İnsanlara hürriyət, millətlərə istiqlal!

Mənzil bazarında canlanma: “Tələbələr və turistlər tələbatı artırıb” REPORTAJ, FOTOLAR

1933 25.08.2017 19:17 İqtisadiyyat A A

Son günlər mənzil bazarında canlanma yaranıb. Bir tərəfdən şəhərimizə gələn turistlərin kirayə evlərə üstünlük verməsi, digər tərəfdən yeni tədris ilinin başlaması ilə əlaqədar tələbələrin paytaxta üz tutması kirayə evlərin qiymətlərinə də təsir edib. Yayın ortalarında bazarda durğunluq yaşansa da indi bunun əksi müşahidə olunur. Mənzillərin alqı-satqısında isə durğunluq yaşandığından faktiki olaraq qiymətlərdə ciddi bir dəyişiklik yoxdur.

“Yeni Müsavat”ın müxbiri mənzil bazarındakı son durumu öyrənmək üçün ev dəllallarının oturduğu “Ofis”lərə baş çəkərək qiymətlərlə maraqlanıb.

Maklerlərin sözlərinə görə, köhnə binalarda satılan mənzillərin qiymətində elə bir artım və ya azalma qeydə alınmayıb: “Məsələn, Nizami rayonu ərazisində Xruşşovkalarda ikiotaqlı orta təmirli mənzili 60-65 min manata əldə etmək mümkündür. şəhərin mərkəzində isə eyni mənzilin qiyməti ən azı 50 faiz daha bahadır. Qiymətlər necə varsa, elə də qalıb, nə bahalaşma , nə də ucuzlaşma müşahidə olunmur.

Dəllallar onu da qeyd etdilər ki, mənzil bazarının nəbzi əvvəllər Nizami rayonundakı “Makler bağında” döyünürdü, lakin oranı dağıtdıqdan sonra əvvəlki canlanma hiss olunmur”.

Ev alqı-satqısı ilə məşğul olan Səfər Məmmədov deyir ki, paytaxtın bir çox ərazilərində ikimərtəbəli köhnə binaların sökülməsinə başlanılması mənzil bazarında canlanma yarada bilər.

Digər bir makler isə bildirdi ki, hazırda müştərilər daha çox şəhərin mərkəzində, metro ətrafında, avtobus dayanacaqlarına və mərkəzi yola yaxın ərazilərdə yerləşən evlərə üstünlük verirlər: “Metro ətrafında qiyməti 50-70- min manat civarında bir mənzil satışa qoyulan kimi qısa müddətdə satılır. Çünki belə mənzillərə tələbat böyükdür. Söhbət evin keyfiyyətindən yox, yerləşdiyi ünvanın metroya yaxınlığından gedir. Metro ətrafındakı ilə nisbətən uzaqda yerləşən mənzilin qiyməti arasında minimum 5 min, maksimum 15-20 min manat fərq ola bilər”.

Həmsöhbət olduğumuz dəllallar deyir ki, sentyabr ayı onlar üçün əsas mövsüm sayılır. Çünki bu dövrdə regionlardan gəlib Bakıdakı ali məktəblərdə oxuyan tələbələr kirayə evlərə tələbatı artırırlar. Hətta iki övladı Bakıda təhsil alan valideynlər onlar üçün burada ev almağa da çalışırlar. Bu da bazarda müəyyən qədər canlanma yaradır.

Hazırda Bakının metroətrafı kimi tanınan ərazilərində ikiotaqlı, normal təmirli və əşyalı evin kirayə haqqı 350-400 manatdır. Bir qədər kənarda bu qiymət 300 manatdır. Son vaxtlar kirayə evlərlə bağlı qiymətlərin yaxın vaxtlarda təxminən 20-25 faiz bahalaşacağı gözlənilir.

Qeyd edək ki, daşınmaz əmlak bazarında alqı-satqı ilə bağlı durğunluq davam edir. Maklerlər bunun səbəbini Rusiyada çalışan həmvətənlilərimizin ölkəyə daha az vəsait göndərməsi ilə izah edirlər. Onların sözlərinə görə, öncəki illərdə mənzil bazarını canlandıran əsas qüvvə məhz Rusiyadan göndərilən vəsaitlər olub.

İqtisadçı ekspert Qubad İbadoğlu da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, böyük alışların hamısında durğunluq yaşanır: İstər mənzil, istər avtomobil, istərsə də mebel satışında durğunluq yaşanır. Çünki hazırda iqtisadiyyat böhran dövrünü yaşayır. İnsanlar pul ehtiyatları olsa belə, böyük alışlara pul yönəltmək istəmirlər, tərəddüd edirlər. Çünki onun riski daha çoxdur. Hazırda hər növ alışlarla bağlı risklərin artması dövrüdür. O baxımdan hesab edirəm ki, bunlar iqtisadi amillələ bağlıdır.

Hazırda kirayə mənzillərə tələbat o qədər də yüksək deyil. Ancaq tədris ilinin başlaması ərəfəsində qiymətlərdə müəyyən dəyişikliklər olacaq, kirayə bazarında bahalaşma ola bilər. Bu gözləniləndir. Əvvəllər daha çox rayondan gəlib tikintidə çalışanlar kirayə mənzillərə tələbat yaradırdılarsa, indi tikinti prosesi əvvəlki kimi geniş deyil”.

İqtisadçının sözlərinə görə, kirayə bazarında yeni tələblər də yaranıb: “Çünki ölkəyə gələn xarici turistlər üçün də Azərbaycanın kirayə bazarı cəlbedici ola bilər. Bəzi xarici şirkətlər var ki, onlar əksər ölkələrdə, o cümlədən də Azərbaycanda evlərin kirayə verilməsini təşkil edirlər. Həm turistlərin sayının artması, həm də tələbələrin tədris prosesinə qoşulması kirayə bazarında tələbatı artıracaq və bu mənada qiymətlərdə artım gözləniləndir.

Mənzillərin qiymətinə gəlincə Q.İbadoğlu elə bir dəyişikliyin olmadığını bildirdi: Problem ondadır ki, mənzillərin satışı yoxdur. O baxımdan faktiki satış qiymətlərində artım yoxdur. Təklif olun an qiymətlər isə həddindən artıq yüksəkdir. Lakin alıcılıq səviyyəsi aşağı olduğundan qiymətlərdə ya azalma olmalıdır, ya da əvvəlki qiymətlər saxlanılmalıdır. Real qiymət artımından danışmaq üçün əsas yoxdur”.

Nərgiz LİFTİYEVA
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR