İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanı qarışdıran gizli əllər - Makronun Avropa ordusu ideyasına inqilabla cavab

3381 13.12.2018 01:00 Gündəm A A

Politoloq: “Etirazlar başqa ölkələrə də sıçraya bilər”

Fransada yanacağın qiymətinin qaldırılmasından sonra başlanan sosial etirazların miqyası getdikcə böyüyür. Etriazçıların tələbləri yanacaqdan bütün ölkə üzrə iqtisadi, sosial və siyasi dəyişiklilərə keçib. Bir çox yerlərdə mitinqlərdə səslənən şüarlar arasında Fransanın Avropa Birliyindən, NATO-dan çıxması tələbləri də səsləndirilməkdədir.

Həm də kütləvi talanlarla müşayiət olunan etirazlar qarşısında geri çəkilən prezident Makron ölkədə sosial-iqtisadi fövqəladə vəziyyəti elan edib.

Hökumət yanacağın qiymət artımını ləğv etməklə yanaşı, bir sıra sosial addımlar da atmalı olub. Belə ki, Makronun elan etdiyinə görə, gələn ilin mayından etibarən Fransada minimum əmək haqqı 100 avro artırılır, 2000 avrodan aşağı pensiya məbləğindən vergi tutulmayacaq, şirkətlər işçilərinə illik bonus ödəyəcəklər.

Fransanın dövlət katibi Olivye Düsso bildirib ki, prezidentin elan etdiyi tədbirləri reallaşdırmaq dövlətə 8-10 milyard avroya başa gələcək. Bu isə dövlət büdcəsi xərclərinin 2,5 faiz artırılması demək olacaq ki, hazırda ciddi maliyyə problemləri yaşayan Fransa büdcəsi üçün bu, ağır yükdür. Bu gün Fransa çox böyük xarici borc altındadır – bu borcun həcmi ölkənin ümumi daxili məhsulunun 97 faizinə bərabərdir. Məhz bu borcun artımına görə hökumət büdcə xərclərini azaltmaq, maliyyə-vergi siyasətini sərtləşdirmək istəyirdi.

Beynəlxalq analitik mərkəzlər hesab edirlər ki, Fransa hökuməti etirazları sakitləşdirə bilməsə, bu, həm ölkənin özünə, həm də bütövlükdə Avropa Birliyinə çox ciddi iqtisadi itkilərə başa gələcək. Nəzərə almaq lazımdır ki, Fransa Avropa Birliyinin ikinci aparıcı iqtisadiyyatıdır. Etirazlar bu iqtisadiyyatı zədələyəcək həddə çatarsa, bu, həm də Avropa Birliyi iqtisadiyyatının zədələnməsi olacaq. Avropa və Fransanın fond bazarlarında artıq müəyyən həyəcanlanma hiss olunmaqdadır. Belə ki, Fransanın 40 ən böyük şirkətinin indeksləri ilin əvvəlindən bəri 10 faizə yaxın dəyər itirib. Eyni zamanda Fransada gözlənilən iqtisadi artım proqnozları 4-cü rüb üzrə 0,4 faizdən 0,2 faizə endirilib.

Fransada həyat demək olar ki, iflic olub. Bütün nəqliyyat sisteminin fəaliyyəti pozulub: yalnız hər 4 elektrik qatarından biri, şəhərlərarası qatarların isə cüzi bir hissəsi hərəkət edir. Aeroportlarda reyslərin böyük hissəsi təxirə salınıb, bir çox poçt şöbələri, məktəblər, uşaq bağçaları bağlıdır. Etiraz aksiyalarının talan və dağıdılmalarla müşayiət olunması təhlükənin miqyasını daha da artırır. Belə bir şəraitdə turistlərin Fransaya gəlişi faktiki olaraq mümkünsüz hala gəlir. Nəzərə almaq lazımdır ki, Fransa dünyanın ən böyük turizm ölkəsi hesab olunur. İl ərzində ölkəyə gələn turistlərin sayı 85 milyona yaxındır. Turizm sektoru Fransanın xarici ticarətində mühüm yer tutur. 1999-cu ildən bəri o, ödəmə balansında müsbət saldoya malik ən böyük sektordur.

Dekabr ayı turistlərin axını baxımından xüsusilə fərqlənir – Yeni ili Fransada qarşılamaq istəyənlərin sayı milyonlarla ölçülür. Etiraz aksiyalarının davam etdiyi indiki şəraitdə isə kiminsə bu fikrə düşəcəyi real görünmür.

Düzdür, hələ ki Fransa hadisələrininAvropanın vahid valyutası olan avroya ciddi mənfi təsiri hiss olunmur. Lakin analitiklərin fikrincə, dekabrın sonunadək Fransada həyat sakit məcrasına qayıtmasa, avronun dəyərsizləşməsi prosesi başlayacaq.

Fransada baş verənləri qonşu dövlətlər, xüsusilə də Almaniyada çox həyəcanla izləyirlər. Hesab olunur ki, son illərdə sərt maliyyə-vergi siyasəti yürütməkdə olan Birliyin digər ölkələrində də etirazlar başlaya bilər. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Belçikada insanlar Fransadakı etirazları dəstək aksiyası təşkil etmişdilər.

makron ile ilgili görsel sonucu

Maraqlıdır ki, Fransada etirazlardan cəmi bir neçə gün öncə Fransa prezidenti Emmanuel Makron Çin, Rusiya və ABŞ təhlükəsinə qarşı NATO tərkibində olmayan, müstəqil vahid Avropa ordusunun yaradılması ideyası ilı çıxış etmişdi. Onun fikirləri dünyanın siyasi mərkəzlərində dərhal reaksiya almışdı. İlk reaksiya sərgiləyən ABŞ prezidenti Donald Tramp Makronu və Fransanı aşağılayan fikirlər səsləndirmişdi. Eyni zamanda vahid Avropa ordusu ideyasının qəti əleyhinə çıxmışdı.

Almaniya kansleri Angela Merkel isə E.Makronun təklifinə dəstək ifadə etdi. "Dəmir ledi" deyib ki, Avropada müharibənin ola bilməyəcəyini dünyaya sübut etməlidirlər. Bunun üçün mükəmməl ordu və silahlanma lazımdır. Eyni zamanda, Avropa ABŞ-ın təhlükəsizlik sistemindən və silahlarından asılılıqdan qurtulmalıdır.

Rusiya Prezidenti Vladimir Putin də E.Makronun təklifini dəstəkləyib. O, Avropanın müstəqil orduya malik olmaqla özünü müdafiə edə biləcəyi fikrini söyləyib.

NATO Baş katibi Yens Stoltenberq isə Fransa Prezidentini ehtiyatlı olmağa çağırmışdı.

Картинки по запросу Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirir ki, hadisələr yeni başlananda etirazların bu həddə çatacağı gözlənilmirdi: “Heç kimi ağlına belə gəlmirdi ki, aksiyalar bu qədər geniş miqyas ala. Özü də bu etirazların lideri belə yoxdur. Maraqlıdır ki, Makron etirazçıların tələbini yetirən yetirdi – yanacağın qiymətinin qalxmayacağını elan etdi. Lakin bundan sonra da aksiyalar sakitləşmədi, nəticədə Fransa hökuməti daha dərin güzəştlərə getməyə məcbur oldu. Bildiyiniz kimi, Makron televiziya ekranlarından əhaliyə müraciət etdi, faktiki olaraq üzr istədi. Eyni zamanda bir neçə sosial tədbirlərin həyata keçiriləcəyini bəyan etdi. Və hətta bundan sonra da Fransada hadisələr məcrasına qayıtmır, etirazlar davam edir, hətta digər ölkələrə də sıçramaqdadır”.

Politoloqun sözlərinə görə, artıq Fransa hadisələrinin arxasında xarici qüvvələrin dayanması barədə fikirlər formalaşmaqdadır: “Bir çoxları hesab edir ki, bu etirazların təşkilatçısı ABŞ-dır. Makronun ABŞ-a qarşı çıxışlarının, vahid Avropa ordusunun yaradılması təklifinin qarşılığında ABŞ bu addımla cavab verir. Çünki Makronun əhali arasında nüfuzu getdikcə düşür, halbuki yeni seçiləndə mövqeyi çox güclü idi”.

Hadisələrin Avropaya, Rusiyaya təsirlərinə gəlincə, E.Şahinoğlu deyir ki, Rusiya prezidentinin Fransa etirazlarına münasibətini onun söylədiyi fikir ifadə edir: “Putin dedi ki, biz Fransa hadisələrinin Rusiyada təkrarlanmasını istəmərik. Avropa ordusu məsələsində Putin Makronu dəstəkləmişdi – ABŞ-a qarşı yönəldiyinə görə. Lakin Rusiyanın Fransa hadisələrinə sadəcə seyrçi qalacağını da düşünmək mümkün deyil. Dünən gözlənilmədən Putinin mətbuat katibi bəyan etdi ki, Fransada baş verənlərdə bizim əlimiz yoxdur. Məsələ burasındadır ki, Fransada meydanlara çıxan insanlar daha çox trol görünüşlüdürlər. Buna görə də Avropada bu hadisələrin arxasında Rusiyanın dayanmasına dair rəylər formalaşır. Müəyyən mənada Avropanın zəifləməsini istəyən Rusiyanın bu cür hadisələrin baş verməsində maraqlı olduğunu da söyləmək mümkündür”.

Mərkəz rəhbərinin sözlərinə görə, Fransa daim ABŞ təsirindən mümkün olan qədər yayınmağa çalışıb: “Avropa Birliyinin iki ən güclü ölkəsindən biri Almaniya, digəri Fransadır. Fransa Almaniya ilə müqayisədə ABŞ-ın daha az təsirindədir. Almaniyada ABŞ-ın hərbi bazaları var, Fransada yoxdur. Almaniya İkinci Dünya müharibəsindən sonra xarici siyasət məsələlərində ABŞ-dan daha çox asılı vəziyyətə düşüb. Fransa isə daha az təsirə məruz qalıb. Bu baxımdan Fransa ABŞ-dan fərqli siyasi mövqe tutaraq müstəqil hərəkət edə biləcəyini düşünür. Lakin belə müstəqillik görün necə böyük hadisələrə gətirib çıxardır”.

Fransa hadisələrinin Avropa Birliyinin siyasətinə, xüsusilə də Rusiyaya münasibətdə siyasətinə təsirlərinə gəlincə, E.Şahinoğlu bildirir ki, bu təsirin ciddi fərqlənəcəyi gözlənilən deyil: “Avropa Rusiyaya sanksiyaları ikincinin Ukraynanın ərazilərini işğal etdiyi zaman tətbiq etmişdi.

Bu il ərzində ABŞ sanksiyaları bir qədər sərtləşdirib, amma Avropada belə sərtləşmə olmayıb. Ümumiyyətlə, Tramp həmişə Avropaya etirazını bildirir ki, bir tərəfdən Rusiyaya qarşı sanksiya tətbiq edirsiniz, digər tərəfdən isə onunla iqtisadi, o cümlədən qaz layihələri həyata keçirirsiniz. Bu baxımdan, Tramp haqlıdır. Lakin bun baxmayaraq, Avropanın Rusiyaya qarşı sanksiyalarının yumşalacağını gözləmirəm. Çünki Avropanın vahid mövqeyini əldə etmək çox çətin prosedurlar tələb edir, çünki söhbət vahid bir ölkədən deyil, dövlətlər birliyindən gedir. Həm də Avropanın ABŞ-a qarşı gedəcəyi yaxın perspektivdə mümkün deyil. İrana qarşı sanksiyaların tətbiqi zamanı buna bir daha şahid olduq ki, Avropa hələ ABŞ-dan fərqli xarici siyasət yürütmək imkanlarına malik deyil”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR