İnsanlara hürriyət, millətlərə istiqlal!

Səbir nədir və səbir edənlər niyə sevilir?

2931 13.01.2017 10:51 Mənəviyyat A A

Həmd olsun Allaha ki, bizlərə, Allahın hüzurunda olmağımızın fərqində olmaq, öz varlığımız barədə düşünmək səadətini nəsib edib.


Allah səbir edənləri sevir

Keçən bəhslərimizdə mühüm bir mövzuya toxunduq. Qeyd etdik ki, bizlərə əsas həqiqəti unutdurublar ki, Allah Təala Öz bəndələrini sevir. Bunu bizim yadımızdan çıxartdırıblar. Biz mövzudan kifayət qədər qəflət etmişik. Allah Təala bizlərin hər birini, yaratdığı hər bir varlığı, xüsusilə də insanları sevir. Ona iradə, dərk, tutum, şüur verib. Yaradan yaratdığı hər bir bəndəsini sevir. Öz Kitabında da bu sevgisini müxtəlif ünvanlarla bəyan edib. Müxtəlif xüsusiyyətlər, cəhətlər, keyfiyyətlərə görə bu sevgisinə vurğun edib. Bu vurğuların ən mühümlərindən biri də səbir edənlərlə bağlıdır. Qurani-Kərimin “Ali İmran” surəsinin 146-cı ayəsində Allah Təala səbir edənləri sevməsini bəyan edib: “Həqiqətən Allah səbir edənləri sevir”.

Səbir öz-özlüyündə sevilməli xüsusiyyətdir

Dəyərli əxlaq, ürfan alimlərindən birinin buyuruşu ilə desək, ümumi sevgini, məhəbbəti bir qədər də açsaq, bu vurğu gəlir ki, səbir etmək özü sevilməlidir. Misal üçün, Allah Təala Qurani-Kərimdə təvəkkül edənləri sevməsini də bəyan edir. Təvəkkül özü-özlüyündə sevilməli bir xüsusiyyətdir. Kim səbir etsə, bu cəhətinə görə sevilər. Əgər insan Allahın sevdiyi bütün cəhətlərə malik ola bilsə, Allahın kamil sevimlisinə, sevilən bəndəyə çevrilmiş olar.

Toplumumuzda səbir sözü yanlış mənalarda işlədilir

Deyə bilərik ki, bizim toplumumuzda səbir sözünə zülm olunub. Səbir sözü Qurani-Kərim anlayışında, İslam təlimində zərrə qədər də mənfi yükə malik deyil. Səbir bir Qurani anlayış olaraq nurani, işıqlı mənaları özündə ehtiva edir. Səbir elə bir anlayışdır ki, Quran baxımından, İlahi meyarlar baxımından bir dənə də olsun mənfi dəyərləndirilə bilinəcək nümunədə, misdaqda öz əksini tapmır. Necə ki, təqva sözü büsbütün müsbət anlayışdır, heç bir halda mənfi yükdə işlədilə bilməz, eləcə də səbir sözü heç bir mənfi yükə malik deyil. Əgər hər hansı bir toplumda təqva sözünü mənfi anlamda işlətsələr, bu, o sözün həmin toplumda səhv işlənilməsinin göstəricisidir, nəinki bu sözün mənfi yükə malik ola bilməsinin. Belə ki, təqva sözü öz-özlüyündə Quran istilahıdır və heç bir halda mənfi yükə malik deyil. 

O cür də səbir sözü yalnız müsbət mənaları daşıyır. Bəzən toplumumuzda “biz səbir edə-edə bu cür oldu”, “səbrin axırı belə oldu” və s. kimi mənfi yüklü cümlələrdə səbir sözü istifadə edilir. Bu, səbri düzgün anlamamaqdan qaynaqlanır. Səbir - qorxaqlıq, acizlik, zəiflik, hərəkətsizlik, mütilik deyil. Səbir - hərəkətin, müqavimətin, dinamikanın özüdür. Səbir hər mənada mütiliyə, qorxaqlığa, acizliyə, zəifliyə qarşıdır.

Səbir nədir?

Allah Təala bəyan edir ki, səbir edənləri sevir. Səbir etməkdə nə var? Səbir edənlərin nə imtiyazları var ki, Allah Təala onları sevir? Allah Təala heç bir insanı elə-belə sevməz. Elə də çox qrup insanlar yoxdur ki, Allah Təala onları sevmiş olsun. O azsaylı qruplardan biri ki, Allah Təala xüsusi olaraq onları sevməsini bəyan edir, həm də səbir edənlərdir. Bəs səbir edənləri bu qədər imtiyazlandıran nədir? Onların fərqli xüsusiyyətləri nədir?

Allahın sevgisini qazanmaq - Allah bəndəsi olmaqdan keçir. Kim nə qədər Allah bəndəsi olsa, o qədər də Allahın sevimlisi olar. İnsan nə qədər İlahi rəngə boyansa, o qədər Allahın sevgisini qazanmış olur. Həyatımızı nə qədər nurani yaşasaq, nurani tutumumuzu artırsaq, İlahi boyaya bürünsək - bir o qədər Allah tərəfindən çox sevilərik. 

Səbir bir keyfiyyətdir ki, bir neçə mövzunu zəruri edir. Birinci zəruri şərti - imandır. Səbir həm də iman deməkdir. Səbir - bilməyin, etiqadın, mərifətin ən kamil formasıdır. 
Digər tərəfdən, səbir anlayışının içərisində mərifət, bilgi, etiqad, imanla yanaşı, həm də əməl var. Yəni, İslamda bəyənilən insan, Allah bəndəsi - səbir edən kəsdir. Həm ən ali imana malikdir, həm də əməlləri ən gözəl şəkildədir. Deməli, səbrin bir tərəfdən imanla, başqa bir tərəfdən isə əməllə ciddi bağlantısı var. 

Səbir həm də Allaha doğru hərəkətin bir simvolu, rəmzidir. Allaha doğru gedən yolun bir neçə rəngi var. Bunlardan biri İlahi xofdur. İnsan gərək Allaha doğru gedəndə, buna malik olsun. İlahi xofa malik olsun ki, mən Allah hüzurundayam, mənə nemətlər verib, bu halın dəyərini bilirəm, qorxuram ki, bunları itirərəm. Buna İlahi xof halı deyirlər. İnsan ürkək bir hala malikdir ki, əlində olan nemətləri, yaxşı halını itirə bilər. Və əgər əksinə - pis haldadırsa, bu vəziyyətlə bağlı aqibətinin necə olacağının nigaranlığındadır. Yaxşı halda olanda, bu halı itirmək istəmir, pis halda olanda isə bu haldan canını qurtarmaq istəyir. Hər 2 halda motiv - İlahi xofdur ki, onu mənfidən müsbətə doğru hərəkət etdirir və müsbəti itirməməklə bağlı ona əzm və ayıqlıq verir.

Bu mənada Allaha doğru aparan yolun bir mühüm rəngi - məhz İlahi xofdur. Digər bir rəng də məhz səbir halıdır. Səbrin canı - müqavimətdir. Mənfiyə müqavimət, reqressə müqavimət. İnsan Allaha həqiqi bəndəlik edir, bu, bəzən ona çətin gəlir, amma müqavimət göstərir ki, yoldan çıxmasın. Çünki Allaha gedən yol bundan keçir. O, itaət edir, bütün çətinliklərə səbir edir.

Bu anlamda səbir - Allaha, səadətə, fəlaha aparan yolun, qələbə və müvəffəqiyyətə çatmağın ən zəruri xüsusiyyətlərindən biridir.

Səbrin 3 müstəvidə təzahürü

Həzrət Əli (ə) bizlərə səbrin 3 müstəvidə mühüm təzahürlərini öyrədir. Həzrət Əmirəlmöminin (ə) buyurur: “Səbir - ya müsibət qarşısında, ya itaət etməkdə, ya da günahı tərk etməkdə səbirdir. Üçüncü növ, əvvəlki iki növdən üstündür”. 
Yəni bizim səbir etməmiz üç müstəvidə baş tutur. Bunlardan birincisi - müsibətlərlə üzləşiləndə səbir etməkdir. İnsan yaxın olan birisini itirir, ya özü və ya əzizi xəstələnir, ya qarşısına ruzi müşkülləri çıxır, ya kənardan müxtəlif amillərlə rastlaşır ki, mühüm çətinliklər yaradır və s. Bunların hamısı - müsibətin növləridir. İnsan ağlına gələn və gəlməyən müsibətlərlə qarşılaşa bilər. Yaxşısı budur ki, bizlər dualarımızda Allahdan istəyək ki, bizlərə gücümüz çatmayacağımız müsibətləri nəsib etməsin. 

Xoş durumun öz müsibətləri var, ağır durumun öz müsibətləri. İnsan o müsibətlərlə qarşılaşanda Allaha bəndəlik cığırından çıxmasa, Allaha bəndəlik yolu ilə ki, gedir, o yolunu tərk etməsə, o müsibətlər onu səbatlı vəziyyətindən çıxarmasa, necə gedirdisə elə də davam etsə -  buna müsibətlər qarşısında səbir deyilir.

Səbrin ikinci növü - itaətdə səbirdir. Yəni Allaha bəndəlik, Allaha itaət, Allahın buyurduqlarını etmək və bunları həyata keçirərkən qarşıya çıxan çətinliklərə müqavimət göstərmək - səbirdir. Allah bizlər üçün qaydalar qoyub, İlahi qanunlar qoyub. Onlara əməl edərkən çətinliklər çıxır, bəzən ağrılı olur. Bəli, Allaha itaətin çətinlikləri meydana gəlir, heç də həmişə bu çətinliklər zahirən şirin olmur. Amma Allahın itaətində olanda, Allaha bəndəlikdə olanda bütün ağrılara dözmək, müqavimət göstərmək - itaətdə səbirdir. Allah istədiyi üçün, Allahın razılığı üçün, Allah bəyəndiyi üçün işlər görürük, çətinliklər meydana gələndə müqavimət göstəririk - bu, itaətdə səbirdir.

Səbrin üçüncü ən ciddi növü isə günah qarşısında səbirdir. Nəfsani istəklər çox zaman şərikli gəlir. Bunları dürüstlüklərdən seçmək bəzən çətin olur. Növbənöv, rəngarəng günahlar var. Günahdan imtina edəndə bəzən ağrılı olur. Bu ağrının müqabilində dayanmağı bacarmaq, müqavimət göstərmək - günahı tərk etməkdə səbirdir. Həzrət Əli (ə) mübarək buyuruşunda bizlərə çatdırır ki, günahı tərk etməkdə səbir etmək - müsibətlər qarşısında səbirdən və itaətdə səbirdən daha üstündür.

Səbir - imanın özüdür

Səbrin baş tutması üçün köklü iman lazımdır. Səbir, yəni iman. Həzrət Rəsulallahdan (s) soruşurlar: “İman nədir?” Həzrət Peyğəmbər (s) cavab verir: “Səbir”. İman, səbir deməkdir. İmanın bütün nümunələrinə, bütün mistaqlarına baxsaq, bütün nəticələrinə baxsaq, görərik ki, hamısı səbrin təzahürləridir. Bu anlamda səbir iman deməkdir.
Möminlərin xəmiri də səbirlə yoğrulub. İmanlılığın xəmiri səbirlədir. İnsan daima öz-özü ilə seçimdədir. Bir kiçik ailədir - orada seçim etməlidir, orada yaranan hər bir vəziyyətə uyğun davranmalıdır. Ətrafda hər bir insanla davranarkən, seçimlər qarşısındadır. İnsanın bütün həyatı seçimlərdən ibarətdir. Möminin xəmiri bu seçimlər qarşısında göstərdiyi səbirlə yoğrulub. Həzrət İmam Sadiq (ə) buyurur: “Möminin xəmiri çətinliklərə səbir etməklə yoğrulmuşdur”. 

İnsan müsibətlərlə qarşılaşır, yoluna davam edir. Bu, əlbəttə ki, çətindir, amma səbir edir. Allaha bəndəliyini edir, çətinliklərlə qarşılaşır, itaətini davam etdirir. Günahlar onu cəzb edir, imtina edir. Möminin xəmiri bu davam etməklərdə yoğrulub. Həzrət İmam Sadiq (ə) buyurur: “Səbir, imanının başıdır”. Yəni iman əməlsiz olmur. Əgər iman varsa, onun təzahürü var. Diri, aktiv iman varsa, aktiv əməl var. Bu əməlin başında səbir dayanır.

Səbirlə ali məqamlara yiyələnmək

Həzrət Əli (ə) buyurur: “Səbirlə ali məqamlara çatmaq olar”. Ali məqamlara çatmaq, ali əxlaqlara gedən yol yalnız səbirlə keçilər. Bunun üçün Allahı tanımaq və Allahın buyuruşlarını qəbul etmək, onlara təslim olmaq lazımdır. Həzrət Rəsulallah (s) buyurur: “Səbir - razılıqdır”. Səbir edən Allaha təslim olmağa razıdır, bu halından məmnundur. Allaha itaət edir və dözür, çünki Allaha təslim olmağa razıdır. Günahdan imtina edir və bunun yaratdığı çətinliklərə dözməyə razıdır, çünki, Allaha təslim olmağa razıdır. Özünü Allaha təslim edən insan - Allaha bəndə olmuş insandır.

Həzrət Əli (ə) buyurur: “Səbrin kökü - Allaha həqiqi əminliyin olmasıdır”. Əgər insanın Allaha ciddi əminliyi, ciddi imanı olmasa, gerçək mərifəti olmasa - səbir edə bilməz. Belə insan itaətdə, Allaha bəndəlikdə davamlı ola bilməz. Gərək dərin əminliyi olsun ki, nəticədə əməlləri Allah istəyən tərzdə olsun. Gərək əminliyi olsun ki, günahın bütün aldadıcı zahiri şirinliyindən imtina etməyi bacarsın. Gərək əminliyi olsun ki, hər hansı müsibət küləyi gələndə, onu silkələyib yerə çırpmasın. Allah buyurub ki, hər zaman namuslu yaşayacaqsan, dürüst olacaqsan, həqiqətlə olacaqsan, Allah bəndəliyinə aparan yolda olacaqsan. Allah bizlər üçün halallar və haramlar qoyub. Halal olanları seçmək, haramlardan uzaq olmaq adama çətin gələ bilər, amma şərəflidir. Bu itaət yolu - şərəfli, namuslu, dürüst yoldur.

Səbir etmədən sevdiyimizə çatmayacağıq

Həzrət İsa (ə) buyurur: “Siz xoşunuza gəlməyənə səbir etməsəniz, sevdiyinizə çatmayacaqsınız”. Sənə nə isə xoş deyil, çətindir, ağırdır - amma səbir edəcəksən, Allahın razılığına uyğun davam edəcəksən, sevdiyinə, bu cür sevdiyin Rəbbinə qovuşacaqsan. Bu, səbrin hər üç müstəvisinə aiddir. Bəndəlik edərkən çətinliklər hiss edirsən, narahatlıqlar meydana gəlir. Amma, Allaha itaət edərkən bütün çətinliklərə müqavimət göstərirsən. Gühanın aldadıcı şirinliyi səni özünə çəkmir. Bu, ola bilsin ki, heç də asan deyil, amma şərəflidir. Məhz buna görədir ki, Allah Təala səbir edənləri sevir. Çünki səbir edənin bu cür böyük istedadı, ləyaqətli xüsusiyyətləri var.

Qəlb öz nurunu səbirdən alır

Səbir qəlbi gücləndirir. İnsanın daxili günəşi qəlbdir. Əgər o günəş parlaq vəziyyətdə olsa, bütün həyatına nur saçar. Əgər günah buludları onun qarşısını kəssə, bütün həyatı zülmətə qərq olar. Səbir o qəlbimizi, o günəşi parlaq vəziyyətə gətirir. Həzrət Əli (ə) buyurur: “Xoşagəlməz işlərin müqabilində özünü səbrə vadar etmək qəlbi gücləndirər”. Qəlb Allah üçün səbir etməklə güclənir. Zahiri anlamda rahat, amma qarışıq həyat qəlbi öldürür. Nə qədər ki, Allaha bəndəlik var və bunun müqabilində meydana gələn çətinliklərə səbir var - qəlb güclənir.

Allahım, bizlərə həqiqi səbrə yiyələnməyi nəsib et! 
Allahım, hər an Sənin hüzurunda olmağımızı xatırlamağı, bundan güc almağı və Sənə itaət yolunda bütün çətinliklərə səbir etməyi nəsib et!
Allahım, aqibətlərimizi xeyirli et! Amin!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR