İnsanlara hürriyət, millətlərə istiqlal!

Məişət zorakılığına qarşı ictimai institutlar

2910 14.12.2018 08:10 Yazarlar A A

(dünən, bu gün, sabah)

Dünənki yazımda məişət zorakılığı hallarını azaltmaq, linçləmə metodlarından əl çəkməyimiz üçün dövlətin hüquq-mühafizə orqanlarına, məhkəmələrə müraciət etməyin vacibliyini qeyd etmişdim, ancaq başqa yolların da olduğunun anonsunu vermişdim. Həmin yollara keçməzdən öncə, bəzi möhtərəm hakim yoldaşlarımızın adını çəkmək istərdim ki, onlar bütün dünyada ədalətləri ilə tanınırlar, necə deyərlər, kəsdikləri başa zaval yoxdur. O yoldaşlardan Bakı Apelyasiya Məhkəməsinin hakimləri Elnur Həsənovu, Elşad Şamayevi, Sumqayıt Apelyasiyadan Nazim Mövsümovu və başqalarını qeyd edə bilərik. Pensiyada olanlardan Mənsur İbayevi də tapıb müraciət etmək olar. Bu yoldaşların hər biri Femida xalanı vaxtilə bağ evində saxlamışdır. Kimisə öldürməkdənsə, bu hakimlərin əlinə verin, sağ qaldıqlarına peşman etsinlər. İndi keçək ictimai platformaya.

Məncə qaçan gəlinləri tutub başını kəsməkdənsə Azərbaycan Yazıçılar Birliyinə ərizə yazsan daha məqsədə uyğundur. O qurum bizim ciddi ağsaqqallıq institutlarımızdan biridir. Misal üçün, Anar müəllimin “Təhminə və Zaur” əsəri gənclərimizin ailə dəyərləri altında, yüksək səviyyədə, tələsmədən qorunması istiqamətində geniş üfüqlər açır. Anar müəllimin hələ sovet dövründə elçilik kimi ictimai-geopolitik temada yazdığı dissident pyesdə də ailə quran gənclərin qarşısında duran çətinliklər kəskin satira atəşinə tutulmuşdu. Yadınızdadırsa orda elçilər havadan, liftdən, “Neftçi”nin uduzmasından danışırdılar, bununla partiyanın fəaliyyəti tənqid olunurdu. İndi mən sizdən soruşuram: əgər müəllif elçilik problemini dünən əsərində qaldırıbsa, niyə bu gün qaçan gəlinlər, saçı qırxılan gəlinlər, qonşu gəlinlə görüşdə qətlə yetirilən zəhmətkeşlərimiz kimi sosial-siyasi, mədəni-uzaqgörən temalarda da məsləhət verə bilməsin? Verər, sadəcə onun rəyini soruşmalıyıq. Ağsaqqal sözünə bizdə həmişə ehtiyac olubdur. Həmçinin ağbirçək öyüdünə. Məncə bu işdə AYB üzvlərindən Elmira Axundova, Gülər Əhmədova, Elza Seyidcahan və başqaları yaxşı öyüd verərlər, nə qədər ailələr xilas olar. Yaxşı yadımızdadır, bir vaxtlar Xuraman xanımın yaylığı ATƏT-in Minsk qrupunun atəşkəs üzrə nümayəndəsi Anjey Kasprşiki yüksək səviyyədə əvəz edirdi.

Həmçinin, “Ulduz”, “Azərbaycan”, “Qobustan”, “Literaturniy Azerbaydjan” ədəbiyyat  jurnallarının redaksiya heyətindən məişət zorakılığına qarşı gözəl məsləhətlər almaq olar. Elə bizim KİVDF, Mətbuat Şurası da yaxşı orqanlardır. Gəlin kimisə öldürməzdən qabaq Mətbuat Şurasına deyək. Bəlkə Əflatun müəllim onu qara siyahıya, reketlər siyahısına daxil etməklə daha üstün formada tərbiyə edəcəkdir?

Müxalifət də gənclərimizi tərbiyə etmək, ailələrin xilası yolunda vacib instrumentdir. Kvartalda bir dəfə “Məhsul” stadionun yığışıb “İş, çörək, Qarabağ!”, “Hava yaman soyuqdur, Ermənilər toyuqdur”, “Oturmayan bizdən deyil” şüarları qışqırarkən, qaçan gəlinlər, saçı qırxılanlardan da danışmaq olmazmı? Qoy gəlinlərə tribuna verilsin, onsuz müxalifəti 30 ildir eşidirik, təzə söz bəlkə gəlinlərdən çıxa.

İdmançılar var hələ... Kimisə döymək istəyirsinizsə, bunu olimpiya və islam oyunları çempionlarımıza tapşırmaq olmazmı? Biri var sən, mən, biz bunu kobud şəkildə edək, qan su yerinə axsın, biri də var peşəkara üz tutursan, xəyanət edən gəlini çağırır, bir dənə yunan-roma güləşi fəndiylə götürüb çırpır tatamiyə, medalını alır, gedir, hamı da razı qalır. Yaxud, qayınanasını döyən kürəkəni boks rinqində əzişdirmək, iki arvad alan kişini üzgüçülük hovuzunda boğmaq (təbii, müvəqqəti) daha humanist olmazmı?

Ailə, qadın, arvad-uşaq komitəsinin ekspertləri, ombudsman aparatı, QHT-lərə yardım üzrə dövlət şurası, Respublika Ağsaqqallar Cəmiyyəti, “Qızıl Aypara”, Nazirlər Kabineti yanında Elm Fondu, Dövlət Büdcəsinin yağlı yerində Elmlər Akademiyası, ASAN könüllüləri, “Müsbət gələcək və qanunların aliliyi naminə qaçqınlarla irəli və Qarabağın hüquqları beynəlxalq müstəvidə” İctimai Birliyi və sairə çoxsaylı qurumlar da məişət zorakılığına qarşı mübarizəmizdə xalqa böyük kömək edə bilərlər.

Bu qədər sığınacaq varsa, maraqlıdır, gəlinləri necə tutub saçlarını qırxırlar, anlaşılmır. Yəqin ünvanı bilmirlər. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR