İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Arifoğlu: “Qəzetlərin mövcudluğunu təhlükəyə atacaq bir vəziyyətlə üzləşmişik”

4010 28.12.2016 08:00 Media A A

Ölkədə ciddi şəkildə dollar ajiotajı yaşanır. Banklar demək olar ki, dollar satmırlar. İş adamları, xaricə səfəri olanlar çıxılmaz durumdadır. “Qara bazar” isə genişlənib və burada dollar öz məzənnəsindən xeyli baha satılır. Mövcud durumda ölkə iqtisadiyyatı da təhlükəyə girib. 

Vəziyyət o dərəcədə pisdir ki, ölkənin print mediası da təhlükə ilə üzləşib. Media özünə lazım olan, yaşamasını təmin etmək üçün kağızı almağa dollar tapa bilmir. Hazırda “Yeni Müsavat” qəzeti qəribə vəziyyətlə üzləşib. Kağızın qiymətinin bazarda qalxması səbəbindən qəzet təşəbbüs göstərib ki, Rusiyadan özü kağız gətirsin. Bunun üçün lazım olan məbləğdə valyutanın toplanmasına ehtiyac yaranıb. “Yeni Müsavat”ın rəhbərliyi və qəzetin müvafiq şöbəsi nə qədər cəhd göstərsə də, gərəkən məbləği toplaya bilməyib. Bunun da səbəbi bankların dollar satmamasıdır. “Qara bazar”da isə dolların məzənnəsi rəsmi məzənnədən çox yüksəkdir. Bu səbəbdən də redaksiyaya “qara bazar”dan Azərbaycan manatı ilə dollar alıb, onu Rusiyaya göndərmək və qəzet kağızı almaq sərf etmir. 

Image result for Rauf Arifoğlu

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu məsələ ilə bağlı bildirdi ki, çarəsiz durumdur: “Qəzetlərin mövcudluğunu təhlükəyə atacaq bir vəziyyətlə üzləşmişik. Biz qəzet satışından qazandığımız Azərbaycan manatını xarici valyutaya çevirə bilmirik. Hesabımız olan banklara, bank sektorunda tanıdığımız insanlara müraciət etdik, lakin bu, mümkün olmadı. Hər bank uzaqbaşı bir adama yüz dollar sata biləcəyi ilə bağlı açıqlama verdi. Bu da bizim üçün o deməkdir ki, rəsmi kursla dollar almaq mümkün olmayacaq. Kağızın tonunun Bakıdakı qiyməti isə 680 -700 dollaradır. Kağız gətirənlər tələb edirlər ki, biz hətta Bakıda belə qəzet kağızının pulunu dollarla ödəyək. Yaxud da ”qara bazar"ın həmin günə olan kursu ilə manatla ödəməyimizi istəyirlər. Çarəsiz bir durum yaranıb. Bu vəziyyətdən çıxış yolu demək olar ki, görünmür. Buna görə də iqtisadi sektorun müvafiq rəhbərlərinə müraciət etməyə məcburuq ki, qəzetlərə kağız alınması üçün rəsmi kursla dollar satsınlar".

Image result for Əkrəm Həsənov

Ekspert Əkrəm Həsənov isə musavat.com-a bildirib ki, “qara bazar”ın genişlənməsi dövlət qurumlarının günahıdır: “Həmçinin alqı-satqının dollarla aparılması da qanunsuzdur. Bu yaxınlarda bu istiqamətdə bir məhkəmə prosesini udduq. Alqı- satqı müqaviləsini dollarla bağlayan şirkət uduzdu. Bəziləri birbaşa dollarla bağlamırlar, amma manatın gündəlik kursu ilə ödəniş edilir. Bunlar da qanunsuzdur. Yəni Konstitusiyanın, Mülki Məcəllənin müvafiq maddələrinin pozulmasıdır. Konstitusiya Məhkəməsinin bu maddələrə dair şərhi də var. Şərhdə də bildirilir ki, yerli şəxslər arasında kredit və bank əmanəti istisna olmaqla, digər müqavilələr xarici valyutada ola bilməz. Bu baxımdan, Azərbaycanda satıcının qiyməti xarici valyuta ilə hesablaması qanunsuzdur. Amma məsələnin digər tərəfi də ondan ibarətdir ki, satıcıları da başa düşmək olur. Onlar aldıqları malı xarici valyuta ilə alıblar və onu da ölkədəki ”qara bazar"dan əldə edirlər. Satıcılar məcburdurlar ki, dollarla aldıqları malın qiymətini hər gün dollara uyğunlaşdırsınlar. Çünki yenə də mal alarkən dollar verməlidir. Amma satıcılar dolların kursunu Mərkəzi Bankın təyin etdiyi məzənnəyə uyğun yox, “qara bazar”dakı məzənnəyə uyğun qoyurlar. Bu halı mən süni qiymət artımı saymıram. Dövlət özü Mərkəzi Bankın simasında kifayət qədər dollar satmırsa və buna görə də “qara bazar” varsa, xaricdən mal alan satıcı neyləsin? O da məcburdur ki, dolları “qara bazar”dan alsın, dövlət onu buna məcbur edir. Faktiki olaraq, dövlət orqanlarının fəaliyyətsizliyi nəticəsində sahibkarlar pis vəziyyətdə qalıblar. Bunun nəticəsində istehlakçılar da çətin duruma düşüblər. Hazırda valyuta bazarında olan biabırçılıq iqtisadiyyatımızı iflic vəziyyətə salıb. Növbəti devalvasiyadan sonra vəziyyət sabitləşə bilər".
 
Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR