İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mən Azərbaycanda yeganə ”qanuni oğru"yam ki..."

51344 25.02.2015 08:48 Kriminal A A

Onu Azərbaycanın ən titullu “qanuni oğru”su kimi qəbul edənlər də var, onun titulunu tanımayanlar da. Onun haqqında müxtəlif əfsanələr dolaşır: gah azadlıqdakı böyük bir mütəşəkkil dəstəni həbsxanadan yönləndirdiyi deyilir, gah “zon”da narkotikə qadağa qoyduğu, gah da kimisə cəzalandırmaq barədə sifariş verdiyi...


Hətta opponentləri arasında onun kamerada “srok” yox, kef çəkdiyini deyənlər də var. Bu “kef” məsələsi 2005-ci ildə hətta çox qalmaqallı məhkəmə predmeti belə olub ki, buna hələ qayıdacağıq... Amma təkzibedilməz bir həqiqət də var: kimin nə söyləməsindən asılı olmayaraq, o, kriminal aləmə adını yazdırmış əfsanədir. Söhbət Nadir Səlifovdan, yəni “Lotu Quli”dən gedir...

Onun haqqında xüsusi yazmağımızın heç bir özəl səbəbi yoxdur. Mətbuat son illər iki azərbaycanlı avtoritetin - Rövşən Canıyevlə (“Lənkəranski”) “Quli”nin mübarizəsindən, daha doğrusu, müharibəsindən yazır. Azərbaycan mətbuatına bu mövzular Rusiya mediasından “ekstradisiya” olunur. Bu da səbəbsiz deyil. Azərbaycan kriminalları daha çox sərhədin o tayında dostlaşır, dalaşır, vuruşurlar..."Lotu Quli" sərhədin bu tərəfində, daha dəqiqi, Azərbaycanın türmə divarları arasındadır illərdir... 

“Qanuni oğru” “Rövşən Lənkəranski” də məhbus həyatı yaşayıb, həm burda, həm sərhədin o tayında. İndi azadlıqda olsa da, həbsi üçün beynəlxalq miqyasda sanksiya var: adı İnterpolun axtarış siyahısındadır... Onun barəsində də növbəti saylarımızda söhbət açacağıq.
***
Məlumatlara görə, “Quli” ilə Azərbaycanın ən titullu “oğrular”ı arasında problem Bayıl təcridxanasında baş vermiş bir hadisədən başlayıb. Belə ki, “Quli” oğru etiketlərinə zidd olaraq “böyük qardaş”- “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarova əl qaldırıb. Məhz bu konflikti doğuran səbəblər haqda da müxtəlif versiyalar var. Məsələn, deyilənlərə görə, sonradan çox ağır nəticəsi olan konfliktin kökündə “qanuni oğru”ların Rusiyada biznes obyektlərinə nəzarət uğrunda mübarizəsi dayanırmış. 

(Amma daha böyük bir kəsim “Quli” haqda qərar vermiş, indi həyatda olmayan “Sabirabadlı Hikmət”lə “Masallı Mamed”i biznes maraqları ilə deyil, “oğru ideyası” ilə yaşayan “böyük qardaş” hesab edirdilər). İllərdir ki, “Quli”ni “oğru” hesab etməyənlər məhz onun “böyük qardaşa” əl qaldırmasını bağışlamırlar. 

2009-cu ildə Hikmətin qətlini də “Quli”nin sifarişi hesab edənlər var. “Quli”ni  “oğru” hesab etməyənlər bir neçə il əvvəl, hələ “Sabirabadlı Hikmət” sağlığında Moskvada 9 “oğru”nun toplaşdığı “sxodka”da qəbul edilən qərarı əsas gətirirlər. Həmin qərar “Quli”dən “oğru” adının alınması barədə olub. Bu şifahi qərar yazılı formada Azərbaycanın əksər “zon”larına paylanılıb. Bundan sonra kriminal aləmdə azərbaycanlılar arasında parçalanma dərinləşib, tərəflər çoxsaylı itkilər verib ki, öldürülənlər sırasında bir çox “qanuni oğru”lar (“Sabirabadlı Hikmət”, “Otar”, “Nardaranlı Mirseymur”, “Ağbaş Çingiz” və sair...) da olub.

“Quli” və tərəfdarları təbii ki, indi də qüvvəsini itirməyən bu qərarı qəbul etmir və onların da öz arqumentləri var. Çünki kriminal aləmdə bu cür mühüm məsələnin müzakirəsində ittiham edilən tərəf, yəni “Quli”nin də iştirak etməsi və “oğru” adının hansı səbəbdən ondan alınması izah olunması və özünü müdafiə etməyə şərait yaradılması vacibdir. 

Qarşı tərəf də sıralarında rəhmətlik “Masallı Mamed”in (Məmməd Hüseynov) də olduğu 9 “oğru”nun qərarını indiyədək tanıyır. Onların arqumenti isə bu olub ki, həmin 9 “oğru” kifayət qədər nüfuzlu və təcrübəlidir, ona görə də səhv qərar verməzlər. “Masallı Mamed”, “Sabirabadlı Hikmət” kimi nüfuzlu “oğru”ların iştirak etdiyi həmin “sxodka”nın qərarını indi “Quli” ilə düşmən olan Rövşən Caniyev (“Lənkəranski”) də dəstəkləyib...



“Azadlığa buraxsalar, Azərbaycanda 1 saat belə qalmaram...”


****
Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub.  “Quli” gürcü dilində “ürək” deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. “Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla (“Otar”) yaxın dost olub.

“Otar”ın 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra “Lənkəranski”yə “oğru” adı verən “Nardaranlı Mirseymur” da qətlə yetirilir ki, bunu da indiyədək “Quli”nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı “Abşeron” restoranında baş vermiş atışmada da “Quli” və “Lənkəranski” tərəfdarları arasında itkilər olub. 
***
Gürcüstan doğumlu azərbaycanlı “qanuni oğru”lar  və kriminallar bu davada əsasən “Quli”ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının “xaç atası” sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da (“Ded Xasan”) alıblar.

“Quli”nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.

Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən “Quli”nin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, “Quli” həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib. Vəkillərindən birinin “Quli”yə istinadən dediyi bir cümlə də maraqlıdır: “Məni azad etsinlər, Azərbaycanda 1 saat belə qalmaram...”
***
“Quli”nin həbs müddəti azaldığı bir vaxtda qardaşı Müşfiq Səlifovu da həbs etdilər. Voleybol oyununa baxmağa gələn universitet tələbəsi M.Səlifovun üstündən rəsmi məlumata görə, “tapança tapılmışdı”. M.Səlifovun həbsindən sonra Azərbaycanın bir neçə həbsxanasında “qiyama cəhd” oldu ki, bu işdə də rəsmilər nədənsə, “Quli”ni sorumlu tuturdular.
2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açıldı. “Quli”yə və daha bir neçə məhkuma cəzaçəkmə müəssisəsində zorlama faktına, eləcə də ayrı-ayrı şəxslərdən qanunsuz pul tələb etdiyinə görə ittiham irəli sürüldü. 

“Quli” sonadək bu maddələri qondarma, onun “oğru” adına ləkə gətirmək cəhdi kimi qiymətləndirərək, qətiyyətlə rədd edirdi

2005-ci ilin oktyabr ayının 14-də məhkəmədə dediyi son sözlərdən bəzi seçmələri təqdim edirik:


“Siyasətlə məşğul deyiləm, mənim öz ideyam var: ədalət və təmizlik...”


“Bu məhkəmə prosesinin qapalı keçməsinin əleyhinə olmuşam. Çünki mənim gizlədiləsi heç nəyim yoxdur və mən düzəm. Mən bu gün Azərbaycanda yeganə ”qanuni oğru"yam ki, Azərbaycan türmələrindəki sözübütöv dustaqların və gənclərin taleyi mənim üçün əhəmiyyətsiz deyil. Bu ilin payızında mənim “zon”lara bütün növ narkotikdən istifadənin qadağan olunması barədə “proqonum” olub. Və hər şey də bundan sonra başlayıb... Çünki mən həbsxanalarda narkotik satışında külli miqdarda pul əldə edənlərin biznesi üçün əngəl yaratmışam. Mən “qanuni oğru”yam və mənim üçün “oğru” şərəfi hər şeydən üstündür. Mən siyasətlə məşğul deyiləm, mənim öz ideyam var: ədalət və təmizlik..."

2006-cı ilin iyununda Apelyasiya Məhkəməsində “Quli” zorlama maddəsi ilə bağlı bəraət aldı. Yəni həmin maddə “Quli”yə “yapışmadı”. Məhkəmə həmçinin onun qapalı həbsxanada deyil, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmasına qərar verdi.

Bunu da bir neçə ay əvvəl “Quli”nin vəkillərindən biri deyib: “Əfvlə bağlı da yəqin ki, heç zaman özü müraciət etməyəcək. Ancaq mən müdafiə etdiyim şəxsin azadlığa buraxılmasını istəyirəm...”

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR