İnsanlara hürriyət, millətlərə istiqlal!

“Özümüzü aldatmayaq - Qərb İlham Əliyevə təzyiq göstərməyəcək”

2848 03.09.2014 08:15 Müsahibə A A

- Bir müddət öncə dövlət başçısı İlham Əliyev, ardınca Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev içərisində çox ciddi mesajlar olan bəyanatlar verib. Sizcə, iqtidarın yaxın gələcəklə bağlı planları nə olacaq?

- Azərbaycanda ziddiyyətli proseslər gedir. Aşkar olan odur ki, iqtidar qapalı cəmiyyət yaratmaq istəyir. Siyasi ritorikanı müşahidə edərkən yalnız belə bir təəssürat yaranır. Hətta bəzi məqamlarda Sovetlər Birliyində olduğu kimi qapanmanın real görüntüsü də var. Viza rejimlərinin sərtləşdirilməsi, xaricə gediş-gəlişin ən müxtəlif vasitələrlə məhdudlaşdırılması bundan xəbər verir. Qapalı cəmiyyət yaratmaq cəhdlərinin daha bir görüntüsü qanunların ildən-ilə sərtləşdirilməsidir. Media, vətəndaş cəmiyyəti institutları ilə bağlı qanunlara dəyişikliklər birmənalı olaraq azadlıqların məhdudlaşdırılmasına yönəlib. Sanki avtoritar rejim üçün hansısa hüquqi baza yaradılır. Bundan başqa, ölkədə düşmən axtarışı davam edir. Hər bir sahəyə total nəzarəti gücləndirmək meylləri var. Azərbaycandakı durum getdikcə SSRİ dövrünü yada salır. Bu da dövlətin, hökumətin modernləşmə kursuna uyğun gəlmir. Ancaq bu o demək deyil ki, modernləşmə prosesi tam dayanıb.

- Sizcə, bu modernləşmə daha çox vizual xarakter daşımırmı?

- Elədir. Ancaq hər halda, infrastrukturun modernləşdirilməsinə iqtidar son illər böyük pullar xərcləyir. Tam sistemli modernləşmə olmasa da nəqliyyat, enerji, təbii qaz, su, turizm infrastrukturunun yaradılması sahəsində işlər görülüb. Bu addımları müsbət qiymətləndirmək lazımdır. İqtidar sanki bir sıra sahələrdə dünya ölkələri ilə rəqabətə girərək özünü təsdiqləməyə çalışır. Müasir texnologiyaların ölkəyə gətirilməsinə çalışılır, mədəniyyət, idman sahəsində nəhəng beynəlxalq layihələrə qoşulmaq təşəbbüsləri göstərilir. Ancaq çağdaş dünyanın əsas tələbi qloballaşmadır. Qloballaşma üçün də ölkənin daxili durumunda daha açıq iqlim yaradılmalıdır. Bizdə isə əks proses gedir. Sanki Azərbaycan özünü dünyadan təcrid edərək yeni model yaratmağa çalışır. Nüfuzlu məmurlar bu haqda açıq danışır. İki həftə öncə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirdi ki, biz nə Avropa Birliyinə, nə də Avrasiya İttifaqına can atırıq. Azərbaycan öz geopolitik mövqeyinə görə tam neytral durumda ola bilməz. Azərbaycan son illər nə Qərb modelini, nə Rusiyanın təklif etdiyi Sovetlər Birliyinin bərpası modelini, nə də İran modelini özünə uyğun saymır. Qərbin demokratik dəyərlərinin tətbiqi iqtidarı çökdürə bilər, Rusiyanın təklifi Azərbaycanı yenidən köləliyə qaytarar. Bu ziddiyyətli addımlar Azərbaycanın axtarışda olduğunu göstərir. Düşünürəm ki, iqtidarın təsəvvüründə belə bu model hələ tam şəkillənməyib.

- Bu yeni modelin hansı ölkədəki idarəetmə modelinə daha yaxın olacağını düşünürsünüz?

BƏƏ, Sinqapur, Malayziya tipli respublikaların modeli Azərbaycan iqtidarı üçün cəlbedici görünə bilər”


- Məsələn, Birləşmiş Ərəb Əmirlikləri. BƏƏ də neftin hesabına qurulub, modernləşib. Azərbaycan dövlət başçısının bu ölkənin liderləri ilə yaxşı münasibətləri var. Nə qədər modern olsa da BƏƏ-də qapalı, avtokratik rejim hökm sürür. Yəni Azərbaycanla ortaq məqamlar çoxdur. Sinqapur, Malayziya tipli respublikaların modeli də Azərbaycan iqtidarı üçün cəlbedici görünə bilər. Bu respublikalarda da avtoritar üsullarla çox yüksək inkişafa nail olublar. Bu ölkələrdə sərt qanunla, sərt cəza mexanizmləri tətbiq olunur, açıq cəmiyyət anlayışı belə yoxdur, media üzərində senzura var, dövlət sirri hər şeydən üstündür, məhkəmələr baş nazirə, dövlət başçılarına tabedir. Yəni Azərbaycan getdikcə üzünü Batıdan, Rusiyadan Uzaq Doğuya yönəldir.

- Bu seçim Qərbin, Rusiyanın razılığı olmadan mümkündürmü?

- Əlbəttə, Rusiya Azərbaycanın onun təsir dairəsindən çıxması ilə sakitcə barışmayacaq. Qərbin də Bakının bu istəyi ilə nə qədər hesablaşacağı böyük sual altındadır. İndi Rusiyanın da, Qərbin də başı Ukraynaya qarışıb. Dünyanın geosiyasi sistemi tamamilə darmadağın olmaq üzrədir. Ukraynada gedən proseslər regional, lokal yox, qlobal konfliktdir. Ukraynada Qərblə Rusiya arasında açıq qarşıdurma davam edir. Qərb indi öz təhlükəsizliyi ilə bağlı məsələlərə daha çox diqqət ayırır. NATO Şərqi Avropa ölkələrində daha 5 baza açmağa hazırlaşır. Qərb anlayır ki, Rusiya ilə bu qarşıdurma uzun müddət davam edəcək. Ona görə də ilk növbədə öz təhlükəsizliyinə görə Azərbaycan kimi ölkələrdə daha çox iqtidarlarla işbirliyi qurmağa meyllidir. Bunun da nəticəsində insan haqları məsələsi arxa plana keçməkdədir. Bu gün Azərbaycan kimi ölkələrdə demokratiya problemləri Qərb üçün çox xırda məsələlərdir. Özümüzü aldatmağa ehtiyac yoxdur - Qərb hər zaman praqmatik maraqlardan çıxış edir. Azərbaycan-Qərb münasibətlərində ağırlıq enerji siyasətinin üzərindədir. Ona görə də Qərb İlham Əliyevi qərbyönlü yola qaytarmaq üçün ona heç bir basqı göstərməyəcək. Azərbaycan iqtidarı bəzən demokratiyanı imitasiya etdiyi kimi beynəlxalq qurumlar da demokratiyaya sadiqliklərini bəzən imitasiya edirlər.

- Türkiyə prezidenti Ərdoğan Bakıda səfərdədir. Bəzi ekspertlər deyir ki, Türkiyənin xarici siyasəti yaxın gələcəkdə dini diplomatiya üzərinə şəkillənəcək. Sizin Türkiyənin gələcəyi il bağlı proqnozlarınız necədir?

Türkiyə-Azərbaycan-Gürcüstan gömrük birliyinin gündəmə gəlməsi son dərəcə uğurlu addım olardı”


- Türkiyə-Azərbaycan münasibətlərində dövlət başçılarının ilk səfərləri ilə bağlı ənənənin qalması çox müsbət haldır. Məncə, indiki situasiyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın daha yaxından əməkdaşlıq etmələri üçün real imkanlar çoxalıb. Reallıq ondan ibarətdir ki, hər iki ölkədə gedən proseslər birbaşa liderlərin iradəsinə tabedir. Hər iki dövlət başçısının geniş səlahiyyətləri var. Bir zamanlar Türkiyənin müəyyən məsələlərlə bağlı mövqeyi parlamentin qərarlarından asılı idi, ancaq indi konstitusyon dəyişiklik olmasa belə, bütün məsələlər Ərdoğanın qərarlarından asılıdır. Bu həm də o deməkdir ki, Ərdoğanla Əliyev bir sıra problemləri ikilikdə müzakirə edib qərar verə bilərlər. Hər iki lider uzun illərdir ölkələrini idarə edir, bundan sonra da hakimiyyətdə qalacaqları şübhə doğurmur. Yəni prezidentlər təkcə bugünkü məsələləri deyil, siyasi perspektivləri də müzakirə etmək imkanındadırlar.

- Siz bu iki liderin münasibətlərində uzlaşma olduğunu düşünürsüzmü? Bəzi analitiklər bildirir ki, rəsmi Bakı ilə Ankaranın münasibətləri o qədər də isti deyil.

- Şəxsi münasibətlər məsələsinə o qədər toxunmaq istəmirəm. Çünki informasiyam o qədər də geniş deyil. Siyasi aspektdən baxanda isə bu iki dövlətin bir-birindən asılı olduğu görünür. Türkiyə regionda liderlik ambisiyasında olan nəhəng bir ölkədir. Ancaq bu nəhəng ölkə bir sıra məsələlərdə Azərbaycanın siyasi kursundan, ölkədə gedən proseslərdən müəyyən qədər asılıdır. Zaman-zaman təklənən Azərbaycan hakimiyyəti də Türkiyədən asılıdır. Azərbaycanın Türkiyə kimi daimi müttəfiqə çox ciddi ehtiyacı var. Türkiyədə nə qədər avtoritar rejim olduğunu desək də Türkiyə prezidentinin arxasında xalq dayanır. Ona görə də hər iki lider işbirliyini gücləndirməkdə maraqlıdır. Proseslər Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə aparır. Bayaq dediyim kimi, Azərbaycan yeni idarəetmə modeli axtarışındadır. Eyni proses Türkiyədə gedir. Türkiyə artıq Avropa Birliyi ilə yaxınlaşmaq siyasətini ikinci plana keçirib, ölkə Qərbdən gələn basqıları qəbul etmək istəmir, Vaşinqton-Ankara münasibətlərində tez-tez ziddiyyətlər yaranır. Türkiyə NATO-nun üzvü olsa da Ankaranın mövqeyi digər NATO ölkələrinin mövqeyindən fərqli ola bilir. Bu yeni model axtarışında Türkiyə ilə Azərbaycan yeni işbirliyi qura bilər. Bu yolla iki ölkə həm Qərbin, həm də Rusiyanın basqılarından özlərini sığortalaya bilər.

- Zəfər bəy, bugünlərdə Türkiyənin strateji uzmanlarından olan Kemal Üçüncü Türkiyə-Azərbaycan-Gürcüstan gömrük birliyi modelini təklif edib. Sizcə, bu ideyanın gerçəkləşməsi üçün zəmin varmı?

- Mümkün variantdır. Buna qədər Türkiyə-Azərbaycan-Gürcüstan münasibətləri əsasən enerji faktoru üzərində qurulurdu. Artıq bu münasibətlər yeni mərhələyə qədəm qoyur, yeni nəqliyyat infrastrukturları yaranır, münasibətlər daha da dərinləşir. Bu, çox müsbət tendensiyadır. Hər üç ölkənin rəhbərliyi də davamlı olaraq görüşürlər, nazirlər səviyyəsində davamlı münasibətlər var. Bu üçlüyün işbirliyi perspektivləri artıq enerji sahəsindəki ilişkilərdən hərbi təhlükəsizlik, geniş iqtisadi əməkdaşlıq səviyyəsinə qədər yüksəlib. Üç ölkə gömrük birliyi yaratsa bu, bölgəyə böyük mənfəət verə bilər. Azərbaycan da, Gürcüstan da Rusiyadan gələn təhdidlərə hər an hazır olmalıdır. Alternativ variantlar hazırlamaq və həyata keçirmək Kremlin basqısına müqavimət imkanlarını artırır. Unutmayaq ki, siyasət böyük alverdir. Bu alverdə alternativ nə qədər çox olsa, dövlətlərin öz mənfəətlərinə uyğun seçim imkanları da çoxalır. Ərdoğan-Əliyev görüşməsində Türkiyə-Azərbaycan-Gürcüstan gömrük birliyinin gündəmə gəlməsi son dərəcə uğurlu addım olardı.

Aygün MURADXANLI

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR