İnsanlara hürriyət, millətlərə istiqlal!

Elxan Qasımov: “Suriya və İraqdan bir fotonun yaratdığı effekt 100 kinonu əvəz edə bilir”

2100 31.12.2016 09:30 Mədəniyyət A A

“Yeni Müsavat”ın 2016-cı ilə olan son maraqlı müsahiblərindən biri tanınmış aktyor, rejissor Elxan Qasımov oldu. 71 yaşlı sənətkarı bu gün də hər kəs “Şofer Əhməd” kimi tanıyır, baxmayaraq ki, bu obrazdan sonra sənətkar neçə filmə çəkilib, rejissor kimi Azərbaycan kinosuna maraqlı töhfələr verib. Həyatında yaşadığı faciələrə baxmayaraq Elxan Qasımov hər zaman öz pozitivliyini, “Şofer Əhməd” şuxluğunu qoruyub saxlayan sənətkardır.

Beləliklə, Yeni il ərəfəsində əməkdar artist Elxan Qasımovla olan müsahibəni təqdim edirik:

- Elxan bəy, 2016-ci il xatirinizdə necə qaldı? Yeni ildən hansı gözləntiləriniz var?

- 2016-cı il şəxsən mənim üçün uğurlu il olmayıb. İlin özü uğurlu deyildi. Bəzən biz rəqəmlərə istinad edirik, amma çoxlu çətinliklər oldu, xalqımızda da, ölkəmizdə də. Ümumiyyətlə, indi illərlə danışmaq olmur, gərək aylarla danışaq. Çünki 12 ayın hər birində elə sürətlə hadisələr gəlib-keçdi, inkişaf etdi ki, onlar adamı təəccübləndirir. Başqa vaxt olsaydı biz deyərdik ki, bir 10 illik lazımdır ki, bu hadisələr keçsin. Amma illərdir, yaşadıq, ömürdən, tarixdən getdi... Kinodan desək kino da bir qədər çətin dövrünü yaşayır. Mən “Azərbaycanfilm” kinostudiyası və ya Azərbaycan kinosunu demirəm, biz ümumilikdə dünya kinosunun bir qoluyuq. Texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə yeni bir kino janrı əmələ gəlir. Qəribədir, kinolarda bir kino yaşantıları yaranır. O texnika ilə əlaqədar olaraq bəzi şeylər kompüter qrafiki ilə həll olunur, bəzilərinin kino plastikası, onun görünmə təsiri dəyişilən dövrüdür. Bu, 2016-cı il lap çox dəyişildi. Yəni, əvvəllər hər hansı bir hadisələrə, əsərlərə, materiala baxanda rejissorun öz baxımından, qanından, canından, ürəyindən süzülüb gələn hisslər kimi baxırdıqsa, indi bunu texnika həll edir, ona başqa cür baxış var. Mən hələ deyə bilmərəm ki, hansılar yaxşıdır. Təbii ki, yaşayıb keçdiyimiz klassik kinolarımız keçən günlərimiz olub, onlara nostalji hisslərimiz var və biz onları yaxşı bilirik. Ona görə ki, onları bizdə qəribə hisslər oyadıb nə vaxtsa. 

Kinonun günahı yoxdur. Bir az öncə qeyd etdiyim ki, Azərbaycan kinosu da dünya kinosunun bir parçasıdır. Və bu da  istər- istəməz həmin o yaşantılar, təsirlər özünü göstərməyə bilmir. 

Dünyada da gedən o böhran, hadisələr... ümumiyyətlə dünya və Azərbaycan kinosunun dərd-sərindən danışmaq istəyəndə birdən yadına düşür Suriyada, İraqdakı müharibələr, yaşanmış faciəvi hadisələr, ölüm-itimlər, insanların aclıq həyəcan keçirmələri... Bunları görəndə deyirsən ki, ilahi, mən gərək səsimi bir az yavaş çıxarım. 

Biz olmuş hadisələrə münasibət göstərir və yaxud ola biləcək hadisələrin qarşısını almaq üçün filmlər yaradırıq. İndi əgər bir təyyarə qəzası eyni anda 150 nəfərin ömrünü alırsa və yaxud atılan bir mərminin törətdiyi fəsadlar yada düşəndə adam kinonun düşdüyü bu vəziyyətindən danışmaq istəmir. Suriyadan, İraqdan bir fotonun yaratdığı effekt, balaca bir uşağın iri gözləri ilə bir hadisəni göstərmək emosional təsirə görə 50-100 kinonu əvəz edə bilir.

Amma mən heç vaxt pessimist olmamışam. Azərbaycan kinosunun öz yaxşı, çətin dövrləri olub. Ola bilsin ki, indi  2016-cı ili bəyənməsəm də 3 il sonra bu ili uğurlu il kimi qeyd edə bilərəm.

 “Kim sponsor tapırsa “xoxanlıq”, təlxəklik edir”


Axır illər qısqanıram ki, Azərbaycanda ən asan sənətlərdən biri artıq rejissorluq olur. İndi hamı film çəkmək istəyir. Filmə bənzər, heç kinoya yaxın olmayan filmləri uğurlu hesab edirlər və onlar da bizi düşündürməyə bilməz. İstərdim ki, 2017-ci ilə yüngül, əyləncəli filmlər insan problemlərini həll edən, insanın gələcək yaşamağına kömək edən maarifləndirici, tərbiyəvi filmlər ilə əvəz edilsin. Yoxsa, kim sponsor tapırsa “xoxanlıq”, təlxəklik edir. Hətta bəzən görürsən ki, utanmadan deyirlər ki, “Hollivud filmlərinə bənzər filmlər çəkirik”. İndi Yeni il, bayram ərəfəsidir, çox da kəskin deyə bilmirəm. Amma eləməsinlər. Gərək insan bir qədər düşünsün, sənətkar özünə qiymət versin. 

- Rejissorlarımızın digər qayğılarından biri də qazancları ilə bağlıdır. Hətta müqayisə də oldu ki, adi Gürcüstanda rejissorlar bizimkilərdən 3 dəfə artıq maşsa alır.

- Çox qəribədir, mən heç bununla maraqlanmıram. Sovet dövründə məşhur bir söz var idi. “Kapital”ı yazan Marks deyib ki, “mən bu əsəri yazdım, çəkdiyim bir siqarın dəyəri qədər pul almadım”. Mən bilmirəm ki, Tolstoy  “Hərb və sülhü” yazanda nə qədər qonorar alıb. Və yaxud Eldar çəkdiyi o gözəl  filmlərdən nə qədər pul alıb, müdiriyyətdən şikayət edib ya etməyib, bu onun yeməyinə çatıb və ya çatmayıb. İndi deyirsiz ki, bəzi rejissorlar çətin dolanır. Bəli, sənətkardır, dolacaq. Yemək yaşamaq üçün lazımdır, yaşamaq lazım deyil yeməyə. Mənim əqidəm budur. Heç vaxt maddiyyatı mənəviyyatdan üstün tutmaq istəmirəm.

- Bunu yəqin özünüz də etiraf edərsiz ki, hələ də sizi hər kəs “Şofer Əhməd” kimi tanıyır. Halbuki ondan sonra bir çox filmlərə çəkilmisiz, özünüzün də çoxsaylı filmləriniz olub.

- Bəli, filmlərə də çəkilmişəm, kinolar da çəkmişəm. Amma yen də məni “Şofer Əhməd” kimi tanıyırlar və buna görə mən fəxr edirəm. Əslində o filmdəki obraz məndən çox Adil İskəndərovundur, yəni filmi çəkən rejissorundur. Filmi çəkən rejissorun filmindən bir obraz tamaşaçıların sevimlisinə çevrilib. Həmin obraz  hətta elə daxil olub ki, bir dəfə qulağım eşitdi ki, biri anasına deyirdi ki, “ana, axı orda cavan idi, indi niyə belə yaşa dolub?”. Yəni insanlar elə sanır ki, bu obraz olmuş, yaşayan adamdır, xalqın içində olan bir personajdır. Bu, Adil İskəndərovun yaratdığı böyük əsərdir ki, xalq onu sevir. On görə də fərəhlə deyirəm ki, 54 ildir ki, “Şofer Əhməd”lə yol gedirəm və çox məmnunam bundan, sevinirəm. Çünki xalqın bu filmə, sənətə, o obraza olan məhəbbəti sayəsində mən Elxan Qasımovam. Ona görə də o yaradıcı heyətə, o dahi insanlara ömrüm boyu minnətdaram ki, mənim şansıma elə bir obraz düşüb ki, 18 yaşımdan sonra ikili bir həyat yaşamışam həmişə. İçimdə bir qürur hissi keçirirəm ki, həmin yaradıcı insanlar arasında filmin sevilməyində mənim də xidmətim, obrazım, fiziki mənəvi köməyim olub. Və Azərbaycan xalqının, kinosevərlərinin “Şofer Əhməd”i  hələ də düşünür, yaşayır, hələ də qəlbimdə o hisslər var . Mən elə bilirəm ki, yenə də 18 yaşıma dönüb geri qayıdacağam, o cür sevinə, oynaya bilərəm. Çünki mən həmin insanam.

Image result for Elxan Qasımov

“Şofer Əhməd”: “Bir film bəs etdi ki, mən tarixdə qalım, yaşayım... ”


- Özünüzün də dediyiniz kimi “Şofer Əhməd” sizə böyük uğur gətirdi. Amma nədənsə sonralar çəkildiyiniz filmlərdə baş rollar almadız, aktyorluğu rejissorluqla əvəz etdiz.

- Mən özüm istəməmişəm. Halbuki özüm çəkdiyim filmlərdə də baş rol ala bilərdim. Bunlar taledir. Bir film bəs etdi ki, mən tarixdə qalım, yaşayım. Hamısı mənim ola bilməz. Siz jurnalistlər həmişə bu sualı verməyə çalışırsız. Hətta bir gənc jurnalist mənə sula verdi ki, “niyə bu sənətə gəldiz?” Dedim ki, “evimizə ən yaxın institut idi, ona görə” (zarafatla gülür). Amma belə deyil, bu, taledir, yaradıcılıqdır. Məsələn, müğənnilərin sırasında mənim üçün ən dahi ifaçılardan biri də Akif İslamzadədir. Neçə illərdir ki, sənətdədir. Açıb baxanda görürsən ki, bir neçə mahnı ifa edib və sənətdə qalıb. Amma indi barəsində yazanda bir vərəqəyə sığışmayan, televizorlardan düşməyən, konkurslarda oturan, adları qarşısında çoxsaylı, məhlənin, hamamın, hər yerin mükafatları yazılan müğənnilər var ki, onların hamısından çox irəlidədir. Mən bilmirəm ki, Məhəmməd Füzulu xalq şairidir, ya yox, amma Füzulidir. 

- Fəxri adlardan söz düşmüşkən, bir çoxları sizin çoxdan xalq artisti adını aldığınızı düşünür. 

- Mən xalq artistiyəm də, amma bu təsdiqlənməyib, əməkdar artistəm. İnsanlar mənə xalq artisti kimi müraciət edirlər, elə də yazırlar. Bəlkə nə vaxtsa düşər, yəqin ki, nəsə olar... amma oldu olmadı, fərq yalnız 40 manatdadır. Biz 60 manat alırıq, xalq artistləri 100 manat. Yəni orda başqa bir görüntüsü yoxdur mənim üçün. Amma mənim üçün fərəh olardı ki, bir də qərar, sərəncam olsa mənə də bu ad verilsin. Bundan qürur hissi keçirərəm. Amma bu, xalqın məhəbbətini nə artırır, nə də azaldır. Məni belə tanıyırlar.

Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR