İnsanlara hürriyət, millətlərə istiqlal!

Həqiqi kamalın 3 ünsürü

1861 20.01.2017 11:21 Mənəviyyat A A

İnsanın daxilində fövqəladə güclü bir hiss var. Bu hiss - kamala, aliliyə, üstünlüyə, gözəlliyə can atmaq hissidir. Bu, əslində insanın təbii bir hissidir. Lakin, insan gərək bu kamalı, alini düzgün müəyyən etsin və ona doğru hərəkət etsin.

Həqiqi kamal nədir?

Həzrət İmam Baqir (ə) buyurur: “Həqiqi kamal - dini başa düşmək, ağır bəla müqabilində dözüm və məişətində əndazəni saxlamaqdan ibarətdir”. Əziz Məsumun (ə) buyuruşundan belə anlaşılır ki, həqiqi kamalın birinci şərti - dini başa düşməkdir. Kamalın ən bünövrəvi məsələsi - dini başa düşməkdir. Adam dini başa düşməsə, dünyagörüşü olmaz, dini başa düşməsə, bünövrəli yaşayışı, mövcudiyyəti olmaz. Ona görə də, insan dini başa düşməyə can atmalıdır. Dini başa düşmək - haradan gəldiyini, harada olduğunu, haraya gedəcəyini, nə etməli olduğunu başa düşməkdir. Eyni zamanda buraya dinin əxlaqiyyətini dərk etmək də daxildir. İnsan dinini nə qədər çox başa düşsə, bir o qədər kamala gedib çatar. Ona görə də dini başa düşmək fövqəl dərəcədə önəmlidir. Bizlər gərək həyatımızın, ömrümüzün bir hissəsini bu məsələyə həsr edək. Çünki, dinimizi bilməsək, əməl etməyəcəyik.

İnsanın həyatında müsibətlərlə qarşılaşması labüd bir məsələdir. İnsanın gözlədiyi və gözləmədiyi, ağlına gələn və gəlməyən, ehtimalını belə vermədiyi, növbənöv müsibətlərlə qarşılaşması bu dünya həyatının əsas xüsusiyyətlərindəndir. Bu dünya həyatı mahiyyət etibarilə imtahanlar, sınaqlar, bəla və müsibətlərdən ibarətdir. Bizlər gərək onların qarşısında dayana bilməyəcəyimiz, onları qarşılamağa gücümüz yetməyəcəyi müsibətlərdən Allaha pənah aparaq. Bu, yanlış yanaşmadır ki, insan Allahdan hər formada müsibətlərlə imtahan edilməsini istəsin. Elə müsibətlərlə qarşılaşar ki, onlara səbir və dözüm göstərə bilməz. Kamal xüsusiyyətlərdən biri budur ki, insan müsibətlərlə qarşılaşan zaman onları qarşılamağa dözümü olsun.

Məişətdə əndazəni saxlamaq - kamalın üçüncü önəmli şərtidir. İnsan gərək gündəlik həyatında mötədilliyə riayət etsin. Mötədilliyin başlıca xüsusiyyəti isə orta xətti tapmaqdır, yəni, nə israfa yol vermək, nə də xəsislik etmək. İnsan bunu edə bilsə, həqiqi kamala doğru hərəkət edə bilər.

Bu kəslər Qiyamətdə ali məqamlara çatacaq

Gərək bizlər kamalın bu üç şərtinin hər birinə mübarək İslami mətnlərdə yer alan yanaşmaya diqqət ayıraq. Dinlə bağlı əziz Həzrət Əlinin (ə) mübarək buyuruşu var. Həzrət (ə) buyurur: “Dindarlıqda incəlikləri görən və dəqiq olan kəs, Qiyamət günü ali məqam sahibi olar”. Bizlər gərək dindarlıqda incəlikləri görməyi bacaraq. Yəni mübarək dinimizi yaşayarkən buyurulan məsələlələrə səthi yanaşmayaq. Gərək, bizlər dindarlığın ruhunu, məğzini anlayaq. Misal üçün, insanlar Kərbəla ziyarətinə gedir. Burada iki cür zəvvar ola bilər. Birinci zəvvar baxır, İmam Hüseynin (ə) zəvvarlarının çox olmasına sevinir, bu zəvvarlarla birlikdə növbələrdə dayanmaqdan zövq alır. Bu kəs dindarlığın incəliklərindən xəbərdardır. 
Bir zəvvar da düşünə bilər ki, insan izdihamının çoxluğu səbəbindən rahat ziyarət edə bilməyib. Bəzən insan anlamır ki, elə növbədə dayanmağın özü də Həzrət İmam Hüseynin (ə) ziyarətidir. Əgər insan dininin ruhunu anlasa, başa düşər ki, bütün bu yolda göstərdiyi fədakarlıqlar onu Allaha yaxınlaşdırır. Deməli, bizlər gərək ilk öncə dinimizin incəliklərini tanıyaq və bu dində dəqiq olaq. Bəzən bu cür insan dəli kimi, divanə kimi görsənə bilər. Həzrət Əli (ə) məlum xütbəsində müttəqilərin xüsusiyyətlərini sayanda, onların bir xüsusiyyəti kimi həm də bəzən toplumda divanə kimi görsənmələrini də vurğulayır. 
Toplum deyir ki, sən gərək təkəbbürlü olasan, səhvini boynuna almayasan, hamıya “həqiqəti başa salasan”. Din isə deyir ki, sən məişət məsələlərində haqlı olanda belə, geri çəkilməyi bacar, güzəştli ol. Bizim həyatımızda yaranan yüz problemli məsələdən bəlkə biri və ya ikisi ictimai xarakterli olur. Ola bilər ki, kiminləsə bizim düşmənçiliyimiz, ədavətimiz, problemlərimiz İslamın ictimai məsələləri, təvəlla-təbərra mövzuları ilə bağlıdır. Adətən insanın gündəlik həyatında münaqişələri, problemləri məişət zəminində olur. Bütün bu məsələlərdə də dinimiz güzəştli olmağa çağırır. Dinin incəliklərini tanımaq budur. Əgər bizlər dinimizin incəliklərini tanısaq və dəqiq olsaq, Qiyamət günündə ali məqam sahiblərindən olarıq.

Ölümü yadan salan insan üçün bu dünyanın müsibətləri çox asan olar

Müsibətlərlə bağlı Həzrət Əlinin (ə) çox nurani bir buyuruşu var. Həzrət Əmirəlmöminin (ə) buyurur: “Ölümü - qəbirdən qalxıb Allah qarşısında dayanacağınız günü çox yad edin ki, müsibətlər sizə asan olsun”. Bizim bütün faciələrimiz, müsibətlərimiz, məsələlərimiz ona görə ağır vəziyyətdədir ki, bizlər elə bilirik ki, hələ uzun müddət burada olacağıq. Bir anlıq insan təsəvvür etsə ki, artıq bu dünyada yoxdur - burada ona çətin görsənən, müsibətli, ağır görsənən məsələlər bitir. Möminlərin ən böyük dəyəri ona görədir ki, onlar bütün məsələlərin bu dünya ilə bitmədiyinə, yekunlaşmadığına inanır, bir gün Qiyamətin olacağına, əbədi həyatın oradan başlayacağına inanır. 

Bu il 30 milyona qədər zəvvar Ərbəin ziyarətinə yollandı. Onların dəyəri həm də ona görə idi ki, təkfirçilərin bütün təhdidlərini, mümkün təhlükələləri gözə alaraq, bu yola qədəm qoyurdular. 30 milyon insan bu davranışı ilə bəyan edir ki, bizlər Mövlanın (ə.f) zühurunun hazırlığında iştirak edirik. 

İnsan həqiqi kamala yetişmək üçün gərək daim ölümü xatırlasın. Ölümü xatırlayarkən digər məsələlər o qədər kiçik görünür ki, bütün məişət xarakterli məsələlər mənasını itirir. Ancaq Allah üçün olan məsələlərin bizlərə bir xeyri dəyəcək.

Allah mötədil kəsi imkanlı edər

Həqiqi kamala yetişmək üçün üçüncü önəmli şərt də mötədillikdir. Həzrət Rəsulallah (s) buyurur: “Kim mötədil olsa, Allah onu imkanlı edər”. Mötədil olmaq budur ki, insan nə ifrat etsin, nə də təfrit. Bizlər çox zaman həyatımızda ya ifrat edirik, ya da təfrit. Ya cibimizdə nə pul varsa hamısını xərcləyirik, ya da cibimizdən bir manatın da çıxmasına razı olmuruq. Ya olanımızın hamısını nəyə gəldi xərcləməyə çalışırıq, ya da olanımızından bir manat belə xərcləməyə əlimiz gəlmir. Bunların hər ikisi pisdir. 

Mötədillik budur ki, insan Allahın ona vermiş olduğu ruzini etidalla, mötədilliklə xərcləsin.
Peyğəmbərlərin (ə) xüsusiyyətlərinə yaxınlaşdıran cəhət

Həzrət Peyğəmbər (s) buyurur: “Mötədillik, gözəl yanaşma, düzgün və bəyənilmiş üsluba malik olmaq - peyğəmbərliyin iyirmidən bir hissəsindən artıqdır”. Yəni mötədil olan insan, peyğəmbərlik xüsusiyyətlərinin iyirmidə bir hissəsindən artığına malik olar. Mötədillik Allah yanında bu qədər dəyərli və sevimli xüsusiyyətdir. O qədər əzizdir ki, bu xüsusiyyətə malik olmaq, insanı peyğəmbərlərin (ə) xüsusiyyətlərinə yaxınlaşdırar. Söhbət yalnız xərclərdə mötədil olmaqdan da getmir. Bütün yanaşmalarda mötədil olmaq önəmli şərtdir. İnsan mötədilliyi öz halı ilə bağlı da yaşamalıdır. Əgər insanın əhvalı pisdirsə və ya aqibəti ilə bağlı müşkülləri varsa, gərək insanların içərisində bunu büruzə verib, onların da halını korlamasın. Gərək insanların içərisində üzügülər, xoş əhval-ruhiyyədə, Allahla öz arasında olanda isə halına uyğun vəziyyətdə olsun. Dünyaya görə də əhvalın korlanmasının mənası yoxdur. Müsibətlərimiz, ağrılarımız, kədərlərimiz əgər aqibətə görədirsə - bu, çox yaxşı haldır, lakin gərək yenə də bunu təklikdə yaşayaq. Əgər dünyaya görədirsə, dünyaya görə əhvalsız olmağın mənası yoxdur. 

Deməli, mötədillik hər bir məsələyə aiddir. Dərs oxumağa da aiddir. Adam ya dərs oxumur, ya da elə oxuyur ki, bütün hər kəsin günü qara olur. Təmizliyə riayət etmək də o cürdür. Adamlar var ki, təmizliyə riayət etmir və ya böyük israfçılıq, vəsvəsə ilə təmizlik edir. İnsanlar ya geyimlərinə heç diqqət etmir, necə gəldi geyinir, ya da normal olan geyimləri də bəyənmir, onları da geyinmək istəmir. Bir zamanlar ümumiyyətlə dini mühitə də bu xəstəlik sirayət etmişdi ki, dindar elə necə gəldi geyinə bilən kəsdir. 

Əgər insan dinin ruhunu anlasa, bütün məsələlər həll olar.

Hədisdə keçən üslub da İslamın çox önəmli mövzularından biridir. Hər birimizin İslamın perfomansı ilə bağlı üslubumuzla bağlıdır mövzu. İnsanların din tanımaqla bağlı problemi yoxdur, bizim camaata dini çatdırma üslubumuzda problem var. Üslub - fövqəl dərəcədə önəmli olan məsələdir.

Həzrət İmam Həsən Əsgəri (ə) buyurur: “Mötədilliyin bir əndazəsi var. Əgər ondan aşılsa, xəsislik olar”. Deməli, mötədil olarkən insan gərək diqqətli olsun ki, ifrata getməsin. Çünki, İmam (ə) xəbərdar edir ki, mötədillikdən bir qədər o tərəfə - artıq xəsislikdir. Eyni zamanda bir qədər təfrit yanaşma da insanı israfa gətirib çıxara bilər.

Dinimizin bahalığa yanaşması birmənalı mənfidir

Xüsusilə dövrümüzün ən ciddi mövzularından biri - bahalıqdır. Dinimizin bahalığa yanaşması birmənalı şəkildə mənfidir. İnancımız bahalığı birmənalı olaraq pisləyir. Həzrət İmam Sadiq (ə) buyurur: “Qiymətlərin bahalaşması insanların əxlaqını və davranışlarını pis edir, əmanətdarlığı aradan aparır və müsəlman camaatı sıxıntıya salır”. 

Bahalıqla insanların əxlaq və davranışlarının pisləşməsinin əlaqəsi var. Deməli, möminlər, iman əhli, şüurlu insanlar can atmalıdırlar ki, toplumda bahalıq olmasın. Çünki bahalıq həm də insanların əxlaqını zay edir, davranışlarını pisləşdirir. Xüsusilə əmanətdarlığın aradan getməsi toplumlar üçün ən acınacaqlı bir haldır. Bahalıq, müsəlman camaatın sıxıntıya düşməsinə səbəb olur.

Bahalıq o qədər pis bir məsələdir ki, hətta onu arzulamaq belə inancımızda pislənilir. Tutaq ki, bir insan gecə vaxtı bu və ya digər səbəbdən bahalıq olmasını arzulasa, özünü məhv etmiş olar. Həzrət Rəsulallah (s) buyurur: “Hər kəs bir gecədə ümmətim üçün bahalıq arzu edərsə, Allah Təala onun qırx illik əməlini aradan aparar”. Oturub sadəcə insanlar üçün bahalıq arzu etmənin cəzası bu qədərdir. Hansı sahədə olmasından asılı olmayaraq, imanı olan insanlar diqqətli olmalıdır ki, bahalığın olmasına səbəb və vasitə olmasınlar. 

Eyni zamanda bahalığa hər hansı formada bəraət qazandırmaq da olmaz. Bahalığa bəraət qazandıran insan öz imanını yandırar. Qələm əhli, ekspert, xüsusilə dindarlar əgər bahalığa, insanların həyatının ağırlaşmasına bəraət qazandırsa, vay olar həmin kəsin halına.

Bəzən belə yanlış nəsnələr topluma təlqin edilir ki, dinimiz bütün mənalarda səbirli davranışı tövsiyə edir. Dinimizin səbirlə bağlı yanaşması yalnız obyektiv şəraitlərə aiddir. Hədislərdən də göründüyü kimi, bahalıq yalnız bir iqtisadi məsələ deyil, həm də inanc məsələsidir. Bahalıq toplumda əxlaqı pisləşdirir, davranışları korlayır, əmanətdarlığı aradan aparır, insanları sıxıntıya salır. Hətta bunu arzulamaq belə, insanı ağır vəziyyətə gətirib çıxarır.

Allahım, aqibətlərimizi xeyirli et! Bizlərə dini başa düşməyi, müsibətlər müqabilində səbri və məişətdə mötədil davranışı nəsib et! 

Allahım, millətimizə bol ruzi və bərəkətlər nəsib et! Hər bir çətinlik və sınaqlardan ləyaqətlə çıxmağı bizlərə nəsib et! Amin!


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR