İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirşahin Ağayev Türkiyədə əməliyyat olundu

5149 22.11.2016 14:25 Media A A
ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev Türkiyədə əməliyyat olunub. 

Jurnalistin yaxınlarından əldə etdiyimiz məlumata görə, hazırda onun vəziyyəti normaldır: “Bakıya nə vaxt qayıdacağı məlum deyil. Hər şey vəziyyətinin düzəlməsindən asılıdır  Mirşahinin səhhətində çoxdan problem var idi. Həkimlər yayda əməliyyat olunmağı tövsiyə etmişdilər. Lakin ANS-in bağlanması planları pozdu. Ona görə də əməliyyat gecikdi. Vəziyyəti ciddi olduğu üçün Türkiyəyə getməli olub”.

Jurnalistin özü ilə də əlaqə saxlamağa çalışdıq. O isə danışmaq istəmədiyini bildirərək, Mais Məmmədovla əlaqə saxlamağımızı tövsiyə etdi. 

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Mirşahin şənbə günü əməliyyat olunub: “Bəzi saytlar yalan yazırlar. Yaxşı ki, Mirşahinin Amerikaya, Trampın yanına qaçdığını yazmayıblar... Bunu da yaza bilərdilər. Mən bu yalan informasiyaların səbəbini bilmirəm. Biz açıqlama vermişik ki, yayılan informasiyalar şayiədir”.

M. Məmmədov onu da bildirdi ki, Mirşahin Ağayev mədəsindəki problemlə bağlı əməliyyat keçirib və hər hansı onkoloji xəstəliyi yoxdur: “Şükür Allaha, əməliyyat yaxşı keçib, uğurlu əməliyyat olub. İndi yavaş-yavaş özünə gəlir. Həkimlər nə vaxt icazə versə, ölkəyə qayıdacaq. Yəqin ki, 4-5 gün çəkər”. 

Mais Məmmədov ANS-in yenidən fəaliyyətə başlayacağı ilə bağlı xəbərlərə də münasibət bildirdi: “Mən bilmirəm və dəqiq heç nə deyə bilmərəm. Hələ ki, mən bu şad xəbəri eşitməmişəm. Biz də çalışırıq, Allaha yalvarırıq, prezidentimizdən xahiş edirik ki, ANS yenidən fəaliyyətə başlasın. Baxaq, görək necə olacaq. İnanırıq ki, Allah üzümüzə baxacaq və bu şad xəbəri eşidəcəyik”.

Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR