İnsanlara hürriyət, millətlərə istiqlal!

Lənkəran sakinləri: "İşsizlik narkomaniyaya səbəb olur"

İşsizlik narkomaniya, oğurluq hallarının çoxalmasına, ailələrin dağılmasına səbəb olur, bunu Lənkəran sakinləri deyir.

Azərbaycanın cənubunda yerləşən Lənkəran şəhəri sakinlərinin bəziləri burada digər rayonlara nisbətdə həyat şəraitinin yaxşı olduğu fikrində olsalar da, onu da nəzərə almaq lazımdır ki, sakinlərin əsas qazancı alverdən qaynaqlanır.

Lənkəranda müəllimlik edən sakinlər işsizliyin geniş yayılmasının şagirdlərin dərsə həvəsinə də təsir etdiyini deyir.

Lənkəranın icra hakimiyyəti orqanı isə bölgədə iqtisadi inkişfın getdiyini deyir, elə rəsmi statistik rəqəmlər də bunu təsdiq edir.

Lakin Lənkəranın şəhər və kəndlərində ünsiyyətdə olduğumuz bir çox sakin belə düşünmür.

Azərbaycanın işsizlikdən əziyyət çəkən digər bölgələrində olduğu kimi bu bölgədə bu problemdən şikayətçi olanlar az deyildi.

İranla dolanmaq

Cənub şəhəri olan Lənkəran bir çox adət və özünəməxsusluğa görə tanınır. Ən dadlı ləvəngi (balıq, toyuq və ya digər quş ətlərindən hazırlanan yemək), ən çox yolkənarı təndirlər, sitrus meyvələri, ölkədə ən məşhur çay və evinin ikinci mərtəbəsini mütləq kərpiclə tikən insanlar burdadır.

Deyirlər, kərpiclə ev tikmək bu bölgənin qədim adətidir, səbəbi də odur ki, kərpic evi qışda isti, yayda soyuq saxlayır.

Şəhər sakinləri arasında ən geniş yayılmış peşələrdən biri də, görünür, taksi sürücülüyüdür.

Ədalət də bir neçə ildir, bu fəaliyyətlə məşğuldur. Deyir başqa çarəsi yoxdur, çünki bölgədə işsizlik geniş yayılıb.

O, əhalinin əsasən "İranla dolandığını" deyir. Düzdür, Azərbaycanın gömrük məntəqəsində qoyulan bir sıra qadağalar buna maneə yaradır. Amma insanlar İrana keçməyə hələ də davam edirlər.

Qadağalar da ticarətçilərin bağlamalarını sərhəddən keçirənlərə və siqaret gətirən qadınlara tətbiq olunur.

Lenkeran

Bu qadağalara görə əvvəllər tez-tez İrana gedənlərin sayı azalsa da, hələ də gömrük məntəqələrində növbələr müşahidə olunur. Bunu sakinlər deyir.

Ədalət deyir ki, İrana dəfələrlə gedib-gəlmiş elə sakinlər var ki İranın təkcə Astara şəhərini görüblər.

"Çox az insan başqa şəhərlərə gedir. Getsə əlində olan pulunu xərcləməlidir, bu da sərfəli deyil", o deyir.

İrana pul qazanmaq üçün də gedənlər var, gündəlik ərazq mallarını almaq üçün də.

Ədalət şəhərdə son vaxtlar ərzaq mallarında bahalaşma müşahidə etdiyini deyir. O, süd və yağ məhsullarının qiymətindən şikayətçidir.

Amma buna baxmayaraq o, Lənkəranın başqa rayonlara nisbətdə daha yaxşı yaşadığı fikrindədir.

"Bizim bütün rayonlarla əlaqələrimiz var. Camaat Lerik, Masallı, Cəlilabad, Sabirabad və başqa yerlərdən məhsullarını gətirib burda satırlar. Yəni əsas camaat ticarətlə məşğuldur", o deyir.

Lenkeran

Taksi sürücüsü işsizliyə görə bir çox sakinin Rusiyaya getməsindən və ordan ailələrinə pul göndərməsindən danışır.

O, yerli camaatın təsərrüfatla məşğul olmağa meyilli olmadığını da deyir.

"Rusiyada pul göndərirlər, camaatın çoxu da tənbəlləşib. Kəndli də göyərtini şəhərdəki bazardan alır. Bax, bizim bəlamız odur", Ədalət deyir.

Taksi sürücüsü benzinin qiymətin artmasından da gileylənir. O deyir ki, şəhərdə onsuz da taksi qiymətləri aşağıdır, qiymət artımı da onların qazancına təsir edib.

O, "camaatın imkanı yoxdu çox pul versin, biz də məcburuq işləməyə" deyir.

Lənkəran

Maddi problemlərə görə...

Bu bölgədə də iş zamanlarında kafe və çayxanalarda çoxlu kişi görmək olar. Söhbətləşdiyimiz sakinlər bunun səbəbinin işsizlik olduğunu deyirlər.

Lənkəranda dərs deyən müəllimlər isə işsizliyin yaratdığı problemlərdən danışırlar.

Onlar deyir ki, işsizlik yaşı 30-dan çox olan kişilər arasında narkomaniyanın yayılmasına səbəb olur. Eyni zamanda bölgədə oğurluq halları da artır.

Kənarmeşə kənd məktəbinin müəllimi Sadıq Sadıqov işsizlik probleminin uşaqların dərsə davamiyyətinə də təsirsiz ötüşmədiyini deyir.

"Oğlan uşaqlarına deyəndə ki dərsini oxu, deyir atam inistutu qurtarıb iş tapa bilmir. Məni niyə oxuyum?!"

Müəllim insanların güzəranının da yaxşı olmadığını deyir.

"Millətin yarısı kredit götürüb. Sonra ödəyə bilmirlər. Bir tikə çörəkdən ötrü ölkədən çıxmaq istəyənlərin çoxuna da kredit borcuna görə sərhəddə stop qoyulub".

Lenkeran

Müəllimlər, çörəkpulu qazanmağın çətin olduğunu və hətta maddi problemlərə görə ailələrin dağıldığını deyirlər.

Bundan başqa Sadiq müəllim deyir ki, özəl təşkilatlar da işçi götürəndə əmək müqaviləsi imzalamır, "işçisini saatlarla işlədib 8 manat pul ödəyirlər".

"Keçmiş şagirdlərim deyir ki, şüurumuz ola, ola istismar edirlər bizi. Deyirlər etiraz edəndə hədə qorxu gəlirlər ki, istəsən də budur, istəməsən də, xoş getdin", müəllim danışır.

Kənd müəllimi Yaşar Qurbanov narkomaniyanın şagirdlər arasında yayılmasından da qorxduğunu deyir.

Müəllimlərin fikrincə, insanlar təsərrüfatla çox məşğul olmadığından pay torpaqları istifadəsiz qalıb.

Onlar əkinçilikdə də monopoliyanın olduğunu, kəndlilərin çox əkinlə məşğul ola bilmədiyini də iddia edirlər.

Lenkeran

BBC

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Noyabr 2017

BÜTÜN XƏBƏRLƏR