İnsanlara hürriyət, millətlərə istiqlal!

Qış gəldi - dincəlməyə hara gedək?

3158 22.12.2014 09:30 Maraqlı A A

Amma qış turizmi barədə danışıb, dünyanı unutmaq olmaz. Dünya üzrə çox məşhur olan qış turizm obyektlərinin ilk onluğu siyahısına diqqət  edək:

1. Vistler Bləkkomp (Kanada) - Burada dünyada ən dik xizəksürmə yolları yerləşir. Mərkəzdə cürbəcür kafelər, buz içində restoran var. Burada Çin, Fransa. Yunanıstan, İtaliya, Meksika, Tailand və Aralıq dənizi mətbəxləri təklif olunur.

2. Kitzbuhel (Avstriya) - Həm də Alp incisi adlanan bu düşərgənin 700 illik tarixi var. Dünyanın ən qədim turizm mərkəzlərindən olan Kitzbuhel həm də orijinallığı ilə seçilir.
3. Zermatt (İsveçrə) - burada dünyanın ən böyük dağ liftləri yerləşir.

4. Vail (ABŞ-Kolorado) - burada dünyanın ən böyük xizəksürmə meydançası yerləşir. Turizm mərkəzində həmçinin çoxlu sənət qalereyaları, hokkey meydançaları, muzeylər var.
5. Banff Alberta (Kanada) - bu turizm mərkəzinin əsas özəlliyi Luis gölü ətrafında dağlıq ərazidə yerləşməsidir.

6. Şamonix Mont-Blank (Fransa) - 1924-cü il Qış Olimpiya Oyunları burada keçirilib. Alp dağlarının ikinci ən yüksək zirvəsi də turizm mərkəzinin ərazisindədir.

7. Styuve (ABŞ-Yeni İngiltərə ştatı) - burada 90 fərqli mağaza və 60 restoran fəaliyyət göstərir.

8. Tremblant (Kanada) - Bu düşərgəni Kanadanın ən böyük şəhəri olan Monrealdan 1 saatlıq yol ayırır.

9. Kortina (İtaliya) - 1956-cı ildə Qış Olimpiya oyunlarına səhnə olmuş Kortina həm də ən qədim qış düşərgələrindəndir.

10. Apsen (ABŞ-Kolorado) - Burda uca dağlarla dərin kanyonlar vəhdət təşkil edir.
Azərbaycan qış turizmi yoxdur, çünki yollar yoxdur...

Azərbaycanda isə qış turizminin inkişaf etməməsinin ilkin səbəbi olaraq zəif infrastruktur göstərilir. Belə ki, ilk növbədə qış turizm obyektinə gedən yollar yüksək səviyyədə təmir olunmayıb. Bundan başqa, turizm məkanlarının lazımi səviyyədə qızdırılmaması, otellərdə qaz, işıq problemlərinin həll edilməməsi axını zəiflədir. Bu mənada Azərbaycanda orta səviyyəli qış turizm obyekti tapmaq çətindir. Bu səbəbdən də insanların qışda istirahət etmə arzuları gözündə qalır. Ölkə daxilindəki qış turizm obyektləri ya çox yüksək səviyyədədir ki, ordakı qiymətlər sıravi vətəndaşların cibinə uyğun olmur. Xaricilər üçünsə qış turizmi deyəndə Azərbaycan bir seçim kimi yada düşmür. Yuxarıdakı siyahıdan da gördüyünüz kimi,məşhur qış turizmi obyektləri sırasında bizimkilərin adı yoxdur.

Turizmin ən az inkişaf etdiyi bölgə...

Turizm mütəxəssislərinin bildirdiyinə görə, Azərbaycanda ən çox -Bakı-Abşeron, Şəki-Zaqatala, Astara-Lənkəran bölgəsini daha çox inkişaf etmiş turizm zonası hesab etmək olar. Quba-Xaçmaz bölgəsi də hər zaman turistlərin diqqət mərkəzində olub. Gəncədə isə turizmin inkişafı zəifdir. 

Hesab edək ki, qışda turizmin inkişaf etdiyi bölgələrə səfər etdiniz. Məsələn, Şəkiyə. Araşdırmalarımıza görə, buradakı otellərdə səhər yeməyi verən iki nəfərlik sadə otaqlar əvvəlki kimi 90 manata, lüks otaqlar isə 150 manata təklif edilir. Səhər yeməyi verilməyən köhnə tipli otellərdə isə bir nəfərlik otaqda 30 manata, iki nəfərlik otaqda isə 50 manata qalmaq olar. Burdakı otellərin demək olar ki, hamısında ənənəvi menyu var - Şəki pitisi.
Amma Xəzər dənizi sahillərindəki istirahət obyektlərində, habelə yayın populyar istirahət zonası olan Nabranda da istirahət obyektlərinin böyük əksəriyyəti qışda öz fəaliyyətini dondurur. Fəaliyyət göstərən məkanlarda isə otaqların qiyməti 25-80 manat arasında dəyişir.

Qaxdakı istirahət obyektlərində də lüks otağın qiyməti 80-90 manatdır.
Rəqəmlərə inanaqmı..?

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib ki, bu il Azərbaycana gələn turistlərin sayında azalma yoxdur, amma artım tempi səngiyib: “Azərbaycana qonşu ölkələrdən gələn turistlərin sayının azalması müşahidə olunur. Xüsusilə, Rusiya və İrandan gələnlərin sayında durğunluq var. Bu isə həmin ölkələrin daxili prosesləri ilə bağlıdır. Düşünürəm ki, ilin sonuna kimi qış turizmi üzrə artım 3-4 faiz olacaq”. Əbülfəs Qarayev Azərbaycanın turizm potensialının artırılması üçün regional turizm layihələrinə qoşulmaqda maraqlı olduqlarını deyib. Onun sözlərinə görə, Qafqaz dağlarında yerləşən tarixi abidələrin və qalaların marşrutları üzrə layihə Türkiyə, Gürcüstan və Rusiya ilə birlikdə işlənir: “Artıq bu layihə hazırdır və onun tətbiqinə başlayacağıq”.  O, layihənin rəy və müzakirə üçün müvafiq dövlət orqanlarına göndərildiyini bildirib. 

Göstəricilər  3-5 dəfə artıb

Dövlət Statistika komitəsindən verilən məlumata görə, 2003-2013-cü illər ərzində ölkədə əsas turizm göstəriciləri ən azı 3-5 dəfə artıb. Turizm şirkətlərinin sayı 74-dən 170-ə, mehmanxanaların sayı 96-dan 516-ya, yerləşdirmə yerlərinin sayı 9.569-dan 32.834-ə yüksəlib. Turizm sahəsində çalışan işçilərin sayı 2678-dən 9.051-ə, ölkəyə gələn turistlərin sayı 767.500-dən iki milyona çatıb. Analoji olaraq 2003-cü ildə turizm gəlirləri isə müvafiq olaraq 57,7 milyon dollardan 2013-cü ildə 1479 milyon ABŞ dollarınadək yüksəlib. 
Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə “Dünya Rəqabətlilik Hesabatı”nda qlobal turizm rəqabət qabiliyyətlilik indeksinə görə Azərbaycan 7 pillə irəliləyib və 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. 2012-2013 hesabatında ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012 hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu. Hesabata görə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricilərinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutub.

Qış turizminə yox... bir günlük turlara hə...

Bu arada yeni bir xidmət də populyarlıq qazanıb. Bu, qısa müddətli turlardır. Bəzi turizm şirkətləri ölkə daxilindəki  rayonlara belə qısamüddətli turlar təşkil edirlər. Amma burada da qiymətlər yeməklərin sayından, göstərilən xidmətdən asılıdır. Söhbət yerli turistlərin avtobuslarla Nabrana, Masallıya və ya Qəbələyə aparılmasından gedir. İstirahət proqramı çərçivəsində turistlərə gündə iki dəfə yemək verilir. Yeməkdən imtina edənlər özləri ilə gətirdiyi yeməklə qidalanırlar. Amma bu sayaq turların normal qiyməti 50 manatdır. İki-üç günlük turlar isə müvafiq olaraq 100-150 manatdır.

Amma qış istirahətindən danışıb, Gürcüstanı yada salmamaq olmaz. Çünki Azərbaycanda insanlar qış tətilini daha çox Tiflisdə keçirməyə üstünlük verirlər. Burada bir həftəlik ailəvi istirahət 600-700 manatdan baha başa gəlmir. Azərbaycanda qış tətili üçün daha çox Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Fransaya getmək istəyirlər. Dubaya, İstanbula, Türkiyənin Uludağ, Sarıqamış, Qartəpə, Qartalqaya kimi xizək mərkəzlərinə gedənlərin sayı daha çoxdur.

Xarici ölkələr arasında ən ucuz qiymətlər Gürcüstana və İstanbula olan paketlərdir. Belə ki, İstanbul 6 gün 5 gecə, hər şey daxil olmaqla (gündə 3 dəfə yemək, Yeni il gecəsi şou, konsert bileti və s) 595 AZN, Gürcüstan 420 AZN, Uludağ 780-AZNdən başlayan qiymətlərlə təqdim olunur. Dubaya eyni şərtlərlə səyahət isə 465-500 AZN-dən başlayır.
Məlumat üçün deyək ki, Gürcüstana istirahət üçün ən çox Azərbaycan, Türkiyə və Ermənistan vətəndaşları gəlir. Bu region ölkələrinin payına ümumilikdə 78 faiz turist düşür. Belə ki, Azərbaycandan 488 461, Türkiyədən 485 137, Ermənistandan isə 479 377 turist Gürcüstanda dincəlməyə üstünlük verib. Gürcüstanın Turizm Milli Agentliyinin verdiyi məlumata əsasən, ölkəyə gələn turistlər ən çox Tiflisə səfər etməyi üstün tutur. Bu həm də Tiflisin əsas kommunikasiya mərkəzi olması ilə izah edilir.

Gürcüstanın digər bölgələrinə səfər edənlərin sayı isə belədir: Batumi - 44%, Msxeta - 18%, Kutaisi - 10%, Qori - 10%, Siqnaxi - 8%, Kazbeqi - 7% və s.

Sevinc TELMANQIZI 


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR