İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mən Amerikada, Avropada yaşasaydım, ən azı 2-3 dəfə prezident olmuşdum” - Sərdar Cəlaloğlu

3116 01.02.2019 20:49 Ölkə A A

25-30 ildir müxalifətdə mövqe tutan, amma uğur qazana bilməyənlər...

Azərbaycan müxalifətində elə siyasətçilər var ki, 25-30 ildir mövqe tutublar. Lakin onlar bu illər ərzində heç bir uğur əldə etməyiblər; hakimiyyətə gələ bilmirlər, bələdiyyə, parlament seçkilərində yer qazana bilmirlər. Eyni zamanda bu şəxslərin bir çoxu heç şüarlarında, ritorikalarında da dəyişiklik etməyiblər. Həmin şəxslər özlərindən sonra gələn gənclərin də qarşısını kəsib, müxalifət daxilində müxalifətə çevriliblər.  

Həmçinin, öz potensialına güvənərək siyasətə gəlmək məqsədi ilə partiyalara qoşulan şəxslərin də taleyini qaraldıblar. Bunların nəticəsidir ki, artıq sosial bazasız qalıblar.

Politoloqlar hesab edirlər ki, məhz uğursuzluqları səbəbindən onları dəstəkləyənlər getdikcə azalıb və hazırda bir neçə yüz nəfərdən ibarət kontingentlə qalıblar. Belə vəziyyətdə də siyasi meydanı tərk etmək istəmirlər. Sanki bura biznes kimi baxırlar.

25-30 il kamil siyasətçi, uğur qazanmaq üçün bəs etmirmi?

“Yeni Müsavat”a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, kamilləşmədə elə bir nöqtə yoxdur ki, insan həmin nöqtədə dayansın ki, artıq tam kamiləm:

“Belə bir məşhur fikir var ki, paltarlar köhnəldikcə, əyinə daha yaxşı oturur. Elmi biliklər, qabiliyyətlər təcrübə ilə əldə edilir. Hətta ən nadir istedadı olan birinin təcrübəsi yoxdursa istedadı ona fayda verməz. Siyasətdə də insanlar nə qədər çox iştirak edirlərsə, bir o qədər təkminləşirlər. Çünki siyasi hadisələr dəyişkəndir. Azərbaycanın müstəqilliyi uğrunda bir mübarizə oldu və bu gün 30 yaşına qədər olan gənclər həmin təcrübəni yaşmayıblar. Bu baxımdan onlar həmin proses haqqında heç bir biliyə, təcrübəyə malik deyillər. Bu, məsələnin nəzəri tərəfidir. Kamilləşmənin bəlli məqamı olmadığından siyasətlə məşğul olan insan bunu ömrünün sonuna qədər edə bilər. Əsl siyasətçi həm özünü, həm də cəmiyyəti kamilləşdirir. Təcrübə onu göstərir ki, müxalif qüvvələrin uzun müddət bu meydanda onların qabiliyyəti ilə bağlı deyil”.

Sərdar Cəlaloğlu hesab edir ki, bu, iqtidarın davranışları ilə də bağlıdır: “Digər tərəfdən də təcrübə sübut edir ki, ölkələrdə demokratik vəziyyət nə qədər ağırdırsa, həmin ölkələrdə müxalifətlərin hakimiyyətə gəlməsi uzun zaman tələb edir. Məsələn, Cənubi Afrika Respublikasında Mandelanın hakimiyyətə gəlməsi təxminən 50 il vaxt tələb etdi. Eləcə də İranda Xomeyninin hakimiyyətə gəlməsi də 60 ilə başa gəldi. Hətta Leninin də hakimiyyətə gəlməsi 30 il çəkdi. Yəni həm təcrübə göstərir ki, əsl müxalifətlər uzun müddət sonra hakimiyyətə gəlir, həm də anti-demokratik vəziyyətlərdən bu, görünür. Amerika, Fransa kimi demokratik ölkələrdə qısa müddətə də hakimiyyətə gəlmək mümkündür. Məsələn, Makron siyasətdə bir-iki il iştirak edib, prezident oldu. Eləcə də Trampın da adını da çəkmək olar. Yəni demokratik cəmiyyətdə müxalifətdə qalmağın müddəti qısa, hakimiyyətə gəlmə sürəti isə böyükdür”.

S.Cəlaloğlu bildirib ki, Azərbaycanda müxalifətin uzun müddətdir müxalifətdə qalmasında heç bir günahı yoxdur: “Buna Azərbaycandakı ictimai-siyasi vəziyyətin əlaməti kimi baxmaq lazımdır. Guya Tramp, Makron Azərbaycanda olsaydı 1 ilə hakimiyyətə gələcəkdi? Təbii ki, xeyr. Mən Amerikada, Avropada yaşasaydım, ən azından 2-3 dəfə prezident olmuşdum. Vətəndaşın müstəqil inkişafına təminat verməyən heç bir cəmiyyət qarşısında vətəndaşın öhdəliyi yoxdur. Elə bir cəmiyyət qarşısında müxalifətçilik öhdəsi götürmüşük ki,  bizim inkişafımıza şərait yaratmır. Bu, BMT-nin İnsan hüquqları  haqqında ümumi bəyannaməsinin 19 maddəsinin şərtidir. Siyasətin nə qocaya, nə də cavana dəxli yoxdur. Siyasətdə baş verənlər də əsas faktordur. Biz gördük ki, Birinci və İkinci Dünya müharibələrindən sonra siyasətdən çox uzaq olan adamlar belə hakimiyyətə gəldilər. Elə Əbülfəz Elçibəyi götürək. Sovet dövründə siyasətdə aktiv iştirak etmək hüququ yox idi, ancaq sonrakı dövrdə hakimiyyətə gəldi. Hakimiyyətə gəlməyin bu yolu da var ki, haradasa proseslər dəyişir və uzun müddət siyasətdə olmayanlar hakimiyyətə gəlir. Digər bütün hallarda müxalifətin hakimiyyətə gəlməsi uzun müddətli, məşəqqətli yoldan keçir”.

AĞ partiyanın gənc lideri Tural Abbaslı bildirib ki,  kimsə yerini könüllü şəkildə digərinə verməz: “Siyasət ambisiya və hədəflərdir. Heç istəmərəm ki, kimsə geri çəkilib, yerini başqasına versin. Bunun anlamı da doğru olmaz. Mənim etirazım onadır ki, yaşlılar nəinki, çəkilib yer vermirlər, hətta gənclərə maneə də olurlar. Doğrudur, bu, yaşlı nəslin hər siyasətçisinə aid deyil. Maneə yaratmasınlar, yetər. Gənclər onsuz da özlərinə yer tutub, bərkiyəcəklər. Təəssüflər olsun ki, bəzi gənclərimiz və yaşıllarımız sayəsində “gənc siyasətçilər”, “yaşlı siyasətçilər” anlayışı ortaya çıxıb. Yaşlılarda kifayət qədər təcrübə, bacarıq var. Gənclərdə də bu bacarığı həyata keçirən enerji, həvəs mövcuddur. Bunları bir araya gətirməyi bacarmaq gərəkdir. Nə tək enerjidən ibarət olan gənc, nə də yalnız təcrübəsi olan yaşlı da hakimiyyətə gələ bilməz. Gənclərin enerjisi, ağsaqqalların təcrübəsi bu işi qalibiyyətlə başa vurmağımıza gətirib çıxara bilər. Gənclərlə yaşlıların birgə fəaliyyətini təşkil etmək lazımdır. Əks halda heç bir nəticə olmayacaq”.

Əli Rais,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR