AZ RU
Youtube-dan pul qazanmaq istəyənlərə şad xəbər... - FOTOLAR
BÖLÜM: Media
YAYIM TARİXİ: 10 Noyabr 2016 16:09
Youtube-dan pul qazanmaq istəyənlərə şad xəbər... - FOTOLAR

Müasir dövr gənclərinin böyük hissəsi öz vaxtını sosial şəbəkələrdə keçirir. Hər gün milyonlarla istifadəçi sosial şəbəkələrdən istifadə edir. İstifadəçi sayının artması bu virtual məkanın faydalarını da artırır. Sosial şəbəkələr cəmiyyətə yeni məşhurlar qazandırır. 

Məsələn, kimsə maraqlı videolar hazırlayır və bunun sayəsində minlərlə izləyici qazanır. Kimsə yaxşı bloq yazır və beləcə minlərlə insan tərəfindən oxunur. Yəni sosial şəbəkələr sayəsində bacarıqlı insanlar gün üzünə çıxır, tanınmağa başlayır. 

Bacarıqlı insanlar bir müddət sonra bu məşhurluqdan, tanınmaqdan pul qazanmağa çalışırlar. Amma Azərbaycan gərçəklərində bu məsələ bir az qəlizdir. Düşünün ki, youtube video paylaşım saytında hesabınız var. Paylaşdığınız videoları minlərlə, hətta milyonlarla insan izləyir. Artıq bu izlənmədən pul qazanmaq, hesabınızı rəsmiləşdirmək, təsdiq etdirmək istəyirsiniz, amma Azərbaycanda yaşadığınız üçün bu istəyiniz baş tutmur və ya çox çətin olur. Başqa ölkələrdə yaşayan video-bloggerlər isə bu işdən qazandıqları pullarla özlərinə həyat qururlar. 


Uzun illərdir ki, bu problem qalmaqdadır. Video-bloggerlər öz videolarını youtube-da başqa adlar altında, başqa hesablarda görürlər. Bundan başqa, telekanallar, məşhur incəsənət xadimləri, müğənnilər, siyasətçilər və s. Bütün Avropa ölkələrində bu kateqoriyaya aid olan şəxslərin youtube-da şəxsi və rəsmi hesabları var. Onlar özlərinin yeni mahnılarını, videolarını bu hesabdan yayırlar və bu baxış sayından da pul qazanırlar. Məsələ təkcə pul deyil, həm də müəllif hüquqlarının qorunmasıdır. Belə ki, təsdiq edilmiş hesabın sahibi əgər istəyərsə, onun müəllifi olduğu videoları, mahnıları başqaları youtube-da istifadə edə bilməz. Bizdə isə bu məsələ mümkün deyildi. Amma artıq bu məsələ də öz həllini tapmaq üzrədir. 

Musavat.com saytı xəbər verir ki, Bakıda Türkiyənin məşhur WediaCorp şirkətinin nümayəndəliyi fəaliyyətə başlayıb. Bu şirkət Azərbaycan vətəndaşlarına bu zamana qədər yuxarıda sadaladığımız çətinlikləri aşmaq üçün şərait yaradır. 

Belə ki, şirkət bir neçə ildir ki, Türkiyədə fəaliyyət göstərir. Amma 6 aydır ki, Bakıda da xidmət göstərməyə başlayıblar. Şirkətin Bakı bürosunda Türkiyə vətəndaşları olan Fuat Mert, Serkan Algurla yanaşı, Azərbaycan vətəndaşı Hüseyn İbadlı çalışır. 


Şirkətin Azərbaycan bürosunun rəhbəri Fuat Mert buraya gəliş məqsədləri və planları barəsində bunları dedi: "Biz 2016-cı ilin əvvəllərində yuotube-a Azərbaycanda da işləmək istədiyimizi bildirdik. Yazışmalar və anlaşmalar nəticəsində biz Azərbaycan üçün lisenziya alan ilk və tək şirkət olduq. Burada çalışan youtuberlərin, məşhurların çəkdikləri əziyyəti bilirdik. Gəlişimizin də səbəbi budur. Məqsədimiz Azərbaycanda böyük bir ofis və iş qurmaqdır. Azərbaycanı brend halına salıb, qonşu Asiya və türkdilli dövlətlər üçün mərkəz halına gətirmək istəyirik".  


Azərbaycan üçün müəllif hüquqları probleminin olduğunu deyən F.Mert hazırda onlara müxtəlif peşə sahiblərindən müraciətlər gəldiyini bildirdi: "Bəstəkar Gövhər Həsənzadə başda olmaqla, film prodüsserləri, telekanallar, müğənnilər və məşhur blogger Hüseyn Əzizoğlu kimi şəxslərlə anlaşmışıq. Hazırda bu anlaşmalar üzərindən işlər görülür. Düşünün ki, siz zəhmət çəkib, pullar xərcləyib film çəkirsiniz. Kimsə onu youtube-da paylaşır və bu yolla pul qazanır. Amma sizin zəhmətiniz boşa gedir. Biz sizə rəsmi hesab üçün köməklik göstəririk və bundan sonra sizin müəllif olduğunuz filmi heç kim başqa hesabdan paylaşa bilmir. Bizim şirkət anlaşdığı şəxslərin müəllif hüquqlarını qoruyur və onlara pul qazandırır. Azərbaycanda bu sahə üzrə məlumat vermək üçün 4 seminar keçirmək fikrimiz var".  


Türkiyəli iş adamı iş prinsipləri barəsində də söz açıb: "Biz qarşılıqlı qazan-qazan prinsipi ilə işləyirik. Müəyyən bir izləyiciyə sahibi olan şəxslər bizə müraciət edərkən onlara müəllif hüquqlarını qoruyacağımızı, pul qazanmaq üçün ayarların ediləcəyini, bu sahə üzrə təlimlər keçəcəyimizi bildiririk. Təbii ki, bunlara hesabların təsdiq edilməsini də əlavə edirik. Bu halda qazancın 30 faizini biz alırıq, 70 faizini isə müştəriyə veririk. Sıfır bir hesab yaradarkən isə faiz dəyişir. Bu zaman gəlirin 40 faizini bizim, 60 faizi müştərinin olur. 


Azərbaycanda qalıb, uzun illər çalışmaq niyyətimiz var. Qardaş ölkədə olmağımız həm bizim, həm də Azərbaycan vətəndaşları üçün çox yaxşı haldır. Düşünün ki, siz Almaniyada olan bir partnyorla anlaşırsınız. Problem yarananda həmin şəxslə əlaqə saxlamaq demək olar ki, qeyri-mümkün olur. E-mailə 1 ay sonra cavab yazırlar. Telefonlara baxan olmur və s. Biz isə burdayıq, Bakıda... Dilimiz bir, kökümüz bir... Əminəm ki, illərlə bir yerdə çalışacağıq". 

Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir.






ŞƏRHLƏR
ŞƏRH YAZ
Şərh yoxdur
XƏBƏR LENTİ
Çox Oxunanlar
Bugün
Bu Həftə
Bu Ay
Yeni Müsavat © 2001-2016
Рейтинг@Mail.ru