İnsanlara hürriyət, millətlərə istiqlal!

“Eurovision- 2017” təmsilçimiz: “Özümə xəyanət etməyəcəyəm”

9670 31.12.2016 01:12 Mədəniyyət A A
"Eurovision- 2017" təmsilçimiz Diana Hacıyeva media nümayəndələri ilə görüşüb.

Musavat.com xəbər verir ki, jurnalistlərin suallarına cavab verən Diana söhbətə solisti olduğu "Dihaj" qrupunun yeni təqdim etdiyi  “Eşqini aşağı sal” mahnısının klipindən başlayıb: "Mahnının sözləri Uran, musiqisi "Dihaj"a məxsusdur. Qrupumuz üç nəfərdən- mən, Əli Nəsib və Anar Abdullayevdən ibarətdir. Ekran əsərində Fuad Həsənovun və İbrahim İbrahimovun böyük əziyyəti olub. Uranın  üzərimizdəki zəhmətini xüsusi qeyd etməliyəm. O, mənə rep oxumağı öyrədib. İzləyicilər də klipi bəyəndi. Əməyi keçən hər kəsə təşəkkür edirəm". 

- Klipdə sosial problemlərin əks olunması xüsusi diqqət çəkdi...


- Hər insan bir-birini fərqli sevir, sevgisini fərqli göstərir. Klipdə əsas məqsədimiz odur ki, insan özünə xəyanət etməsin. Heç kim kimsə tərəfindən mühakimə olunmasın. Belə bir söz var, mühakimə etmə ki, mühakimə olunmayasan. Bu söz Azərbaycana aid deyil, ümumi dünyada baş verən hadisələrə aiddir.

- Necə düşünürsünüz klipdə əks olunanlar provokasiyaya çəkilə bilər? 


- Klipdə provokasiya olunacaq nə isə olduğunu düşünmürəm. İnsanlar hər hadisəyə fərqli münasibət bəstələyir. Hər insan hadisələri tərbiyəsinə uyğun qəbul edir. Klipdə provokasiya yoxdur. Ekran işi çoxunun üzündə gülüş yaradıb. Biz sadəcə bəzi nöqsanları göstərmək istəmişik. 

- Sizin qrup fərqlidir, istər geyimləriniz, istərsə də ifanız. Bu fərqlilik insanlara necə təsir edir? 

- Standartdan kənarıq, fərqli oxuyub, fərqli görünürük. Bu, məni narahat etmir. Çünki bizi dinləyənlərin sayı günü-gündən artır. 

- Siz "Eurovision" müsabiqəsinə qatılacaqsınız. bu müddətdə qrupun aqibəti necə olacaq?

- Qrupumuz Yeni ildən sonra da fəaliyyətini davam etdirəcək. Mən "Eurovision" müsabiqəsinə hazırlaşdığım üçün onlarla işləyə bilməyəcəyəm. Müsabiqədən sonra da yaradacılığımıza davam edəcəyik. Mahnılar yazdırıb, kliplər çəkdirəcəyik.

- Əvvəllər tək oxuyurdunuz. İndi isə qrup şəklində fəaliyyət göstərirsiniz. Hansı mərhələ sizə daha çox qazanc gətirib? 

- Mən yalnız oxuyanda da qazanırdım, indi də əməyimizin qarşılığını  alırıq. Cəmiyyət dəyişir, insanlar yenilik axtarır. Düşünürəm ki, bizim oxuduğumuz mahnılar zamanla daha çox seviləcək, dinləniləcək. Bir zaman gələcək ki, işlərimiz daha çox gəlir gətirəcək. 

- Necə oldu ki, yolunuz "Eurovision" müsabiqəsinə düşdü? 

- Məni münsiflər heyəti seçib. Onlara təşəkkür edirəm. Hər dövrün öz tələbi var, cəmiyyət dəyişib. Məni dinləyənlərin sayı günü-gündən çoxalır. Bu, çox yaxşı göstəricidir. Mən ora təcrübə kimi baxıram. Müsabiqədə özümə xəyanət etməyəcəyəm, öz tərzimdə mahnımı oxuyacağam. Əsas odur ki, qalib olaq. Bunun üçün çalışacağam. Tək məqsədim ölkəni layiqincə təmsil etməkdir. 

- Hər zaman müsabiqə iştirakçıların geyimləri müzakirələrə səbəb olur. Tənqidlərdən qorxmursunuz?

- Tənqidlərdən qorxmuram. Müsabiqədə hansı geyimi məsləhət görsələr, onu geyinəcəyəm. Təbii ki, öz fikirlərimi bildirəcəyəm. Onsuz da fərqli stilim var. Razılığa gələn insanam. Altı ay ərzində müsabiqəyə hazırlacağıq. İnanıram ki, hər şey yaxşı olacaq.

- Ola bilər ki, sizin qrupun  yazdığı mahnı ilə müsabiqəyə qatılasınız?

- Bu, mümkündür. Müxtəlif variantlar müzakirə olunur. Bir neçə mahnı var, ən yaxşısını seçəcəyik.

- "Eurovision" iştirakçılarından kimləri bəyənirsiniz?

- İsveç təmsilçisi Lorini çox bəyənirəm. Onun "Euphoria" mahnısını sevirəm. Fərqli ifa, rəqs, geyim nümayiş etdirdi. O zaman təəssüf ki, Bakıda deyildim. Londonda idim. Müsabiqəni Bakıdan izləyə bilmədim.

- Bəs azərbaycanlı iştirakçılardan kimləri bəyənirsiniz? Onlarla münasibətiniz necədir?

- Elnurla Samirin çıxışı mükəmməl idi. Səmranın bu ilki çıxışını bəyəndim. Elnur Hüseynov ilə dostuq. Səbinə Babayeva ilə də yaxşı münasibətimiz var. 

Sonda Diana Hacıyeva ad günü münasibətilə həyat yoldaşını təbrik edib.


Könül İbrahim,
Musavat.com
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR