İnsanlara hürriyət, millətlərə istiqlal!

“BÜTÖV AZƏRBAYCAN” QƏTNAMƏSİ KONQRESƏ TƏQDİM OLUNDU

675 15.09.2012 19:58 Mətbuat bugün A A
Konqresmen Rorabaherdən Azərbaycan üçün çox təhlükəli təşəbbüs
Bakıya müəmmalı səfərdən dərhal sonra Nümayəndələr Palatasının respublikaçı üzvü İranda yaşayan azərbaycanlıların müstəqilliyinin dəstəklənməsi ilə bağlı layihə təqdim etdi; Vaşinqton ideyanı dəstəkləmir, Amerikanın mühafizəkar çevrələrinin Tehrana təzyiqi artırmaq cəhdləri azərbaycanlıların güdaza getməsinə səbəb ola bilər
ABŞ Konqresinin Respublikaçılar partiyasından üzvü, bu yaxınlarda dövlət katibi Hillari Klintona İranda yaşayan azərbaycanlıların müstəqilliyinin dəstəklənməsinə dair rəsmi sorğu göndərən Deyn Rorabaher öz təşəbbüsündə daha da irəli gedib. “Turan”ın Vaşinqton müxbiri xəbər verir ki, konqresmen İran azərbaycanlılarının müstəqilliyinin dəstəklənməsini nəzərdə tutan qətnamə layihəsini Konqresə təqdim edib.
Bu təşəbbüs konqresmenin Bakıya ötən həftə etdiyi müəmmalı səfərindən sonraya təsadüf edib. Xəbər verildiyi kimi, Rorabaher İran azərbaycanlılarının müstəqilliyinin dəstəklənməsinə dair təşəbbüs qaldıran ilk amerikalı konqresmendir və ilk dəfədir ki, bu məsələ Konqresdə bu cür formada müzakirəyə çıxır. Dövlət katibi H.Klinton Rorabaherin məlum sorğusuna cavab verib, ancaq Dövlət Departamenti məsələnin kifayət qədər həssas olduğunu nəzərə alaraq cavab mətnini açıqlamayıb. Dövlət katibindən cavab aldıqdan bir müddət sonra Rorabaherin başçılıq etdiyi Konqres nümayəndə heyəti Bakıya səfər edib və prezident İlham Əliyevlə görüşüb. Rəsmi açıqlamada görüşdə ikitərəfli və regional məsələlərin müzakirə olunduğu göstərilib. Rorabaher səfəri zamanı media ilə təmasda olmayıb.
Məlumata görə, onun Bakıdan qayıtdıqdan sonra Konqresə təqdim etdiyi qətnamə layihəsində (H. CON. RES. 137) göstərilir ki, Azərbaycan xalqı İran və Azərbaycan arasında bölünüb və öz müstəqilliyini, suverenliyini elan etməyə hüququ var. “Azərbaycan xalqı öz siyasi strukturunu və yaşamaq istədiyi ölkəni seçmək hüququna malikdir. Bu, Vaşinqtondakı bürokratların və ya İrandakı molla diktaturasının işi deyil. Heç bir səbəb yoxdur ki, İranda yaşayan azərbaycanlı əhali suverenlik və müstəqillik məsələsində seçim etmək hüququndan məhrum olsun”, - deyə konqresmenin bəyanatında bildirilir.
Rorabaher yeni təşəbbüsü ilə bağlı bildirib ki, əgər Azərbaycan xalqı öz gələcəyini referendum yoluyla müəyyən etmək istəyirsə, o zaman ABŞ bunu dəstəkləməlidir. “Mənə bunu eşitmək qəribədir ki, Dövlət Departamenti və Tehran İran xalqının azərbaycanlıların böyük əksəriyyətinin nə düşməsindən asılı olmayaraq indiki sərhədlər daxilində yaşamalı olduğunu qəbul edir. Mən İran hökumətini öz azərbaycanlı əhalisinə gələcək dövlətlərini qurmaq barədə referendum imkanı verməyə çağırıran”,- deyə, o bildirib. Konqresmenin təqdim etdiyi qətnamə layihəsində göstərilir ki, İranda etnik azərbaycanlıların yaşadığı əyalətlər Şərqi və Qərbi Azərbaycan adlandırılır. “Bununla da Tehran qəbul edir ki, azərbaycanlıların vətəni parçalanıb”, deyə layihədə bildirilir. Rorabaherə görə, ABŞ-ın siyasəti milli azlıqların hüquqlarının müdafiəsindən, təcavüzün qarşısının alınmasından və insan haqlarının pozulmasına qarşı çıxmaqdan ibarətdir. Ona görə də bölünmüş vəziyyətdə olan Azərbaycan xalqı öz müqəddəratını təyin etmək hüququna malikdir.
Konqres üzvlərinin bu layihəyə necə reaksiya verəcəkləri hələ bəlli deyil. Lakin aydındır ki, Rorabaher məsələni Konqresdə müzakirəyə çıxarmaqla təhlükəli proses başladıb. Amerikalı analitik, bundan əvvəl Pentaqonda İran və İraq üzrə müşavir işləmiş Maykl Rubin deyib ki, Konqresin xarici əlaqələr komitəsinə hansısa qətnamə layihəsi təqdim etmək adi prosedurdur: “Əgər komitə bu layihəyə baxmasa o elə oradaca qalacaq. Lakin məsələ ondadır ki, konqeresmenin təşəbbüsü fayda verməyəcək. Mahiyyətcə bu anti-İran qətnamə layihəsidir və azərbaycanlılara heç bir xeyir gətirməyəcək”, - deyə ekspert bildirib. M. Rubinə görə, əgər Rorabaher Azərbaycana kömək etmək istəyirdisə, o zaman Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına dərhal son qoyulmasına çağıran layihə təqdim edə bilərdi. Ostin Universitetindən digər ekspert Maykl Tkaçik də “Turan”a açıqlamasında layihənin Konqresin mövqeyini əks etdirmədiyini, yalnız hər iki palatada təsdiqlənəcəyi halda bu qüvvəyə malik olacağını deyib. “İranla münasibətlərin gərginliyini nəzərə alsaq hesab edirəm ki, bu təşəbbüs ancaq Tehrana təzyiqləri artırmağa yönəlib”, deyə, Tkaçik bildirib.
Qeyd edək ki, Rorahaberin qətnamə layihəsini Bakıya səfərin ardınca təqdim etməsi situasiyanı daha da qəlizləşdirir. Çünki İranda dərhal belə şübhələr yarana bilər ki, rəsmi Bakı da konqresmenin İran azərbaycanlılarının müstəqilliyinə dair amerikalı konqresmenin təşəbbüsünə dəstək verib. Bu da Azərbaycanın İranla onsuz da neçə vaxtdır gərgin olan, son vaxtlar müəyyən yumşalma əlamətləri müşahidə edilən münasibətlərini daha da mürəkkəbləşdirə bilər. “Yeni Müsavat” yazmışdı ki, konqresmen Rorabaherin Bakıdakı görüşlərində onun dövlət katibinə göndərdiyi sorğu ilə bağlı məsələ də müzakirə olunub. Lakin onu da göstərmişdik ki, Azərbaycan rəhbərliyi bu cür təşəbbüsə dəstək verə bilməz. Doğrudur, İranla qarşıdurma dövründə hakimiyyət düşərgəsindən bəziləri İran azərbaycanlılarının hüquqlarının pozulması problemini qaldırırdılar, hətta parlamentdə Azərbaycanın adını dəyişdirib “Şimali Azərbaycan respublikası” qoymaq təklifi də verildi ki, bu da bölünmə problemini rəsmiləşdirmək kimi qəbul olunmuşdu. Bununla belə, Bakı bu məsələdə konqresmen Rorabaherin təşəbbüsünü dəstəkləyəcək dərəcədə irəli getməsi ehtimalı olduqca azdır.
ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstar da jurnalistlərlə işgüzar təmasında Rorabaherin Bakıya səfəri zamanı onun qalmaqallı təşəbbüsü ilə bağlı müzakirələrin olduğunu təsdiqləyib. Ancaq səfir deyib ki, rəsmi Vaşinqton İranla Azərbaycan arasında indiki sərhədləri tanıyır və onun dəyişdirilməsinə dair təşəbbüsləri dəstəkləmir. Diplomata görə, konqresmen Rorabaher vaxtaşırı olaraq müxtəlif maraqlı ideyalarla çıxış edir, ancaq onun dedikləri ABŞ-ın mövqeyi deyil. Ehtimal ki, dövlət katibinin konqresmenin sorğusuna cavabında da bu mövqe əks edilib. Gözləmək olar ki, Amerikada azərbaycanlıların müstəqilliyinin müdafiəsi yönündə Rorabaher tərəfindən başladılan kampaniyaya İran hakimiyyəti aqressiv reaksiya verəcək və bu ölkədə azərbaycanlılara qarşı repressiyalar daha da şiddətlənəcək. Yəni amerikalı analitiklərin də təsdiq etdiyi kimi konqresmenin İrana təzyiqləri artırmaq və bu məqsədlə etnik amildən istifadə etmək təşəbbüsünün azərbaycanlılara və Azərbaycan dövlətinə ancaq ziyanı toxunacaq.
Yekunda bunu da diqqətə çatdıraq ki, konqresmen Rorabaher xüsusi ermənipərəstliyi ilə seçilir və erməni lobbisinin birinci dərəcədən olan siyahısında yer alır.
Siyasət şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR