İnsanlara hürriyət, millətlərə istiqlal!

İşdə mürgüləməmək üçün nə etmək lazımdır?

3228 16.01.2017 19:45 Maraqlı A A
İş yerlərində, ofisdə iş başında yuxulamaq, mürgüləmək artıq problemə çevrilib. Xüsusən də nahardan sonra bir çox insanlarda yuxulamaq halları baş verir. Bəziləri bunun səbəbini yeməyin ağırlıq gətirməsi, mütəmadi oturaq iş rejimində çalışmaq, digərləri isə yuxu rejiminin pozulması ilə əlaqələndirirlər. 

İşdə yuxulamamaq üçün nə etməliyik?

Mövzu ilə əlaqədar tibb elmləri doktoru, professor Adil Qeybulla musavat.com-a danışıb. 

O, günorta vaxtlarında yuxuluğa meyilli olmağın səbəblərinə bu cür aydınlıq gətirib: “Bu məsələnin çox saylı tərəfləri var. Məsələ ondan ibarətdir ki, insanın mərkəzləşmiş sinir sisteminin ayıq və yuxu dövrü var. Ayıq dövrü adətən gündüz vaxtına, amma yatmaq, sinir sisteminin tormozlanma dövrü axşam çağlarına təsadüf edir. Təəssüflər olsun ki, son illərin iş rejimi, ümumiyyətlə insanların son durumu və digər faktorlar yuxu pozğunluğuna səbəb olub. Bu həm də mübadilə pozuntuları ilə bağlıdır. Maddələr mübadiləsi pozulan, xroniki xəstəliyi olan insanlar yatmağa meyilli olurlar. Çünki mərkəzi sinir sistemində toksiki maddələrin yığılması beyin qabığının tormozlanmasına gətirib çıxarır ki, nəticədə bu cür insanlar oturduğu yerdəyatmaq istəyirlər. Eyni zamanda qan təzyiqi, hemoqlobini  aşağı olan insanlar çox yatmağa üstünlük verirlər. İnsan özü öz rejimini qaydaya salmalıdır. Yəni yatmaq üçün ən azı 6 saat tələb olunur. Amma indiki dövrdə buna çox az riayət edilir. Gecə saat 11-1 arasında yatmaq  fizioloji baxımdan normaldır. Hazırda yuxu rejiminin pozulması hallarına çox rast gəlinir. Bu insanlarda nevrozluq, stress, müxtəlif sinir xəstəliklərinin yaranmasına səbəb olur. Sinir sisteminin istirahət etməsi, tormozlanması çox vacib funksiyadır və buna mütləq əməl olunmalıdır. İnsanlar özləri özlərinin həkimi olmalıdır”.

Bəzi mütəxəsislər günorta vaxtı yuxulamağı aradan qaldırmaq uçun müxtəlif tövsiyələr verirlər. Onlardan ən birincisi işlədiyi ofisdə otağın havasını tez-tez dəyişmək, pəncərəni açıq saxlamaqdır. Daha bir tövsiyə hərəkətlə bağlıdır. Qeyd edilir ki, bir-iki saatdan bir ayaq üstə dayanmaq, ofisin içərisində gəzişmək əzələlərə, beyinə və damarlara daha çox oksigen getməsinə səbəb olur. Kompyüter qarşısında çox oturmaq, diqqətlə monitora baxmaq da gözləri yorur, yuxusuzluq və yorğunluğu artırır. İş yerində otağın qaralıq olması da yorğunluğa, yuxuluğa meyili artırdığı bildirilir. Bu səbəbdən məsləhət görülür ki, otağı işıqlı vəziyyətdə saxlamaq lazımdır. 

“Günorta mürgülə, əmək məhsuldarlığın artsın”

Bununla bərabər bəzi mütəxəsislər bildirir ki, günorta bir neçə dəqiqə mürgüləmək insan orqanizminə xeyri var. Qeyd edilir ki, gün ərzində qısa  yuxu əqli əməklə məşğul olanlar üçün vacibdir. Yuxu əmək qabiliyyətinin bərpasına kömək edir. Artıq bununla bağlı dünyanın bir çox ölkələrində müəyyən layihələr həyata keçirilir. Məsələn, bir neçə il bundan əvvəl Berlinin Şarlottenburq-Vilmersdorf rayonunun bələdiyyə müəssisələrində qeyri-adi layihənin həyata keçiriləcəyi ilə bağlı məlumat yayılmışdı. Layihənin devizi isə belə idi: “Əmək məhsuldarlığını yüksəldən yuxu”. 

Məlumatda bildirilirdi ki, bələdiyyə idarəsinin əməkdaşları üçün xüsusi yer hazırlanacaq. Orada nahar vaxtı yarım saat mürgüləmək mümkün olacaq. Gündüz yuxusunun təşəbbüskarları olan məmurlar tibb işçilərinin gəldikləri belə bir nəticəyə əsaslanmışlar ki, adam səkkiz saat dayanmadan eyni səmərə ilə işləyə bilməz.

Dünyanın ən uğurlu insanları günorta mürgüləyirmiş... 

Araşdırmalar zamanı məlum olub ki, dünyanın ən uğurlu insanlarının çoxu gün ərzində cəmi 3-4 saat yatırmış. Məsələn dünyanı lider ölkəsinə yenicə prezident seçilmiş Donald Tramp sən demə, sutkada cəmi 3-4 saat yatır. 

İngiltərənin “Dəmir ledi”si olmuş mərhum Marqaret Tetçer gün ərzində cəmi 4 saat yatarmış. Az yatıb daha çox iş görmək prinsipi ilə yüksək zirvələri fəth edən məşhurların siyahısını bir qədər də genişləndirmək olar. Lakin, sonradan həmin məşhurların yaxınlarının verdiyi açıqlamalardan belə məlum olur ki, onlar sutka ərzində 3-4 saat yatmaqlarına baxmayaraq nahar fasiləsində bir neçə dəqiqə mürgüləyilər. 

Professor Adil Qeybullanın sözlərinə görə, bu cür dincəlmək üsulu sonradan insan orqanizminə öz təsirini mütləq göstərir: “Əlbəttə ki, gecə yatmamaq, bu cür gərgin işləmək sağlamlığa təsir göstərir, bunun da gec-tezi var. Bu, mütləq özünü göstərəcək. Gündüz müəyyən qədər yatmaq istirahəti müəyyən qədər bərpa edə bilər, amma tamamilə əvəz edə bilməz”.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR