İnsanlara hürriyət, millətlərə istiqlal!

“Aşuranın verdiyi mənəvi mesajlar insanlara çatdırılmalıdır”

895 18.10.2016 07:15 Mənəviyyat A A
İslam aləmində matəm ayı sayılan Məhərrəmlik başlayan gündən həm mediada, həm də sosial şəbəkələrdə dini mövzuda müzakirələr bitmək bilmir. İnanclı insanlarla qeyri-dindarlar arasında gedən mübahisələrdə nəzərə çarpan əsas faktor əksəriyyətin dini mövzuda bilgilərinin az olmasıdır. 

Bu mənada əsas yük dini liderlərin, ilahiyyatçıların üzərinə düşür. Aşura hadisəsinin tarixini, daşıdığı mənəvi yükü insanlara anlatmaq, bu mövzuda xurafatlardan cəmiyyəti xilas etmək üçün dini liderlərin maarifləndirmə işləri aparması mütləqdir. Bəs görəsən, ilahiyyatçılar Məhərrəm ayında dini cəmiyyətə düzgün şəkildə çatdırmaq yönündə hansı işləri görürlər?
İçərişəhər “Cümə” məscidinin imam camaatı, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu “Yeni Müsavat”a açıqlamasında bu mövzuya toxunub: “İslam maarifçiləri, ruhanilər, ilahiyyatçılar öz gündəlik maarifləndirmə işlərini aparmalıdırlar. Məhərrəm-Səfər əyyamında da hər kəs öz işini davam etdirir. Bizim əsas işimiz Aşurada baş verən həqiqətləri insanlara çatdırmaqdır və insanların bu hadisələrdən ibrət almasına şərait yaratmaqdır. Aşurada insanın mənəvi yüksəlişi üçün bütün dərslər var. Cənab Hürrün tövbə dərsindən tutmuş, seçim anında düzgün seçim etmək üçün olan müsbət və mənfi nümunələr, səbir, dözümlülük dərsləri insanın həyatında lazım olan keyfiyyətlərdir. Bu mənada İslam maarifçiləri Məhərrəm ayında bu mənəvi dəyərləri insanlara aşılamağa çalışmalıdırlar”. 

İlahiyyatçı-filosof onu da vurğulayıb ki, maarifçilər həm də öz fəaliyyətlərində diqqətli olmalı və dini mesajlar verərkən insanlara fərdi yanaşmalıdırlar: “Bu mesajların bəziləri dini həyatı praktik həyatda yaşayan insanlara yönəlir, bəziləri dinə yeni gələn insanlara aiddir. Bəzi insanlar isə sadəcə, maraq göstərirlər, praktik mərhələyə gəlib çatmayıblar, ancaq bununla bağlı öz bilgiləri var. Bu mənada maarifçilik çox önəmlidir. Bütün bunlarla yanaşı hər zaman olduğu kimi, inancla bağlı olan sualların, müxtəlif şübhələrin də cavablandırılması İslam maarifçilərinin, ruhanilərin, ilahiyyatçıların, İslam dini ilə bağlı yetərincə bilgiləri olan insanların borcudur ki, bu mənada üzərlərinə düşən vəzifəni yerinə yetirsinlər. Biz də öz növbəmizdə Məhərrəm-Səfər əyyamında Aşura hadisəsindəki mənəvi dəyərləri, insanın gündəlik həyatında lazım olan mesajları insanlara ötürmək istəyirik”.
Hacı İlqara görə, burada ən mühüm mövzulardan biri insanın izzətli olması, ləyaqətli yaşamasıdır: “Aşurada öyrənilməli, yaşadılmalı və insanlara çatdırılmalı olan ən böyük dərslərdən biri budur. Bu istiqamətdə hər kəs öz bacardığını edir. Dinlə bağlı təhqirlər, fobik yanaşmalar da var. Onlara da hər bir situasiyaya uyğun cavab vermək lazımdır. Hazırkı dövrdə kommunikasiya imkanlarının genişlənməsi də İslam maarifçiliyi üçün fürsətlər yaradır”. 

Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR