İnsanlara hürriyət, millətlərə istiqlal!

Linç məhkəməsi

2911 13.12.2018 08:10 Yazarlar A A

“Bu dünyada üç şey başa bəladı;

Yaman oğul, yaman arvad, yaman at.

İstəyirsən qurtarasan əlindən,

Birin boşla, birin boşa, birin sat".

(Aşıq Ələsgər)

Dünyada çoxlu məhkəmə növləri vardır, olmuşdur, olacaqdır. Bunlardan qeyd edə bilərik, misal üçün, sovetin vaxtındakı “troyka” məhkəmələrini. 3 nəfər yığışırdı, adama ölüm hökmü kəsirdi. Ta bu vəkil tutsun, qəzetlər yazsın, nə bilim, Avropa Şurası etiraz eləsin - belənçik artıq-əskik söhbətlərə ehtiyac duyulmurdu.

Yaxud, Linç məhkəməsi. Bu da Amerikada yaranmış bir şeydir - bütün bəd əməllər kimi. Hardasa 1700-cü illərdə orda soyadı Linç olan bir tip yaşayırmış, kimisə dövlətin məhkəməsinə, şerifə-zada vermədən tutub özü mühakimə edibdir. Belənçik “məhkəmə” proseslərini Hollivud kinolarında çox görmüşük. Hansısa zənci pambıq yığmaq istəmirdi, deyirdi zəhərlənmişəm, mənə kompensasiya verin. (Həyasızlığa bax). Plantasiyanın yiyəsi də bunu qabaqca şallağın altına salırdı, xeyri olmayanda Şirvan kanalına... Üzr istəyirəm, Missisipi çayına atıb timsahlara yem edirdi. Nəyə görə? Çünki dövlətin pambıq planını yerinə yetirmək üçün sərt tədbirlər lazımdır. Putinin sözü olmasın, kim istəyər onun ölkəsi Parisin gününə düşsün? Sən istəyərsən? Bilirəm istəməzsən. Bir yerdə ki “fransız öpüşü” yarana, ora xaraba qalsın, ilahi, amin!

Mövzu açılmışkən, bir məsələyə də münasibət bildirmək istəyirəm. Son günlər müəllimlərin şagirdləri ilə evlənməsi müzakirə edilir, camaat bunu pisləyir, deyirlər sabah məktəbə gedən olmayacaqdır, bu nə tərbiyəsizlikdir, pedofillikdir və sairə. Bu adamların xəbəri yoxdur, əslində müəllimin şagirdlə evlənməsi təzə kurrikulumda nəzərdə tutulubdur. Evlənmək, ərə getmək işinə millətimiz çox ciddi yanaşır, indi sən uşağı müəllimə verməyib, ya da müəllimi uşağa verməyib nə edəcəksən? Özbaşına qalsa, ya zurnaçıya ərə gedəcək, ya xaricdən maliyyələşən hansısa qara qüvvəyə, ya da köşə yazarına. Köhnə təhsil qanununda elə bu cür idi, şagirdlər və müəllimlər evlənə bilmirdilər, məktəblərimizdə dəhşətli şərait yaranmışdı, misal üçün, bir də görürdün direktor xadiməyə zorakılıq etdi, uşaqlar biologiya kabinetində qurbağanı öpən müəllimi videoya çəkib yutuba qoydu və sairə.

Özü də bu işin müsbət dünya təcrübəsi gözümüzün qabağındadır. Bayaq adını çəkdiyimiz Parisdə. Fransa prezidenti Emmanuel Makronun arvadı Bricit xanım ona orta məktəbdə ədəbiyyatdan dərs deyibdir. Axırda da evləniblər. İndi Emmanuellə Bricitə olan, Məmmədəli ilə Tükəzbana niyə olmasın? Avropanın yaxşısını götürüb pisini atmalıyıq. Pis deyəndə, misal üçün, kişinin kişi ilə, zənənin zənənlə evlənməyi kimi hadisələr. Bunlar bizə lazım deyil. Çünki zənən zənənlə evlənsə, bəs uşaq nə təhər olacaq? Gələcəkdə məktəbə hansı şagirdi göndərəcəyik? Müəllimlər kimlə evlənəcək? Belə uzunmüddətli proqnozlar lazımdır.

Harda qalmışdıq? Hə, məhkəmədən danışırdıq. Yazdığım kimi, dünyada çox məhkəmə üsulları vardır. Troyka, Linç, şəriət, təriqət, mərifət və sairə. Bir də var ədalət məhkəməsi, bu da Azərbaycan məhkəməsidir. Bizim məhkəmə sisteminin bu baxımdan dünyada analoqu olmamışdır. Məhkəməmiz hardan yadıma düşüb, onu deyim.

Demək son vaxtlar fikir verirəm, cəmiyyətdə özbaşınalıq artmaqdadır. Biri arvadını öldürür, başqası ərini. Gəlin qaynananı qovalayır, yeznə baldızı it sürütməsi edir, nə bilim, ər arvadı odun baltasıyla, arvad ərini mişarla doğrayır və sairə. Camaat az qalır bir-birindən kotlet bişirsin, sanki bizdə ət çatışmazlığı var, qıtlıqdır. AXC-Müsavat dövründəki qıtlıq kimi. Yuxarıda yazdığım Linç məhkəməsini tətbiq edirik. Belə olmaz. Dövlətə, onun ədalət məhkəməsinə, hüquq-mühafizə orqanlarına etibar etmək lazımdır. Polis, prokuror, hakim bəs nədən ötrüdür? Hələ uçaskovı da var. Müraciət edin, əncam çəksinlər. Əlbəttə, dövlət orqanları ən çox bizim Qarabağ dərdimizlə məşğuldur, ancaq güman edirəm qaçan gəlinlər, uçan baldızlar, üzən ərlər, süzən kürəkənlər və sairəyə də müəyyən vaxt ayırarlar. 

Əslində linçləmənin qarşısını almaq üçün başqa qurumlar da var, hələlik yazmıram, sabaha qalsın, qoy bəzi oxucuların ürəyi partlasın. İntizardan ürəyi partlayan oxucu mənə lazım deyil. Dözümlü olmalıyıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR