İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tarix mənə bəraət verəcək" - 15 nəfərin ölümündə ittiham olunanlar son söz dedilər

3831 23.01.2017 13:58 Kriminal A A
Binəqədidə 15 nəfərin ölümünə səbəb olan yanğın hadisəsinə görə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçieilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər. Məhkəmədə "Global Construction” MMC-nin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov son sözündə təqsirsiz olduğunu, məhkəmənin barəsində bəraət hökmü çıxaracağına inandığını söyləyib.

Digər təqsirləndirilən Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov günahsız olduğunu və əməllərində cinayət tərkibinin olmadığını deyib: "Burada məqsəd Bakını gözəlləşdirmək olub. Mənim vəzifə öhdəliyimdə yanğın təhlükəsizliyinə nəzarət etmək hüququm olmayıb. İnanıram ki, məhkəmə ədalətli qərar çıxaracaq. Günahsız olduğum aydın şəkildə görünür".

72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov isə son sözündə deyib ki, o, sadəcə olaraq binanın təmizlik işinə baxıb. Nəzarət etdiyi ərazinin zibildən təmizləndiyini deyən N.Orucov günahsız olduğunu bildirib.

Miryusif Mahmudov isə son sözündə qeyd edib ki, məhkəmə istintaqı zamanı hadisənin əsas səbəbi məlum olub: "Elin gözü tərəzidir. Bu tərəzi də hörmətli hakim, sizin əlinizdədir. Dövlətini sevən şəxs istənilən sahədə faydalı iş görə bilər. Mən özüm də dövlətimə faydalı olmuşam. Hadisə barədə fikirlərim bəllidir. Məni hədələyib, prezidentin gözündən salacaqlarını deyiblər. Mən bu gün onları alqışlayıram, istəklərinə çatdılar, çox qüdrətli adamlardılar. Bu gün məhkəmənin qərarından asılı olmayaraq prezdentimi sevirəm,  sevəcəm də. Çünki mənim bir məqsədim var. Düşmənin dəyirmanına su tökmək lazım deyil. Bu mənim hadisə ilə bağlı fikirlərimdir".

Miryusif Mahmudovun sözlərinə görə, təsisçisi olduğu “Qlobal Stone” və “Global Construction" şirkətlərinin gördüyü işlər tam standartlara uyğun olub: "Olan faktlar haqqında danışmaq lazımdır. Hərə bir qurumu pislədi. Belə olsa hara kimi gedə bilərik. FHN uğurlu işlər görüb. Xətaidə yanan bina vaxtında söndürüldü, insan təlafatı olmadı. Azadlıqda binanı yandıranlar yolda tixac yaratdılar, yanğını söndürənlərin vaxtında hadisə yerinə çatmasına imkan vermədilər. Yanğın söndürənlərə təşəkkür edirəm, çünki daha acınacaqlı vəziyyətin qarşısını ala bildilər. Təxliyyə işləri düzgün qurulub. Amma bina 1980-ci ildə tikilib, həmin stadrtlara uyğun bina heç yerdə yoxdur. Azərbaycan FHN-i yox, başqa ölkənin yanğınsöndürəni də insanları xilas edə bilməzdi". 

Təqsirləndirilən şəxs məhkəmənin ədalətli qərar çıxaracağına inandığını söyləyib: "Mən məhkəmədən bəraət istəmirəm, tarix mənim bəraətimi verəcək. Məhkəmədən həbsdə yatdığım dövrümü istəyirəm, ailəmin-uşağımın yanına gedim. Gördüyüm işlərlə qururluyam, başı aşağı olacaq hərəkət etməmişəm. Mən necə varamsa, elə də olacam".

Digər təqsirləndirilən şəxs, hazırda ev dustaqlığında olan Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da çıxışı zamanı günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hazırda ev dustaqlığında olan "Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov da barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, prokuror Miryusif Mahmudovun 10 il, Ələkbər Əsgərovun 7 il, Uğur Bəşirovun 8 il, Qəzənfər Novruzovun 7 il, Ədalət Rəcəbovun 7 il, Nizami Orucovun 5 il, Ağacavad Məmmədovun 5 il və Akif Əlibəyovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti məhkəmə prosesi yanvarın 26-na təyin edilib.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR