəbbüsünü qaldıran DADP qanadında təmsil olunan şəxslərin əksərinin xaricdəki qüvvələrlə ciddi əlaqələri var. Məsələn, hazırda DADP-nin Əlisahib Hüseynov rəhbərlik edən qanadında müavin olan Elşad Əliyevin İrana bağlı olması haqda kifayət qədər məlumatlar əldə edilib. O, hətta iki il öncə İranın müəyyən dairələrinin dəvəti ilə partiya rəhbərliyini, o cümlədən o zamankı sədr Məmməd Əlizadəni də İrana böyük bir konfransa aparmışdı. (Yeri gəlmişkən, Məmməd Əlizadə əməkdaşımızın sualına cavab olaraq belə bir səfərdə iştirak etdiyini təsdiqləyib - red.) Həmin tədbirdə İranın sabiq prezidenti Əhmədinejad belə iştirak edib. İddialar budur ki, Elşad Əliyev İranla sıx bağlı olan adamdır. Həmçinin hazırda həmin qrupda olan Sevda Qələndərli (artıq soyadını dəyişərək, Xurşudova edib - red.) Gürcüstan doğumludur, ”Milyarderlər İttifaqı"nın üzvü Söyün Sadıqovun yaxın adamıdır. Söyün Sadıqov isə bəllidir ki, Rusiyanın xüsusi statuslu adamıdır. Mehriban Əliyevanın namizədliyinin verilməsi təşəbbüsünü də bilavasitə Sevda Xurşudova qaldırıb. Bu xanımla bağlı şübhələr böyükdür və ciddiyyəti də vardır.
Bir vacib məqam da ondan ibarətdir ki, DADP Mehriban Əliyevanın namizədliyini irəli sürdükdən dərhal sonra Söyün Sadıqov mətbuata verdiyi açıqlamasında onu ən şanslı lider kimi təqdim etmişdi. Bu nöqtədə müəyyən ipucları görünür. Bu məsələlərin araşdırılması Azərbaycanın güc strukturlarına həvalə edilib və DADP-dəki xaricə - İrana və Rusiyaya bağlı şəxslərin təftiş edilməsi istiqamətində ciddi işlər gedir. Əgər onların bu təşəbbüsü xaricdən aldıqları təlimat əsasında irəli sürdükləri təsdiqlənərsə, həmin şəxslərin həbsi qaçılmaz olacaq".
Bu xəbərlərdən belə aydın olur ki, YAP rəhbərliyinin və iqtidar təmsilçilərinin məlum təşəbbüsü təxribat adlandırmaları heç də təsadüfi olmayıb. Görünür, hələ ilk günlərdən hakimiyyət mənsublarında müəyyən bilgilər və ya əsaslar olub. Güman ki, bu məsələnin üzərindən hakimiyyət sükutla ötməyəcək; çünki məsələ kifayət qədər ciddi xarakter almış kimi görünür. Yəni prosesin xaricdən yönləndirilməsi birbaşa indiki hakimiyyəti zəiflətməyə hesablanmış məsələdir. Buna qarşı ciddi müqavimət göstəriləcəyi və konkret adamların zərərsizləşdiriləcəyi ehtimalı istisna deyil.
T.ƏHMƏDLİ


Rejimin “fikir atası” bizik
zamin
Bacarıqlı hərbçimiz, ləyaqətli insan, hazırda rejimin repressiyaları üzündən mühacirətdə yaşamağa məcbur olan İsa Sadıqovun əsgərliyim vaxtı mənə böyük köməyi dəyib. İndi sağ olmağıma görə borclu olduğum adamlardan biri də İsa bəydir. (Sağ olmağıma görə xeyli insana borcluyam, bunu da qeyd eləməliyəm, ölsəm bu borcdan çıxammaram). 24 iyunda İsa bəyin doğum günü münasibətilə sosial şəbəkədə - facebook-da təbrik yazmışdım. Qeyd etmişdim ki, 14 il qabaq əsgərlik vaxtı zabitlər məni xüsusi qoruyurdular və sonradan bunu İsa Sadıqovun tapşırığı ilə etdiklərini söylədilər.
İndi bunu xatırlatmağımın səbəbi isə nə İsa bəylə, nə ordu ilə bağlıdır. Həmin təbrik mətninin altından şərhlər yazılmışdı, bir nəfər isə məni qınamışdı: “Siz bunu yazdınız, həmin zabitlər zərbə altına düşəcək”. Təkrar elədim ki, artıq 14 il keçib, o zabitlərin də hamısı artıq tərxis olunublar, təqaüddədirlər və sairə. Dostumuz kirimədi: “Birdən hökumət gedib onların pensiyasını kəssə nə olacaq?” Cavab yazdım: “Bəy, narahat olmayın, hökumət Sizin qədər qəddar deyil”. Açığı, burda “qəddar” sözünü bir az kəskin yazdığımı düşündüm və nə yaxşı dostumuz incimədi.
Ancaq üstündən neçə gün keçsə də mən o söhbəti unuda bilmirəm. Bir növ, yaddaşıma “Moment” yapışqanı ilə bərkidilib.
Şər əməllər, pisliklər əslində bizim beynimizdə doğulur, formalaşır, sonradan hakimiyyət bu hazır ideyaları, plan və layihələri götürüb həyata keçirdir. Biz yapokratiyanın “fikir atası”yıq. Binadan belə olub. Məsələn, 1992-1993-cü ildə camaat demokratik azadlıqlara, məsuliyyət hissinə dözməyib “dəmir əl” arzusuna düşdü. Açıq-aydın deyirdilər ki, gəlsin, bizi döysün, minib çapsın.
İndi də hakimiyyət bizim qorxularımızla yemlənir. Corc Oruellin “1984" romanındakı kimi, bizim qorxularımızı öyrənir, hər birimizi o zəif nöqtədən sındırırlar. Romanda qəhrəman siçovuldan qorxurdu, onu siçovulla qorxudub sındırırlar, bizdə də müxalifətçilər iş yerini itirməkdən, cibinə nəşə atılmasından, şərlənməkdən qorxur, rejim də bu üsullardan yararlanır.
Əslində qorxu hissi normal hissdir, ancaq biz heç nədən qorxuruq. Özümüz-özümüzü “satırıq”, ifşa edirik, rejimə çirkin ideyaları peşkəş edirik. Yuxarıda yazdığım adamın fikirləri kimi. İnanmıram ki, hökumətdən kiminsə ağlına gələrdi 14 il qabaqkı bir kiçik əmələ görə indi hansısa istefada olan zabiti axtarıb tapsın, onun pensiyasını kəssin. Ancaq vətəndaşın ağlına gəlir! Gözümüzü bu dərəcədə qorxudublar.
Mürəkkəb şər planları, layihələri cızmayın, bu rejim olduqca primitiv, qorxaq rejimdir. İndiyədək fərli müqavimət görmədiyi üçün lotuluq edir. Onlar güclü deyil, biz zəifik. Onlar ağıllı deyil, biz avamıq. Onlar hətta çox öyündükləri kimi, pullu da deyillər. Dünyanın leqal, qeyri-leqal milyarderləri siyahısına da düşməyiblər. Sadəcə, biz o qədər kasıb, yoxsul, görməmiş ölkədə yaşayırıq ki, burda hər yoldan ötən forslana bilər, “baxın, nələrim var” deyər, biz də ağzımızı ayırıb heyran qalarıq.
Söz primitivlikdən düşmüşkən... “NİDA” Vətəndaş Hərəkatının xeyli üzvləri vəhşicəsinə (“qanunsuz” yazmaq artıq arxaik sayılır) həbs edilib. Onları tutanda “Molotov” kokteyli hazırlamaqda suçlamışdılar. Mən hələ bir neçə ay qabaq, o uydurma cinayət işi açılan zaman bu kokteyli hazırlamağın özlüyündə cinayət sayılmadığını yazmışdım. Çünki bunun tərkibində qanunsuz heç nə yoxdur. Yalnız bu məhlul butulkada kiməsə, harasa atıldığı və yanğın törətdiyi zaman cinayət aləti sayıla bilər. Örnək üçün: bıçaq, balta adi halda cinayət məsuliyyəti yaratmır.
Ancaq yapokratiya bu adi həqiqəti anlamadı, bir neçə ay gənclərə qarşı gülünc ittiham yerində qaldı. İki-üç gün qabaq isə vəkil açıqlama verdi: indi ordakı butulkalardan birindən guya partlayıcı maddə tapıblar. 4 aydan sonra! Bu qədər idiot istintaq olmaz ki. Camaatın uşağını “Molotov”la şərləyib neçə ay telekanalizasiyada kinosunu də göstəriblər, indi bu kokteyl öz-özünə partlayıcıyamı çevrildi?
Saxta istintaq uzansa, bəlkə o butulkalar atom bombasına çevriləcək. Bu da məndən hökumətə ideya olsun...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR