İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qolunu, qıçını qırardın, axı niyə öldürdün?" - döyülərək ölən şəxsin anası

2866 12.01.2017 13:10 Kriminal A A
Adam döydüyü üçün həbs edilən şəxsin cəzası ağırlaşdırılır. Səbəb isə döyülən şəxsin bir müddət sonra dünyasını dəyişməsidir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Kamil Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə tibbi ekspertizasının rəyi elan olunub. Ekspertizanın təyin edilməsinin səbəbi Kamil Quliyevin xəsarət yetirdiyi Rahib Zeynalovun dünyasını dəyişməsidir. Belə ki, K.Quliyev aralarında yaranan mübahisə zamanı Rahib Zeynalovla əlbəyaxa olublar. Davaya səbəb isə söyüş olub. R.Salmanovun döyülməsi, çoxsaylı bədən xəsarətləri alması ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb. Kamil Quliyevə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Bu cinayət işi ilə bağlı aparılan istintaq yekunlaşdıqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş məhkəməyə verildikdən sonra Kamil Quliyev tərəfindən döyüldüyü deyilən Rahib Zeynalov evdə dünyasını dəyişib. Bundan sonra R.Zeynalovun ölüm səbəbi ilə bağlı məhkəmə tibbi ekspertizasının rəyi tələb olunub. Bu rəylə mərhumun ölümünə səbəb aydınlaşdırılıb. Məhkəmədə ekspertizanın rəyi elan edilərkən məlum olub ki, R.Zeynalovun ölümünə səbəb Kamil Quliyev tərəfindən ona yetirilən xəsarətlərdir.

Prokuror Eldar Həmzəyev ekspertizanın rəyinə münasibət bildirərkən işin yenidən istintaqa qaytarılmasını istəyib. Dövlət ittihamçısı vəsatətlə çıxış edərək deyib ki, mərhum aldığı çoxsaylı xəsarətlərdən dünyasını dəyişdiyi üçün K.Quliyevin törətdiyi əməl daha ağır cinayət hesab edilməlidir. Prokuror işin yenidən araşdırılması üçün Sumqayıt Şəhər Prokurorluğuna göndərilməsini istəyib.

Məhkəmə prokurorun vəsatətini təmin edib. Mərhumun anası da vəsatətə münasibət bildirib. O, hadisəni törətməkdə təqdirləndirilən şəxsin daha ağır cəza almasını istəyib.

"Ən ağır cəza almasını istəyirəm. O, mənim balamı öldürdü. Ay insafsız, səni söymüşdü, 5 dəfə də sən onu söyərdin. Qolunu, qıçını qırardın. Axı niyə öldürdün? Cənab hakim, bu tək olmayıb. Onlar 4 nəfər olub. Niyə bunu tək tutublar. Xahiş edirəm ki, hamısı cəzalandırılsın" - deyə mərhumun anası bildirib.

Hakim mərhumun anasının dediklərinin istintaqda araşdırılacağını deyib.

Məhkəmədə təqsirləndirilən şəxslə mərhumun yaxınları arasında mübahisə düşüb. Buna səbəb kimi mərhumun yaxınları təqsirləndirilən Kamil Quliyevin mərhumun anasına baxaraq gülməsini göstəriblər. Tərəfləri məhkəmə nəzarətçiləri sakitləşdirib və onlara xəbərdarlıq edilib.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR