İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifətə qarşı qara piar aparan saytlar çoxalıb

3112 09.07.2013 10:43 Media A A
Bu tip saytlar sırasına isə gün keçdikcə yeniləri əlavə olunur. Bəs xəbər portalı kimi təqdim edilən, əslində isə qara piar aparan bu cür saytlarla necə mübarizə aparılmalıdı?
Mövzu ilə bağlı qəzetimizə şərh verən İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə ekspert Cahid İsmayıloğlu qeyd etdi ki, ən qatı siyasi rejimlər də artıq azad internet mühiti ilə barışmalı olurlar: “Tez-tez səsləndiyi üçün adi ifadəyə çevrilsə də, yaddan çıxarmamalıyıq ki, biz informasiya cəmiyyətində yaşayırıq və informasiya, onun emalı, təhlükəsizliyi, informasiya dövriyyəsi, ona nəzarət və s. bizim üçün həyati bir məsələdir və get-gedə əhəmiyyətini artıracaq. Bu məsələnin psixoloji, pedaqoji, elmi-texniki, siyasi aspektləri var. İndi ən qaynar, ən həssas məqam bu sahənin siyasi aspektidir. Artıq dünyada gedən nəhəng siyasi oyunlar, böyük biznes maraqları, ideoloji müharibələr İKT-nin vasitəsilə həyata keçirilir. Ona görə bu sahə yüksək sürətlə inkişaf edir. Necə ki, vaxtilə silah sənayesi sıçrayışla inkişaf edirdi, bu günün silahı İKT olduğundan estafet ona həvalə edilib. Bu şəraitdə dünyada azad internet mühiti formalaşır və bunu nəzarətsiz bir mühit kimi də görə bilərik. Ən qatı siyasi rejimlər də artıq azad internet mühiti ilə barışmalı olurlar. İranın yeni prezidentinin sosial şəbəkələr haqqında müsbət fikirləri və özünün də sosial şəbəkələrdəki aktivliyi diqqətlərdən qaçmır”. 
C.İsmayıloğlunun sözlərinə görə, Azərbaycanın ən aktiv siyasi prosesləri internet mühitində, sosial şəbəkələrdə cərəyan edir: “Bu səbəbdən ölkəmiz üçün azad internet mühitinin var olması, demokratiya, söz azadlığının qorunması yolunda mühüm amildir. Seçki ərəfəsində olduğumuz üçün bu proses daha da həssas bir dönəmini yaşayır. Qaynar siyasi mübarizə demək olar ki, internet mühitində özünü hiss etdirir. Əlbəttə, qaynar siyasi mübarizə, azad internet mühiti, seçki ərəfəsi, bütün bu faktorlar çox zaman belə halların baş verməsinə gətirib çıxarır - təhqirlər, şantajlar, qara piar mexanizmi daha asan və operativ işə düşür. Həm müxalifət, həm də iqtidar düşərgəsinə qarşı qara piar, təhqir halları artır. Hətta bu təhqirlərin yer aldığı ayrıca vebsaytlar hazırlanır, eyni zamanda sosial şəbəkələrdə səhifələr açılmaqla geniş kütlələrə yayılır. Bu halların qarşısının alınması texniki olaraq mümkün, siyasi olaraq müşkül bir məsələdir. Əksər hallarda bu işlər xarici ölkələrdən həyata keçirilir. Başqa bir tərəfdən dövlət tərəfindən qadağa qoyulan saytlar sonradan ölkədə söz azadlığının məhdudlaşdırılması kimi qələmə verilir”.
Bu tip saytların qeydiyyatdan keçməsi və fəaliyyət göstərməsi ilə bağlı danışan ekspert bildirdi ki, normal bir saytın açılması cüzi maliyyə vəsaiti tələb edir: “Ümumiyyətlə, bir vebsaytın hazırlanması üçün onun domain adının, hostinq sahəsinin alınması çətin və böyük vəsait tələb edən bir iş deyil. Təxminən bir il üçün 10-20 dollar vəsaitlə domain adı və hostinq almaq mümkündür və internetdə heç bir professional bilik tələb etməyən, hazır qurulmuş vebsaytlarla saytın hazırlanması da tez və vəsait xərcləmədən həyata keçirilə bilir. Domain adı alan şəxsin kimliyi də tənzimlənmir, yəni ağla gələn, uydurma bir ad-soyadla da qeydiyyatdan keçmək mümkündür. Texniki yolla qeydiyyatdan keçənin kimliyində gizlətmək olur. Domain adının alınmasında ödənişlər visa, master və s. dəstəkli bank kartları ilə edilir. Məqsədli şəkildə bu işi həyata keçirən şəxslər ödənişləri oğurlanmış və ya xarici ölkədə naməlum bir şəxsin adına olan bank kartları vasitəsilə həyata keçirir və ya məxfiliyi təmin edən ”paypal", “checkout” kimi ödəmə sistemləri ilə də işi iz qoymadan icra etmək mümkündür. Bir sözlə, nə qədər ki, internet var, bu problem varlığını qoruyacaqdır. Çünki internet çox hallarda nəzarətsiz bir mühitidir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR