İnsanlara hürriyət, millətlərə istiqlal!

Zilhiccə - mənəvi imkanlarla bol olan ay

1465 02.09.2016 08:34 Mənəviyyat A A
Artıq mübarək zilhiccə ayı yaxınlaşmaqdadır. Müqəddəs dinimiz bu ayın şərafətli bir ay olduğunu bildirir. Mübarək Zilhiccə ayı vücudi inkişaf üçün gözəl fürsətlər təqdim etmə baxımından çox böyük əhəmiyyət kəsb edir. Rəhim və Rəhman Allah insanın ruhi naqislikdən qurtulması, mənəvi kamilliyə çatması üçün xüsusi vasitələr qərar vermişdir. Bunların arasında xüsusi məkanlar, xüsusi zamanlar, şəraitlər də vardır.

Məsələn, insan müəyyən zamanlarda namaz qılır, oruc tutur - nəticədə, çox özünəməxsus bir ruhi tərəqqi əldə etmiş olur. Şəfaət diləmə, təvəssül etmə, ziyarət, həcc - bunların hamısının çox böyük bir hikməti vardır. Daxil olan zilhiccə ayı məhz belə məqamlarla kifayət qədər zəngindir.

Mübarək tarixlər

Zilhiccə ayının ilk ongünlüyü - fəzilət və bərəkətliliyin zirvəsi olan günlərdir. Əziz Allah Elçisindən (s) rəvayət edilir ki: «Heç bir əyyamda edilən xeyirli əməl və ibadət, Allah Təala dərgahında bu on gündə (zilhiccə ayının ilk ongünlüyü) ediləndən daha sevimli deyildir». 

Zilhiccə ayının 10-u - müqəddəs Qurban bayramı günüdür. Fədakarlıq, özünün olandan Allah üçün keçmək məktəbidir Qurban.

Zilhiccə ayının 18-i - Qədir-Xum bayramıdır. Həzrət Əlinin (ə) Rəsuli-Əkrəmin (s) canişini və vəsisi elan edildiyi gündür. Dinin kamala çatdığı, nemətin tamamlandığı gündür. 
Bu ayın müxtəlif tövsiyə olunmuş əməl və ibadətləri vardır. Ən əsası isə əməllərimizin qürbət qəsdi ilə (Allaha yaxınlaşmaq niyyətilə) yerinə yetirilməsinə diqqət etmək lazımdır.
Mübarəklik elə ayın ilk günü başlayır - zilhiccənin 1-i mübarək bir tarixdir - hicrətin 2-ci ilində Həzrət Əli (ə) ilə Xanım Fatimənin (s.ə) izdivacı bu gündə baş vermişdir. Hamımızın qədrini bilməli olduğu bir gündür bu. Niyə? Çünki həmin gün yaşayış tərzinin, ailə qurulmasının, ailə üzvlərinin bir-birinə münasibətinin, qarşılıqlı hörmətin dəqiq islami modelidir. Bu günü qeyd etmək, bu günün duyğuları ilə yaşamaq çox önəmlidir. Çünki insan bu günə müəyyən münasibət təzahür etdirdikdə istər-istəməz özünü, həyat tərzini, ailə münasibətlərini, həyat yoldaşına, uşaqlara qayğını bu ideala uyğunlaşdırmağa çalışır. Yəni əgər insan üçün ailə, insanlara münasibət, yaşayış tərzi, ümumilikdə dəyər baxımından Həzrət Əli (ə) ilə Xanım Fatimə (s.ə) simvoldursa, bir nümunədirsə, demək onların ailə qurduqları gün də bu insan üçün ələmətdar bir tarixdir. Özü də elə bir tarix ki, real tərəqqi üçün bir impuls rolunu oynamış olsun.

Bu gün oruc tutmaq çox tövsiyə olunan əməllərdəndir. İslami mənbələrə görə, ilk 9 günü tutulan oruca görə, insana bir ömür tutulan orucun savabın əta edir Mütəal Allah. Eləcə də bu 9 günün hər birinin özünəməxsus zikrləri vardır. Əslində bütün bunlar, insanın daima Allah dərgahında olmasının fərqinə varması üçün bir ilahi lütflərdir.

Təkcə onu qeyd etmək kifayətdir ki, «Tərviyə günü» adlanan 8-ci günün orucunun 60 illik kəffarəni aradan aparmaq qədər fəziləti vardır.

9-cu günə - Ərəfə gününə keçən gecə, 170 ilin ibadətinin savabını verən, tövbələrin qəbul olunduğu, duaların müstəcəb olduğu gecələrdəndir. Ərəfə gününün özünə gəldikdə isə, bu günün fəzilətləri o qədər böyükdür ki, hətta onu bayram kimi qeyd edirlər. Ərəfə günü ibadətə, itaətə dəvət, ruhun pərvazı günüdür, Allahın ehsan günü, iblisin xar, həqir olan, qovulan günüdür.

Ərəfə günündə İmam Hüseyni (ə) ziyarət edə bilən insan, 1000 həcc, 1000 ümrə, 1000 cihadın savabını apara bilər. Həmin gün tövsiyə olunan əməllərdən biri də əsr namazından sonra, Ərəfə duasını oxumazdan öncə 2 rükət namaz qılmaqdır ki, bunu qılan və günahlarını etiraf edərək, məğfirət diləyən insan Ərəfat savabına malik olar və günahları bağışlanar.

Zilhiccə ayının duası

Zilhiccə ayının əhəmiyyətini tam surətdə açıqlamaq üçün dinimizin gözəl dua töhfələri vardır. İmam Cəfər Sadiqdən (ə) nəql edilən, zilhiccə ayına aid gündəlik duaya diqqət yetirək. Bu duanın hər bir məqamı insanın kamilləşmə arzusuna sanki bir cavabdır. Öncə bu günlərin əhəmiyyətliyi çatdırılır: «Allahım! Bu, bir günlərdir ki, Sən o biri günlərdən daha fəzilətli və daha şərəfli qərar vermisən». «Sən Öz lütf və mərhəmətinlə, mənə bunu dərk etməyi nəsib etmisən» - bu, bir İlahi lütfdür ki, insan bu günlərin əhəmiyyətini anlayıb, onlardan bəhrələnə bilsin.«Bəs (onda) nazil et mənə bu günlərin bərəkətini. Və bu günlərə aid nemətlərdən mənə bolluca nəsib et!»

Sonra dua edən bəndə, çağırışını mübarək salamlarla bərəkətləndirir: «Allahım, Səndən istəyim budur ki, Həzrət Peyğəmbərə (s) və onun Əhli-Beytinə (ə) salamı çatdırasan». Sonra duada düzgün seçimdə yardım dilənir: «Allahım! Səndən istəyim budur ki, bu günlərdə hidayət yoluna, iffət yoluna, insanlardan ehtiyacsızlıq yoluna düşməyi mənə nəsib edəsən. Və o əməllərə yönəldəsən məni ki, bu əməllərə Səndə sevgi var və Sən bu əməllərdən razısan».

Duanın növbəti mərhələsində bəndə Rəbbinə tərəf öz gizli vücudi istəklərini yönəldir: «Allahım!, Sən, ey bütün şikayətlərin yönəlik ünvanı! Ey bütün daxili sirləri bilən və eşidən bir kəs! Ey bütün varlıqların şahidi! Ey bütün gizlinləri bilən! Həqiqətən Səndən diləyirəm, Səndən istəyimiz budur ki, Peyğəmbər (s) və Əhli-Beytinə (ə) salam göndər və bütün bəlaları məndən bu günlərdə uzaq et! Və bu günlərdə mənim dualarımı müstəcəb et! Bu günlərdə məni qüvvətləndir! Bu günlərdə o şeyləri mənə inayət göstər və tövfiq əta et ki, onları sevirsən, onlarda razılığın var! Sənə itaət etmək tövfiqini, Sənin Rəsuluna (s), Sənin Məsumlarına (ə), onların pak naiblərinə itaət etmək tövfiqini istəyirəm Səndən, ey Allah!»

Dua edən mübarək günlərin xeyir-bərəkətinin ona hədiyyə olunmasını istəyir: «Allahım! Ey rəhimlilərin Ən Rəhimlisi! Mən həqiqətən Səndən istəyirəm ki, Peyğəmbər (s) və onun Əhli-Beytinə (ə) salam göndər! Bu günlərdə mənə riza və təslim məqamını hədiyyə et! Sən həqiqətən duaları eşidənsən! Bu günlərdə asimandan nazil etdiyin xeyirlərdən məni məhrum etmə! Allahım! Məni günahlardan pak qərar ver!»

Sonra yenə Allahın sevimli-seçilmiş bəndələrinə salam göndərməklə dua zinətləndirilir və vacib olan məsələlər istənilir: «Ey qeybləri bilən! Mənə əbədi cənnəti vacib et! Salam göndər Peyğəmbərə (s) və onun Əhli-Beytinə (ə)! Bu günlərdə məni o günahı etməyə nəsib etmə ki, onu bağışlamayacaqsan! Mənə o qəmi nəsib etmə ki, ondan nicat yoxdur! Mənə o borcu nəsib etmə ki, onu ödəyə bilməyim! Mənə o itkini nəsib etmə ki, onu geri qaytara bilməyim! Mənə o dünya və axirət ehtiyacı nəsib etmə ki, onlar yüngül və həll ediləsi olmasın! Həqiqətən, ey Allah, Sən hər bir şeyə qadirsən, hər bir şey Sənin hökmündədir».

Allahını tanıyan bəndənin müraciətidir bu: «Ey gizlinləri bilən Allah! Ey göz yaşı axıdanların rəhm edəni! Ey duaları müstəcəb edən! Ey göylərin və yerlərin Rəbbi! Ey o Kəs ki, səslər onun yanında səhv salınmaz! Salam göndər Peyğəmbərə (s) və onun Əhli-Beytinə (ə)! Səndən diləyirəm bu günlərdə məni oddan azad olunmuşlardan, cəhənnəm odundan xilas olunmuşlardan qərar verəsən! Və bizlərə bu günlərdə Sənin cənnətinə yiyələnməyi nəsib edəsən! Öz rəhmətinlə bizi nicat tapmışlardan qərar verəsən! Səni and verirəm rəhmətinə, ey rəhmətlilərin ən Rəhmətlisi! Allahın salamı olsun ağamız Muhəmməd peyğəmbərə (s) və onun bütün Əhli-Beytinə (ə)!»

İmamlarımız (ə) bu dualar vasitəsilə bizə özümüzü tanımağı, Rəbbimizi tanımağı və Yaradana olan müraciətin mərifətini çatdırırlar. Mübarək Zilhiccə ayının digər gözəl əməlləri də vardır ki, dua kitablarında müfəssəl şəkildə zikr olunmuşdur. Allah Təala bütün insanları dua əhlindən qərar versin və Allaha tapınanlar sırasına daxil etsin!

Zilhiccə ayının ilk 10 gününün əməlləri

1. Bu ayın ilk 9 gününü oruc tutmaq və bu orucların savabı bütün ömrü boyu tutulan orucların savabına bərabərdir.

2. Bu on günün hamısında məğrib və işa namazları arasında ikirükətli namaz qılınır. Hər rükətdə “Həmd”dən sonra 1 dəfə “İxlas” surəsi, “Əraf” surəsinin 142-ci ayəsi oxunur və hər kim bu namazı qılarsa, hacıların savablarına şərik olar.

3. İlk gündən Ərəfə gününün əsrinə qədər sübh namazından sonra və məğrib namazından əvvəl İmam Sadiqdən (ə) nəql edilən bir duanı oxumaq və bu dua “Məfatihul-cinan” kitabının azərbaycancaya tərcüməsinin 523-cü səhifəsində verilmişdir.

4. Hər gün ilk ongünlükdə Həzrət Cəbrayilin (ə) Həzrət İsaya (ə) Allahın hədiyyə
etdiyi duanı oxumaq və həmin dua da “Məfatihul-cinan”da 525-ci səhifədə verilmişdir.

5. Hər gün İmam Əlinin (ə) buyurduğu duanı oxumaq və o da həmin kitabın 526-cı səhifəsində verilmişdir.

Birinci günün əməlləri:

1. Oruc tutmaq və onun savabı 80 ayın oruc savabına bərabərdir.

2. Həzrət Fatimənin (s.ə) namazını qılmaq . Dördrükətli namazdır, 2 ədəd ikirükətli namaz kimi qılınır və hər rükətdə “Həmd”dən sonra 50 dəfə “Tövhid” (“İxlas”) surəsi oxunur və salamdan sonra Həzrət Zəhranın (s.ə) təsbihatı deyilir. Dua edəndən sonra belə deyirsən: “Subhanə zil izziş-şamixil munif, subhanə zil cəlalil bazixil əzim, subhanə zil mulkil faxiril qədim, subhanə mən yəra əsərən nəmləti fis-səfa, subhanə mən yəra vəq’ət təyri fil həva, subhanə mən huvə hakəza və la hakəza ğəyruh”.

3. Zalımın şərini uzaqlaşdırmaq üçün bu gündə deyilsin: “Həsbi, həsbi, həsbi min suali ilmukə bihali”.

Səkkizinci gün tərviyə günüdür və bu gün oruc tutmağın fəziləti vardır. Hədislərə görə, 60 ilin kəffarəsidir.

Doqquzuncu gecə.

Bu gecə mübarək gecələrdəndir və dua gecəsidir. Bu gecədə edilən tövbələr qəbul olar, dualar yerinə yetər. Hər kəs bu gecəni ibadət halında keçirərsə, 170 ilin ibadətinin savabını qazanar. Bu gecə üçün əməllər zikr edilmişdir:

1. Hər kim (“Məfatih” kitabının 527-ci səhifəsində) olan duanı bu gecə və cümə gecələrində oxuyarsa, Allah onu bağışlayar.

2. Verilən bu zikri min dəfə demək: “Subhanəlləzi fis səmai ərşuh, subhanəlləzi fil ərzi hukmuh, subhanəlləzi fil quburi qəzauh, subhanəlləzi fil bəhri səbiluh, subhanəlləzi fin nari sultanuh, subhanəlləzi fil cənnəti rəhmətuh, subhanəlləzi fil qiyaməti ədluh, subhanəlləzi rəfəəs səma, subhanəlləzi bəsətəl ərz, subhanəlləzi la məlcəə və la mənca minhu illa iləyh”. (səh. 537)

3. “Məfatihul-cinan” kitabının azərbaycancaya tərcüməsinin 538-ci səhifəsində verilmiş “10 təsbihat”ı oxumaq.

4. İmam Hüseyni (ə) ziyarət etmək.

Doqquzuncu gün - Ərəfə günü

Ərəfə günü - ən böyük əyyamlardan biridir. Baxmayaraq ki, bayram adını almamışdır, bu o gündür ki, Allah Öz bəndələrini ibadətə və itaətə dəvət etmişdir. Bu günü şeytanı xar etmiş və başqa vaxtlardan daha çox alçaltmışdır. 

Hədislərdə oxuyuruq ki, Ərəfə günü İmam Səccad (ə) bir yoxsulun səsini eşidir ki, insanlardan kömək diləyir. İmam (ə) ona buyurur: “Vay olsun sənə! Məgər bu cür bir gündə Allahdan qeyrisindən istəyirsən? Halbuki bu günü Allahın fəziləti hətta dünyaya gəlməmiş uşaqlara belə şamil olur”.

Bu günün xüsusi əməlləri vardır:

1. Qüsl almaq.

2. İmam Hüseyni (ə) ziyarət etmək. Bu ziyarətin savabı min həcc və min ümrə və min cihad savabına bərabərdir. Əgər kimsə həmin günü İmamın (ə) ziyarətinə getməyə müvəffəq olarsa, savabı Ərəfatda olanlardan az deyildir.

3. Əsr namazından sonra “Ərəfə” duasını oxumamışdan qabaq səma altında iki rükət namaz qılmaq və Allaha günahlarını etiraf etmək. Birinci rükətdə “Həmd”dən sonra “Tövhid” (“İxlas”) və ikinci rükətdə isə “Həmd”dən sonra “Kafirun” surəsini oxumaq.
4. Bu gün oruc tutmaq, əgər ibadətlərə mane olmayacaqsa, müstəhəbdir.

5. Ərəfə gecəsində zikr edilən təsbihləri demək. Ondan sonra yüz dəfə demək:

“Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər. ”(“Təsbihati-ərbəə”), 100 dəfə “Tövhid” surəsini və 100 dəfə də “Ayətül-kursi”ni demək. Sonra 100 dəfə salavat demək lazımdır. Bundan sonra bu duanı oxumaq: “La ilahə illəllah, vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmd, yuhyi və yumit, və yumitu və yuhyi, və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəy’in qədir”.

Sonra zikrlərin hər birini 10 dəfə demək: “Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyumu və ətubu iləyh”

“Ya Əllahu” - 10 dəfə
“Ya Rəhmanu” - 10 dəfə
“Ya Rəhimu” - 10 dəfə
“Ya bədiəs səmavati vəl ərzi ya zəl cəlali vəl ikram” - 10 dəfə
“Ya həyyu ya qəyyum” - 10 dəfə 
“Ya hənnanu ya mənnan” - 10 dəfə
“Ya la ilahə illa ənt” - 10 dəfə
“Amin” - 10 dəfə

(“Məfatihul-cinan” kitabının azərbaycancaya tərcüməsinin 538-ci səhifəsində verilmişdir):
Sonra bu zikri demək: “Əllahummə inni əs’əlukə ya mən huvə əqrəbu iləyyə min həblil vərid, ya mən yəhulu bəynəl mər’i və qəlbih, ya mən huvə bil mənzəril ə’la və bil ufuqil mubin, ya mən huvər rəhmanu ələl ərşistəva, ya mən ləysə kəmislihi şəy’, və huvəs-səmiul bəsir, əs’əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd”. (“Məfatihul-cinan” kitabının azərbaycancaya tərcüməsinin 539-cu səhifəsində verilmişdir) 
Sonra da Allahdan hacətini istəyirsən.

6. Bu günü “Ummi Davud” duasını oxumaq da tövsiyə edilir. 

7. “Məfatih” kitabının 540-cı səhifəsindəki təsbihi demək.

8. İmam Hüseynin (ə) Ərəfatda oxuduğu duanı oxumaq (“Məfatih” kitabının 541-ci səhifəsində verilmişdir). 

9. Cameyi-Kəbirə duasını oxumaq.

Onuncu gecə

Bu, o dörd gecələrdəndir ki, əhya saxlanılması tövsiyə edilmişdir. Bu gecə səmanın qapıları açılar. Bu gecə oxunan dua: “Ya daiməl fəzli ələl bəriyyə..” duası.
Onuncu gün (Qurban bayramı)

Əməlləri:

1. Qüsl.

2. Qurban bayramının namazı.

3. “Səhifeyi-Səccadiyə” dua kitabının 48-ci duasını oxumaq.

4. Nüdbə duası.

5. Qurban kəsmək.

6. Namazdan sonra bu təsbihləri təkrar etmək: “Əllahu əkbəru Əllahu əkbər, la ilahə illəllahu vəllahu əkbər, Əllahu əkbəru və lillahil həmd, Əllahu əkbəru əla ma hədyana, Əllahu əkbəru əla ma rəzəqəna min bəhimətil ən’am, vəl həmdu lillahi əla ma əblana”. (“Məfatih” kitabının 568-ci səhifəsində verilmişdir)

Bunlar Zilhiccə ayının on gününün əməlləridir. Allah Təala bizlərə bu əməlləri edib, Ona yaxınlaşmaq tofiqatını nəsib etsin!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR