İnsanlara hürriyət, millətlərə istiqlal!

“Media Hüququ İnstitutu donorlarını itirib”

2956 19.08.2014 08:35 Müsahibə A A

- MHİ ətrafında ötən həftə mediaya çıxmış qalmaqallı xəbərlər nədən qaynaqlanır?

- Ötən həftənin əvvəlində mətbuatda 97 nəfərlik siyasi məhbus siyahısını bir qrup təşkilatların dəstəklədiyi bildirilən məlumatda MHİ-nin adı yanlış olaraq imzalayanlar sırasında göstərilmişdi. MHİ bu siyahıya imza atmadığını bəyan etdikdən sonra bizə hücumlar başladı. Bəziləri bizə deyirdi ki, hüquq müdafiəçiləri Rəsul Cəfərovun, onun da ardınca İntiqam Əliyevin həbs edilməsindən sonra biz razı olub-olmamamızdan asılı olmayaraq gərək bu sənədi imzalayaydıq, belə bəyanat verməyəydik . Xədicə İsmayıl isə daha irəli gedərək bizi az qala xəyanətkarlıqda ittiham etməyə başladı. O, təcili olaraq MHİ haqqında həm daxildə, həm də ölkə xaricində gözdənsalma kampaniyası apardı. Bu kampaniya bu gün də davam etməkdədir. MHİ-nin onsuz da sıxışdırıldığı bir dönəmdə bu ağır zərbə oldu. Vətəndaş cəmiyyətinin tənqidçi kəsimi üçün ciddi sarsıntıların yaşandığı indiki dönəmdə onun ətrafa inamsızlıq və şübhə püskürən bu addımları bəziləri tərəfindən dəstəkləndi təəssüf ki. Bunu anlayışla qarşılasam da, tam yanlış hesab edirəm.

- MHİ siyasi məhbus məsələsiylə məşğul olmuşdumu, hansısa belə sənəd imzalamışdımı? 

- MHİ müdafiə etdiyi jurnalistlərin, bloqqerlərin işlərində, QHT rəhbərlərinin, NİDA-çı gənclərin işlərində siyasi motivlərin olduğunu, yəni onlara verilən ittihamların həmin şəxslərin ifadə, toplaşma, birləşmə və başqa siyasi hüquqlardan istifadəsi ilə bağlı olduğunu həm məhkəmə şikayətlərində, həm də bəyanatlarında, hesabatlarında hər zaman qabardıb. Amma ümumi siyahıların tərtibində iştirak etməyib və imzalamayıb. Çünki bu bizim işimiz deyildi, biz həmin işlərlə tanış deyildik. 

Kimlərin siyasi məhbus sayılıb-sayılmaması barədə qərar vermək, siyahı hazırlamaq zəruri peşəkarlıq və metodologiya, siyasi motivli olduğu güman edilən çoxsaylı işlərin araşdırılmasını və qiymətləndirilməsini və zəruri sübutların toplanmasını tələb edir. Bəzi işlərdə siyasi motiv aşkar sezilir. Bəziləri isə ətraflı əsaslandırma tələb edir. Belə işi bu sahədə məşğul olan 2-3 təşkilat apara bilər. Başqaları isə bildiyi işlərlə bağlı yardım edə bilər. 

Rəsul bəyin hazırladığı siyahı ilə bağlı onunla söhbətlərimiz dəfələrlə olmuşdu. Rəsul bəy əmin idi ki, ədalətlilik baxımından bu siyahı siyasi olmasını güman etməyə azacıq əsas olan şəxsləri də əhatə etməlidir. Mən isə geniş, şübhə doğuran şəxslərin daxil edildiyi siyahını tənqid edirdim. İsrar edirdim ki, şübhə doğuran işlərin qatıldığı siyahıları AŞPA kimi qurumda iş aparmaq üçün effektiv saymıram. AŞPA hüquq qurumu yox, siyasi qurumdur. Orada siyasi məhbus məsələsinin əleyhinə olan şəxslərin həmin siyahıdan şübhəli görünən 10-15 adamın üzərinə kölgə salan ciddi arqumentlər irəli sürməsi yetər ki, bütün siyahı üzərinə kölgə düşsün. Amnesty İnternationalın bu sahədə peşəkarlığına hər yerdə inanırlar. Onların siyahısında təxminən 19-20 şəxs var idi o zaman. Bu siyahıya siyasi motivli olduğuna əmin olduğumuz bir neçə başqa şəxsləri də salmağı və bunun üzərində durmağı tövsiyyə edirdim. Yeri gəlmişkən, indi AŞPA-nın siyasi məhbus problemindən mümkün qədər özünü kənara çəkməyə çalışması, ən azı bu məsələyə baxılmasını uzatması aydın görünür. AŞ Baş Katibinin son həbslərdən sonra verdiyi bəyanat bunu deməyə əsas verir. Hələ iyun ayında görüşümüz zaman T. Yagland siyasi məhbus məsələsinin ölkədaxili dialoq vasitəsilə həllinə üstünlük verdiyini açıq deyirdi. AŞPA-nın üzvü olan neçə-neçə ölkədə (Türkiyə, Rusiya, Gürcüstan, hətta Ukrayna və s.) siyasi məhbus məsələsi ciddi problem kimi durur. İndi Avropa Şurasının daha qorxulu və ağrılı problemləri var. Bu Rusiya problemidir. Belə şəraitdə Avropa Şurasının hökumətlərin yaxın əməkdaşlığı olmadan siyasi məhbus kimi həssas məsələni həll edə bilməsi yaxın zamanlar üçün çətin görünür, təəssüf. Siyasi məhbus məsələsi ilə bağlı siyahıların və kampaniyaların əhəmiyyətini kiçiltmək istəmirəm. Zənnimcə indiki məqamda ölkədaxili dialoq yoluyla bu problemlərin həllinə köklənmək lazım gələcək. Düşünürəm ki, bunun baş tutması və yaxşı nəticələr verməsi təkcə siyasi məhbus məsələsinin həlli baxımından yox, ölkənin siyasi yöndən güclənməsi və yaxın zamanlarda üzləşə biləcəyimiz kənar təhdidlərdən daha yaxşı qoruna bilməyimiz baxımından çox faydalı ola bilərdi. Ölkənin belə çətin siyasi və hüquqi problemlərin üstündən uğurla aşmaq gücünü göstərmiş olardı.

- Bir çox jurnalistlər və hüquq müdafiəçiləri MHİ-nin əməkdaşı E. Sadıqovun “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevi dəstəkləmişəm” deməsindən sonra həm onu və MHİ-ni kəskin tənqid atəşinə tutublar...

- MHİ siyasi qurum deyil, siyasi fəaliyyətlə məşğul olmur. Təşkilatda əməkdaşlıq edənlər fərqli siyasi qüvvələri dəstəkləmələrindən, bunu açıq və ya gizli ifadə etmələrindən asılı olmayaraq MHİ-də bir işlə, media azadlığı sahəsində problemlərlə, media və jurnalistlərə hüquqi yardımlar etməklə, onları üzləşdikləri hüquqi çətinliklərdə müdafiə etməklə məşğul olublar. E.Sadıqov peşəsini sevən, müdafiə etdiyi şəxslərin mənafelərini onların siyasi baxışlarından, düşüncələrindən və yazdıqlarından asılı olmayaraq bütün enerji və bacarığını həsr etməklə müdafiə edən bir vəkil olub. Onlarla tənqidçi jurnalistlərin işlərini aparıb, Avropa Məhkəməsinədək. Məsələn, hakimiyyətin əsas tənqidçilərindən olan Qənimət Zahidin vəkilidir və Elçin Sadıqovun şikayəti əsasında Avropa Məhkəməsi onun hüquqlarının pozulmasını tanıyıb. Belə misallar çoxdur. İndi onun belə bəyanatı işlərinin üzərinə nədən kölgə salmalıdır ki? Üstəlik, həm də MHİ-nin də.

Müdafiə etdiyimiz şəxslərin əksəriyyəti hökuməti tənqid edən şəxslər olsa da onlar anlamalıdırlar ki, MHİ siyasi qurum deyil, ondan siyasi loyallıq tələb etmək düzgün deyil. Elə media, eləcə də vətəndaş qurumları tanıyıram ki, orada fərqli siyasi düşüncələri olan şəxslər birlikdə çalışırlar. Belə təşkilatlar üçün bu normal haldır, hətta onların üstünlüyüdür. 

- Amma bir qrup şəxslər bunu əsas gətirərək E.Sadıqovun və MHİ-nin xidmətlərindən imtina etdiklərini bəyan ediblər? 

- İmtina təşəbbüsünü Xədicə İsmayıl başlayıb. Siyasi məhbuslar siyahısını imzalamadığımızı deyən kimi bizə bildirmədən dərhal onun işlərini birgə apardığımız partnyorlarımıza yazıb və bildirib ki, MHİ-dən və məndən imtina edir. Uzun zamandır biz onu və digər jurnalistləri çətin hüquqi durumlarda müdafiə etməyə çalışmışıq. İstintqlarda, məhkəmələrdə onlarla birgə olmuşuq. Ölkə daxilində edə bilmədiyimizi Avropa Məhkəməsinə çıxarmışıq. Məhz MHİ-nin köməyilə həm Xədicə İsmayılın, həm də başqalarının işlərini Avropanın ən tanınmış hüquq şirkətləriylə, vəkilləriylə birlikdə yüksək keyfiyyətlə hazırlamışıq və aparmışıq. Amma hər kəsin hüququdur ki, istədiyi vəkili seçsin, prosesin istənilən mərhələsində vəkilindən imtina etsin və s. Hər kəsin seçiminə hörmətlə yanaşırıq. 

- Donorlarla MHİ arasında əməkdaşlıqda problemlər olduğu barədə xəbərlər nə dərəcədə doğrudur?

- GHT-lərə təzyiqin ağır nəticələrini MHİ də yaşamaqdadır. MHİ-nin də bank hesabları bağlıdır. Bizim partnyor olduğumuz beynəlxalq və yerli QHT-lərdə ciddi yoxlamalar gedir, bəziləri barədə cinayət işləri var, həbsə atılanlar var. MHİ-nin əvvəllər işlədiyi donorlar da artıq Azərbaycanda işləyə bilməyəcəklər. Səbəbləri hər kəsə bəllidir. MHİ yeni müqavilələr bağlamaq və işlərini davam etdirmək imkanından məhrum olub. MHİ ətrafında bəzi şəxslərin apardığı zərərli gözdənsalma kampaniyası da onun nüfuzuna ciddi zərər vurub və donorlarla işləmək imkanına ciddi təsir edib. 

İndi MHİ-nin işində ciddi problemlər yaranıb. MHİ öz donorlarını itirib və strateji planlarına uyğun fəaliyyətləri, yəni tənqidçi jurnalistlərin və ifadə azadlığından istifadəyə görə hüquqi problemlərlə üzləşən şəxslərin müdafiəsinə maliyyə ayıra biləcək donorlar tanımır. MHİ yalnız qrantlarla maliyyələşdirildiyindən və bu mənbələrdən məhrum olduğundan artıq ofisi saxlamaq və vəkillərin xidmətini ödəmək imkanından məhrumdur. Onun bu sahədəki sonrakı fəaliyyəti mümkünsüzdür.

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR