İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazı çəkilməli Odur, amma O, bizim nazımızı çəkir...

1965 06.01.2017 10:26 Mənəviyyat A A

Bismilləhir-Rahmənir-Rahim!

İnsan həyatında çətinliklər, müşküllər, problemlər təbii bir haldır. İradəvi, seçimli varlığıq, təbiidir ki, Allah bəndəsi kimi yaşamaq istəsək, Allah razı olduğu kimi yaşamaq istəsək müəyyən çətinliklərimiz, problemlərimiz, müşküllərimiz qarşıya çıxacaq. İçimizdə olan istedadlar, qabiliyyətlər əslində o zaman üzə çıxa bilir. Bu halda bəzi hallar olur ki, büdrəyirik, səhv edirik, yanlışlara yol veririk, günah edirik. Rəbbimiz deyir ki, o bəndələrimə deyin ki, o halda özlərini itirməsinlər, naümid olmasınlar. Rəbbimiz bizi çox sevir, fövqəl dərəcədə sevir... 

Bizə bunu unutdurublar. Bizim gündəlik həyatımızda ən çox unutdurulan məsələlərdən biri məhz budur ki, Allah Təala bizi fövqəl dərəcədə sevir.

Allah bəndələrini nə qədər sevir?

Bir nəfər Həzrət Peyğəmbərin (s) yanına uzaqdan gəlirmiş. Yolda görür ki, bir neçə quş balaları var. Bunları boğçasına yığır, atır çiyninə, deyir ki, bunları Peyğəmbərə (s) aparıb hədiyyə edərəm. Hərəkət edəndə görür ki, o, hansı tərəfə gedirsə, o quş balalarının anası ardınca gəlir. Açır boğçanı, o da gəlib boğçanın içərisinə daxil olur. Bu halda boğçanı yığır və Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbərimizin (s) hüzuruna çatandan sonra boğçanı açır, görürlər ki, bir neçə quş balasıdır, bir də analarıdır. Deyir, ya Peyğəmbər (s), mən uzaqdan gəlirəm, yolda da belə bir hadisə oldu. Peyğəmbər (s) o mənzərəni, səhnəni gördü, halı dəyişdi, mütəhəvvil oldu. Allahın bəndələrinə olan eşqi ilə bağlı çox mühüm mətləbləri buyurur: “Bu quş balalarını nə qədər çox istəyir. Allah Təalanın bəndələrinə və yaratdıqlarına məhəbbəti bu quşun balalarına olan məhəbbətindən yüz mərtəbə üstündür”.
Allah Təalanın yaratdığı hər bir bəndə hərəsi bir halda, bir durumda, bir tərəfdədir. Allah Təalanın isə nəzəri bəndələrində, yaratdıqlarındadır. Yarananın yaranana, yaranmışın yaranmışa olan məhəbbəti elə olur ki, çox yuxarı dərəcəli olur. Amma Allah Təala Özü Yaradan, Xaliq olduğundan, gör yaratdıqlarına nə qədər ali məhəbbəti, sevgisi var.

Allah Öz günahkar bəndələrinə necə müraciət edir?

Allah Təala Qurani-Kərimdə “Zumər” surəsinin 53-cü ayəsində buyurur: “De: ”Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!"" 

Allah Təala əziz Peyğəmbərinə (s) buyurur ki, Onun eşqini, məhəbbətini, rəhmətini, bəndələrinə olan yanaşmasını çatdırsın. Kimə çatdırsın? Hər birimizə. Allah Təala hər birimizə müraciət edir. Mənə, sənə, ona... Büdrəyən hər bir kəsə müraciət edir. Allah hüzurunda insan büdrəyir, səhv, xəta, yanlışlıq edir. İstəyir ki düzəlsin, amma düzələ bilmir. Özünü qaydaya salmaq istəyir, amma bacarmır. Daha yaxşı tərəfə getmək istəyir, çox vaxt büdrəyir, alınmır.

Nazı çəkilməli Odur, amma O, bizim nazımızı çəkir

Allah Təala Həzrət Musaya (ə) buyurur: “Ey Mənim bəndəm! Sənin Mənim üzərimdə olan haqqına görə səni sevirəm. İndi ki, belədir, Mənim sənin üzərində olan haqqıma görə, sən də Məni sev”. Allah Təala bəyan edir ki, ey Mənim əzizim, sənin Mənim üzərimdə olan haqqına görə, səni sevirəm. Sən də Mənim sənin üzərində olan haqqıma görə Məni sev. Əxlaq ustadlarından biri buyurur ki, bu söz, əhli üçün olduqca böyük bir sözdür. Bir kəs bunun əhli olsa, bu mövzunu başa düşsə, söhbətin nədən getdiyini anlasa, olduqca böyük bir sözdür. Allaha Təala Özünün bizi nə qədər sevdiyini bizə ilk növbədə çatdırır. Bunu çatdıraraq, eyni zamanda bizim də öhdəliyimizdən xəbər verir. Onun bir Yaradan olaraq bizim üzərimizdə olan haqqına görə Onu sevməyə çağırır.

Əxlaq ustadları buyururlar ki, Allah Təala mütləq şəkildə ehtiyacsızdır. Bizə heç bir ehtiyacı yoxdur. Əgər naz etməli kimsə varsa, o, Allahdır. Allahın bizdən heç bir asılılığı, heç bir ehtiyacı yoxdur. Əgər kiminsə nazını çəkməli biri varsa, o, bizik. Bizik ki, Yaradanın, Rəbbimizin nazını çəkməliyik. Naz etməli odur, naz çəkməli varlıqlar da bizik. 
Amma Allah əksinə edir. Bir halda ki, biz ehtiyaclıyıq, biz asılıyıq, biz başdan-ayağa ehtiyac içərisindəyik, amma O, bizim nazımızı çəkir, nəvaziş edir. Bu, Allahın məhəbbətinin, eşqinin təzahürlərindəndir. Biz bunu unutmuşuq ki, Allah Təala bizi sevir. Adam bunu hiss etməlidir ki, bizi sevən bir Rəbbimiz var. Bizi hər halımızda, vəziyyətimizdə sevir.

Əgər insanlar Allahın onlara olan məhəbbətini bilsələr...

“Hədisi-Qüds”də yazılır ki, Allah Təala buyurur: “Əgər Mənə arxa çevirən bəndələrim bilsələr ki, nə qədər onlara şövqüm var, nə qədər onlara eşqim var, nə qədər onların arzusundayam - şövqdən, eşqdən ölərlər”. Allah Təala bəyan edir ki, əgər Ondan üz çevirmiş bəndələr Allahın onlara olan məhəbbətindən, eşqinin həddindən xəbərdar olsalar, bilsələr - o bilməkliyin nəticəsində yaranan şövqdən, eşqdən ölərlər. O qədər təsirlənərlər ki, buna dözə bilməzlər.
Firon (lən) həyatının son anlarında Həzrət Musaya (ə) yalvarır, Həzrət Musa (ə) cavab vermir. Allah Təala Həzrət Musaya (ə) buyurur: “Musa, sən Firona cavab vermədin, çünki sən onun xaliqi deyildin. Əgər o son vəziyyətlərində Məni çağırsaydı, mənə yalvarsaydı, əlindən tutardım və fəryadına çatardım”. Allah - bütün yaradılmışların yaradanıdır. Hətta günahkarların belə yaradanıdır. Bütün yaratdıqlarına məhəbbəti var. 

İnsan öz mövcudiyyətinə, halına bu cür nəzər salmalıdır. Hətta əxlaq ustadları deyirlər ki, insan bunu dilinə gətirməlidir. Dilə gətirsə, ruhiyyəsinə təsir qoyar. Özü-özünə bunu deməli, təlqin etməli, xatırlamalıdır ki, Allah onu sevir. Sevir ki, yaradıb. Dilə gətirsək və fərqinə varsaq, bu sevgini hiss etməyə başlayarıq. 

Bizləri bundan məhrum ediblər. Həyatımızda olan bütün digər hər bir şey haşiyədir. İnsan bilsə ki, onu sevən bir Allahı var, bir Rəbbi var - büdrəyəndə qalxar və yenidən onu sevənə tərəf gedər. Günah edəndə tövbə edər, yenidən Yaradanına dönər.

Xoşbəxtlik Allahın insanlara olan sevgisini bilməklə başlar

Əslində xoşbəxtlik də elə bundadır. İnsan o zaman xoşbəxt ola bilər ki, onu sevən Yaradanının olduğunu hər zaman xatırlasın. Depressiyaların, sıxıntıların da, bir çox cinayətlərin də kökündə duran elə budur ki, insan Allahın onu sevməsi həqiqətini unudub. İnancımız, İslam dinimiz insanı xoşbəxt etmək üçün, xoşbəxtliyə çatdırmaq üçün bütün potensiallara malikdir. Amma bu xoşbəxtlik anlayışının içərisində yalnız ötəri, müvəqqəti, bu dünya ilə bağlı olan xoşbəxtlik yoxdur, əsas etibarilə əbədi xoşbəxtlikdən söhbət gedir. Buna görə də, inancımızın xoşbəxtlik anlayışı ötəri, burada bitən ləzzətlərlə məhdudlaşmır.

İnancımızda xoşbəxtliklə bağlı bir neçə tövsiyələr var. Onların ən əsası insanın öz nəfsinə nəzarət etməsi ilə bağlıdır. İslamın nəzərində xoşbəxt insanı fərqləndirən cəhətlərdən biri budur ki, öz nəfsinin hesabını çəkər, öz nəfsi, varlığı, durumu ilə hesab-kitabı olar. Həzrət Əmirəlmöminin (ə) buyurur: “Öz nəfsinin hesabatını aparan xoşbəxt olar”. Əgər öz nəfsimizin hesabatını aparmasaq, bu, bədbəxtliyin bir təzahürüdür. Deməli, xoşbəxtliyin ciddi əlamətlərindən biri budur ki, həmin insan öz nəfsinin hesabatını aparar.

Xoşbəxt olmaq istəyən gərək nəfsinə nəzarət etsin

Həzrət Əli (ə) başqa bir yerdə buyurur: “Kim öz nəfsini islah etmək naminə ona əziyyətə salarsa - xoşbəxt olar. Amma kim öz nəfsini ləzzətlərə tapşırarsa - bədbəxt olar və Allahın dərgahından qovular”. Xoşbəxt insan odur ki, öz nəfsinin islahı ilə məşğuldur. Elə ki, insan öz nəfsini ləzzətlərin arxasınca getməyə buraxdı, onun bədbəxtliyinin nümunələrindən biridir. 
Gərək biz içərimizə bir nəzər salaq, baxaq görək günümüz, həyatımız yalnızca ləzzətlərin ardınca getməklə keçirsə, bizim bədbəxtliyimiz elə budur. Yox, əgər günümüz az da olsa nəfsimizə nəzarətlə keçirsə, deməli xoşbəxt olmamız üçün ümid yeri var.

Xoşbəxtliyin əxlaqda təzahürü

Əxlaqi keyfiyyətlərlə bağlı da xoşbəxtliyin ciddi əlamətləri var. Bəzi keyfiyyətlər var ki, onların insanda olub-olmaması insanın xoşbxətliyinə də ciddi təsir qoyur. Bunların ən bariz nümunələri kin və paxıllıqdır. İslamın nəzərində mənfi əxlaqi keyfiyyətlərə malik olan insanda həqiqi xoşbəxtlik ola bilməz. Həzrət Əmirəlmöminin (ə) buyurur: “Qəlbdə kin və paxıllığın olmaması - bəndənin xoşbəxtliyidir”. Əgər insan daxilinə nəzər salsa, diqqət etsə, görsə ki, heç kimə qarşı kini yoxdur, heç kimin paxıllığını çəkmir - bilər ki, Allahın ona inayəti olub və bu özü xoşbəxtliyin əlamətlərindəndir. Adamın daxilində heç kimə qarşı kini olmamalıdır. İnsanı məhv edən, dağıdan, hər mənada zay edən də bu iki ciddi xüsusiyyətdir - kin və paxıllıq. Əgər insanda olsa - insanı məhv edər, zay edər, hər mənada uçuruma aparar. Əgər insanın qəlbində bu iki halı olmasa, xoşbəxt olar. 

Əgər özümüzdə bu xüsusiyyətləri tapsaq, onlarla mübarizə aparmalıyıq, onları aradan aparmağın yollarını tapmalıyıq.

Xoşbəxtliyin ən işlək formulu

Xoşbəxtliyin ən ciddi formulu təqvadan keçir. İnancımızın yanaşması budur ki, insan nə qədər təqvalı olursa, o qədər də xoşbəxt olur. Həzrət Əmirəlmöminin (ə) buyurur: “Ən xoşbəxt insan - hamıdan təqvalı olandır”. İnsan nə qədər təqvalı yaşayırsa, deməli o qədər xoşbəxtdir. Həyatını nə qədər təqva üzərində qurur, bütün əməl və davranışlarının ruhunu təqva təşkil edirsə, o qədər xoşbəxtdir. Çünki nə qədər ki, təqvalı yaşayıb aqibəti xoş olacaq - əbədi xoşbəxtliyə malik olacaq. Hətta bu dünyada da şərəfli bir varlıq kimi yaşayacaq.
İnsan nə qədər təqvadan uzaq yaşayacaqsa, deməli həm bu dünyada bədbəxt olacaq, həm də əbədi bədbəxtçiliyə giriftar olacaq. Bizim seçimimiz var. Heç kim də heç kimə görə bu dünyada olanlara görə cavab verməyəcək. Hər bir kəsin özünün fərdi seçimi var. 
Biz səhər sübh yuxudan durandan, yuxuya gedənə qədər bütün gün ərzində seçimlər qarşısındayır: təqvalı davranaq və ya təqvasız davranaq. Danışığımız, baxışımız, oturuşumuz, duruşumuz, yediyimiz, içdiyimiz, qazandığımız, xərclədiyimiz, insanlarla münasibətimiz və s. - hər şeyimiz bu seçimdən asılıdır.

Bu təqvalı davranış bütün insanlar üçün mükəlləfiyyətdir. Mükəlləf insan təqvalı və ya təqvasız davrana bilər. Elə ki, təqvasız davranır - həyatını zay etməyə başlayır, həyatı əbəs, boş yerə xərclənir. Bu, bir bədbəxt həyatdır. 

Amma təqvalı davransa, təqvalı yaşasa - həyatında həqiqi mənada xoşbəxtlik mövcud olar. Həm bu dünyada şərəfli yaşayar, həm də əbədi xoşbəxtliyə gedib çıxmış olar. Bizim bütün mövzularımızın həlli buradadır. 

Təqvalı davranış üçün insanın qəzəblə, şəhvətlə, “mən”i ilə qərar verməməsi lazımdır. Təqvalı davranış mütləq şəkildə mərifətli, bilgili davranışdır. İnsan o zaman ki, ağlın işığını salmadan davranır, bilgisi olmayan formada davranır - təqvadan uzaqlaşır. Doğru seçimi həyata keçirmək üçün insanın bilməsi çox önəmlidir. Əgər bilməsə, seçim edə bilməz. Təqvalı davranış bilməni, seçməni zəruri edir. 

Ən önəmli amil isə Allahı zikr etmək, Allahın yaratdığı hər bir bəndəsini nə qədər sevdiyini bilmək, xatırlamaqdır. Əgər biz bunu daim xatırlasaq, əlbəttə ki, təqvalı davranar və dünya və axirət xoşbxətliyinə çatmış olarıq.

Allahım, bizlərə Sənə doğru həqiqi qayıdışı nəsib et! 
Allahım, əbədi xoşbəxtlik yolunda bizləri sabitqədəm et! 
Allahım, bizlərə hər zaman Sənin sevgini xatırlamağı nəsib et! Amin!









Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR