İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanardağda sadə çay içmək qadağandır

3501 16.07.2014 08:20 Maraqlı A A

- Giriş haqqını ödədiniz, keçə bilərsiz... 

- Bəs bilet? Verməyəcəksiz bilet? 

- Bilirsiz, indi kassa işləmir. Amma istəsəz sabah gəlib biletinizi götürə bilərsiz. Yanardağa baxmaq istəmirsiz? Keçin baxın da... 

Yanardağa gedənləri

2 kilometr yalanı “yandırır”

Hə, adına Yanardağ deyilən,  hər fürsətdə xaricilərə, ölkəmizə gələn turistlərə odlar yurdunun simvollarından biri kimi təqdim edilən bu məkandakı ilk qanunsuzluq elə qapıdan başlanır. Bilet məsələsindən. Axşam saatlarında getdiyimiz üçün kassa da bağlanmışdı, kassir də, bələdçi də evlərinə getmişdi. Ona görə də bu məkana mühafizəçi nəzarət edirdi. Amma daha sonradan müşahidə etdiyimiz anormal qiymətlər fonunda bilet hiyləsi toya getməli idi. Qiymətlər və bəzi xidmətlərin astronomik məbləği barədə az sonra. Hələliksə bizi Yanardağa gətirən yollar haqda. 

Bilənlər bilir, bilməyənlərə isə xatırladaq ki, bu məkan Abşeron rayonunun Digah qəsəbəsi ilə Məhəmmədi qəsəbəsi arasında, xəritə ilə desək, Məhəmmədi-Digah şosse yolunun sol istiqamətində yerləşir.

Maşınla gələnlər əsasən Mehdiabad qəsəbəsi yaxınlığından bu məkana yol alırlar. Elə burda da Yanardağı görmək istəyənləri məsafədə “yandırırlar”. Çünki yolun kənarındakı bildiriş lövhələrində Yanardağ - 2 kilometr sözləri yazılır. Məsafə və yol haqqında anlayışı olanlar isə hesablaya bilər ki, bu, göstəriləndən ən azı 3 dəfə artıq məsafədə yerləşir. 
Ümumilikdə isə Yanardağ Bakı şəhər mərkəzindən 27 km aralıdadır.  Avtobusla gəlmək istəyənlər üçün də 217 saylı avtobus xidmət göstərir. Bu avtobus  metronun “Koroglu” stansiyası - Məhəmmədi kəndi - Yanardag istiqamətində hərəkət edir. Bundan başqa, Mehdiabad qəsəbəsindən də bəzi avtobuslar o istiqamətdə hərəkət edirlər. 

14 əsrdir yanır, alovun hündürlüyü 10-15 metrə çatır

Doğrudur, Yanardağ daha çox qış aylarında, soyuq fəsillərdə ziyarət olunacaq məkanlar siyahısındadır. Yəni göydən yerə od ələnən iyul ayında gedib yanan dağı ziyarət etmək o qədər də populyar gəzinti növü sayılmır. Orda olduğumuz müddətdə ziyarətçilərin sayının azlığı da bu səbəbdən idi. Bələdçimiz olmadığı üçün daha sonra mühafizəçidən öyrəndik ki, həqiqətən də qeyri yay fəsillərində bura gələnlər daha çox olur. Xüsusən də məktəblilərin, tələbələrin ziyarəti diqqət çəkir. 

Məlumatlara görə, bu unikal dağ düz 14 əsrdir ki, yanır. 7-ci əsrdə şimşək nəticəsində yanmağa başlayıb. İndi isə nə qar, nə yağış, nə də çovğun onu söndürə bilir. Dağda alovu yaradan maddə metan qazı ilə kükürdün qarışığıdır. Sözügedən maddə istifadə üçün yararsızdır və onu yandırmaq qeyri-mümkündür. Belə qazın yanması yalnız açıq havada baş verir. Bağlı məkanda isə partlayış yaradır. Yanğının üzərinə yağış yağan zaman isə o, daha da güclənir. Adi günlərdə alovun hündürlüyü 10-15 metrə çatır. Amma yanğın ildən-ilə azalır. Dağ hər il 30 santimetr geri gedir. Bu da o deməkdir ki, dağın ərazisi yanaraq balacalaşır.

Yağış yağanda alovun daimi çıxdığı yerlərdən əlavə, digər yerlərdən də alov çıxır. Qış fəslində torpağın yumşalmasından kükürd üzə çıxaraq alovu daha da şiddətləndirir.
Dağın yuxarı ərazisinin hündürlüyü 116 metrdir. Bura Abşeronun ən hündür zirvəsi hesab olunur və dəniz səviyyəsindən 86 metr hündürlükdədir.

Ümumən isə Yanardağa 64,55 hektar ərazi ayrılıb. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotur su bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ daxildir.

Qurd yuvası, palçıq vulkanı və qaval daşı... 

Bu ərazi düz 2007-ci ildən, daha konkret desək, həmin ilin 2 may tarixindən etibarən dövlət tarix-mədəniyyət və təbiət qoruğu sayılır. Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələrdəki alov sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib. 
Yanardağdan danışıb, onun ərazisindəki digər məkanların üstündən keçmək olmaz. Bu qoruğun rəsmi saytında da qeyd edilib ki, orada yerləşən Qırməki vadisi yerli xalqın ləhcəsində “qır məkanı” anlamına gəlir və təxminən 10 hektar sahəni əhatə edir. Burada ta qədim zamanlardan neft laylarının yer səthinə yaxın olması səbəbi ilə öz-özünə üzə çıxan neft - qum və palçıqla qarışaraq soyuduqdan sonra qıra bənzər kütlə əmələ gətirib. Yerli əhali bu təbii məhsuldan evlərinin damlarını yağışdan qorumaq üçün bacarıqla istifadə edib. Sonralar əl ilə qazılan ilk neft quyuları da məhz bu ərazidədir. Dərinliyi 35-40 metrə çatan bu quyuların bir neçəsi bu günümüzə qədər mühafizə olunmaqdadır. Ərazi neft kəşfiyyatı və bununla bağlı gedən geoloji proseslərlə məşğul olan insanlar üçün indi də böyük maraq kəsb etməkdədir.

Qurd yuvası. “Qurd yuvası” adlanan təbii mağara “Qırməki vadisi”nin sərt daşlıq yamacında yerləşir. Ərazinin, ətraf mühitin ibtidai insanların yaşayışı üçün əlverişli olduğunu, dənizin yaxınlığını, balıq və digər ov heyvanlarının bu ərazidə geniş yayıldığını və istilik mənbəyi olan daimi alovları nəzərə alsaq, inamla deyə bilərik ki, bu ərazi qədim insan məskənlərindən biridir. Bu fikrimizin təsdiq və ya inkarı isə gələcək tədqiqatların işidir.

Qırməki palçıq vulkanı. Abşeron ərazisi üçün xarakterik olan palçıq vulkanlarından bir neçəsi də Yanardağ qoruğu ərazisində fəaliyyət göstərir. Daim fəaliyyətdə olması ilə seçilən Yanardağ qoruğundakı palçıq vulkanı, həm də müalicəvi xüsusiyyətləri ilə seçilir. Onun suyundan yerli əhali bu günə qədər müxtəlif dermotoloji və digər dəri xəstəliklərində uğurla istifadə edir. Vulkandan yaranan palçıq kosmetoloji vasitə kimi əvəzsizdir.

Qaval daşı. Ərazidə tapılan Qaval daşları isə sübut edir ki, bu yerlərdə insanlar qəbilə icması dövründən yaşayıb. Həmin dövrdə insanlar Qaval daşlarından həm həyəcan siqnalı vermək, həm də ov qabağı uğurlu ov etmək üçün düzənlənən xüsusi ayinlərin icrası zamanı bir zərb musiqi aləti kimi istifadə ediblər. 

Yanardağda tədbir keçirmək istəyən 300 manat ödəməlidir 

İndi keçək yazının girişində qeyd etdiyimiz qiymət məsələsinə. Qoruğun girişindəki bildirişlərdə də qeyd edilib ki, biletlərin qiymətləri müxtəlifdir. Belə ki, yerli və xarici vətəndaşlar üçün 2 manat. Tələbələr üçün 1 manat, məktəblilər üçün 20 qəpik 
Ekskursiya xidməti (1 qrup üçün 25 nəfərədək 5 manat), tələbələr üçün 3 manat, məktəblilər üçün 1 manat. 

Amma bu ekzotik məkanda çəkiliş aparmaq istəyənlər də dağın istisində xeyli “tərləməlidir”. Preyskurantlara diqqət:

Sənədli, elmi-populyar filmlərin çəkilişi - 150 manat 
Bədii filmlərin çəkilişi - 300 manat
Verilişlərin çəkilişi - 200 manat 
Kliplərin çəkilişi - 200 manat 
Vertolyotdan çəkiliş -200 manat 
Tədbirlərin keçirilməsi - 300 manat 
Abidələrin reklam məqsədli çəkilişi - 200 manat 
Fotoreklam üçün çəkilişlər - 100 manat 

Yanardağın “komplektli çay dəsgahı” 

Bundan başqa, şəkildən də gördüyünüz kimi, Yanardağda turistlər üçün kiçik mağaza fəaliyyət göstərir. Burada üzərində Yanardağ sözü yazılmış, bu məkanın əksi olan bəzi aksessuarlar yer alır. Qiyməti 2-5 manat civarında olan bu aksessuarlarla yanaşı, bu məkanla əlaqəsi olmayan, amma milli elementləri, eləcə də bayrağımızın rənglərini  özündə əks etdirən çantalar, bəzək əşyaları, suvenirlər də satılır. Ziyarətə gələnlər isə daha çox bu əşyalara baxmaqla kifayətlənir. 

Məkanın ən “ekzotik” dialoqu isə sonda oldu. Yanardağın 20 metr kənarında yerləşən stol-stulları görüb, bu məkanda yemək xidmətinin olub-olmaması ilə maraqlandıq. Məlum oldu ki, ancaq çay servisi var. Alovlanan dağa baxıb, çay içməyin öz yeri var deyə düşünənlər isə...tələsməsələr daha yaxşıdır. Çünki işbazlar burada çayı “komplektlə” verirlər. Çay, keks, limon, iki cür şokolad, mürəbbə... bərabərdir 10 manat. Ya bütün komplekti alın, ya da sadə çay içmək arzunuz gözünüzdə qalacaq. 

Sonda... Bakıya yaxınlığına və ekzotikliyinə görə maraqlı səyahət məkanı sayılan Yanardağın qiymətləri sözün həqiqi mənasında əl yandırır. Qiymətlərə, təkliflərə baxıb, bura hansı səbəbdən az turistin baş çəkdiyini anlamaq olar. Odlar yurdunun “yandıran” məkanlarından biri... Dəqiq desək, minlərlə belə məkanından biri... 

Sevinc TELMANQIZI 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR