İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mehman haqda fikirlərimi, o, azadlıqda olanda deyəcəm” – Deputatdan sensasiya dolu müsahibə

10495 10.01.2019 11:32 Müsahibə A A

Elşən Musayev: “İlham Əliyevin rəhbər olduğu ölkədə inqilab eləməyə nə kimsənin cürəti çatar, nə də imkanı”

I hissə

Son zamanlar daxili və xarici siyasətdə baş verən çox mühüm hadisələrlə bağlı suallarımıza cavab almaq üçün millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevə müraciət etdik. Onunla “Yeni Müsavat”ın redaksiyasında gerçəkləşən müsahibəni təqdim edirik.

-Elşən bəy, xoş gördük.

-Xoş gününüz olsun.

-Maşallah, gündəm geniş çeşidli mövzularla o qədər bol ki, sıralamaq belə çətindir. Başlayaq son günlər manşetləri zəbt edən – növbədənkənar parlament seçkilərindən. Bu haqda nə düşünürsünüz, bir fikriniz, bildiyiniz varmı?

-Gəlin, növbədənkənar parlament seçkiləri ehtimalı deyək, ifadənin vurğusu daha düzgün olsun. Çünki ortada hələ heç bir fakt, rəsmi və ya siyasi qərar, real göstərgi yoxdur. Həmin ehtimal isə son seçkilər keçirildiyi dönəmdən bəri səslənir, unudulur, sonra yenə səslənir. Hərçənd bu kontekstdə nəyin necə olacağını öncədən söyləməyin çətinliyi də ayrı bir həqiqətdir. Amma madam sual qoyulub, bu barədə sırf öz prizmamı, mülahizəmi bölüşüm: siyasətçi seçkini yox, öz ruh halını, lazımlılıq əmsalını, dayanıqlığını, aktivlik tonusunu güdməli, saxlamalı və qorumalıdır, bütün fors-majorlara, gözlənilməz hallara da hazır olmalıdır. Nə vaxt keçiriləcəksə, keçirilsin, nə fərq edər? Hə, bu məsələ o kateqoriya üçün maraq kəsb edə bilər ki, 5 il başının altına balış qoysun və fikirləşsin, seçki 2020-nin noyabrındadırsa sentyabrda aktivləşsəm olar – necə ki, ənənəvi müxalifətimiz daim belə edib. Amma normal müstəvidə, normal axarda – xeyr! Bu cür fikirlər əsla və əsla qəbuledilən deyil və məlum təxəyyül bir siyasətçinin düşüncə fiaskosu hesab olunmalıdır. Çünki siyasətçi zamansızlığın subyektidir. O heç də hər zaman prosesləri yürütmür, bəzən prosesin özünün yürütdüyüdür və onu ilk öncə özgüvəni, öz rolu, öz vəziyyəti maraqlandırmalıdır. Hazırsansa, aktivsənsə, etimadı doğrultmusansa qorxu yoxdur. Yoluna davam et. Gerisi, qismət.

- Müxalif cəbhənin, üstəlik, paralel xətdə “söyüş müxalifəti”nin qeyri-adi formada aktivləşməsi və ya aktivləşdirilməsi necə, seçki ehtimalı səbəbilə ola bilərmi?

-Ehtimalları hara qədər desəniz haçalamaq olar. Çünki miqyas böyükdür. Ənənəvi müxalif camiənin isə üzərində xüsusi formada dayanmayacam. Dayanılacaq yer yoxdur, ayağını, əlini, hətta söz demək üçün belə hara qoysan uçurumdur – ona görə. Aktivlikləri də foto-obyektivlərdən o yana səciyyə daşımır. Həmişə necə olublarsa yenə elədirlər, eyni cür davranırlar. 25 ildir nə qocalma var, nə cavanlaşma. Tofiq Qasımovun təbirincə desək, hər şeyi dondurublar. Fikri də, fəaliyyəti də, ideyaları da. Sanki siyasi mumiyalanma dövrünü yaşayırlar və 50 il sonra gələcək nəsil bu ömürlük müxalifətçilər haqda nə deyəcək, nə düşünəcək, adamların umurunda belə deyil. Heç olmasın da. Amma fakt budur ki, reallıq tam başqa mənzərəni özündə ehtiva edir. O gün sizin saytınız və feysbuk üzərindən reallaşan debatda Natiq Cəfərli gözəl bir ifadə işlətdi ki, 5 il gözləyəcəm, görsəm, iqtidar olmuruq, gedib başqa işlə məşğul olacam. Özümə, ailəmə, xalqıma daha faydalı fəaliyyətlə xidmət göstərəcəm. Nə olsun müxalifətçidir? Bəyəndim bu fikri. Həqiqəti deyir. Kaş bizim ənənəvi müxalifət də belə düşünəydi. Amma düşünmür. Ona görə mizan itib, məğz tükənib. Şəkillə birləşib, söyüşlə ayrılırlar. Seçkidən-seçkiyə. Rübdən-rübə. Odur ki, bu zümrənin birləşməsi mənə cazib və inandırıcı gəlmir. Söyüş müxalifəti isə, bəli, aktivləşib. Hətta sıralarına yenilərini də qatıblar. Hamısı da “say-seçmə”dir. Axtarsan, sifariş versən, bu cür unikum tipajları tapmaq olmaz. Erməni lobbisi və Avropadakı məlum qüvvələr Orduxanın, Turalın, Eminin timsalında bir müddətdir gədə-güdə bəsləyir, internet üzərindən debil inkubatorların virusunu yayır, pul miqyasına uyğun söyüş çevrəsi yaradır, sapı özümüzdən olan baltaların tiyəsi ilə drijorluq edir. Əslində siyasət adına da, müxalifətçilik adına da yaramazlıqdır, nanəciblikdir. Amma neynəməli, bunlar da belədir. Neynəməli ki, bu ünsürlərin bəsirət gözü dabanlarının altındadır, şərəf və mənlikləri isə bir qutabın dəyərində.

- Onlarla effektiv mübarizənin bir yolu yoxmu?

-Tək yol bu üfunət qoxan tullantıların səhifələrindən, kanallarından uzaq durmaq və ya həmin vasitələrin Azərbaycana peyk, internet girişini əngəlləməkdir, bloklamaqdır. Paralel xətdə isə hüquq-mühafizə orqanları öz ardıcıl fəaliyyətlərinə ara verməməlidirlər. Xalqa və dövlətə açıq xəyanət edənlərin hüquq, qanun, məhkəmə qarşısında cavab verməsindən böyük labüdlük, ədalət ola bilməz. Bunların ədalət məhkəməsində murdar sifətlərinə, riyakar simalarına baxmaq üçünsə şəxsən mən indidən səbrsizlənirəm.

-Məhkəmə demişkən. Mehman Hüseynova ikinci dəfə cinayət işi açıldı, hadisə ciddi ajiotaj yaratdı. Bu məsələnin də üzərindən sükutla keçmək olmaz və olaya münasibətiniz son dərəcə maraqlıdır. 

-Mehman azadlıqda olarkən bir neçə dəfə məni təhqir edib. Əsassız yerə. Heç lüzum olmayan məqamda. Bir dəfə cavab vermişəm və ondan sonra polemika bitib. İndi isə o həbsdədir. Məlum cinayət işi, bu hadisənin ətrafında cövlan edən proseslər və mövzudan bəhrələnmək istəyən bir çox siyasi qüvvələrin spekulyasiyaları haqda da yetərincə müzakirələr açılır, rəylər bildirilir, qarşılıqlı ittihamlar səsləndirilir. Təbii, məsələ ilə bağlı qətiləşmiş mövqeyim var. Amma indiki həssas məqamda açıqlaya bilmərəm. Birincisi, ona görə ki, Mehman həbsdədir və onun mənə cavab vermək imkanı yoxdur. İkincisi isə, məhz söylədiyim həssas məqamdan dolayı deyəcəyim hətta ən düz, əsaslandırılmış, korrektəli ifadə belə müdafiə etdiyim siyasi xəttə ziyan vura bilər. Yəni, siyasi həssaslıq zamanı mövzu hər nə olursa-olsun, həqiqət nəyi diktə edirsə-etsin – fərq etməz; gül əkib gülüstan düzəltməkdən daha çox “qaş düzəldən yerdə vurub göz çıxartmaq” ehtimalı daha böyükdür. Qlobal anlamda Mehmanı və onun qardaşını yanlış tərəf bilirəm, təfsilatları isə o həbsdən çıxdıqdan sonra özünün oxuya və məni dinləyə bildiyi məqamda söyləyəcəm. Ayrıca, kimsəyə, hətta ən qatı rəqibimə, düşmənimə belə həbs arzulamadığımı da fikrimin sonunda dilə gətirmək istəyirəm.

-Qeyd etdiyiniz bu həssas məqamda Mehmanı, onun vəfat etmiş ailə üzvlərini təhqir edən də tapıldı və bu sizin həmkarınız idi.

-Eşitdim, oxudum. Təqdir etmirəm.

-Haqqında danışdığınız siyasi xəttə ziyan deyilmi bu? Belə taktikanın adını iqtidarı müdafiə, iqtidar təəssübkeşliyi qoymaq olarmı?

-Mən fikrə münasibət bildirdim. Fəqət, fikrin doğuracağı nəticələri şərh edə bilmərəm. Buna haqqım və bu yöndə öhdəliyim olduğunu da düşünmürəm. Çünki hər kəs özünə cavabdehdir və istənilən ictimai-siyasi kontekstdə “fərdi məsuliyyət” prinsipi daha vacib şərt kimi qabardılmalı, qəbul olunmalıdır.

-Qabartmaq effekt verirmi?

-Orasını artıq ictimai qınağın, daha doğrusu, həmin rıçağın əsas sütunlarından biri olan siz jurnalistlər müəyyən və təyin edin: effekt varmı, yoxmu.

-Bəlkə bu səbəbdəndir, deputat imicinə zaman-zaman kölgə düşür və hər biriniz hansısa həmkarın söylədiyi ehtiyatsız kəlmənin badına gedirsiniz?

-Hər kəs öz kölgəsinin yaratdığı obrazdır. Daha dəqiqi, hər kəsin kölgəsi onun öz əsəridir. Kölgə indivüdaldır. Kimsə də kimsənin badına getmir.

-Bu yaxınlarda İlqar Məmmədov haqda kəskin fikirlər söylədiniz. Halbuki bir müddət əvvəl onu cidd-cəhdlə debata çağırırdınız. Mübarizə virtual xəttə keçid aldımı yoxsa?

-Mən onun şəxsi yox, yazdığı status haqda fikir bildirmişəm. Hətta lazım olandan daha soyuq səviyyədə. Baxmayaraq, daha böyük hiddəti və sərtliyi haqq edirdi. İlqar bəy ən azından öz silahdaşlarına, partiyadaşlarına, feysbukdaşlarına, ən nəhayət, xalqa bir açıqlama borclu idi. Ki, məlum statusu hansı “kafa” ilə yazıb. Açıqlama vermədi, istədik. Əsaslandırma gəlmədi, sözümüzü dedik. Adama iki dəfə elə sizin sayt vasitəsilə tövsiyə eləmişdim ki, Azərbaycan dilində fərli-başlı yazmağı, oxumağı öyrənmədən müstəqil status yazmasın, fikirlərini kiminləsə məsləhətləşib sonra paylaşsın. Dinləmədi. Axırı da belə oldu (gülür).

-Müxalif elektoratın ekspertləri israrla söyləyirlər ki, haqqında danışdığınız İlqar Məmmədov, daha doğrusu, onun rəhbərlik etdiyi ReAl partiyası və ənənəvi müxalifət birləşsə mövcud iqtidar üçün ciddi baş ağrısına çevrilə bilərlər. Razısınızmı bu fikirlə?

-Mən nağıl dinləməyi və həmin nağıllara inanmağı 6-cı sinifin sonlarından tərgitmişəm. O vaxtdan keçmişəm bədii və elmi ədəbiyyata.

-Ölkədə inqilab təəssübkeşləri də var. Fikirlərini isə açıqca dilə gətirirlər, Ermənistan və Gürcüstandan sonra növbənin bizdə olduğunu söyləyirlər.

-Bu ölkənin İlham Əliyev kimi nəhəng, ləyaqətli, patriot lideri var. Onun rəhbər olduğu ölkədə İnqilab eləməyə nə kimsənin cürəti çatar, nə də imkanı. Azərbaycanda hər şeyi seçki, xalqın iradəsi həll edir. İnqilab təəssübkeşlərinin çevrəsi və hüdudu isə Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimovun varlığından o yana keçə bilməz. Yəni, 15 sm-lıq radiusda, 45 kiloluq həcmdədir.

- Bəy, rakursu bir az dəyişək: Cahangir Hacıyev və Rüfət Aslanlı kimi eks-məmurların var-dövləti haqda media mütəmadi məlumatlar dərc etsə də, sanki mövzuya bir az ara verilən kimi yenidən unudulur. Ta ki, yeni informasiyalar işıq üzü görənə qədər. Bu yaxınlarda Zamirə Hacıyevanın 42 milyonluq təyyarəsi və Rüfət Aslanlının 2 milyonluq cəh-cəlal sifarişi barədə də yeni yazılar dərc olundu. Üstəlik, vəzifədən yeni uzaqlaşdırılan icra başçıları haqda da ziddiyyətli məlumatlar dolaşmaqdadır. Nə baş verir? Nəticə haqda proqnoz varmı?

(davamı olacaq)

Əli Rais, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR