İnsanlara hürriyət, millətlərə istiqlal!

NAXÇIVAN TV BÜTÜN AZƏRBAYCANA YAYIMLANSA...

“Media forum” saytının sorğusu nəticəsində məlum olub ki, bu təklif reallaşa bilər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Teleradio” İstehsalat Birliyinin rəisi Əflatun Şərifov deyib ki, belə bir praktikanın həyata keçirilməsi mümkündür: “Bunun üçün ilk növbədə Naxçıvan televiziyası peykə çıxmalıdır. Buna aplink deyirlər. Televiziyadan siqnallar peykə ötürülür və oradan yayımlanır”.
Şərifovun sözlərinə görə, bundan sonra onu ölkə üzrə yayımlanmaq asandır: “Əgər televiziya peykə çıxışı təmin etsə, ona həm peyk antenləri vasitəsilə baxmaq mümkün olacaq, həm də ölkənin ən müxtəlif yerlərində ötürücülər quraşdırmaqla bölgələrə yayımlanmaq mümkündür. Bu gün bütün televiziyalar bölgələrə bu yolla yayımlanır”.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də belə praktikaya başlamağın mümkün sayır: “Bu, bir təklifdir. Bunun üçün ən əvvəl əlaqədar təşkilatlara müraciət eləmək lazımdır”.
“Azadlıq” radiosunun Naxçıvan üzrə bölgə müxbiri Məlahət Nəsibova hesab edir ki, təklifin reallaşması gözəl ənənənin başlanğıcı ola bilər. Amma region televiziyasının ümumrespublika televiziyaları ilə rəqabətə girməsi M.Nəsibovada sual doğurur: “Naxçıvan televiziyasında hazırlanan verilişlər o səviyyədə deyil ki, Azərbaycan tamaşaçısı onu qəbul eləsin. Verilişlərin səviyyəsi, görüntünün keyfiyyəti, kadr baxımından Naxçıvan televiziyası güclü rəqabətə hazır deyil”.
Naxçıvanda 2 televiziya, 2 radio fəaliyyət göstərir, 9 qəzet, 1 jurnal nəşr olunur. Dövlət Televiziya və Radio Verilişləri Komitəsi muxtar respublikanın ən böyük kütləvi informasiya orqanlarından biridir. 1963-cü ildə yaradılıb. Komitə Naxçıvanın həyatını əks etdirən televiziya və radio verilişləri hazırlayır. Gündə 12 saat efirdə olan televiziya səhər saat 10:00-dan 22:00-a qədər verilişlər yayımlanır. Hər saatbaşı qısa, hər gün saat 19:00-da isə ana xəbər bülleteni verilir.
Bu təklifin reallaşması Azərbaycanın yazılı, xüsusən də tənqidçi mediasına da xeyli mövzu verə bilər. Naxçıvanın informasiya blokadasında saxlanılması faktını nəzərə alanda ən kiçik görüntü, xəbər də media əhli üçün ayların mövzusu olacaq kimi görünür. Amma mediada gedən müzakirələrə görə, bunu fəsadları da az olmayacaq. Çünki Naxçıvan “xanı”nın bölgədə müxalif fikirli şəxslərə qarşı apardığı kampaniya bu dəfə Bakını da bürüyə bilər. Yəni Naxçıvanı tənqid edən jurnalistləri heç də xoş aqibətin gözləmədiyi səslənən təxminlər sırasındadır.
Şərh yoxdur