İnsanlara hürriyət, millətlərə istiqlal!

“MBNP banklar üçün reanimasiyaya çevrilə bilmədi”

3691 22.08.2017 08:50 İqtisadiyyat A A

 

Sabiq nazir Rüfət Aslanlının fəaliyyətini qiymətləndirdi: “Verdikləri qərarın biznes mühitinə təsirlərini aydınlaşdırıb dəqiqləşdirməyiblər”

2016-cı ilin əvvəlində Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) adlı qurum yarandı. Qurumun yaradılmasında məqsəd ölkədəki qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru və ümumilikdə maliyyə bazarları üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək idi.


Bacardılarmı?


Bu gün MBNP daha çox sədri Rüfət Aslanlının adının mərkəzi fiqur olan qalmaqallı xəbər başlıqlarında rast gəlinir. Sonuncu belə xəbər R.Aslanlının adına Fransa mətbuatında rast gəlindi. Məlum oldu ki, yerli məhsul olan “Maison” şərabının butulkasının üzərində Aslanlının imzası var. Haqqin.az “Grand Vin de Bordeux” şirkəti tərəfindən istehsal edilən həmin şərab şüşəsinin R.Aslanlının şərəfinə buraxıldığı yazıldığı qeyd olunan xəbər də paylaşmışdı. Şərab şüşəsinin fotosu da var idi. Adıçəkilən şərab şüşəsinin etiketində “Maison d’Aslanli” yazısı və onun imzası əks olunub.


Bundan əvvəl isə R.Aslanlının adı özünə Azərbaycan üçün fantastik hesab olunan bir məbləğdə əmək haqqı yazmasına görə mətbuatın əsas xəbər başlığına çevrilmişdi.


İctimaiyyət, əsasən də ölkədə olan-qalan biznes sferasının nümayəndələri isə R.Aslanlının adına ölkənin maliyyə bazarlarının sağlamlaşdırılması istiqamətində atılan addımların bəhrə verməsi haqda xəbərlərdə rast gəlməyə tamarzıdır.

Image result for aliyyə Bazarlarına Nəzarət Palatası


Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifova müraciət edib MBNP-nin ötən 1 ildən artıq müddətdə fəaliyyətini qiymətləndirməsini xahiş etdik.


“2016-cı ilin sonunda nağdsız hesablaşmalar haqda qanun qəbul olunub. Bu ilin aprelindən isə qanunun tətbiqinə başlandı. Amma Azərbaycanın iqtisadi sistemi tam olaraq buna hazır deyildi. Bu ilin aprelində hüquqi şəxslərə 30 min manat, fiziki şəxslərə isə 15 min manat nağd pulun hesabdan çıxarılmasına icazə verilməyə başladı. Bu isə Azərbaycanın biznes mühiti üçün ”əcəl zəngi" idi. Azərbaycan iş adamlarının əksəriyyəti hesablaşmanın böyük hissəsini nağd şəkildə aparırdı. Buna görə də qanunun tətbiqinə başlarkən müəssisə və təşkilatların buna hazırlıq dərəcəsini öyrənmək vacib şərt idi. Təbii ki, qanun qəbul olunub və tətbiq olunmalıdır. Amma reallıqları da nəzərə almaq mütləq şəkildə vacib idi. Məsələn, iş adamı Azərbaycanda istehsal etdiyi məhsul üçün xammalı və ya hansısa bir komponenti 20 il nağd pul ödəməklə xaricdən alaraq ölkəyə gətirib. Həmin pulun 20 faizini köçürmə, qalan hissəsini isə nağd ödəyib. Yəni hər 100 dolların 80-ni nağd, 20-ni isə köçürmə yolu ilə ödəyib və bu 20 il belə davam edib. Günlərin birində MBNP nağdsız hesablaşma qərarını verib. İş adamı Palatanın tələbini yerinə yetirsə, avtomatik olaraq Vergilər Nazirliyinin diqqət mərkəzinə düşəcək. Çünki o, illərlə aldığı malların dəyərinin 20 faizini nağdsız hesablaşma yolu ilə ödəyib və həmin 20 faizin vergisini verib. İş adamı malın dəyərini 100 faiz nağdsız ödəməyə başlasa, deməli, 20 illik vergidən yayınması da üzə çıxacaq. İllərlə ödəmədiyi vergiləri də cərimə şəklində ödəməli olacaqdı. Bu isə istənilən iş adamının bir neçə milyon manatla vergi cəriməsi ilə üz-üzə qalması deməkdir. Ona görə də iş adamlarının əksəriyyəti bizneslərini dayandırmaq məcburiyyətində qaldılar. Palatanın qərarı iş adamlarının illərlə qurub yaratdıqları işləri iflic duruma saldı. Bu qərar bir ara hətta QHT-lərin də işini iflic etmişdi. Sonradan QHT-lərin işi ölkə rəhbərliyi səviyyəsinə qədər qaldırıldı və nəhayət ki, QHT-lərin xeyrinə qərar qəbul olundu".

Image result for Fikrət yusifov


Sabiq nazir düşünür ki, MBNP rəhbərliyinin səhvi reallıqları nəzərə alıb addım atmamaqdadır: “Manatın 2-ci kəskin devalvasiyasından sonra böyük problemlər yaşanmağa başlandı. Banklardan xarici valyutada kredit almış əhalinin yükü bir günün içində 2 dəfədən artıq artdı. Həmin vaxt Palata 1 ay vaxt götürdü və vəziyyətdən çıxış mexanizmlərini ortaya qoyacaqlarını bəyan etdilər. 1 ayın tamamında isə ortaya tamamilə dişsiz bir qərar çıxardılar. Həmin qərarla banklara tövsiyə edirdilər ki, öz müştərilərinə güzəştə getsinlər, mümkün qədər kreditin vaxtını uzatsınlar, faizi aşağı salsınlar. Yəni bu qədər dişsiz bir qərarın verilməsi üçün 1 ay düşündülər. MBNP-nin qərarı da həmin qərardan geri qalmır. İdarə və təşkilatların real durumunu nəzərə almayıblar. Verdikləri qərarın biznes mühitinə təsirlərini aydınlaşdırıb dəqiqləşdirməyiblər. Dəyərləndirmə aparmadan belə bir addım atıblar. Acı nəticə də ortadadır. İş adamları fəaliyyətlərini dayandırıb bizneslərini ölkə xaricinə transfer edirlər. Bundan başqa, hər ay problemli kreditlərin həcmi də durmadan artmaqdadır. Maliyyə Bazarlarına Nəzarət Palatasına ümidlər böyük idi. Təəssüf ki, ümidləri doğruldan adımları görmədik, əvəzində daha da vəziyyət pisləşib. Maliyyə Bazarlarına Nəzarət Palatası vəziyyəti yaxşılaşdırmaq üçün praktik olaraq heç nə etməyib”.


F.Yusifov deyir ki, Azərbaycan banklarının iflic durumdan çıxarılması da birbaşa MBNP-nin səlahiyyətlərinə aiddir: “Azərbaycanda biznesin maliyyələşməsinin 2 mənbəyi var; iş adamı öz vəsaitini yatırır və ya banklardan aldığı krediti biznesə yatırır. Banklar da öz növbəsində kimlərinsə sərbəst vəsaitini cəlb edir, vasitəçi kimi öz xidmət haqqını onun üzərinə qoyub ehtiyacı olan iş adamlarına, biznesmenlərə satır. Əgər 2-ci və əsas mənbə yoxdursa, bu həmin mənbədir ki, Cənub Şərqi Asiya ölkələri - Sinqapur, İndoneziya, Malayziya dövlətlərini ayağa qaldırıb. Bu ölkələr və bundan əvvəl də bir sıra ölkələr öz iqtisadiyyatlarında inqilabı kreditin hesabına gerçəkləşdiriblər, məhz kreditin üzərində yüksəlib ayağa qalxıblar. Bu gün 29,99 faizlə istehlak krediti verməklə biz iş adamlarından heç nə gözləyə bilmərik. Faktiki olaraq Azərbaycanda iş adamlarını əsas mənbədən - yəni kreditləşmədən məhrum duruma salmışıq. 100 iş adamından 20 nəfərində dədə-babadan qalma ilkin maliyyə ola bilər. Qalan 80 nəfərin işləməsi, biznesini açıb böyütməsi üçün mütləq şəkildə kreditləşmə gərəkdir. Hazırda verilən kreditlərin faizləri isə o qədər yüksəkdir ki, kimsə həmin kreditlərə yaxın durmaq istəmir. Palatanın birbaşa vəzifələrindən biri də məhz bankların fəaliyyətini normallaşdırmaq, öz axarına salmaqdan ibarətdir. Bu gün ölkədə fəaliyyət göstərən banklar ayaqda deyil. Bank sistemi xəstədir və bu xəstəliyi sağaltmaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Bu gün bankların xəstəliyi hər ötən gün daha da dərinləşir. Bankları bağlamaq çıxış yolu, islahat deyil. Bankların qapılarına qıfıl vurmaq əvəzinə bankları reabilitasiya edib ayaq üstə qoyacaq tədbirləri gerçəkləşdirmək lazımdır. Təəssüf ki, MBNP banklar üçün reanimasiyaya çevrilə bilmədi”.


F.Yusifov deyir ki, Azərbaycan kimi potensiallı ölkə yaxın qonşulardan geridə qalır: “Bu gün biznesə ”yaşıl işıq" yandırıb fəaliyyətini təmin etmək üçün vacib olan bankların fəaliyyətidir. Biznesin fəaliyyətinin 80 faizi banklardan asılıdır. Bank sistemi isə xəstədir. Ona görə də biznes ölkədən getmək məcburiyyətində qalır. Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti isə ortada yoxdur".


E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR