AZ RU
"Xarı bülbül" mahnısının klipi təqdim olunub - FOTOLAR
BÖLÜM: Mədəniyyət
YAYIM TARİXİ: 12 Yanvar 2017 14:15
"Xarı bülbül" mahnısının klipi təqdim olunub - FOTOLAR

"AZİTU Music Prodaktion" özünün yeni "Xarı bülbül" layihəsini təqdim edib. 

Musavat.com-un məlumatına görə, tədbir Beynəlxalq Mətbuat Mərkəzində keçirilib. Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib. 

Qeyd edək ki, layihə Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin əziz xatirəsinə həsr olunub. Layihənin müəllifi "AZİRU Music"in rəhrbəri Rübail Əzimovdur. 

Tədbirdə ilk öncə onun müəllifi olduğu və Azərbaycan Respublikasının xalq artisti Alim Qasımovla birgə ifa etdiyi "Xarı bülbül" mahnısına çəkilmiş klip təqdim olunub. Klipdə xəyali obrazlar kimi Üzeyir Hacıbəylinin və Xurşidbanu Natəvanın düşmənə əsir düşməsi təsvir olunub. Azərbaycan Milli Konservatoriyasında çəkilmiş klipdə rejissor Elxan Cəfərovun "Qarabağdır Azərbaycan" filmindən fraqmentlərdən də istifadə olunub. Muğam ustadı Alim Qasımovun da çəkildiyi klip Azərbaycanın klassik memarlıq nümunələrini əks etdirən ortamda lentə alınıb. 

Klipin təqdimatından sonra layihənin rəhbəri R.Əzimov klip haqqında danışıb. O, bildirib ki, layihədə işğal olunmuş torpaqlarımıza tamam başqa bir profildən baxışın əks olunmasına çalışılıb: "Biz Alim müəllimlə birgə istədik ki, Şuşanın simvolu olan Xarı bülbülə xitabən onun pərişan halını və qəmini bölüşdüyümüzü göstərək. Musiqi tərtibatı cəhətdən də fərqli yanaşma ortaya qoymağa çalışmışıq. Mahnı sırf xalq üslubunda olsa da, aranjeman etnik və klassik üslubların birgə göstərildiyi soft rok janrında hazırlanıb. Klipdə isə Azərbaycan igidlərinin düşmənlə əzmkar mücadiləsi əks olunub. Eyni zamanda çalışmışıq ki, həm Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrini, həm də Azərbaycanın memarlıq inciləri diqqətdən kənarda qalmasın".
 
Şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu da tədbirdə çıxış edərək gənc ifaçıya öz təbriklərini çatdırıb: "Sözün düzü mən bu cür gözləmirdim. Adətən Alim müəllim sırf müsəlmançılıq mədəniyyətindən irəli gələrək heç kimin xətrinə dəyməmək üçün dəstək olur. Fikirləşdim ki, yəqin yenə də nəyinsə xətrinə bu məsələyə dəstək olub. Amma klipə baxdıqdan sonra gördük ki, doğrudan da çox gözəl işlənilib. Burada həm səs, həm də tembr uyğunluğu var. Yəni, qeyri-yarımçıq əsərdir. Çox xoşuma gəldi. Buna qədər Rübailin çox gözəl işlərini görmüşdüm. Kamal müəllimin ərsəyə gətirdiyi "Xatirədir" mahnısında onun Alim Qasımovla birgə işbirliyinin gözəl nümunəsini görmüşük". 

Baba Vəziroğlu çıxışının sonunda muğam ustadı Alim Qasımova gənclərə verdiyi dəstəyə görə təşəkkür edib. 

Bəstəkar Nailə Mirməmmədli isə çıxışında Rübail Əzimovun gələcəyinə böyük ümid bəslədiyini söyləyib. O, Rübail Əzimovun aranjeman ideyalarını bəyəndiyini bildirib: "Əvvəl ideyalarını təqdim etməyə utanırdı. Biləndə ki, eqoistcəsinə yalandan onu pisləməyəcəyəm, həvəslə hazırladığı işlərini mənə göstərdi. Rübailin öz yolu olduğuna sevindim, dəst-xəttini tapıb. Onu danlayıram ki, niyə üzə çıxmırsan? Xalqımız onu tanımalı, öz yaşıdlarına nümunə olmalıdır. Radioda bir neçə ifaçının mahnısına qulaq asıram, elə bilirəm ki, eyni musiqidir, sadəcə sözlər dəyişir. Amma Rübailin özünəməxsus ifa tərzi və üslubu var". 

Xalidə Gəray,
Musavat.com





ŞƏRHLƏR
ŞƏRH YAZ
Şərh yoxdur
XƏBƏR LENTİ
Çox Oxunanlar
Bugün
Bu Həftə
Bu Ay
Yeni Müsavat © 2001-2016
Рейтинг@Mail.ru