İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Dil Qurumunun saytı təqdim olundu

1665 24.07.2013 17:27 Media A A
İyulun 24-də Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Azərbaycan Dil Qurumu İctimai Birliyi yaratdığı saytın (www.adq.az) təqdimatını keçirib. Əsasən media qurumları, jurnalistlər, nəşriyyat işçiləri, müəllim və tələbələr üçün nəzərdə tutulan yeni sayta ilkin maliyyə dəstəyini QHT-lərə Dövlət Dəstəyi Şurası göstərib.
 
“Media forum” saytının məlumatına görə, Azərbaycan Dil Qurumunun icraçı direktoru Anar Niftəliyev “Adq.az”ın hazırlanmasında daha çox Türk Dil Qurumunun təcrübəsindən bəhrələndiklərini söyləyib. O deyib ki, gələcəkdə səhifədə bir neçə orfoqrafik, terminoloji elektron lüğət yerləşdiriləcək, axtarış sistemi, bütövlükdə sayt təkmilləşdiriləcək.
 
Təqdimat zamanı çıxış edən Azərbaycan Dil Qurumunun başqanı, Milli Məclisin üzvü Sabir Rüstəmxanlı “Adq.az”da yaradılan imkanların ilk olaraq media işçiləri üçün nəzərdə tutulduğunu bildirib: “Çünki redaktorlar, jurnalistlər daima prosesin içindədirlər, dilin inkişafında onların birbaşa rolu var. Amma dil bütöv bir millətin sərvətidir, onun inkişafı və qorunması ilə təkcə bir qurum, Yazıçılar Birliyi, alimlər məşğul olmamalıdır. Əgər bir millət bu sərvətə sahib çıxmasa onun üstünü kül, yabançı sözlər örtəcək, zaman keçdikcə dil öz fəallığını itirəcək. Dilə yabançı sözlər daxil olur. Amma başqa sözləri öz içində əridib özününküləşdirmək qabiliyyəti də dilin gücünü göstərən əlamətdir. Dilin mənzərəsini göstərmək üçün elektron lüğətlər çox əhəmiyyətlidir. Eyni zamanda bu lüğətlər medianın işinə yardım göstərən çox vacib, zəruri vəsaitlərdir”.
 
Dil Qurumunun təşəbbüsünü müsbət qiymətləndirən jurnalist, professor Qulu Məhərrəmli gələcəkdə bütün sahələr üzrə lüğətlərin yaranmasını vacib bilib: “Bu gün dünyada qloballaşma prosesi gedir. Ölkələr, xalqlar bir-birinə yaxınlaşır. Bu yaxınlaşma dilə də təsir göstərir. Ona görə də hər sahə üzrə lüğətlər hazırlanıb təqdim edilməlidir”.
 

"Media forum"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR