İnsanlara hürriyət, millətlərə istiqlal!

“İnsanlar ağlı kəsəndən ölənə qədər səhvlər edirlər”

2230 13.12.2013 01:02 Müsahibə A A
- Artıq 17 ildir ad gününüzü qürbətdə qeyd edirsiniz. 66 yaşınızı da Amerikada qeyd edərkən nə hislər keçirdiniz?
 
- Heç vaxt məxsusi olaraq ad günü keçirmədiyimə görə hislərimdə heç bir dəyişiklik baş vermir. Daha doğrusu, hislərimdə baş verən dəyişiklərin ad günü ilə elə bir əlaqəsi olmur. Ad günü ilə əlaqədar mənim fəlsəfəm bir qədər fərqlidir. İldə 365 gün yaşayırsan, onun bir günü heç vaxt nə iləsə əlamətdar və ya fərqli ola bilməz. Bakıda və dünyanın başqa ölkələrində yüzlərlə adamlar bu günü mənimlə əlaqədar xatırlayır və qeyddə edirlər. O da mənim nə vaxtsa olmuş xidmətlərimə hörmət əlamətidir. Elə Azərbaycanda bir çoxları gizli də olsa, bu gün məni yada salırlar. Adamın özünün anadan olduğu gününü qeyri-adi bir gün kimi qəbul etməsi mənə gülünc görsənir. Bu gün də sənin yaşadığın günlərdən biridir. O gün xoş və ya kədərli ola bilər. Bu günü keçmişə baxıb, nə fəxr etməlisən, nə də peşmançılıq çəkib kədərlənməlisən, yeganə bir şeyi qəbul edə bilərsən; sonuna bir ildə yaxınlaşdın, əsas məsələ, sən olmayandan sonra ad gününü xatırlayan olacaq, ya yox? Və bu neçə il çəkə bilər, ən əsası necə xatırlayacaqlar. Çünki pislik edənlər yaddaşlarda, paradoks olsa da daha çox qalırlar.

- Hər bir insanın qarşısına qoyduğu məqsədlər var ki, filan yaşda bunu edəcəm, filan yaşda bunu... Məqsədlərinizə nail ola bilmisinizmi?
 
-  Belə bir proqramı insanlar əsasən 15 yaşında özləri üçün qururlar. Hansı instituta gedəcək, əgər elmə meyllidirsə neçə ilə namizədlik dissertasiyası müdafiə edəcək. Əvvəlcədən illərlə proqram quran adamlar heç vaxt uğur qazana bilməzlər. İnstitutdan qurtarıb işə başladıqdan sonra (ən əsas şərt ali məktəbdə yüksək səviyyəli təhsil almalısan. Universitetdə oxumağın insanlara verdiyi bir nömrəli üstünlük onun kitablardan məqsədyönlü istifadə etmək qabiliyyətinin formalaşmasıdır. Mənim inkişafımda bu faktorun böyük rolu olub) normal insanların inkişaf prosesini “bu ildə buna nail olacağam”la müəyyənləşdirmək olmaz. Valideynlər məsələn, qarşılarına “uşağım filan ildə institutu qurtaracaq, filan ildə elmlər namizədi olacaq, filan ildə elmlər doktoru olacaq” kimi plan qururlar və bu işləri də rüşvət vermək yolu ilə uşağının başının olub-olmamasından asılı olmayaraq edirlər. Bu, tamamilə başqa məsələdir və mən Azərbaycan gənclərinə belə yol seçməyi məsləhət görməzdim. Bu yolla inkişaf etmiş insanlarla fəxr etməklə, məsələn, evində İtaliya mebelinin olması ilə fəxr etmək eyni şeydir. İnkişaf real şərait və real insanların arasında, sənin real imkanlarının bazasında baş verir. Haradasa işləyirsən və sözsüz, sənin müdirin var. Müəyyən müddətdən sonra onun səndən qat-qat zəif olduğunu görürsən. Müdirin də sənin ondan güclülüyünü bütün parametrlə hiss edir. İki variant ortaya çıxır; işdən çıxarmaq və təhlükəli rəqibdən xilas olmaq. Sonrakı variant, onun yuxarı vəzifəyə keçməsi üçün çalışmaqla yenə rəqibdən xilas olmaq. İnstitutu qurtarıb işə başlayandan sonra 9 il ərzində mən operator-fəhlə vəzifəsindən Sovet İttifaqının ən böyük sürtgü yağ istehsal edən zavodunun direktoru vəzifəsinə qalxmışam. Bu inkişaf prosesi 3 dəfə rəqibdən yaxa qurtarmaq üçün yuxarı vəzifəyə keçməyimə çalışmaq, bir dəfə də yaxa rəqibdən qurtarmaq üçün işdən azad etmək cəhdlərinin nəticəsində baş verib. İstənilən vəziyyətdə hər şey insanın şəxsiyyətinin, intellektinin hansı səviyyədə olmasından asılıdır. Bivec insanlar obyektiv şəraitdə heç vaxt müəyyən bir post tuta bilməzlər. Əsas məsələ odur ki, sənə müəyyən bir vəzifə veriləndə ətrafdakılar bunu sənin fərasətinin məntiqi nəticəsi kimi qəbul etsin. Vay o gündən, “bu qanmazı kim gətirib bu vəzifəyə qoydu”, “görəsən, kimin adamıdır və ya kimə nə qədər rüşvət verib” desinlər.

““Azərbaycanlıları idarə etməyin ideal variantı budur” kimi nağılları danışmaq gülüncdür və ayıbdır”


- Ad gününüzü Amerikada necə və kimlərlə qeyd etdiniz?
 
  - Ailəmlə, xüsusilə nəvələrim gəlmişdi. Məsələ ondadır ki, mənim oğlum 8 dekabrda anadan olub. Bu bir növ məni süfrə arxasında deyiləcək təriflərdən xilas edib. Onun ad günü qeyd edilir və mənim ad günüm məsələsinə bir cümlə ilə xitam verilir.

- 66 yaşda dünyaya baxışınız nədir? 
 
 - Qlobal olaraq baxışlarım dəyişməyib, yəni məsələn, 26 il öncə Azərbaycan üçün nə düşünürdümsə, indidə elə düşünürəm. Sözsüz, mən dünyada gedən prosesləri izləyirəm və müzakirə üçün istənilən xaricili və ya azərbaycanlı ilə debata çıxa bilərəm. Ancaq bu bilik məni az maraqlandırır. Mən dünyada gedən proseslərə Azərbaycanın kontekstində baxıram. Və Azərbaycanın uçuruma getdiyini görürəm, onun qarşısını almaq üçün bütün mümkün olan sivil vasitələrə əl atıram. Müxalifətin buraxdığı səhvləri məntiqlə izah edirəm, ancaq onların bunu anlayacağına çox da ümidim yoxdur. Bununla yanaşı başa düşənlərin sayının mənim sosial şəbəkələrdəki səhifələrimdə gündən günə artması və artıq 10 minləri keçməsi ümid verir ki, bu istiqamətdə işi davam etdirməliyəm. 1993-cü il iyun hadisələrindən (“iyun hadisələri” deyəndə, Xalq Cəbhəsi hakimiyyətə gələndən bu “iyuna” doğru irəliləyirdi, heç bir şey qəfildən olmadı) başlanan indiki rejim hazırkı müxalifət üzərində tam qələbə çalıb, bu artıq körpə uşağa da aydındır, aksiomdur. Hökumət belə bir qələbəni özünün fərasətinə görə yox, müxalifətin fərasətsizliyinə görə əldə edə bilib. Bəs, nə verib bu qələbə Azərbaycana? Biz hamımız azərbaycanlıyıq, o cümlədən hökumətdə işləyənlər də. Bu ölkə hamının evidir. Bu ölkənin ağır günləri də, xoşbəxt günləri də hamı üçün eyni olmalıdır. Kimlər üçün çox, kimlər üçünsə az yox. Ancaq… bu qələbələr Azərbaycanın daxilində kimlərəsə əksəriyyətin xoşbəxtliklərini əllərindən almağa, mənimsəyə imkan verib. Acınacaqlı haldır, insanlar öz varlı, zəngin ölkəsində xoşbəxt deyillər. Azı 3 milyon azərbaycanlı öz ölkəsindən didərgin salınıb. 2 milyon civarında azərbaycanlı heç bir hüquqlarının olmadığı Rusiyada yaşayır. Son seçkidən sonra ölkəni tərk etmək yenidən vüsət alıb. Azərbaycanlılar daim yaşamaq üçün şəraitin yaxşı ola biləcəyi yerlərə köçməyə məcbur olublar, başqa sözlə tərəkəməlik ölkə masştabında vüsət alıb.

Hökumətdə işləyənlər də başda prezident olmaqla, eyni kökdən, qandan gələn azərbaycanlılardır. Azərbaycanda royal ailə və ya nəsil heç vaxt formalaşmayıb. Bugünkü ağlar vəziyyətə düşməyimizə baxmayaraq, azərbaycanlıların bugünkü avropalıların ulu babaları hesab edilən Hindistan–İran areyal qrupuna aid olduğu sübut edilib. Bu gün bizlərin 7 nəsil köklərinə baxsaq, hamının bənzər köklərdən çıxdıqlarını görə bilərik. Ona görə də bu gün hökumət vəzifəsinə görə (bu feodalizmdən qalıb) pul qazananların özlərinə müstəsna insanlar kimi baxmaqlarına xitam verməlidirlər, xalq qarşısında borclarını qaytarmaq siyasəti ilə keçmiş günahlarını yumalıdırlar. Elementar bir şeyi - siyasi və iqtisadi rəqabətin olmadığı cəmiyyətdə inkişafın ola bilməyəcəyini qəbul etməlidirlər. Bu qanun dünya üçün bir, Azərbaycan üçün başqa cür işləyə bilməz. Çox sadə bir misal çəkim, bəlkə yatmışları oyada. Zooparkda daim yeməyi qarşısına qoyulan pələnglə, meşədə amansız rəqabət şəraitində öz yemi uğrunda ölüm-dirim mübarizəsi aparan pələngin arasında fərq nədirsə, (zoopark pələngi daha çox böyük pişiyə oxşayır) rəqabətsiz cəmiyyətdə də proses eynidir. Ona görə ilk növbədə hökumət məsuliyyətini başa düşməlidir. Anlamalıdır ki, bütün variantlarda (mübarizə atmosferinin olmaması) həm özlərini, həm də xalqı bu siyasətləri ilə əlindən heç bir şey gəlməyən kütləyə çevirirlər. Müxalifətə qalib gəlmiş hökumətin sonrakı addımı nə ola bilər? Ancaq bir şey qalıb, xalq üzərində tam qələbə çalmaq, başqa sözlə, Azərbaycanı məsələn, Türkmənistana çevirmək.

“Nəvəm ali məktəbdə oxumaq üçün bankdan borc götürüb, təhsil haqqını ödəyir”


 
- Sizcə, niyə bu istiqaməti daha doğru hesab edirlər? 

- Hökumətdə olanlar fikirləşməlidir ki, nəyin naminə bu işləri görürlər. “Azərbaycanlıları idarə etməyin ideal variantı budur” kimi nağılları danışmaq gülüncdür və ayıbdır. Pul qazanmağın xatirinə belə bir siyasət aparılırsa, bunun nəticələrinin nə ilə qurtaracağını hesablamalıdırlar. Bu torpaqlarda 100 min illərdir azərbaycanlılar yaşayırlar və 1 milyon ildə yaşayacaqlar. Maksimum 20-30 illik siyasi kursla nəyi dəyişə bilərsən, o dövrdə yaşayanları iztirab və işgəncələrə düçar etməkdən başqa?! Nə vaxt, harada, kimləri haram pul xoşbəxt edə bilib sualına cavab axtarılsa, bugünkü siyasətin mənasızlığı bütün çılpaqlığı ilə üzə çıxar. Siyasi rəqabətin yoxluğu əvvəl-axır ölkəni inqilabın ən yaxşı halda Misir variantına çatdıracaq. Və bu çoxda uzaqda deyil.

Bu gün Azərbaycan bütün iqtisadiyyatını neftin üzərinə qoymaqla ölkəni siyasi kollapsın astanasına çatdırıb. Neft bazarında baş verə biləcək istənilən kəskin dəyişiklik ölkənin neft piramidası üzərində qurulmuş iqtisadiyyatını qəfildən çökdürəcək. 16 milyardlıq büdcənin ən azı 14 milyardı birbaşa və ya bilavasitə neft və qazın hesabınadır. Bu gün dünyada ildə 4 milyard ton neft çıxarılır. Tələbatın artması gözlənilmir, çünki enerji istehsalının alternativ variantları ortaya çıxıb. Nəzərə alınsa ki, 2014-də Çin əlavə 200 milyon ton neft və ABŞ bir o qədər şell qazı istehsalını artırmaq fikrindədirlər, bunun da üzərinə embarqodan sonra İran neft və qazını (birlikdə 300 milyon tona yaxın) gəlsən, neftin bir barelinin qiymətinin 60 dollara düşəcəyi gözlənilir. Belə bir vəziyyətdə Azərbaycanın dövlət büdcəsinin vəziyyətinin necə olacağı sualına hökumət cavab axtarmalıdır. Bu gün proseslərə təsir edə biləcək müxalifət yoxdur. Ölkədə baş verə biləcək neqativ inkişafların yeganə bir cavabdehi var, o da hökumət. Ona görə də mümkün ola biləcək xaosun qarşısını almaq üçün hökumət insanların azadlığı üçün addımlar atmalıdır, korrupsiya və rüşvətin qarşısına inzibatı qaydada yox, real siyasətlə baryer qoymalıdır. Hökumətin yuxarı eşelonunda işləyənlərin korrupsiya, rüşvətlə yığdığı pulun qarşısını almaq, ölkədə 70 faiz onun qarşısını almaq deməkdir. Əlbəttə, hakimiyyətin vətəndaşlarla məmurlar arasında əlaqələrində elektron poçtunu tətbiq etməsi məişət səviyyəsində rüşvətin qarşısını alacaq. Ancaq bu çox kiçik bir addımdır. Əsas məsələ hökumət informasiya vasitələrində, xüsusilə televiziyalarda monopolist-nəzarətçi funksiyasından əl çəkməlidir. Cəmiyyətdə, ölkədə gedən proseslərə dair müxtəlif şəxslər tərəfindən fərqli ideyaların, fikirlərin çatdırılmasına şərait yaratmaq lazımdır. Normal siyasi plüralizmin yaranmasına, yeni qüvvələrin formalaşmasına imkan vermək lazımdır. Paralel olaraq iqtisadiyyatda sözün əsl mənasında biznesə azadlıq verilməlidir. Hökumətdən asılılığı minimuma çatdırma lazımdır.       
  
- Keçdiyiniz ömür yoluna baxdıqda nələrə təəssüf edirsiniz, nələri təqdir edirsiniz?
 
 - Bu, çox mürəkkəb sualdır və birmənalı cavab vermək də çox çətindir. Məsələ ondadır ki, mən xarakterli adamlar daha çox buraxdığı səhvləri yadında saxlayır və təəssüf edir. İnsanlar ağlı kəsəndən ölənə qədər səhvlər edirlər və ondan da peşman olurlar. Ömrü boyu minlərlə kiçikli böyüklü səhvlərə yol verirsən. Əsas məsələ insanlarla münasibətdə səmimi olmaq, yalan danışmamaq, başqalarına paxıllıq etməmək, qisasçı olmamaq, özünlə əlaqədar məsələlərdə nəzakətini itirməməklə yanaşı, camaata aid olan məsələlərdə kompromisə getməmək kimi xüsusiyyətləri qoruyub saxlamaqdır. Azərbaycanın bugünkü vəziyyətdə olması imkan vermir biz nəslin özünün hansısa hərəkətini təqdirə layiq hesab etsin. Filan vaxtı hansısa qəhrəmanlıq etməyinlə necə fəxr edə bilərsən, əgər nəticə neqativdirsə? Məsələn, İngiltərə Çörçilin başçılığı ilə ikinci Dünya müharibəsində donanmanı iki dəfə gücləndirmişdi. Əgər ikinci Dünya müharibəsini Almaniya udsaydı, bu iş təqdirə layiq hesab edilə bilməzdi. Bir misal çəkim. Mən 100-ə yaxın tələbəni xaricə oxumağa göndərmişəm, onları bütün xərclərini ödətdirmişdim. Hər biri ölkə üçün ixtisaslı, savadlı kadrlar olmalı idilər. Ancaq Azərbaycanda rejimin normal olmamasına görə onların 99 faizi xarici ölkələrdə qalıb orada işləyirlər. İndi öz nəvəm ali məktəbdə oxumaq üçün bankdan borc götürüb, təhsil haqqını ödəyir. Bu əsas verirmi mən özümü qınayam, niyə görə öz nəvəmin gələcəyini düşünmədiyimdən peşman olam?  Düşünürəm yox. Yəni əgər onun qabiliyyəti varsa,  oxumaq üçün götürdüyü məsələn, 200 min dollar borcunu qısa bir müddətdə qaytaracaq. Əgər yoxsa, lap bir milyon dolları olsa da, bir iki-ilə axırına çıxacaq. Həyatda buraxdığın səhvlər və ya etdiyin düz hərəkətlər nisbidir. O kimlər üçünsə pozitiv addım, kimlər üçünsə neqativ qiymətləndirilir. Əsas məsələ, balans pozitiv olmalıdır.  

- Siyasətlə məşğul olan şəxs kimi, qarşıdakı ömür yolunda nə planlarınız var? 
 
- Sözsüz yaşamağımın əsas məqsədi Azərbaycan xalqını azad və firavan yaşayan görməkdir. Bu arzu yerinə yetməyənə qədər mübarizə davam edəcək. Həm hökumətdə, həm də müxalifətdə məni düşmən kimi qəbul edənlər var. Buna baxmayaraq mən onları heç vaxt düşmən hesab etməmişəm. Mənim insanlara münasibətim ancaq və ancaq onların xalqla əlaqədar apardıqları siyasətin əsasında formalaşır. Mənim “Azərbaycan iri addımlarla irəliləyir, heç vaxt ölkə belə gözəl səviyyədə olmamışdı” deyənlərə də, “xalq rejimi silkələməkdə böyük nailiyyətlər əldə edib, böyük məhrumiyyətlərlə apardığı mübarizədə artıq azadlığın astanasında dayanıb” elan edənlərə də eyni səviyyədə yazığım gəlir. Çünki hər iki bəyanat xalqa yalan deməkdir. Ölkədə dəyişikliklərin yolu yeni qüvvələrin ortaya çıxmasından keçir. Hər halda nə hökumət nə də bugünkü müxalifət liderləri klassik siyasətləri ilə heç bir dəyişikliyə nail ola bilməzlər. Sadəcə olaraq məsələn Misirdə gedən proseslərə bir qədər dərindən baxmaq lazımdır. Təəssüf ki, bu günə qədər bizim müxalifət liderlərinin ağızlarından indiyə qədər şüardan başqa bir şey eşitmək mümkün olmayıb. Misirdə gənclərin mübarizəyə başlaması 2008-dən başlayıb. 3 il müddətində onlar Serbiyada yaranmış (Miloşeviç diktaturasına qarşı) “Otpor” hərəkatından tutmuş Tunis hərəkatına qədər dərindən öyrənmiş, Cin Şarpın kitabını mənimsəmiş və nəhayət 25 yanvar 2011 –ci ildə kütləvi şəkildə küçələrə çıxmışdılar. Mən əminliklə deyə bilərəm ki, bizim müxalifət boş-boş danışmağa daha çox üstünlük verir, nəinki real nəticələr vermiş hadisələri təhlil edir. Bizdə də Misir hərəkatına uyğun NİDA hərəkatı yaradıldı. Təəssüf ki, gücləri olmayan müxalifət liderləri tələm-tələsik bu hərəkatı özəlləşdirməyə çalışdılar və özlərinin heç vaxt nəticə verməyən məsləhətləri ilə onları zərərsizləşdirdilər. Misirdə isə gənclər öz hərəkatlarına heç bir partiyanı o cümlədən “Müsəlman qardaşları” partiyasını yaxınlaşmağa qoymadılar hamısını eyni məsafədə saxladılar. Ümid edirəm, dünya təcrübəsini dərindən öyrənib mobil və yeni qurumların ortaya çıxması Azərbaycanda labüdləşib və mən onları dəstəkləyəcəyəm.

- Ölkədəki siyasi durumda yeni ştrixlər görürsünüzmü? 
 
 - Hələlik siyasi durumda elə bir fövqəladə hadisələr baş verməyib. İlham Əliyev 3-cü dəfə prezident seçilməklə öz mövqeyini gücləndirib. Cəmil müəllimdən rupor kimi istifadə edən Xalq Cəbhəsi onun seçkidə qələbə çalması barədə iddia etməklə özünü də, Milli Şuranı da gülünc vəziyyətə salıb.

Milli Şura ilə bağlı məsələ aydındır. Bu işləyə bilməyəcək amorf bir təşkilatdır. AXCP Cəmil müəllimi neytral ziyalı adlandırmaqla faktiki MŞ-nı özəlləşdirmək istəyir. Müsavat Partiyası bu açıq-aşkar təşəbbüsü görür və ona mane olmağa çalışır. Bu, xalqla əlaqəsi və millətə dəxli olmayan bir prosesdir, ola bilər bir ay, bir il, bir neçə il davam etsin. Yeni yaranacaq qüvvələr belə bir qurumun olduğunu iqnor etməlidir. Bu qurumla istənilən əlaqə xalq arasında məğlubiyyət assosiasiyası yaradacaq. Misir gəncləri kimi uğur arzulayırsansa, MŞ-dan distansiyada olmalısan. Müsavat və AXCP-nın liderləri istefa verməlidir. Yeni qüvvələrin partiyaya gəlməsinə şərait yaratmalıdırlar, çünki mövcud situasiyada özlərinin heç bir planı yoxdur və ola da bilməz. 20 ildir uduzanların lideri kimi qalmaq sözün əsl mənasında analoqu olmayan hadisədir. 20 ildir siyasi arenada olmaqlarına baxmayaraq, Bakıda 10 adamdan ancaq biri müxalifətin liderlərindən kiminsə adını təhrif etməklə çəkə bilir. Azərbaycanda bu gün dəyişiklik daha çox hökumətin aparacağı siyasətdən asılıdır. Prezident euronews-a verdiyi müsahibəsində demokratiyadan, onun vacibliyindən, bu ideyaya sadiq olduğundan danışır. İndi bu danışıqların neçə faizinin reallaşmasını ondan asılıdır. Hər halda, hökumətdə olan dəyişiklər onun ölkəni demokratikləşdirəcəyinə inanmağa əsas vermir. Qiymətlərin qismən qaldırılmasına gəlincə, bu, ölkədə inqilab əhval-ruhiyyəsi yaratmaq səviyyəsində deyil. Ancaq ölkədə lokal, neftin qiyməti və miqdarı dəyişərsə, qlobal xaosun baş verməsi realdır. Belə bir xaos yaranarsa, onu idarə etmək mümkün olmayacaq. Hər halda hökumət eyforiyanı bir qırağa qoyub bu barədə düşünsə yaxşıdır.
 
Elşad MƏMMƏDLİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR